İqbal Ağazadə: "Cəmiyyət
də, vətəndaş da uda bilər"
Noyabr ayınının bizim
üçün xüsusi önəmi var. 1988-ci ilin 17
noyabrdan başlanan yol Azərbaycanın dövlət müstəqilliyinin
bərpasına gətirib çıxardı. Müstəqil
dövlətin ilk müstəqil Konstitusiyası da noyabrda
ümumxalq səsverməsi ilə qəbul olunub. Həmçinin
müstəqil dövlətin Milli Məclisinə ilk
seçki də Konstitusiya səsverməsi ilə eyni gündə
keçirilib. Dövlətin mühüm atributlarından biri
olan üçrəngli bayrağın qəbulu da noyabr
ayının payına düşüb. Eyni zamanda xalqın və
dövlətin həyatında yaşanan acı faciə-dövlətin
mühüm postlarını tutan insanları aparan helikopterin
Xankəndi üzərində vurulması da bu ayda baş
verib.
Ümid Partiyasının sədri, millət vəkili
İqbal Ağazadə ilə müsahibəmizdə keçilən
və bu günə kimi gələn yola nəzər
salmağa çalışdıq
-
Bu həftə Azərbaycanın dövlət müstəqilliyinə
aparan yolun başlanğıcı sayılan Milli Dirçəliş
Günü qeyd olundu. 17 noyabrın Azərbaycan xalqının
və dövlətin həyatındakı tarixi rolunu necə dəyərləndirərdiniz?
- Ermənistanla Azərbaycan
arasında Dağlıq Qarabağ ətrafında baş verən
hadisələrdə xalqın ilk kütləvi etirazları məhz
17 noyabrda başladı. Xalq Hərəkatının o
vaxtkı şüarları, o dönəmdəki proseslərə
yanaşma, səhvlər, doğrular haqqında danışmaq
istəmirəm. Sadəcə olaraq ilk dəfə idi ki, xalq ərazisində
baş verən hadisəyə bu dərəcədə
kütləvi etiraz etmək imkanları əldə etmişdi.
Məhz ona görə də belə bir proses həyata
keçirildi və məhz ona görə də 17 noyabr Milli
Dirçəliş Günü kimi qeyd olunur.
-
İnsanlar imperiyanın - Sovet əsgərinin küçələrdə
olduğu halda meydana axışmağın nə demək
olduğunun fərqindəydilərmi?
- Sovet əsgərlərinin
Bakının küçələrinə
çıxması bir qədər sonra oldu. Noyabrdan 23-dən
24-ə keçən gecə əsgərlər küçələrə
çıxarıldı.
- İmperiyanı qorumaq
missiyası olan sovet əsgərinin hər an əmr
almasını nəzərdə tuturam...
- Əlbəttə ki, ilk kütləvi
etiraz kimi 17 noyabr mitinqi əhəmiyyətli idi. Onun əhəmiyyətini
kimsə də danmır. Dekabrın 5-ə qədər davam edən
həmin proseslərdə xalq kifayət qədər ciddi şəkildə
iştirak etdi. Hesab edirəm ki, məhz buna görə də
17 noyabr mitinqi çox əhəmiyyətlidir. Ona qədər
də kütləvi etiraz mitinqlərinə bir neçə dəfə
cəhd olunmuşdu. İstər Sumqayıtda, istərsə də
fevral ayında paytaxt Bakıda olunan cəhdləri qeyd etmək
olar. Amma onların heç biri 17 noyabr mitinqi kimi kütləvi
və sistemli olmamışdı.
"Sevinirəm ki..."
- Hərəkatın kütləviliyində
gənclərin, tərələbələrin rolunu necə
qiymətləndirirsiniz?
- O dönəmdə bütün
Azərbaycan xalqı ilk gündən ölkədə gedən
proseslərə qoşuldu. O cümlədən də Azərbaycan
gəncləri bu proseslərdə daha yaxından iştirak
etdilər. Sonrakı mərhələdə isə artıq sənaye
müəssisələri-fabrik və zavodlar da öz işini
dayandırdı. Amma təbii ki, tələbələrin ilk
aksiyaların baş tutmasında çox böyük rolu oldu.
