Gözəlliyin və modernləşmənin harmoniyası

 

  (əvvəli ötən sayımızda)

 

   Aqrar sahəyə xüsusi qayğı

 

   Rayonun fermer təsərrüfatlarında 2011-ci ilin məhsulu üçün 11721 ha sahədə payızlıq taxıl, o cümlədən 8347 ha sahədə buğda səpini aparılmışdır. Əkin sahələrinə aqrotexniki xidmətin göstərilməsi, suvarma, gübrələmə və digər tədbirlər optimal müddətlərdə həyata keçirilmişdir. Nəticədə 26961 ton payızlıq taxıl, o cümlədən 19139 ton (+2069 ton) buğda, 7822 ton (+1657 ton) arpa əldə edilmiş, payızlıq taxıl istehsalı 3726 ton və yaxud 16 faiz ötən ildəkindən çox olmuşdur.

   Cari ildə 30839 ha (əvvəlki ildəkindən 82 ha çox) torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilmiş, 19093 ha sahədə (əvvəlki ildəkindən 543 ha çox) yazlıq bitkilərin səpini aparılmışdır

   Rayonun fermer təsərrüfatlarında heyvandarlığın inkişaf etdirilməsində məqsədyönlü tədbirlər həyata keçirilir. 2011-ci ilin 9 ayında iribuynuzlu mal-qaranın baş sayı 60840 baş, keçən ilin müvafiq dövrünə nisbətən 195 baş çox, qoyun-keçilərin sayı 163420, yaxud 340 baş çox olmuşdur. 9 ay ərzində diri çəkidə ət istehsalı 5969 ton (,+69 ton çox), süd istehsalı 26713 ton (+386 ton çox) yumurta istehsalı 11,6 milyon ədəd (+577 min ədəd çox) olmuşdur. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ilə əlaqədar tədbirlər davam etdirilmiş, 9 ay ərzində 3180 baş inək yüksək məhsuldar cinsindən olan toxumla süni yolla mayalandırılmış, 2178 baş cins buzov alınmışdır.

   Rayon ərazisində meliorasiya irriqasiya tədbirlərin həyata keçirilməsi, çay yataqlarının və suvarma kanallarının təmizlənməsi, çaylarda sahilbərkitmə işləri davam etdirilmişdir. 9 ay ərzində 923100 m3 həcmində çay yataqlarının təmizlənməsi, 222000 m3 həcmində suvarma kanallarının təmizlənməsi, 5827 m3 həcmində daş-beton bəndlərinin əsaslı təmiri, 450 m3 həcmində qabion bəndlərinin quraşdırılması və digər sahil bərkitmə işləri görülmüş, 2100 ha əkin sahəsinin suvarılmasına xidmət edəcək iki pilləli Alazan nasos stansiyasının əsaslı təmiri davam etdirilir.

   Dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına birbaşa (yardımlar, subsidiyalar və s.) və dolayı (vergi güzəştləri, güzəştli kreditlər və s.) yolla dəstəklər göstərilir. Kənd təsərrüfatı məhsullarının istehsalçılarını stimullaşdırmaq məqsədilə dövlət büdcəsi tərəfindən ümumilikdə aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar verilməkdədir. Təkcə 2011-ci ilin 9 ayında 11111 nəfər istehsalçıya 24053,49 ha əkin sahəsinin becərilməsinə görə 962139,60 manat subsidiya verilmişdir.

 

   Tikinti təmir və abadlıq işləri

 

   2011-ci ilin doqquz ayı ərzində rayonda bütün maliyyə mənbələri hesabına 9,3 milyon manat dəyərində tikinti, təmir və abadlıq işləri görülmüşdür.

