Yol
ROMANI
V
hissə
(Əvvəli ötən şənbə
nömrələrində)
HAŞİYƏ
Deyirlər bir vaxtlar bu şəhərdə
həyat qaynayırmış, çiçəklənirmiş,
bölgənin incisiymiş. Keçmiş zaman şəkilçiləri
və "bir vaxtlar" sözcüyü... Olan budu ki, sonra tənəzzül
gəlib. Şəhər zənginləri İstanbula
köç ediblər. Buralara da başqa köç
başlayıb. Böyük ehtimalla indi sözləri
boğazlarında qaynada-qaynada tələffüz edib səsləndirən
toplumun gəlib bölgədə yerləşməsi də o
zamana təsadüf edib. Sərhədlərə yaxın
olması da yaşamı təhlükəli qılıb. Bu sərhəd
söhbəti də şəhərin başından əksik
olmur, Tanrım! Türkiyənin quzey doğusunda eyni adlı
ilin mərkəz ilçəsi. Vikipediyada yazıblar ki, Qars
sözünün mənası gürcücədən -
Karsilaki (yəni qapı şəhər) sözündən gəlir.
İnanmağım gəlmir, gürcülərin özü nədi
ki, hələ şəhərlərə də ad qoysunlar. Yəni
həqarət mənasında demirəm - amma bütün
Gürcüstan boyu yol gedirsən, toponimika türk sözləridi,
sonuna bir "i" əlavə etməklə guya
gürcüləşdiriblər. Başqa mənbəyə
baxdım. Mahmud Kaşqarlının əsərlərində
dəvə, ya da qoyun yunundan yapılan əlbisə, karsak
(tülkü) dərisindən gözəl kürk deyə bəhs
edir. Bir qaynağa görə də şəhərin adı
eramızdan əvvəl Qafqazlardan gələn bulqar türklərinin
Karsak oymağından gəlməkdədi. Ağlabatan budu.
Çünki Naxçıvandan Qarsa qədər gəldiyim yolda
o qədər doğma sözlər oxudum ki, yəni
yaşayış məntəqələrin, çayların,
dərə-düzənin adında (toponimlərdə). Əslində
nisbətən yeni tarixə nəzər salsaq, min il əvvələ
məsələn, (tarix üçün min il nədi ki?) Səlcuqlu
imperiyası dağılandan buralar Azərbaycana aid olub. Burda
da kiçicik bir izahat verim bilməyənlər
üçün. "Azərbaycan"
sözü tarixən bizim indi Cənub dediyimiz torpaqlara aid
olub. Bizim hal-hazırda yaşadığımız ərazilərin
ismi isə Aran olub. XX əsrin əvvəlində bizim ilk
respublikanın təməli qoyulanda məmləkətə ad
axtaranda "Azərbaycan" sözü yada düşür.
Qızğın mübahisələrdən sonra bu toponimin
üzərində dayanıblar. Hacı Zeynalabdin
Tağıyev isə sona qədər bunun əleyhinə olub,
hətta belə bir söz də işlədib: "Bu nərdən
çıxdı, yahu?" Min ilə nisbi baxmağımdandı
deyəsən Səlcuqlulardan gəldim XX əsrin əvvəlinə
- qayıdım geriyə. Hər hansı imperiyanın
dağılması böyük faciələrlə
müşayiət olunur. İmperator Məlikşahın
ölümündən sonra oğlanları taxt-tac uğrunda
mübarizəyə başladılar. Təbii, kənar
qüvvələr də bundan yararlandı, uzun sözün
qısası, Osmanlı dövləti yaranıb da,
güc-qüdrət toplayana qədər buralarda gürcülər,
Çingiz xanın ordusu, Qızıl Orda, Qaraqoyunlular,
Ağqoyunlular at oynatdı. Yavuz Sultan Səlim Doğuya
yapmış olduğu son səfərində bu yörələri
Osmanlıya qatmaq istəyini gerçəkləşdirə
bilmədi. Yalnız Qanuni Sultan Süleyman dönəmində
Qars və ətraf ərazilər imperiyanın
sınırlarına daxil oldu. O məşhur film ki var, indi
hamımız baxırıq - "Möhtəşəm
yüzyıl" - orda Sultan sadalayır ha öz
torpaqlarını və deyir "Azərbaycanın" hakimi.
Bax, orda deyilən "Azərbaycan" buralardı - Qars və
ətrafları... Bu haşiyədi... Çıxaqmı
haşiyədən?.. Sən heç zaman nə haşiyələri,
nə çərçivələri, nə sərhədləri
sevmədin... Amma hər zaman əsiri oldun, Qumral
gözlüm...
***
Deyirlər bir vaxtlar buralarda
kübar, zəngin adamlar yaşarmış. Bu adamlar öz sərvətlərini
iki böyük imperiyanın qovşağında yerləşən
ticarət yollarından qazanarmış. Yol? YOL?! Yenə Yol?!