Əslində tələbələr bu prosesi bir az da atəşləndirdilər
ki, insanlar baş verən hadisələrə kütləvi
şəkildə münasibət bildirə bilsinlər. Ona
görə də bu proseslərdə tələbələrin
rolu böyük idi və mən də bir tələbə
kimi bu hərəkatda iştirakımdan çox sevinirəm.
- Xalqın milli kimliyinə sahiblənmə,
milli dövlətçilik ənənələrini həyata
keçirməkdə olduğu bir məqamda dövlət vəzifələrini
daşıyanlarla bağlı helikopter olayı baş verdi...
"Erməni
terrorunun qurbanları"
- 1991-ci il noyabrın 20-də ən
azı həmin dövrdə ciddi, əhəmiyyətli postlar
tutan Azərbaycanın dövlət adamları-dövlət
katibi, Baş Prokuror, hərbi məsələlər üzrə
dövlət müşaviri, Nazirlər Soveti sədrinin
müavini və digər şəxslər erməni terroruna məruz
qaldılar.
- Axı o insanlar xalqı kütləvi
etiraza qaldırmırdılar...
- Həmin vaxt cərəyan edən
proseslərə münasibətin fərqli olması heç
kimi əhəmiyyətini azaltmır. O dövrdə iqtidar
komandası kimi onların proseslərə münasibəti fərqli
ola bilərdi. Amma onlar Azərbaycanın dövlət xadimləri
idilər və onlar Azərbaycan dövlətini təmsil
edirdilər. Digər bir tərəfdən də onda artıq
Azərbaycan müstəqil dövlət idi. Oktyabrın 18-də
Azərbaycan özünün dövlət müstəqilliyini
artıq elan etmişdi. Müstəqilliyin elanından cəmi
32 gün sonra bu hadisənin baş verməsi Azərbaycan
dövlətçiliyinə qəsd idi. Hesab edirəm ki, buna
görə də həmin olay çox böyük hadisə
oldu. Onların hər biri Azərbaycan tarixində kifayət qədər
yeri olan şəxslərdir. Bu gündən tarixin qiymətini
vermək o qədər də asan deyil. Əgər bu gün obyektiv
təhlil olunsa, 1988-ci ildə baş verən hadisələrə
də fərqli yanaşma ola bilər. Amma necə
yanaşmağımızdan asılı olmayaraq səhvləri,
yanlışları, doğruları ilə bu adamlar Azərbaycan
dövləti üçün bu və ya digər şəkildə
çalışıb xidmət göstərirdilər. Onlar
böyük bir terrorun-erməni terrorunun qurbanı oldular. Ona
görə də hesab edirəm ki, bu məsələdə Azərbaycan
xalqının vahid mövqeyi var: 20 noyabr Azərbaycan dövlətçiliyinə
sui-qəsd, Azərbaycanın dövlətçiliyinə
qarşı terror hadisəsidir. Bu terrorda Azərbaycan dövlətçiliyinin
qorunmasında xidmətləri olan kifayət qədər
yüksək vəzifəli şəxslər qətlə
yetirilib.
- Baş verən terror aktı ilə
bağlı təzadlı açıqlamaların verilməsini
nə ilə izah etmək olar?
- Həmin vaxtlar informasiya
kommunikasiya imkanları olduqca zəif, yeni yaranmış bir
dövlət idik. Bəzi hallarda da ictimai rəyin
basqısının rol oynadığı dönəmlərdə
bu tipli informasiyalara birdən-birə reaksiya vermək və onu
obyektiv şəkildə təqdim etmək çox çətin
idi. Buna bir az da hüquqi yanaşmaq lazımdır. Bu gün
dünyanın hər hansı bir yerində baş verən
hadisələrə, hətta mobil telefonlarla canlı yayıma
qoşulurlar. Amma o dövrlər bu kommunikativ, informativ əlaqələr
yox idi və olmadığı üçün də ilk
ağızdan eşidilən informasiyaları az qala rəsmi məlumatlara
çevirirdilər. Sonrakı mərhələdə
detallı informasiya əldə olunandan sonra əvvəlki
yanlışlıqları düzəltmək ciddi problemlər
törədirdi. Ona görə də mən burada xüsusi bir
qərəzin və bu informasiyanın verilməsində hər
hansı siyasi məqsədin güdüldüyünü
düşünmürəm. Çünki əgər dövlət
katibi Tofiq İsmayılov, baş prokuror İsmət
Qayıbov, hərbi müşavir Məhəmməd Əsədov,
prezidentin mətbuat xidmətinin rəhbəri Osman Mirzəyev
və digərləri bir vertolyotda həlak olublarsa, onların
həlak olma faktını kimsə gizləyə bilməzdi. Əgər
bu hadisə baş veribsə və hadisə haqqında dəqiq
informasiya alıblarsa, onu kiminsə gizlətməkdə hər
hansı bir məqsədi ola bilməz. Ona görə ki, hər
hansı kiçik bir hadisə deyil ki, o xalqdan gizlədilsin və
ictimaiyyət də ondan xəbər tutmasın. Sadəcə
indiki səviyyədə olduğu kimi də deyil, elementar
kommunikativ əlaqələrin olmaması və bir qədər
də peşəkarlığın zəif olmasının nəticəsi
hesab edirəm.