   Büdcə vəsaiti hesabına inşa edilən obyektlərdən Tala çayının sağ sahilində uzunluğu 300 metr olan daş-beton bəndin tikintisi, Aşağı Çardaxlar kəndində 220 şagird yerlik ümumi orta məktəb binasının tikintisi, Muxax kəndində 1 saylı tam orta məktəbin əsaslı təmiri başa çatdırılaraq istifadəyə verilmiş, rayon statistika idarəsinin və rayon baytarlıq idarəsinin yeni inzibati binalarının tikintisi davam etdirilmişdir. Büdcə vəsaiti hesabına şəhərdə 1, 4, 7, 9 və 10 saylı uşaq bağçalarında yenidənqurma və əsaslı təmir işləri aparılmış, yeni inventar və avadanlıqlarla təmin edilmiş, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zaqatala şəhərində yeni 50 yerlik uşaq bağçasının tikintisinə başlanmışdır. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Məişət tullantılarının idarə olunması poliqonu tikilib istifadəyə verilmiş, Zaqatala şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması və tikintisi layihəsinin ikinci mərhələsinin icrası olaraq şəhərdaxili su və kanalizasiya şəbəkələrinin yenidənqurulması və tikintisi işlərinə başlanmışdır.

   Cari ildə qəzalı və eyni zamanda şəraitsiz hesab edilmiş 80 şagird yerlik Muxax kənd 3 saylı ümumi orta və 180 şagird yerlik Zəyəm kənd tam orta məktəbləri üçün yeni binaların tikintisinə başlanmış, sahibkarlar tərəfindən rayonda yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi davam etdirilmişdir. Rayonda ümumi sahəsi 9613,9 kvm, dəyəri 2,6 milyon manat olan 84 fərdi yaşayış evləri tikilərək istifadəyə verilmişdir.

   İlin 9 ayı ərzində rayonda 1,3 milyon manatlıq, o cümlədən daxili imkanlar hesabına 309.0 min manat həcmində abadlıq və təmir işləri görülmüşdür. Büdcə vəsaiti hesabına 7 binanın dam örtüyü dəyişdirilmiş, Sülh küçəsi 1,3,5,7 nömrəli binaların girişlərində təmir işləri aparılmış, İmam Şamil, M.Ə Rəsulzadə, C.Cabbarlı və H.Aslanov küçələrində yeni işıqlandırma sistemləri quraşdırılmışdır. Daxili imkanlar hesabına Tala abidəsindən asma körpüyə gələn avtomobil yolunda, H.Əliyev prospektində və Dədə Qorqud küçəsində abadlıq və yenidənqurma işlərinə, F.Əmirov küçəsində ictimai xeyir-şər binasının tikintisinə, tarixi "Balakən qapıları"nın bərpası işlərinə başlanmışdır.

   Rayonda enerji təminatı sahəsində də müəyyən işlər görülmüşdür. Əhalinin və digər istehlakçıların enerji təchizatının yaxşılaşdırılması üçün rayonda 55 km müxtəlif gərginlikli hava xətləri, 31 ədəd transformator məntəqəsi təmir edilmiş, 189 yeni elektrik dayağı basdırılmış və 40 yararsız dayaq yeni dayaqlar ilə əvəz olunmuşdur.

   2011-ci ilin 9 ayı ərzində əhalinin təbii qaz ilə təminatının yaxşılaşdırılması məqsədilə sıradan çıxmış və sərfiyyata uyğun olmayan 792 ədəd qaz sayğacı dəyişdirilərək yeniləri ilə əvəz edilmiş, 318 abonentin mənzilinə yeni qaz xətti çəkilmişdir. Muxax kəndini təbii qazla təmin edən 127 mm-lik daşıyıcı kəmərin 3 km-lik hissəsi 159 mm-lik yeni boru ilə əvəz edilmiş, Əliabad qəsəbəsi və Yuxarı Tala kəndinin qazlaşdırılması işləri davam etdirilmişdir. 9 ayda 28,8 km uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı təbii qaz xətləri çəkilmişdir.   

   Əhalin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə 11 ədəd, o cümlədən şəhərdə 6 artezian quyusunun mühərrikləri dəyişdirilərək yenisi ilə əvəz olunmuş, Yuxarı Çardaxlar kəndinin içməli su xəttində əsaslı təmir işləri aparılmışdır.

  

 

   (ardı gələn sayımızda)

 

   Məzahir ƏHMƏDOĞLU,

   Azərbaycan Respublikasının

  Prezidenti yanında kütləvi informasiya

  vasitələrinin inkişafına dövlət dəstəyi fondunun

  maliyyə yardımı ilə

 

  Ədalət.- 2011.- 18 noyabr.- S.7.