"SÖZ
DEYİRƏM..."
(Unudulmaz ustad jurnalist Hüseyn Mehrəliyevin
işıqlı xatirəsinə)
Bir vaxtlar yatsam yuxuma da girməzdi
ki, ay ötüb, il dolanacaq, mən qəzet redaktoru
olacağam, mənim ilk redaktorum Hüseyn müəllim isə
pensiyaya çıxacaq və günlərin birində
telejurnalist Qərənfil xanım onun barəsində mənə
yazı gətirəcək, mən də həmin
yazını məmnuniyyətlə çapa imzalayacağam.
Amma kaş Hüseyn Mehrəliyev
yenə baş redaktor olaydı və mən 30 il televiziyada
çalışdıqdan, iki qəzetin baş redaktoru olandan
sonra onun yanında ədəbi işçi, ya da müxbir
işləyəydim. 34 il bundan əvvəlki kimi.
Ələkbər
ABBASOV,
Əməkdar
jurnalist
Çoxdandır Bakını gəzmirəm.
Bu gün şəhərə çıxmağımın isə
səbəbi var. Görkəmini dəyişmiş
küçə və məhəllələr, bir-birilə
qol-boyun olan göydələnlər mənə yad bir məkanı
xatırladır. Küçə hərəkəti
qaydalarına məhəl qoymadan yüksək sürətlə
ötən və ötüşən maşınların əhatəsin-də
narahatlığım daha da artır, ürəyim
sıxılır. Yaddaşımda uzaq illərin arxasından
bir şəhər boylanır: səliqə-sahmanlı, sakit,
həm də qaynar həyatlı, tramvaylı, trolleybuslu,
bağ-bağçalı, mehriban və şən bir şəhər...
Biz axtardığımız yerə
gəlirik.
- Yəqin buranı tanıdın?
- deyə qardaşım Həmid nisgilli
baxışlarını mənə zilləyir.
- Hə. Beşmərtəbə
olmasaydı çaşıb qalardım. Onun birinci mərtəbəsində
qastronom vardı. Üzbəüzdə xudmani qadın salonu.
Elə buradaca 12 nömrəli tramvaydan düşüb salonun
qarşısından keçərək sağa, on-on beş
addımdan sonra sola dönərdim, bax buraya. Dimitrov
küçəsi buradan başlanırdı deyəsən, hə?
- Düzdür. Yadından
çıxmayıb. Söküblər deyə indi o yeri dəqiq
müəyyən etmək olmur.
Biz Füzuli küçəsi boyu
hasarla ətrafdan ayrılmış böyük bir ərazidəyik.
Burada yaxın gələcəkdə Qış bağı
salınacaq. Hələlik isə hər tərəfdə
daş-kəsək, torpaq qalaqları, dağıntı... Nə
o qədim tikililər var, nə də bir-birinə söykənən
o alçaq evlər. Sağa-sola baxıb durduğumuz məkanın
keçmişini dəqiqləşdirmək istəyirik. Ətrafda
kimsə gözə dəymir ki, öyrənəsən. Elə
bu vaxt əlində çörək bizə tərəf gələn
bir ağsaqqaldan ləngimədən:
- Çoxdan buralarda
olansınız? - deyə soruşuram. "Hə"
cavabı alan kimi,- Onda, zəhmət olmasa, deyin, Dimitrov
küçəsi harada idi?
- Elə burada. İndi Şəmsi
Bədəlbəylidir.
Küçənin sol tərəfində
daş daş üstə qalmayıb. Özümü qərib
bir yerdə hiss edirəm. Sükutu Həmid pozur:
- Məncə 3 nömrəli bina
bax, burada yerləşirdi, sizin redaksiya. Yadındadır, hərdən
dərsdən sonra yanına gələrdim? İş
yoldaşların, Hüseyn müəllim gözümün
qabağındadırlar.
O, bu əraziyə yaxşı bələddir.