Deyirlər rus çarı III Aleksandr sevgilisiylə burda
görüşərmiş, bu ətrafda rus çarlarına
aid "Ov köşkü" də var. Deyirlər...
Başqa nə deyirlər? Eee, o qədər söz deyirlər
ki... Həm də onu deyirlər ki, 92-ci ildə Kafkas
universitetinin açılması şəhərin həyatını
tamam dəyişib. Universitet? Hə, axı bizi orda gözləyirlər...
Mən də Diogen çəlləkdə düşünən
kimi yatağımda fəlsəfi düşüncələrə
dalmışam.
Qalx
görək, Qumral gözlüm......
UNİVERSİTET
Əslində Universitetin kampusunda gəzəndə
bura haqqında müəyyən təsəvvür yaranır.
Bəlkə 100 hektara yaxın sahəsi var və bu sahədə
heç bir şey sıxlıqla, bir-birinin içinə girərək
yapılmayıb. İnsana hüzur verən bir
açıqlıq var burda və mavi rəngin
üstünlüyu. Dizaynı kim düşünübsə
iyi edib. Mavi rəngin enerjisi güclüdü.
Qaldığımız Qonaq evinin balkonundan bütün
universitet alanı görünməkdədi. Bu vizual
görünüm - bəs içi necədi görəsən?
... Vurğun Əyyub bizi
universitetin həyətində (daha doğrusu, fakültənin
həyətində) qarşılayır, içəri
keçirik. Öyrəncilər elə də çox gözə
dəymirlər, təbiidi, dərslər bitib, ancaq kəsri
olanlar növbəti bütünləmə imtahanlarını
vermək üçün burda qalıblar. Vurğunun kabineti
birinci mərtəbədədi. 17 il işsiz qalandan sonra
yaxşı ortamdı. Öz otağı, otağın
qapısında lövhəsiylə-filanıyla. Dərs dediyi
fakültə Fənn-ədəbiyyat fakültəsi
adlanır. Amma ad sizləri yanıltmasın - ədəbiyyat
adlansa da ixtisaslar fərqlidir. Kimya, riyaziyyat, biologiya, fizika, nə
bilim daha nələr də bura daxildi. Yəni bizdən fərqlidi
yanaşma. Ümumiyyətlə, hər şey fərqlidi. Əsas
olan isə budur ki, bütün Türkiyə universitetləri
içində yalnız Kafkas universitetində Azərbaycan dili
və ədəbiyyatı tədris olunur. Tədris olunmaq bir
yana, buranı oxuyub-bitirən tələbələr bu
ixtisasla (yəni branşla) diplom alırlar və gələcəkdə
bu sahədə çatışmazlıq olmayacaq kimi
görünür. Vurğunun söhbətindən belə
anlayıram ki, fakültədə bizə aid dərslər
ancaq onun üzərindədi, həftədə 32 saat dərs
deyir (sonradan Vurğunun mənə məkub yazan tələbələrinin,
düşüncə tərzi, yazı dili göstərir ki,
Vurğun Əyyub həm də çox gözəl müəllimdi.
Azərbaycanı da, onun mədəniyyəti, ədəbiyyatını
da bu gənclərə sevdirə bilib). Vurğun bura gələnə
qədər də müəllimlər çalışıb
burda. Amma mən bilən bu bölümün əsas
yükünü Hacalı Nəcəfoğlu üslənibmiş.
Təsəvvür edirsiz? Əslində bu fakültənin
formalaşmasında, yaranmasında onun böyük əməyi
var. Onun və Qars əski baş konsulu Həsən Zeynalovun.
2004-cü ilin aprelində Qarsda Azərbaycan konsulluğunun
açılması da bu şəhərin həyatında və
ümumilikdə siyasi həyatda da önəmli rol oynayıb.
Bu ərazilər strateji bölgələrdi və mən indi
də fikirləşirəm ki, Həsən Zeynalovun şəxsi
keyfiyyətləri, prinsipiallığı olmasaydı hər
şey başqa cür ola bilərdi. Çox
xırdalıqları açıb demək olmur, bu
diplomatiyadı. Diplomatiyanın danışıq dilində isə
ayrıntılar yox, ümumi sözlər üstünlükdədi.
Və Qarsda işlədiyi müddətdə Həsən
müəllim dəfələrlə məni buralara dəvət
etmişdisə də, gedə bilməmişdim. Qismət indiyə
imiş. Elə indi haqqında danışacağım
professor Hacalı Nəcəfoğluyla ilk
tanışlığımıza da hörmətli Həsən
Zeynalov səbəb olmuşdu.
