DİLLƏNMƏDİ

  

   Yan keçdi məndən baxışlar, heç mənə zillənmədi,

   Küsdü yar, ya gördü əğyar, dinmədi, dillənmədi?

 

   Nədən tez söndü bu sevda, göz qırpımı ömrü oldu?

   Eşqim azca pöhrələnib, boy atıb, şellənmədi!

  

   Əlvida eylədi gözlər, əlləri göydən asıldı,

   Küsmüşəm mən yaylığından, yaylığı yellənmədi!

  

   Sözləri heyhat, yalanmış, deyəsən aldatdı məni!

   Ürəyim eh, tel-tel oldu, eşqdən tellənmədi.

  

   Biləndə ki, ayrılıq var, nigaran qaldımı dildar

   Çox güman çatıldı qaşlar, göz yaşı sellənmədi!

  

    Yox, gəldi Leyli saçlım Şirin dillim, Əsli yarım,

   Tez qolun boynuma saldı, Ələmi çöllənmədi!

   

  

   QOŞA GƏLİR

 

   Elə ki, nazlanaraq sevgili dilguşə gəlir,

   Sanki, novruz gətirir, vücudumuz cuşə gəlir.

  

   O bahar müjdəçisi ləngidi neyçün bu qədər?

   Kaş, görəydim sevinir, canlanır hər guşə, gəlir.

  

   Neynim, əlçatmaz olub? Amma, mənimçün, bilirəm

   Zülfü sinəsinə minnətçi düşə-düşə gəlir.

  

   Elə ki, xatirimə gəldi, feyziyab oluram,

   Qəm məni tərk eləyir, ovqatıma nəşə gəlir.

   

   Ha çalışdım, unudum, dərdi qovum birdəfəlik,

   Dedi, hər gün o da bu dərd ilə döş-döşə gəlir.

  

   Altmış qəm ilə gəldi, biz "iki" yazdıq ona

   Mən yetimçün yeni qəm, yetməmiş yetmişə gəlir.

 

   Röyada olsa belə, görəydim kama yetişib,

   Ələmi sevgilisiylə əl-ələ, qoşa gəlir.

  

  

   SINIQ KÖNLÜM

  

   Nədən belə sızlayırsan yenə, mənim sınıq könlüm?!

   Ovunmursan, ağlayırsan, yanırsan, yanıq könlüm?!

  

   Nigaranlıq axı, hardan? Xəbər gəlməzmi dildardan?

   Gəlib təngə suallardan, susur yorğun, donuq könlüm!

  

   Yəqin ey yar, nigaransan! Bilsəm məni arzularsan,

   Əsər pərişan-pərişan, telin tək dağınıq könlüm!

  

   Tək hicranmış qismətimdə, qısqanclıq var xislətimdə,

   Çırpınırkən təlatümdə, durulmur bulanıq könlüm.

  

   Qucsa onu bic dalğalar, günəş tamaşa eyləsə,

   Tumarlasa badi səba, etmə daha qınıq könlüm!

  

   Etmişsə sənə meyl, əl çək ondan, sənin deyil,

   Ələmiylə veyil-veyil dolan, getmə qonaq, könlüm!

  

  

   GÖZLƏYƏCƏM

  

   Bilirəm, gəlməyəcək, amma yarı gözləyəcəm!

   Qırılıbdır ümidim, sanma! Yarı gözləyəcəm!

  

   Rəqibi-binəva. Çox baxma, göz dəyər, uzaq ol,  

   Heç uzaqdan belə boylanma, yarı gözləyəcəm!

  

   Gözləmək sevdiyimi vəslə yetişməkdən uca!

   Sən belə duyğuları qanma, yarı gözləyəcəm!

      

   Əllərimdə yanacaq sübhədək nərgiz çiçəyi,

   Ey ürək, bax, zəif odlanma, yarı gözləyəcəm!

 

   Özümə əl qatacam, mən bir azca gəncləşəcəm,

   Ha desinlər mənə forslanma, yarı gözləyəcəm!

  

   İlk görüş yerimizdən boylanacam sərv kimi,

   İstəyir can belə canlanma, yarı gözləyəcəm!

  

   Bax, beləcə dönəcəm sevgi, ümid heykəlinə,

   Naümid! Sən gen dayanma, yarı gözləyəcəm!

  

   İstehza eyləsə qeyri gözəllər, göz edib,

   Ələmi, gözlərə inanma, yarı gözləyəcəm!

  

  

   NEYNƏK

  

   Getdi o mələk, sevgilimiz olmadı, neynək!

   Dəryada ümid sahilimiz olmadı, neynək!

  

   Hərsət ilə, hey gözlərimiz gülzarı gəzdi,

   Güllər bizə güldü, gülümüz olmadı, neynək!

  

   Neynim ki, ayrılmır hələ qəflət yuxusundan?

   Eh, bunca dili-qafilimiz olmadı, neynək!

  

   Sevgi toxumu rişələnirkən içimizdə,

   Qəlblər danışardı, dilimiz olmadı, neynək!

  

   Ol bütü bütün bütlərin allahı sanırdıq,

   Bizdən ki, betər cahilimiz olmadı, neynək!

  

   Yar ilə görüşmək ümidi, sındı, dağıldı,

   Neyhat, belə bir təklifimiz olmadı, neynək!

  

   Getmişsə yar, eşqini bildirdi səmimi,

   Bu barədə ki, nisgilimiz olmadı, neynək!

 

   Yazdın, Ələmi, dərdini Əliyə danışdın,

   Məhv olduq, özgə qatilimiz olmadı, neynək!

 

 

   Əli Əmirov (Ələmi)

 

   Ədalət.-2011.-18 noyabr.- S.7.