Uzun illər əvvəl indiki Musiqi Akademiyasının
binasında, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində
təhsil aldığı vaxtlarda ara-sıra bizim redaksiyaya gələrdi.
Yaxın vaxtlarda söhbət zamanı o illəri
xatırlayarkən Həmid ürəyimdən xəbər
verirmiş kimi: "Hüseyn müəllimdən niyə
yazmırsan? - deyə soruşdu. Onun səsində aşkar bir
qınaq hiss etdim. - O, unudulası insan deyil. İstəsən,
gedək bir o tərəflərə. Heç tanımayacaqsan.
Hər yeri söküblər, sizin redaksiyanın
binasını da".
Dönüb mənə baxır:
- Nə oldu? Kövrəldin deyəsən.
Arxamı yerə vermirəm.
- Yox, bir az.
Əslində isə
gözümün yaşını güclə saxlayıram.
Niyə də yox?!
Fasadına "Abşeron" qəzetinin
redaksiyası yazılmış həmin bina, ilk iş yerim.
"İlklər" heç vaxt unudulmur: ilk dəfə məktəbə
qədəm qoyduğun gün, ilk müəllim, ilk iş
günü və sənin ilk rəhbərin...
Mənə doğmadan doğma, ata
evi qədər əziz olan o ocaq indi yoxdur. Çox hörmətli
redakto-rum Hüseyn müəllim də çoxdan haqq
dünyasına qovuşub. Dostlar, yoldaşlar pərən-pərən
düşüb. Ancaq...
Sinəsi şeir dolu babam Həmid
ağanın səsi gəlir qulaqlarıma. Ötən əsrin
20-ci illərində Azərbaycandan Türkiyəyə
mühacirət etmiş qardaşlarını xatırlayarkən
qalın və hüznlü avazla pəsdən oxuyardı:
Dərya, səndən kim
keçdi,
Kim qərq oldu, kim keçdi...
Tərlan xəyallı
könlüm,
Xəyalımdan
kim keçdi...
Hə, bizə qalan xatirələrdir
və nə yaxşı ki, onu Allahdan başqa heç kəs
insandan ala bilmir.
...Xəyalən qədim binanın
taxta pillələri ilə ikinci mərtəbəyə
qalxıram. Artıq neçə gündür ki, işə
başlamışıq. Əməkdaşların əksəriyyəti
bizim qrupdandır: Ələkbər Abbasov, Namiq Abba-sov,
İlyas Adıgözəlli, Aydın Əliyev, Ofeliya Abbasova
və mən. Hamımız böyük bir otaqda yer-ləşmişik.
Yenicə yaradılmış rayonlararası (Dəvəçi
- indiki Şabran və Abşeron rayonları)
"Abşeron" qəzetinin ilk nömrəsini
hazırlayırıq. Zahirən zəhmli təsir
bağışlayan redaktorumuz Hüseyn Mehrəliyev
üçün auditoriyadan birbaşa qəzetə gələn
bizlərlə işləmək yəqin ki, çox çətindir.
Ancaq üzə vurmur. Birinci nömrənin
çıxmasını səbirsizliklə gözləyirik.
1962-ci il iyunun 2-də
"Abşeron"un ilk nömrəsi işıq üzü
görür. Qəzetin birinci səhifəsində
Uşaqların Beynəlxalq Müdafiə Günü
münasibətilə verilmiş "Deyin, gülün,
uşaqlar!" məqaləsi mənimdir. Ancaq heç
ağlımıza belə gətirə bilmərik ki, düz
34 ildən sonra "Günay" qəzetinin 1996-cı il 1
iyun tarixli nömrəsində tanınmış jurnalsit Qərənfil
Xəlilova "Jurnalist" adlı məqaləsində belə
yazacaq: "Abşeron"da işlədiyi illərdə
Hüseyn Mehrəliyev təyinat alan gənc jurnalistlərdən
yeddisinin adını iftixarla çəkir: Milli Təhlükəsizlik
naziri Namiq Abbasov, "Həyat" qəzetinin baş redaktoru
Firudin Rəsulov, "Naxçıvan" qəzetinin baş
redaktoru işləmiş, hazırda Milli Məclisin
deputatı Rizvan Cəbiyev, "Araz"
radiostansiyasının rəhbəri İlyas Adıgözəlov,
Azərbaycan televiziyasının baş redaktoru Aydın Əliyev,
"Günay" qəzetinin şöbə müdiri Dilarə
Vəkilova və bu qəzetin baş redaktoru Ələkbər
Abbasov. Bu, Hüseyn müəllimin özünə və
yaradıcılığına qayğı göstərdiyi
jurnalistlərin rəmzi siyahısı".