- Qonaqlarımız burdadı -
deyir Vurğun telefonla. - Hacalı bəy bizi gözləyir
öz otağında.
Qalxırıq yuxarı və
kimyaçı professorun qarmaqarışıq, səliqəsiz
(daha doğrusu, "bədii" səliqəsiz, kitab və rəsmlərlə
donatılmış) otağına daxil oluruq.
NƏCƏFOĞLU
2007-ci ilin fevralında Haaqada (təsəvvür
edirsiz Haaqada) Xocalı soyqırımına həsr olunmuş
konfrans keçirilirdi. Təşkilatçı İqdır bələdiyyəsi
idi, amma təbii ki, əsl təşkilat işləmləri Həsən
Zeynalovun idi. Bizi də dəvət etmişdi və mən bu səfərdə
qeyri -rəsmi şəxs kimi iştirak edirdim. (həmişə
olduğu kimi, çünki məmləkətdə rəsmi
şəxs kimi təmsil olunacaqların sayı o qədər
çoxdu ki... Hamının savadı, intellekti, millət
damarı, istedadı aşıb-daşır,
fışqırır, lap püskürür deyənə
növbə çatmır da. Təyyarəyə minik
başlayanda VİP salonda gördüyüm insanlar ki, var idi -
yüz faiz əminəm onlar Xocalı adına heç xəritədə
də baxmaq həvəsində olmazlar. Müxtəlif Avropa
ölkələrinə gedirdilər və hərənin
öz işi. Ticarət faktoru, ziyarət faktorundan daha
üstün təbii).
... Amma bir dəfə
yazmışdım bu barədə - qeyri-rəsmi şəxs
olmağın öz üstünlükləri var.
Hamını müşahidə edə bilirsən, hətta lap
qulağının ucu ilə eşitdiyin sözlərin nəyə
görə deyildiyinin fərqinə varırsan.
"Vətən, Millət,
Sakarya" - ortamıdı...Kimin nitqi neçə dəqiqə
çəkəcək, kimi çox alqışlayacaqlar, kim nə
qədər ermənini ittiham edəcək -
anladığınız həmişə olanlar... Sayın
Hacalı Nəcəfoğlunu ilk dəfə orda
görmüşdüm. Sakit, mütəvazi, üzərinə
diqqət toplamağı sevməyən birisi kimi yadımda
qalmışdı. Arada-sırada, bayram günlərində
Aqil Abbasın elektron poçtuna ondan təbriklər gəlirdi
və mən də Aqil Abbasın adından ona təşəkkürlər
cavablayırdım. Həsən müəllimlə söhbətlərimizdə
də onu tez-tez xatırlayırdıq, amma düzünü
deyim ki, Nəcəfoğlunun bu aləmdə necə
nüfuzlu biri olduğunu və ən önəmlisi Azərbaycan
üçün necə qiymətli bir insan olduğunu
Qarsdakı görüşlər zamanı anladım. Tam bir Azərbaycan
sevdalısı.
Tanımayanlar üçün
qısa bioqrafik məlumat:
1955-ci ildə Hacıqabul rayonunda
doğulub, 1972-də Azərbaycan Dövlət Universitetinin
kimya fakültəsinə daxil olub, məzun olduğunda elmi
karyerinə başlayıb. Xudu Məmmədovun aspirantı
olub, onun rəhbərliyi ilə elmi müdafiəsini edib.
1985-ci ildə Azərbaycan Dövlət Universitetində müəllimlik
edib. Ölkədə vəziyyət dəyişəndə isə
Türkiyəyə gedib və 92-ci ildən orda
çalışmaqdadı. 92-95-ci il arası Ərzurum
universitetində, 95-ci ildən sonra Qars universitetində dosent,
sonradan isə professor kimi fəaliyyətdədi. Batı dilləri
və ədəbiyyatları, Slavyan dilləri və ədəbiyyatları,
Çağdaş Türk Ləhcələri və ədəbiyyatları
bölümlərinin qurucu bölüm
başkanlığını yapıb. Kafkas universitetinin Qafqaz
və Orta Asiya Araşdırma Mərkəzinin müdiridi.
Təbii, bunlar rəqəmlər və
sözlərdi. Rəqəm və sözlərin arxasında
isə həyat dayanır, əməllər,
çırpınan ürək dayanır. Diaspora sözü
ki var, son vaxtlar tez-tez işlədirik və beynimizdə
formalaşan stereotip də budur ki, ordakı həmvətənlərimiz
ya bir-birini ittiham edir, ya burdakı mərkəzi ittiham edir, ya
da bayramlarda yerliləri dolmaya qonaq edirlər. Avropada
yaşayırlar - təfəkkür, zehniyyət dolmadı.
