ALLAHI
QATİL EDƏNLƏR
Roman
(Əvvəli qəzetimizin 12 noyabr
sayında)
Nəhayət,
polislər itləri sakitləşdirdilər. Əməliyyat
Müvəkkili onları əhatəyə alan uşaqlardan
soruşdu:
- Hə igidlər, bu Qırat kimindir?
Onüç-ondörd yaşlı
bir uşaq irəli çıxdı:
- O Qırat deyil, görmürsən
Bozatdı.
Əməliyyat Müvəkkili
gülümsədi və uşağın başını
sığalladı:
- Olsun Bozat! Bəs
onda Qaçaq Nəbi hansınızdı?
Uşaq hazırcavab imiş:
- Mənəm, amma Qaçaq Nəbi
deyiləm, elə Nəbiyəm.
- Yaxşı, Qaçaq Nəbi
olma, Qoçaq Nəbi ol. De görüm, bu atla
bu gün kimsə harasa gedib?
- Xeyr, obaşdandan burda
cidarlıdı.
Əməliyyat Müvəkkili
üzünü digər uşaqlara tutdu:
- Bəlkə sizlər
görmüsüz, kimsə iki-üç saat əvvəl bu
ata minib, harasa gedib?
Uşaqlar bir ağızdan:
- Görməmişik, onda biz
aşağıda futbol oynayırdıq.
Əməliyyat Müvəkkili at
sahibi olan uşağa dedi:
- Yaxşı, Qoçaq Nəbi,
atın cidarını aç gedək sizə.
Uşaq əyilib atın
ayaqlarındakı cidarı açmaq istərkən təəccübləndi
və qalxdı ayağa:
- Əmi, kimsə bu
atı minib.
- Nəyə görə deyirsən.
- Bax! - deyə
uşaq atın ayağındakı cidarı göstərdi.
Əməliyyat Müvəkkili
atın cidarına baxıb soruşdu:
- Nə var ki?
- Səhər-səhər
özüm cidarlamışam. Biz belə at
cidarlamırıq. Görmürsüz bu
cidar deyil, heç belə at cidarlayarlar, görmürsüz
ayaqların qoşa bağlayıblar?! - dedi, sonra kəndiri
açdıg
Əməliyyat Müvəkkilinin
özü kəndli balası olsa da belə şeyləri
bilmirdi, təəccüblə başını yellədi və
sonra uşağı qaldırıb qoydu atın belinə:
- Yaxşı, getdik sizə, - dedi
və radioəlaqə ilə Rəislə əlaqə
saxladı; - Rəis, atı tapmışıq. Meşənin
ətəyindəki kənddəyik. Maşın
göndərin, gedirəm atın sahibigilə.
Uşaq atı bir darvazanın
ağzında saxladı:
- Əmi, evimiz budu.
- deyib hoppanıb atdan düşdü,
darvazanı açıb qışqıra-qışqıra
atasını çağırdı: - Ata, ay ata, səni
polislər istəyir.
Evdən ortayaşlı bir kişi çıxdı və həyətdə
polis işçilərini görəndə duruxdu, gah
oğluna, gah polislərə, gah da həyətə doluşan
kənd uşaqlarına baxıb, qorxa-qorxa da soruşdu:
- Nə isə olub?
Əməliyyat Müvəkkili ev sahibinin bu qəfil gələn qonaqlardan
qorxduğunu görüb onu sakitləşdirdi:
- Qorxmayın, heç nə
olmayıb, bir-iki sualımız var.
Ev sahibi onları evə dəvət
elədi:
- Qalxın evə, buyurun.
- Sağ olun, elə həyətdə
oturarıq.
Ev sahibi qonaqlarla bir-bir
görüşdü:
- Xoş gəlmisiz. Xətrinizə
dəyməsin. Sizi görəndə bir az
qorxdum, dedim görən nə isə olub. Sonra
oğluna üz tutdu, - Qaç anana denən çay
hazırlasın. Sən Allah, siz də buyurun, buyurun
oturun, - deyə həyətdəki ağacın altına
qoyulmuş stola dəvət etdi.
Gələnlər
keçib əyləşdilər, polislərdən biri həyətə
doluşmuş uşaqları bayıra çıxartdı.
Qoçaq Nəbi yüyürə-yüyürə
gəlib stolun üstə süfrə saldı.
Əməliyyat Müvəkkili:
- Siz bu gün atınızla harasa
getmisinizmi?
Ev sahibi:
- Xeyr. Səhər
tezdən uşaq qoyun-quzunu örüşə
çıxaranda minib gedir, axşam gedib gətirir. Mən atı adətən meşədən odun gətirməyə
gedəndə minirəm, ya da yuxarı dağ kəndlərinə
xeyir-şərə gedəndə.
- Bu gün harda olmusuz?