Hələlik isə bütün
yazdıqlarımızın üzərində Hüseyn müəllimin
ölçüyəgəlməz zəhməti var.
Materialım ona təqdim olundumu, rahat işləyə bilmirəm.
Dəhlizdə qapısı açıq otağının
qarşısından arabir o tərəf-bu tərəfə
keçərək oxuyub qurtarmağını gözləyirəm.
Redaktə olunmuş materialı əlimə alıb bir daha
diqqətlə baxır, nəyi necə yazmağı öyrənirəm:
mətni yersiz ixtisar edən deyil, təkrarı, sicilləməni,
sözü çeynəməyi sevmir. Növbəti
yazılarımda mütləq bunları nəzərə
almalıyam. İndi "Abşeron" mənim ikinci
universitetimdir, sənət, həyat universitetim. Müəllimim
isə odur: Hüseyn Mehrəliyev. Uca qamətli, enli kürəkli,
pəhləvan cüssəli, addımlayanda ayağının
altında yer titrəyən, danışanda "Söz deyirəm"
deyib müsahibinin diqqətini özünə çəkən,
güləndə gülüşü çiyinlərində
"qanadlanan", acıqlananda səsini qaldırmayan, amma
sözünü kəskin deyən bir insandır:
"Boğazınızdan tutub materialı alacağam sizdən".
Sözləri aramızda zərb-məsələ
dönüb: "Kənd qəzetinin işçisi nədir,
38 dərəcə qızdırma ilə evdə qaldı nədir".
(Bu günün özündə də, yeri gəldimi, bu kəlamsız
keçinmirik).
"Az danışıb çox
işləyək" deyə tez-tez otağımıza gəlir,
diqqətlə hamını bir-bir nəzərdən
keçirir, kimin nə yazdığını, necə
yazdığını kənardan hiss eləyir. Çətinliyə
düşənə üzünü tutub gülə-gülə
soruşur:
- Hə, nə olub, söz
çıxıb ceyran belinə?
Bu, onun sevimli ifadəsidir. Tez-tez
bizi həvəsləndirir, öyüd-nəsihət verir.
"Sözdən qorxmayın, sözü işlədin"
deyir. Hətta bir neçə gün əvvəl dərc
olunmuş baş məqaləyə belə bir ad verib:
"Sonradan vaysınmamaq üçün". Şüar,
çağırış xarakterli baş məqalə sərlövhələrinə
alışanlar bunu qəbul etməsələr də o,
yaradıcılıqda sərbəst olmağı, stereotipləri
qırmağı bacarır. Bizə də nədən və
necə yazmağı öyrədir, zəif yazıları həndəvərə
qoymur, "sözçülükdən əl çəkin"
deyir. Onun müraciət etdiyi mövzular,
hazırladığı materiallar fəaliyyətimizin istiqamətlərini
müəyyənləşdirməkdə bizim
üçün kompas rolunu oynayır, mövzu seçməyi,
fakt üzərində necə işləməyi öyrədir.