- Təbii
ki, bu ruslarla ermənilərin həyata keçirdiyi bir terror
aktı idi. Bununla xalqın gözünü qırmaq, yoxsa dövlət
postunu tutanlara bir xəbərdarlıq etmək məqsədi
vardı?
- Ərazisində müharibə
gedən bir dövlətin hakimiyyət strukturlarında xaos və
boşluq yaratmaq, işğalı sürətləndirməyə
xidmət edən bir amil idi. Bilirsiniz ki, o insanlar təsadüfən
ora getməmişdilər. Noyabrın 16-da istər
Qaradağlı kəndində, istərsə də digər kəndlərdə
çox ciddi faciələr olmuşdu. Qaradağlı faciəsini
araşdırmaq üçün bu adamlar Qarabağa
uçmuşdular. Düzdür, Mixail Qorbaçov onda dövlət
başçısı SSRİ-nin ilk və son prezidenti idi və
"Belovej sazişi"nin imzalanmasına hələ bir ay iki
gün qalmışdı. Yəni SSRİ-nin
dağılmasını rəsmiləşdirən dekabrın
22-də imzalanan "Belovej sazişi" hələ ortada
deyildi. SSRİ dağılmasa belə, SSRİ
anlayışı bütövlükdə yox idi və ittifaqa
daxil olun dövlətlərin hamısı müsəqil
ölkələr idilər. Bu hadisə də Azərbaycanın
gözünü qorxutmaq məsələsi deyildi, sadəcə
işğalçılıq niyyətlərinin daha asan həyata
keçirilməsi vasitələri və yollarından biri idi.
Bilirsiniz Ki, 20 noyabr hadisəsinə qədər Azərbaycanda
bir neçə vertolyot qəzası baş vermişdi. 1991-ci
ilin oktyabrında "AN-2" təyyarəsi, yanvarın
26-sında isə Şuşa üzərində təyyarə
vurulmuşdu. Bu artıq sistemli bir müharibənin göstəricisi
idi və Ermənistan tərəfindən sistemli aparılan
müharibənin içərisində təbii ki, hava hücumundan
müdafiə sistemləri-raket sistemləri də artıq
istifadə olunurdu. Ona görə də təccüblənməli
bir şey yox idi, heç kimdə də bununla bağlı dəqiq
informasiya ola bilməzdi ki, həmin helikopterdə məhz
dövlət rəsmiləri əyləşiblər. Bu sadəcə
olaraq Azərbaycan tərəfinin mülki təyyarəsi hesab
olundu. Terrorun növbəti tərəfi kimi bunu hədəfi
seçdilər və vurdular, ordan da Azərbaycanın
dövlət məmurlarının cəsədləri
çıxdı.
- Bütün çətinliklərə
baxmayaraq müstəqil dövlət kimi Azərbaycan
özünü təsdiq etməkdə idi. 1995-ci ilə kimi
Azərbaycan SSRİ Konstitusiyası ilə idarə olunan
dövlət özünün yeni müstəqil
Konstitusiyasını qəbul etdi...
- Azərbaycanın Konstitusiyası
ilk dəfə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi
ilə qəbul olundu. Təbii ki, bir dövlətin ana qanunun qəbulu
böyük hadisədir və heç də kiçik hadisə
sayıla bilməz. Konstitusiyanın qəbuluna kimi bir sıra
müzakirələr keçirildi. Konstitusiya komissiyası
xeyli müddət fəaliyyət göstərdi və
ümumxalq müzakirələri getdi, nəticədə ortaya
bugünkü Konstitusiyamız çıxarıldı.