Ev sahibi çaşqın-çaşqın
polislərə baxdı:
- Bəlkə deyəsiz nə
baş verib?
Bu vaxt ev sahibəsi
gəlib süfrəyə stəkan-nəlbəki
düzdü, mürəbbə qoydu, uşağın əlindəki
çayniki alıb çay süzmək istədi, amma Əməliyyat
Müvəkkili dedi:
- Sağ olun, bacı, qoyun
qalsın. Özümüz süzərik.
Ev sahibəsi bir
söz demədən çayniki stolun üstə qoyub getdi.
Amma ev sahibi
qoymadı çayı Əməliyyat Müvəkkili
süzsün, özü süzdü, qonaqlara mürəbbə
də çəkdi.
Əməliyyat Müvəkkili:
- Demədiz harda olmusuz?
- Kənddə yas düşüb.
Səhər-səhər ora dəyib sonra
getmişəm şəhərə bazarlığa. Bir də xəstəxanada bir qohum yatır, ona dəyib
qayıtmışam. İndi də
hazırlaşırdım yenidən yasa getməyə, - sonra
soruşdu, - Rəis, nə hadisə baş verib, bir deyin
görüm məndən nəyə görəsə
şübhələnirsiz?
- Xeyr, sadəcə olaraq müəyyən
bir məsələni aydınlaşdırmaq istəyirik.
- Bilmək olar, nə hadisə
baş verib?
- Adam öldürüblər.
- Mən öldürmüşəm?
- deyə ev sahibi yenə qorxa-qorxa
soruşdu.
Əməliyyat Müvəkkili onu
sakitləşdirdi:
- Sakit olun. Hələ ki heç kim sizdən şübhələnmir. Məsələ ondadır ki, hadisə baş verən
yerdə sizin atınızın izləri tapılıb.
Stəkan az
qaldı ev sahibinin əlindən düşsün, qənd
qaldı boğazında, çeçədi. Xeyli
öskürdü, yenidən bir qurtum çay içib birtəhər
özünə gəldi:
- Mənə inanın, müəllim
adamam. Necə insan olduğumu, hətta qonşu
kəndlər də bilir. Soruşa bilərsiz,
heç toyuq başı da kəsməmişəm.
- Müəllim, dedim ki, heç kim sizdən şübhələnmir. Amma məsələni aydınlaşdırmaq
üçün idarəyə getməliyik. Ziyalı adamsız, bilirsiz ki, bu vacibdi.
- Əməliyyat
Müvəkkili sonra soruşdu, - Tüfənginiz var?
Ev sahibi əvvəl duruxdu, sonra
dedi:
- Bir təklüləm var.
Sözün düzü sənədi yoxdu, atamdan qalıb.
- Eybi yox, atanızın sənədi
olubsa, qanunsuz sayılmır. Xahiş edirəm,
gətirin.
Ev sahibi bir söz demədən
qalxdı evə, əlində tüfəng qayıtdı və
silahı polislərə təhvil verdi.
***
Kriminalist dindirmə protokolunu
tamamladı:
- Müəllim, buyurun, oxuyun və
bu yerlərə qol çəkin.
Amma at sahibi
oxumadı, göstərilən yerlərə qol çəkdi.
Kriminalist protokolu alıb qarşısındakı qovluğa
qoydu və dedi:
- İndi gedə bilərsiz,
silahınızı isə həftə sonu gəlib
apararsız
- Yəni mən azadam?
- Bəli, bəli! Sizin
bu cinayətlə heç bir əlaqəniz yoxdu. Atınızı minən adamı isə mütləq
tapacağıq. Siz isə təzə bir
şey bilsəniz xahiş edirəm bizə məlumat verin.
At sahibi sağollaşıb otaqdan
çıxandan sonra Kriminalist telefonu götürdü:
- Cənab prokuror, at sahibinin bu cinayətlə
heç bir əlaqəsi yoxdu. Alibiləri
düz çıxdı.
- Bəs at?
- Araşdırırıq. Hər
kimdirsə həmin kəndlə bağlı adamdı!
***
Akademikin üz-gözü tez-tez
qonağı olduğu bu dar, havasız, cəhənnəm kimi
isti qauptvaxta öyrəşsə də, özü bu qədər
haqsızlığa öyrəşə bilmirdi, dizlərini
qucaqlayıb oturmuşdu, özü-özünə
danışırdı:
- Məni sındıra bilməyəcəksiz.
Döysəniz də, söysəniz də, həftədə
bir dəfə bura salsanız da sındıra bilməyəcəksiz.
Siz bu əsgərliyi bizim burnumuzdan gətirsəniz
də, mən də yediyiniz-içdiyinizi sizin burnunuzdan gətirəcəm.
Məni nə qədər şərləyib həbsxanaya
salsanız da xeyri yoxdu. Məni o biri
uşaqlar kimi intihara məcbur edə bilməyəcəksiz.
