AYDINLIĞA
DOĞRU
Dəhlizdə dayanıb pəncərədən Xəzərə, daha çox da öz iç dünyama, o dünyadan mənə xəfifcə əl edən xatirələrə boylanıram. Qələm dostum Azər Turanın səsidir bu: "Gün aydın... Hara baxırsan belə?"
Cavab qeyri-ixtiyaridir: "Dediyin o aydınlığa doğru".
Bir azdan iş otağımda
Gülayə Könülün elə o
aydınlığın qan qardaşı kimi açılan
"Görün həsrətimin neçə yaşı
var" kitabı ilə baş-başayam. Oxudum-nə gözəl,
duydum-nə gözəl! Bu sözün, misranın xəfifliyinə
boylandım-nə gözəl, uydum -nə gözəl:
Açıq qoy
yuxunun qapılarını,
Sirli səmalardan seyrə
gəlim mən.
Yozacaq yuxunu yuxu yozanlar,
Hər zaman yuxuna xeyrə gəlim
mən.
Açıq qoy yuxunun
qapılarını,
Mənim bəxtim kimi kilidlənməsin.
Gəlim ünvanına səssiz-səmirsiz,
Yuxun gözlərində
çiliklənməsin.
Gözlərimi qaldırıb bu
kövrək, həzin misraların yanında olacaq ədəbi
xeyirxahlarımın - xalq yazıçıları Anarın,
Elçinin, xalq şairi Sabir Rüstəmxanlının,
professor Qəzənfər Paşayevin, tanınmış
şair və yazıçılardan Qərib Mehdinin,
Çingiz Əlioğlunun üzünə baxırmış
kimi dayanıram: "Hə, necədir?" Sövq-təbii
razı baxışları göz özünə gəlir. Bələdəm
zövqlərinə. Inanıram ədəbi meyarlarına. Azər
Turanın da səsi bir yandan: "Hara baxırsan belə?"
"Aydınlığa - Anara, Elçinə, Sabir bəyə,
Qəzənfər Paşayevə və bir də bu
misralara"...
Gülayə qıymadı məlalın
olsun,
Can atdı aləmdə cəlalın
olsun.
Candan can qopardın, halalın olsun,
Gəlmişəm ki, deyəm
gəlməyəcəyəm.
Arxasınca da göz yaşı...
Nostalji duyğuların
xəfifliyindən doğan
zəiflik deyil bu - etirafdır; yaxşı şerin, poeziya faktının - deməli, ruhun etirafı... Qovmağa, uzaqda, çox-çox uzaqda saxlamağa çalışıram bir
ədəbi olayın
diqtəsini... Ancaq cəhdin boşuna! "Gör necə yerbəyer, necə adbaad..." Belinski "Alçaldılmış və təhqir olunmuşlar"ı - Dostoyevskinin
ilk əsərini oxuyub
ağlayıbmış. "Görün həsrətimin
neçə yaşı
var" toplusunun da öz ağlayanı
olacağı şəksizdir...
Gülayə xanımın əlindəki
topluya daxil edilən şeirlərinin
ilkmi, sonmu olduğunu mən bilmirəm ki... Sevgi kimidir bu yazılanlar
- haçan, hansı məkanda, niyə, nə üçün yazıldığı fərq
etməz. Əsas
odur ki, bu misralar yazılmaqdan
çox pərdə kimi tutulub ötənlərə
- o üzündə xatirələrimdir,
o üzündə inamımız
ötkəm, qanadlarımız
mələk qanadları:
Xəyalımda
xan adları,
Vərəqlərdə qan adları.
Sınıb-düşüb
qanadları -
Göy üzündə quş qalmayıb.
Saya bilsən say yaşımı,
Tufanlı, qarlı qışımı.
Gülayəyəm,
mən başımı
Döymədiyim daş qalmayıb.
Beləcə, sözdən-sözə, misradan-misraya
dağ dumanı kimi çəkilə bilir Gülayənin
"Allah, sabahın xeyir!"
pıçıltısı, "Qorxuram gedəsən, qayıtmayasan" nigaranlığı,
"Dünyanın işiğı
üzündə gedib"
təəssüfü, "Görün həsrətimin
neçə yaşı
var?" marağı.
Özünün yazdıqlarıdır
ki:
Boğuldu gumanım sis dumanında,
Bir şəhid vermişəm
hər bir anımda.
Qalmışam
Şəhidlər Xiyabanında
-
Deyən olmadı ki,
son qəmin olsun.
...Hanı bu dünyanın söz adamları?
Hanı bu dünyanın
düz adamları?
Hanı bu dünyanın öz
adamları -
Deyən olmadı ki, son qəmin olsun.
Gülayə, gözlərin yaş qəhrəmanı,
Susdu taleyinin baş
qəhrəmanı.
Öldü əsərinin baş qəhrəmanı,
Deyən olmadı ki,
son qəmin olsun.
Demək üçün bəsirət gözünün
açıq olması
gərək. Gərək elə
Gülayənin öz
yazdıqlarından, şerindən,
sözündən keçib
də gələ biləsən. Ən əsası
odur ki, onun yazdıqları küll halında öz ardınca candan keçən, ruhu oyadan duyğular
karvanı çəkib
apara bilir. Professor Məhərrəm Qasımlının təbirincə
desək, Gülayə
könül dilində
danışmağı bacarır,
təbii ki, bu dilin bilməyin
yolu həm də quş dilini, daş dilini daha çox
da yaddaş dilini bilməkdən keçir.
Yazılası,
deyiləsi sözlər
nə çox... Yazılmayacaqları Gülayənin
özünə demişəm
- ərk etmişəm
ki, şeirlərinin üzərinə yenidən
qayıtsın, qovluğunu
silk, sınağa çəksin
və qorxmasın...
Bir yana baxanda
təqdim olunan kitabının özü
bir şair ömrünün dostlara, yerə, göyə, Tanrıya olan ərkinin şəkli deyilmi?
Sərvaz
Ədalət.-2011.-18
noyabr.- S.7.