Hacalı Nəcəfoğlu uzun
zamandı Türkiyə Cümhuriyyəti vətəndaşıdı,
amma bu uzun zaman onu öz köklərindən bir an da
ayırmayıb. Diaspora belə şəxslərlə
formalaşmalıdı. Və mən düşünürəm
ki, Nəcəfoğlu elə təkbaşına da
diasporadı.
***
... İndi biz onun
otağındayıq. Hacalı bəy bizi universitet haqqında
bilgiləndirir və gündəmə gəlmiş yeni
problemlə tanışdırır, millət vəkilinin burda
olmasından ümumi işin xeyirinə istifadə etmək istəyir.
1992-ci ildə fəaliyyətə
başlayan universitet, ilk qurulduğunda bir fakültə, 245
öyrənci, 40 öyrətim elemanına sahibmiş. İndi
burda 6 fakültə, 3 yüksək okul, 5 meslek yüksekokulu,
1 konservatoriya, 3 institut, 10 araşdırma mərkəzi fəaliyyət
göstərir. 12500 tələbə oxuyur burda . Öyrənci
yurdları, yeməkxana və kafeteryalar, sağlıq mərkəzləri,
klublar...
Universitet bölgə universiteti
olmaq yolunda hızla və əmin addımlarla irəliləyən
konumdadı.
Problem nədir? Məsələ
burasındadır ki, kimsə Azərbaycan dili və ədəbiyyatı
ixtisasının buralarda lazım olmayacağı fikrini
yayıb. Bu bölümün bağlanma təhlükəsi
var. Baş konsula bu problemi çatdırmaq, onun dəstəyini
almaq lazımdı. Zatən sayın Nəcəfoğlu
öncədən ona telefon açıb qonaqlarla birlikdə
konsulluğa gələcəyini deyib. Hələlik bizi
aşağıya, birinci mərtəbəyə dəvət
edir. "Heydər Əliyev mərkəzinə". Mərhum
prezident bir vaxtlar bu universitetdə olub axı. Mərkəz əslində
Azərbaycan haqqında kitabların, tədris vəsaitlərinin,
yazıçılarımızın əsərlərinin
toplandığı bir qiymətli kitabxana konumundadı. Biz də
özümüzlə nə qədər kitablar gətirmişik.
Sayın millət vəkili ilə sayın Nəcəfoğlu
kitabları yerbəyer edirlər. Mən isə divardan
asılmış portretlərə, dolablardakı kitablara
baxıram. Baxışlarım atamın üstündə
dayanır. O bizdən əvvəl gəlib bura - yəni rəsmləri
və kitabları. Ürəyimdə yenə savaş
başlayır deyəsən - bu nə taledi, Tanrım!
Özü heç yerə gedə bilmədi, amma Sözü
hər yerdədi... Gözlərim dolur, yaxşı ki,
heç kim mənə fikir vermir. Çevrilib baxıram. Aqil
Abbas kitablarını imzalayır, Nəcəfoğlu nəsə
izah edir, Vurğun da otağın künclərində
düzülmüş dibçəklərdəki gülləri
sulayır. Özü də elə nəvaziş və diqqətlə
edir ki, bu mənzərəyə tamaşa etməyə
gözlər lazım. Təbəssüm gəlir üzümə...
Zəng gəlir Nəcəfoğlunun
telefonuna, deyəsən bizi gözləyirlər baş
konsulluqda. Yığışırıq getməyə.
Vurğun dodağının altında mızıldanır:
- Siz gedin...
- Sən də gəl, -deyirik
israrla. Və konsulluğa getdiyimiz yolda
sürücülüyü də Vurğun edir.
... Hüznlü şəhərdi
Qars. Zatən Nobel ödülçüsünün təsvirində
də belədi. İndi ötüb getdiyimiz sokaklara
baxdıqca həmin təsvirləri xatırlayıram:
"İyirmi il öncə Karsa gəldiyində KA-yı
büyüləyən; sokakları, iri kəsmə
daşları və Türkiyə Cümhuriyyətincə əkilmiş
iydə və kəstanə (şabalıd-müəllif)
ağaclarıyla bu hüznlü şəhər olmuşdu;
milliyyətçilik və qəbilə savaşlarıyla
ahşap (taxta) yapıları tamamən
yakılıb-yıkılmış Osmanlı şəhəri
deyil".
Görəsən KA ilə İpəyin
buluşduğu "Yeni hayat" pastanəsi hardadı? Və
varmı? Mən bu düşüncələrdəykən
memari yapısı rus evlərini xatırladan bir binanın
qarşısında dayanır arabamız. Konsulluq burdadı. Həyətin
içindən keçib ikinci mərtəbəyə
qalxırıq, baş konsulun otağına daxil oluruq... Və
mənim iri gözlərim bir az da böyüyür...
(Ardı var)
İRADƏ
TUNCAY
Ədalət.-
2011.-19 noyabr.-S.12-13.