Heç olmayan bir Konstitusiyanın əvəzinə bu
Konstitusiyanın ortaya çıxması mahiyyət etibarilə
ciddi faktorlardan biridir. Əslində bu müstəqil bir
dövlət olaraq atribut kimi bir şey idi. Düzdür,
Konstitusiyanın qəbulundan sonra ona bir neçə dəfə-2002-ci
ilin 24 avqust, 2009-cu ilin mart referendumlarında xeyli dəyişikliklər
olunub. Bundan əlavə Milli Məclisdə Konstitusiya
qanunları qəbul olunub və bu tipli bir sıra dəyişikliklər
baş verib. Azərbaycan Avropa Şurasına üzv olub, Avropa
Birliyi ilə "Yaxın Qonşuluq və Şərq Tərəfdaşlıq
proqramı" çərsivəsində müqavilələr
imzalayıb və qanunlarını Avropa standartlarına
uyğunlaşdırılması baxımından öhdəliklər
götürüb.
-
Azərbaycan Konstitusiyasını mükəmməl saymaq
olarmı?
- Yuxarıda qeyd etdiklərimə
baxmayaraq, mükəmməl heç bir şey yoxdur, dövr dəyişdikcə
qanunlar da dəyişir. Yəni qanunlar da öz əhəmiyyətini
ictimai-siyasi situasiyaya və dövlətlərin geopolitik
durumuna uyğun transformasiya edə, dəyişə bilir.
Avropa Şurasının, Avropa Birliyinin üzvü olan
dövlətlər Konstitusiyalarında bir sıra dəyişiklik
ediblər. Bu gün Türkiyə qarşısında
Konstitusiya ilə bağlı bir sıra şərtlər
qoyulub. Sabah Azərbaycana da bu tipli şərtlər qoyulacaq.
Çünki biz özümüzü dünyanın bir hissəsi
hesab ediriksə, dünyanın ümumi qanunları çərçivəsində
də yaşamağı bacarmalıyıq. Ona görə də
hesab edirəm ki, mükəmməl heç nə yoxdur, amma
Azərbaycan bu gün bu Konstitusiya ilə idarə olunur, normal
da qanundur. Lakin Konstitusiyamızın qəbulunun özü
çox böyük hadisədir.
-
Konstitusiyada əksini tapanlara nə dərəcədə əməl
olunur?
- Konstitusiyada əksini tapanlar həqiqətən
də heç də real icrada həyata keçirilmir. Bu sahədə
ciddi problemlər var və bu problemləri zaman-zaman rəhbərlik
etdiyim partiyanın bəyanatlarında, o cümlədən də
təmsil olunduğum Milli Məclisin tribunasından dəfələrlə
səsləndirmişəm. Hesab edirəm ki, fundamental insan
haqlarının qorunmasında, iqtisadi azadlıqların təmin
olunmasında, "Sərbəst toplaşma azadlığı
haqqında Qanun"da əksini tapan və bu tipli bir sıra məsələlərdə
kifayət qədər Azərbaycan cəmiyyətində
problemlər var. Onların icrası da Konstitusiyaya
uyğunluğu özündə etiva etmir. Bu və ya digər
şəkildə Konstitusiya pozuntuları olur, amma hesab edirəm
irəliyə baxmaq, mübarizə aparmaq, bütün bu
qüsurları da durdurmaq daha yaxşıdır. Azərbaycanın
Konstitusiyasının ana qanun kimi cəmiyyətin bütün
sferaları tərəfindən icrasına yönəlik bir
siyasi sistemin qurulmasına çalışmaq lazımdır.
"Elə qanunlar var ki..."
- Qəbul olunan qanunların bir
sıra dövlətlərdən götürülərək
tərcümə olunduğu və tətbiqi zamanı problemlərin
yaşandığından da narazılıqlar var...