Qəzetin yükü Hüseyn
müəllimin çiyinlərindədir. Sonralar redaktor
müavini işləyəndə, xüsusən də redaktoru
əvəz etdiyim vaxtlarda onun necə gərgin günlər
yaşadığını qəlbən duyuram. "Elə
bir iş təcrübəsi olmayan gənc jurnalistlərlə
həftədə üç dəfə qəzet buraxmaq əsl
qəh-rəmanlıq imiş", - deyə
düşünürəm. Bəlkə də elə buna
görə az qala müxbirlik edir, tez-tez uzaq təsərrüfatlara
gedir, iqtisadiyyatdan, mədəniyyətdən tutmuş müxtəlif
mövzularda yazıları qəzet səhifələrinə
çıxarır.
***
Səhər tezdəndir.
Hamımız iş başındayıq: kimi telefonla yerlərlə
əlaqə saxlayıb fakt götürür, kimi makinaya diqtə
edir, kimi otaqdakı səs-küyə əhəmiyyət vermədən
diqqətini cəmləyib materialını hazırlayır,
kimi də Abşeronun uzaq təsərrüfatına getmək
üçün sürücünü gözləyir.
Hüseyn müəllim öz otağındadır, Dəvəçidən
təzəcə gəlib. Adəti üzrə yenə də
sinəsini yazı masasına söykəyib yazır.
Elə bu vaxt sürücü Cəfər
bizim otağa daxil olub salamlaşır. Əməkdaşlardan
kimsə Dəvəçi səfərini nəzərdə
tutaraq:
- Nə vaxt gəldiniz? - deyə
soruşur.
- Axşam. Amma Hüseyn müəllim
nəsə çox fikirli idi, - deyir. - İstədim, uzun
yoldur, bir az söhbət eləsin, dedi: "Xəyallarımla
məşğul olmaq mənə daha xoşdur".
Cəfər bunu gülümsəyərək
deyir. Qınamalı da deyil. Haradan bilsin ki, onun müdiri bu vaxt
darlığında növbəti nömrəyə
hazırlayacağı iki səhifəlik materialın
faktlarını götür-qoy edir, bəlkə də
maraqlı bir forma barəsində düşünür. Ay Cəfər,
heç söhbətin yeridirmi?
Bir-iki gün keçir, yanvarın
31-də "Jurnalistin yol qeydləri" rubrikası
altında Hüseyn Mehrəliyevin Siyəzən sovxozunun Dəhnələrdə
yerləşən qışlaqlarında heyvandarların
işindən bəhs edən "Tufandan da güclülər"
oçerki dərc olunur.
***
Günlər ötdükcə
bizim də qələmimiz yavaş-yavaş itilənir. Deyəsən,
hörmətli redaktorumuz işimizdən razıdır. Belə
bir vaxtda "yuxarıdan" redaksiyaya göstəriş gəlir:
iki ədəbi işçi ştatından biri ixtisar
olunmalıdır. Görən kim? İlyas Adıgözəlli,
yoxsa mən? Hüseyn müəllim qərar qəbul edir:
heç kim. Bir ştatı aramızda bölür və biz
bir müddət beləcə işləyirik. Amma kim deyər
ki, çox keçməmiş Ələkbər Abbasov,
Aydın Əliyev, İlyas Adıgözəlli Azərbaycan
Radio və Televiziya Komitəsində işə dəvət
olunacaqlar. Mən isə sənətə dəyər verən
hörmətli redaktorumun qərarı ilə şöbə
müdiri, az sonra redaktor müavini vəzifəsinə irəli
çəkiləcəyəm. Və bir dəfə,
işimizin gərgin vaxtında tapşırığı
yarıtdığım üçün ondan həyatım
boyu unutmayacağım bu sözləri eşidəcəyəm:
"Allah səni bu redaksiyaya urcah edənə ömür
versin".
Baş məqalə, oçerk və
zarisovkalarımı çox bəyənir və günlərin
birində mətbəədə növbətçi
olduğum zaman korrektor otağının qapısı
açılır, Hüseyn müəllim xoş əhvalla
içəri daxil olur: "Oxudum sənin Raziyəni, - deyir. -
Jurnalistlər İttifaqına gedirəm, təklif edəcəyəm
sənin oçerklər kitabını buraxsınlar".