Özümü öldürənəcən,
sizi ataram. Mənə kərpic kəsdirə
bilməyəcəksiz, qoyun otarda, tualet tikdirə bilməyəcəksiz.
Mən bura Vətəni qorumağa gəlmişəm,
nökərçilik etməyə yox. Nə
məni sındıra biləcəksiz, nə də qoymayacam
başqalarını sındırasız.
Könlündən
siqaret keçdi, qalxıb qapını döydü.
Qarovulda dayanmış əsgər:
- Akademik, qapını
sındırma.
- Siqaretin var?
- Var, amma verə bilmərəm,
qanun yol vermir.
- Sevinirəm ki, qanuna əməl
edən əsgərimiz var.
- Yaxşı, zarafat edirəm, ala.
- deyə növbətçi əsgər
qapının nəfəsliyindən içəri siqaretlə
alışqan atdı.
Akademik siqareti yandırıb,
acı tüstünü uşaqlıqdan həsrət
qaldığı Dəli dağın havası kimi çəkdi
ciyərlərinə, alışqanı nəfəslikdən
geri qaytardı:
- Sağ ol!
- Bunu da al, - deyə əsgər
içəri bir bükülü uzatdı.
- Bu nədi?
- Kotletdi, ağsaqqallar göndərib.
Bir az tez ye. Gəlib tutsalar dədəmi
belimə şəlləyərlər. Bilirsən
də sən qara siyahıdasan. Qara siyahıda
olanlara kömək edənləri də o siyahıya
salırlar.
- O siyahıya düşməkdən
qorxursan, bəs niyə kömək edirsən?
- Bəs kişilik?! Akademik,
sənin hesabına yenə bizi minəcəklər.
- Mənim hesabıma niyə?
- Yazdığın şikayətə
görə hissəyə yenə komissiya gəlib.
Komissiyanı yola salmaq lazımdı, ya yox?!
- Əsgərin səsi
yavaşıdı, - Ehtiyatlı ol, gələn var.
Gələn Batalyon Komandiri idi:
- Aç qapını.
Əsgər qapını
açdı, Batalyon Komandiri keçdi içəri:
- Qalx! Farağat!
Akademik qalxıb
farağat dayandı. Batalyon Komandiri əlini qoydu onun
çiyninə:
- Hə, Akademik, indi biz səninlə
neyləyək?
Akademik həmişəki
soyuqqanlıqla:
- Dedim də! Güllələyin,
yoldaş komandir!
- Axı sən nə istəyirsən?
- Mən Vətənə qulluq etmək
istəyirəm, yoldaş komandir!
- Elə də, qolundan tutan var?!
- Qolumdan yox, ruhumdan tutmusuz,
yoldaş komandir!
Batalyon Komandiri əsəbləşdi:
- Bura bax, Akademik, kişi
kimi danışaq. Başını sal
aşağı, bu yazışmanı saxla, boş-boş
danışıb uşaqları yoldan çıxartma. Mən də Polkovniklə danışaram, tikinti
batalyonu istəmirsən, səni keçirərik qərargaha,
kef edərsən. Amma kişi kimi
söz ver ki, bir daha heç yerə heç bir ərizə
yazmayacaqsan.
Akademik cavab vermədi, nifrət
dolu baxışlarını zillədi Batalyon Komandirinə. Batalyon
Komandiri bu nifrət dolu baxışlardan qaçmaq istədi:
- Akademik, biz qorillalar kimi
baxış savaşı eləmirik ki, gözlərini mənə
zilləmisən. Söz verirsən ki, bir daha heç hara ərizə
yazmayacaqsan?
Akademik farağat vəziyyətini
pozmadı:
- Yoldaş komandir, siz də söz
verirsiz ki, bir də hərbi hissədə qanunları
pozmayacaqsız?
Batalyon Komandiri:
- Day özündən küs! -
dedi hirslə bayıra çıxdı və çıxanda
da qapını necə çırpdısa, qapı az qala
çərçivəsindən qopsun.
Batalyon Komandiri gedəndən sonra
növbətçi əsgər dedi:
- Akademik, vallah sən qurd ürəyi
yemisən.
Akademik:
- Bilirsən dostum, mən
doğrudan qurd ürəyi yemişəm. Atam ovçudu. Biz
iki qardaşıq. Atam nə qədər qurd vururdusa ürəyini
şişə çəkib bizə yedizdirərdi. Anam
sayırmış, indiyədək altmış dörd qurd
ürəyi yemişik. Böyük qardaşım elə qurda
oxşayır. İstəyirsən inan, istəyirsən yox.
(Ardı növbəti şənbə sayımızda)
AQİL
ABBAS
Ədalət.-
2011.-19 noyabr.-S.5.