- Bəzən bu tipli qanunlar olur. Bir
sıra beynəlxalq qanunlar var ki, onlar artıq ümumişlək
status alıb. Ümumişlək statuslu
qanunlara da cüzi dəyişiklik etməklə parlamentdə
qəbul olunur. Amma elə qanunlar var ki,
onlar artıq yerli spesifik qanunlar kateqoriyasına aiddir. Qanunvericilik bazası müntəzəm surətdə
dəyişdirilir. Milli qanunvericilik anlayışı bu
gün dünyada çox az işlənən
anlayışlardan biridir. Dünya qloballaşma
prosesini yaşayan bir dünyaya çevrilir və indi qanunlar
da dünya dövlətləri tərəfindən bu və ya
digər formada cüzi dəyişikliklərlə qəbul
olunur. Burada təəccüblü
heç nə də axtarmaq lazım deyil ki, Azərbaycan
qanunları hansısa dövlətdən tərcümədən
qəbul olunur. Əgər o cür baxsaq onda
dünyanın beş iqtisadi modeli var və
yeni model də yoxdur. Həmin modellər də
aşağı-yuxarı dünyanın bütün ölkələrində
tətbiq olunur. Onda gərək bu məsələyə
də fərqli yanaşaq və milli iqtisadi model
anlayışı üzərində çalışaq.
Mən dünyanın bugünkü dönəmində
milli qanunvericilik anlayışını o qədər də
aktual hesab etmirəm və dünyada ümumişlək
qanunlar sistemindən mükəmməl istifadənin tərəfdarıyam.
- Milli Məclisdə qəbul olunan qanunların icra
mexanizmindəki boşluqların aradan qaldırılması
üçün parlamentin qanunlar üzərində nəzarət
mexanizmi olmalıdırmı?
- Azərbaycanda qanunların
icrasına nəzarət mexanizmi bu və ya digər şəkildə
müxtəlif instansiyalar tərəfindən həyata
keçirilir. Prokurorluq nəzarətin bir hissəsini,
məhkəmə vətəndaşların
hüquqlarının bərpası istiqamətində
qanunvericilik hüquqlarını müdafiə edir,
qanunvericiliklə Konstitusiya arasındakı ziddiyyət olduqda
Konstitusiya Məhkəməsi başqa bir şəkildə
müdaxilə edir. Parlament ümumilikdə
bu funksiyanı həyata keçirə bilməz. Milli Məclis verdiyi qərarların yerinə yetirilməsində
icra mexanizminin hansı şəkildə həyata keçirilməsinə
ümumi nəzarəti həyata keçirir və bunun
üçün də hökumət hesabat verir. Hökumətin hesabatının qəbul
olunub-olunmaması məsələsi parlamentdə müzakirə
olunur. Bütün bunlarla yanaşı bu məsələ
ilə bağlı Konstitusiya dəyişikliyi
olmalıdır. Milli Məclisin səlahiyyətləri
artırılmalıdır ki, hökumət üzərindəki
nəzarəti parlament ciddi şəkildə həyata
keçirə və bu istiqamətdə icra vəziyyətini sabah konkret şəkildə hökumətdən
tələb edə bilsin. Amma mövcud durumda və
mövcud qanunvericilik bazasında parlamentin bundan artıq edə
biləcəyi bir şey yoxdur.
- Uzun illərin müzakirəsinə
səbəb olan "Eks prezidentlər haqqında Qanun"
layihəsinin qəbulu da parlamentarilər tərəfindən
birmənalı qarşılanmadı...g
- "Eks prezidentlər haqqında
Qanun" layihəsinin Milli Məclisdə müzakirəyə
çıxarılmasını vacib edən şərt 2009-cu
ilin martında keçirilən referendum idi və referendumla
Konstitusiyaya əlavə və dəyişikliyinə "Eks
prezidentlərin statusu haqqında Qanun" layihəsi mövcud
Konstitusiyaya salınmışdı. Bu da Milli Məclis
tərəfindən məcburi qaydada qəbul edilməli idi.
Hesab edirəm ki, ilk növbədə bunu nəzərə
almalıydıq. Hər kəs bu barədə
düşünməlidir. Çox vaxt bunu
hakimiyyətin humanist dəyərləri kimi təqdim edirlər.
Amma bu qanunun eks prezidentlərin hamısına
şamil olunması mahiyyət etibarilə hakimiyyətin
xoş məramla yanaşmasını ifadə edir. Baxmayaraq ki, qanunun maddələrinin bu və ya digər
şəkildə tətbiqi hansısa prezidentə şamil
olunmaya bilər. Əgər mövcud
qanunvericilik baxımından olduğu kimi "Eks prezidentlər
haqqında Qanun" layihəsi tətbiq olunsa Əbülfəz
Elçibəyə bu qanun layihəsi tətbiq
olunmamalıdır.