Raziyə deyəndə o, Maştağa
südçülük-tərəvəzçilik sovxozunun
aqronomu haqda yazdığım "Səni
düşünürəm, Raziyə" oçerkimi nəzərdə
tutur. Müəllimimin bu dəyərli fikrini mənə
verdiyi avans kimi qəbul edir, bütün yazılarımda, fəaliyyətimdə
etimadını doğrultmağa çalışıram.
Günlərin birində nömrənin materiallarını
gecikdirən əməkdaşları məzəmmət edərkən
hirslə: "Redaksiyada boyunduruğu çəkən iki nəfər
varsa, biri Dilarədir" deyir.
***
Əgər istedadın, qələmin
yoxdursa, jurnalistikaya gəlməsən yaxşıdır. Əks
halda kollektiv üçün yükə çevrilirsən.
Bizim redaksiyada da belələri var. Yazdıqları üzərində
xeyli işləməli, babat material almaq üçün qan-tər
tökməlisən. Nə vaxta qədər?! Bir dəfə
otağına daxil olanda növbəti nömrənin
materiallarını üst-üstə
yığdığını gördüm. Başını
qaldırıb üzümə baxdı, qaşlarını
çatıb:
- Bundan yazan olmayacaq, - dedi. -
İmkan ola üzünü çevirəsən komsomola.
Heç bu birisi də ürəyimə yatmır. Haradan gəldi
bizim redaksiyaya, özüm də bilmirəm. Belə bir təhərdir
ey, - deyib üzünü turşutdu.
Məni gülmək tutdu. Əslində
düz deyirdi. Ancaq birinci ilə müqayisə olunası
deyildi. Özümü ələ alıb:
- Hüseyn müəllim, komsomolu
deyə bilmərəm, bu birisinin qələmi pis deyil, elə
özü də. Sadəcə bir az qəribəliyi var, -
dedim.
İnsafən, heç birisinə
toxunmadı, yenə "komsomolun" yerinə yazdı, o
birisinə öz xoşu ilə redaksiyadan gedənə qədər
dözdü.
Ürəyi yumşaq, kollektivlə
səmimi idi. Bir bazar günü əməkdaşlardan birinin
nişan mərasiminə dəvət olunmuşdu. Biz də ətrafına
toplaşmışdıq. Onunla dəfələrlə bir
süfrə başında oturmuşduq: martda, doğum
gününü qeyd edəndə, yerlərdə
vaxtaşırı keçirilən oxucular konfranslarından
sonra, bayramlardag Amma bugünkü mərasim bir başqa idi.
Hüseyn müəllim çıxış edib bəyimizi tərifləyəndən,
ona xeyir-dua verəndən sonra üzünü masa ətrafında
oturanlara tutub:
- Xeyir iş musiqisiz olmaz, - dedi. -
Sizi bilmirəm, şəxsən mən oxumaq istəyirəm.
Bunu ondan gözləyirdik də.
Çünki gözəl Qarabağ torpağında, doğma
Cəbrayılda doğulasan, toy-nişan məclisində
musiqisiz keçinəsən?! Onu da bilirdik ki, gözəl səsi
var, ən çox xoşladığı mahnı da
Sahil sakit, çəkilibdir ayaqlar,
Coşan dalğa qayaları qucaqlar
Otaqdakılar himə bənd
imiş kimi ona qoşuldular. Hüseyn müəllimin "Olmaz
olmaz"ı çoxumuzun, illah da ki, bəyin ürəyini
titrətdi...
İndi bu sətirləri qələmə
alırkən "Hüseyn müəllimdən də bir daha
olmaz" deyə düşünürəm. Çünki bu
gün Hüseyn Mehrəliyev və onun kimi peşəkar
redaktorların yeri yaman görünür. O, sözə zərrəbinlə
baxır, rəhbərlik etdiyi qəzetin səhifələrində
dil pozuntularına, bir cümlə, hətta abzas daxilində
sözlərin, fikirlərin təkrarlanmasına yol vermirdi.
1965-ci ilin dekabrı. Azərbaycan
Jurnalistlər İttifaqının plenumu keçirilir.
Çıxış etmək üçün mənə də
çöz verirlər. Respublika qəzetlərində dərc
olunan oçerk və zarisovkalara, onların təxminən eyni
formada yazılışına ("filan müəssisəyə
getdim, filankəslə tanış oldum, öyrəndim
kig") münasibət bildirərkən qəti qərar verməkdən
çəkinərək ara-sıra "bilmirəm",
"mənə belə gəlir ki," ifadələrini
işlədirdim.
Plenumdan sonra mənə
yaxınlaşıb qaşqabaqla "Nədir, - dedi,- bayaqdan
"bilmirəm", "bilmirəm". Bir
çıxışda nə qədər "bilmirəm"
deyərlər?".
İnsafən pis
çıxış etməmişdim. Amma bu "bilmirəm"lər
redaktorumu necə əsəbiləşdirmişdisə, məzmun
barədə bir kəlmə də söyləmədi.
Onun əsəbiləşməyə
haqqı vardı. Çünki belə söhbət nə
birinci idi, nə də yəqin ki, axırıncı. Hələ
bir müddət əvvəl qəzetimizdə dərc etdirdiyi
"Dabaq və sərəncam" felyetonu həm də
dilimizin saflığını qorumaq, onun sahibi olmaq, işləkliyini
təmin etmək məqsədi daşıyırdı. Felyeton
baş baytar həkimin çıxışı ilə
başlayır:
"- Yoldaşlar, burada
vetvraçların (yerdən səs: baytar həkimlərin),
bağışlayın baytar hə-kimlərin adresinə (səs:
ünvanına), bəli ünvanına çoxlu
kritiçeski zameçanilər (səs: tənqidi qeydlər)g
Yoldaşlar, daha bu olmadı, xahiş edirəm meşat eləməyin,
nə təhər danışdığım sizin nəyinizə
gərəkdir, diqqətlə qulaq asın, görün mən
nə deyirəm. (Fasilə). Görürsünüz, uje fikrim
dağıldı. Nəsə çox vajnı bir şey demək
istəyirdim.
Aha, yadıma düşdü.
Yaşşur, yəni dabaq barədə. Yoldaşlar, dabaq məsələsi
belədir. Elə ki, bizə yerlərdən zəng vurub xəbər
verdilər dabaq olması barədə, o mamentdəcə biz
bütün sovxozlara məktub yazdıq, gəlib-gedəndən
sifariş elədik ki, yoldaşlar, ayıq olun rayonda dabaq var.
Bizim ilk meropriyatiyamız bu oldu. Daha yoldaşlar yerdə
ayıq olmayıb, bir iş görməyib buna rayonun baş
vetvraçı neynəsin."
Hüseyn müəllim baş
baytar həkiminin obrazını çox ustalıqla
yaradır. Elə məqamlara diq-qət yetirir ki, onun
müşahidə qabiliyyətinə heyran qalırsan: "Bir
çox sovxozlarımızda südün azalmasının
kökünü başqa şeydə axtarmaq lazımdır.
(Bu sözləri o, elə ahənglə, elə inamla dedi ki,
iclasdakıların hamısı dərhal qulağını
şəklədi. Salonda bir sakitlik hökmfərma oldu ki,
milçək uçsaydı eşidilərdi. Bundan fərəhlənən
natiq gözlərini məchul bir nöqtəyə zilləyib
dərin fikrə getdi. Bu anda onun sifəti, duruşu -
bütün görkəmi uzun illərdən bəri elmdə
axtarışlar apararaq məqsədinə nail olan, həyat, cəmiyyət
üçün tamamilə yeni bir kəşfi hamıya bəyan
etmək istəyən adamı xatırladırdı)".