- Niyə?
- Ona görə ki, Əbülfəz
Elçibəy referendum yolu ilə öz vəzifəsindən
uzaqlaşdırılıb. O dövrdə referendum
impiçment hesab olunurdu və ümumxalq səsverməsi ilə
impiçment tətbiq olunub. 1993-cü il
24 iyunda səlahiyyətlərinin bir hissəsinin verilməsi
ilə bağlı Əbülfəz Elçibəy parlamentə
məktub göndərib. 29 avqust 1993-cü ildə
isə referendum keçirilərək Əbülfəz
Elçibəyin vəzifələrini yerinə yetirməməsi
ilə bağlı xalq etimadı göstərib. Amma Konstitusiya 1995-ci ildə qəbul olunduğuna və
mövcud qanunvericilik indi "Eks prezidentlər haqqında
Qanun" qəbul etdiyinə görə, qanunun
ağırlaşdırıcı hallarda geriyə qüvvəsi
yoxdur. Belə olan halda bu hər
üç prezidentə şamil olunur. Mən
də bu qanun layihəsindən razıyam və hesab edirəm
ki, bu qanun layihəsi Azərbaycan cəmiyyətində yeni bir
mühitin formalaşmasına xidmət edəcək.
- Konkret olaraq Ayaz Mütəllibovun
üzərində cinayət məsuliyyəti var və o həm
də yeganə sağ olan eks prezident kimi siyasi iddiasız da
deyil...g
- Eks prezident olmaq hər hansı
bir iddiadan imtina etmək demək deyil. Ayaz
Mütəllibova eks prezident statusu verməklə başqa istəklərini
və başqa iddialarını əlindən almağa kimsənin
haqqı yoxdur. Ayaz Mütəllibov
qayıdıb gəlib yenidən marafona qoşula, seçkilərdə
də iştirak edə, namizədliyini də verə bilər.
Kimsə qəbul olunan qanunu onun əvəzində
təqdim etmək istəyirsə, bu yanlışdır, vətəndaşların
haqq və hüquqlarına kobud şəkildə müdaxilədir.
Ayaz Mütəllibovun Azərbaycanın bundan
sonrakı siyasi sistemində iştirakı onun konstitusion
haqlarıdır və o, bu haqlarından da istifadə edə
bilər.
"Amma bütövlükdə..."
- Bu qanun həqiqətən də
iqtidar-müxalifət münasibətlərindəki buzu əridə
bilər...g
- Bu qanun heç bir prosesə ciddi
şəkildə təsir etməyəcək. Ola bilsin Ayaz
Mütəllibovun tərəfdarlarının qanunun qəbulundan
dolayı hakimiyyətə münasibəti dəyişə
bilsin. Eyni zamanda da Əbülfəz Elçibəyin tərəfdarlarının
bir qisminin iqtidara münasibətinin dəyişməsinə gətirib
çıxarar. Amma bütövlükdə iqtidar-müxalifət
məsələsinə deyil, vətəndaş cəmiyyətinin
formalaşmasına və qanunların münasibətləri tənzimlənməsinə
xeyri ola bilər. Bundan da cəmiyyət, o cümlədən də
vətəndaş udur.
-
İqtidarla müxalifətin anlaşa, ortaq məxrəcə
gələ bilməməsinin səbəbi nədir?
- Sadəcə iqtidar bunu istəmir.
Mən gedib hakimiyyəti kabinetindən zorla
çıxarıb gətirəsi deyiləm ki. İqtidar da
bizə danışıqlar üçün müraciət
etməyib ki, biz də "sizinlə danışmaq istəmirik"
deyək.
-
Bu yaxınlarda siz demisiniz ki, "mən müxalifət
adından iqtidarla danışıqlara getməyə
hazıram". Müxalifət sizə belə bir səlahiyyət
verirmi?
- Demişdilər ki, biz istənilən
məsələni müzakirə edə bilərik. Mən də
dedim ki, buyurun müzakirələrə edək və
"Siyasi partiyalar haqqında Qanun" layihəsini də
müzakirə edə bilərik.
Gültəkin
Qəhrəmanlı
Ədalət.-
2011.-19 noyabr.-S.3.