Bu felyeton ötən əsrin
60-cı illərində, Azərbaycan ədəbiyyatı və
mətbuatının, mədə-niyyəti və incəsənətinin
intibahı dövründə yazılıb. O vaxtdan təxminən
50 il keçib. Artıq 20 il-dir ki, müstəqil respublikada
yaşayırıq. Bu illər ərzində Azərbaycan dili
dövlət dili statusu qazanıb. İndi ölkəmizin,
maddi-mənəvi sərvətlərimizin, Dilimizin sahibiyik.
Bunları qoruyub yaşat-maq öz əlimizdədir. Ancaq "əldə
olmaq" hələ "əldən gələni etmək"
demək deyil.
"Azərbaycan Respublikasında
dövlət dili haqqında" Qanunda deyilir ki, Azərbaycan
Res-publikası ərazisindəki bütün kütləvi
informasiya vasitələri (mətbuat, televiziya, radio və s.)
kitab nəşri və digər nəşriyyat işi ilə
məşğul olan qurumlar Azərbaycan dilinin normalarına
riayət olunmasını təmin etməlidirlər".
Bəs təmin edə bilməsələr
necə? Çox təəssüf ki, bu mənfi hal
ardıcıl davam edən, gündən-günə kəskinləşən,
eybəcərləşən bir prosesə çevrilib. Dilin
qayda-qanunlarına əməl etmədən yazmaq,
danışmaq indi dəb halını alıb. Hələ
ayrı-ayrı sözləri demirəm. Sanki onların da dəbə
düşəni var. Bu mənada "təşkil edir"in bəxti
yaman gətirib. Bir müddət əvvəl hava haqqında məlumatlarla
efirə ayaq açan "təşkil edir"in indi
qabağında durmaq olmur. Demək olar ki, bütün
telekanallarda hava haqqında məlumat bürosunun əməkdaşları
bir yana qalsın, aparıcılar "tem-peratur 10-12 dərəcə
isti", yaxud "hərarət 7-12 dərəcə arası
(diqqət edin) təşkil edəcəkdir" dey-irlər.
"Təşkil edir"in nüfuz dairəsi getdikcə
genişlənir: "Zəlzələdə itkin düşənlər
33 nəfər təşkil edir". Və ya "uzunluğu
2 metr təşkil edən çubuq"
İndi efirdən tez-tez oblast,
industriya, deklarasiya, rezerv, resurs, stabil, hətta qeyri-stabil
("sabit" sözü çoxdan unudulub), modernizasiya,
yerli-yersiz prioritet sözlərini eşitmək olar.
"Biz də məlumat veririk ki,
yay aylarında paytaxtın hansı zonasında susuzluq problemi
prioritetdir".
"Sakitçilik",
"xoşbəxtçilik", "bədbəxtçilik",
"narazıçılıq", "bu günlərim",
"sonram" və s. bu kimi ifadələrin müntəzəm
olaraq işlədilməsinə, məntiqsiz fikirlərə nə
deyəsən?!
"Erməni təcavüzü ilə
üz-üzə qalan Ağdam əkinçilərinə əsas
ziyanı elə deyəsən, alıcılar vurur. Məhsul
bol olsa da alan tapılmır".
"Azərbaycan əsgərini nəinki
düşmən gülləsi, heç qar-çovğun da
qorxutmur". (Hər iki nümunədə müqayisəyə
baxın).
Efirdən reklam xarakterli "Nəriman
Nərimanovda yerləşən qadın salonu" və yaxud
"Uşaq bağçasının Elmlər, Əcəmi,
Xalqlar filialları" kimi ifadələrin səslənməsi
sələflərimizə, tariximizə, dilimizə hörmətsizlikdir.
Kütləvi informasiya vasitələri
dilin qorunmasını, işləkliyini təmin etməyə
birbaşa bolrcludur və bunun üçün məsuliyyət
daşıyır. Bu mənada kadr seçiminə diqqət
yetirilməsi vacibdir. Dilə, tamaşaçıya belə
etinasız münasibətlə qarşılaşanda istər-istəməz
düşünürsən: yaxşı, fərz edək
aparıcı savadsızdır, bəs redaktor? Onlar nə
iş görürlər? Vəziyyət göstərir ki,
onlar ya yox-dur, ya da səriştəsizdirlər. Bu gün
Hüseyn Mehrəliyev kimi söz üstündə əsən
peşəkarların yeri yaman görünür. "Sözdən
qorxmayın, sözü işlədin" deyəndə o, zəngin
Azərbaycan dilimizi, ba-ba-nənələrimizin söz xəzinəsinin
incilərini yazılara gətirməyi nəzərdə
tuturdu.
***
Yaddaşıma hakim kəsilmiş
xəyallarımla baş-başa qaldığım bu kimsəsizlikdə
keçən əsrin 60-cı illərində
"Abşeron" qəzetində
çalışmış gənc jurnalistlərin duzluməzəli
söhbətləri, şaqraq gülüşləri, oxucuya
ünvanlanan ürək sözləri, ştatdankənar
müxbirlərin, elm, ədəbiyyat və incəsənət
xadimlərinin, redaksiya ilə daim əlaqə saxlayan görkəmli
söz ustaları Hüseyn Arifin, Xəlil Rzanın, Sərdar Əsədin,
kənd təsərrüfatı mütəxəssislərinin,
sadə əmək adamlarının səsi hopmuş bu
daş-kəsəyin, torpaq qalaqlarının altından bir səs
gəlir qulağıma: "Söz deyirəm". Kim bilir, bəlkə
də ruhug
- Nə oldu, getməyək? - Həmidin
qəfil səsi məni fikirdən ayırır. - Yaman
sakitlikdir, ürəyim sıxıldı.
Həmid nə bilsin ki, sükutun
onu darıxdırdığı 5-10 dəqiqədə mən
dağı arana, aranı dağa apardım, bu uçqun
altında sükuta qərq olmuş incik xatirələri silkələyib
yarıməsrlik yuxudan oyatdım, onların dilini
açıb yeni nəsil jurnalistləri ilə, sözün qədrini
bilənlərlə, dilimizin təəssübkeşləri ilə
görüşdürməyə qərar verdim.
***
Dərya,
səndən kim keçdi,
Kim qərq oldu, kim keçdi...
Bu yazımı ötən əsrin
50-60-cı illərində "Sosialist Sumqayıtı" və
"Abşeron" qəzetlərinin, uzun illər Azərbaycan
radiosu "Təbliğat" baş redaksiyasının
baş redaktoru işləyən, insan kimi sadəliyi, həmkar
kimi səmimiyyəti, ustad kimi ucalığı ilə dəryadan
keçib ürəklərə və əməllərə
köçən mahir jurnalist Hüseyn İslam oğlu Mehrəliyevin
işıqlı xatirəsinə həsr etdim. Görən bəyə-nərdimi?
P.S. Hüseyn müəllimin şəklini
çox axtardım. Sağ olsun İlyas Adıgözəlli.
Onun vasitəsilə "Qızıl qələm"
mükafatı laureatı, Əməkdar jurnalist Seyfulla Cəfərovla
əlaqə saxladım. "Hüseynlə universitetin
jurnalistika şöbəsində bir oxumuş, dost olmuşuq.
O, sədaqətli, etibarlı, qayğıkeş insan idi",
- dedi.
Beşinci kursda axırıncı
imtahan günü yaxın yoldaşı Seyfulla Cəfərova
yadigar verdiyi şəklin arxasında gənc Hüseyn
yazır: "Mən şübhə etmirəm ki,
qardaşım Seyfulla əvvəlcə məni
xa-tırlayıb sonra əksimə baxacaqdır.
Axırıncı imtahan günü, 1951-ci il".
Ustad, heç yetirmələrinizə də şübhəniz olmasın. Biz də sizi xatırlayıb şəklinizi əldə etdik. Ruhunuz sevinsin!
Dilarə
VƏKİLOVA
Ədalət.-
2011.-19 noyabr.-S.16.