AYDIN
TAĞIYEVİN HEKAYƏLƏRİ
ƏDƏBİ
HƏYAT
Çoxdan idi Aydın
Tağıyev haqqında bir yazı yazmaq, öz ürək
sözlərimi söyləmək istəyirdim. Hər dəfə
qəzet və jurnal səhifələrində onun təzə
çıxan hekayələrini oxuyur, daxilən sevinirdim ki,
Aydın yaradıjılıq tempini itirməyib, yenə əvvəlki
kimi sadə və təbii yazır, inandırır bizi. Yenə
də həyatın, gerçəkliyin adiliklərinə
üz tutur, amma bu adiliklərdə qeyri-adi nəsə
tapır, lap kiçik bir hekayədə öz xarakterik cizgiləri
ilə seçilən obraz yaratmağa səy edir. Bəli,
Aydının hər yazısına beləcə sevinmişəm.
Aydın Tağıyevin hekayələri
kimi özünün də çox sadə bir tərcümeyi-halı
var. Daimi yaşayış yeri Dəvəçi şəhəridir.
Bu balaca əyalət şəhərinin bütün sakinləri
Aydını tanıyır və sevirlər. Bu arıq,
cüssəsiz, balaca boylu adam öz şəhərində
kifayət qədər məşhurdur. Heç vaxt varlı
olmayıb, müəllim işləyib, kitab təbliğiylə
məşğul olub, qəzetdə, Azərbaycan Dövlət
Teleradio Şirkətində əməkdaşlıq edib. Ən
böyük məziyyəti tərbiyəli və mədəni
olmağıdır.
Amma başı gün-güzəran
qayğılarına qarışan həmşəhərlilərinin
çoxusu bilmir ki, Aydın Tağıyev istedadlı bir
nasirdir və onun o arıq, cüssəsiz görkəmi onun
görünən tərəfidir. Görünməyən tərəf
Azərbaycan ədəbi mühitində görünür.
Aydın Tağıyev bu gün müasir nəsrimizin müxtəlif
ədəbi nəsilləri arasında o balaca boyu, cüssəsi
ilə seçilir, fərqlənir. Baxmayaraq ki, ədəbi
mühitin mərkəzindən uzaqda yaşayır. Baxmayaraq
ki, hər dəfə təzə hekayələrini portfelinə
qoyub Bakıya gəlib-getmək əziyyətinə
qatlışır-amma Bakıda heç kəs ona əyalət
adamı kimi baxmır.
Aydın kiçik şəhərin
yetirdiyi, amma bu şəhərin üfüqlərinə
sığmayan, daha geniş üfüqlərə uçmaq həvəsində
olan bir quşa oxşayır. Əlbəttə, o quşun
uçmaq həvəsi bəlkə də o quşun uça
bilmək gücü ilə bir az tərs mütənasibdir.
Amma o quş illər keçdikcə uçmaqdan yorulmur, bax,
buna görə burada bir fədakar sözü məqamına
düşür.
Aydın Tağıyev fədakardır.
Həyatın növbənöv çətinlikləri,
müxtəlif qayğıları və acılıqları
içərisində özünə, ailəsinə,
dostlarına və hər şeydən əvvəl
yazıçılıq istedadına sevinc, fərəh deyilən
ən gözəl anları bəxş edə bilir.
O, Şabranda adi bir əyalət
müəllimi kimi yaşayar, gündəlik dərslərini
deyib evə qayıdar və heç nə yazmayıb
yaşı çatanda pensiyaya çıxardı.
O, müəllimliyin
daşını atıb Urusetə-alverə yollanar,
"ölməyə Vətən yaxşı" deyib son
günlərində üz tutardı Şabrana. Ancaq mən
Aydını yüzlərlə belə adilərdən
ayırıram və qəlbimin lap dərinliklərindən gələn
bir səsə boylanıram: "Aydın Tağıyev adi adam
deyil, istedadlı və fədakar bir
insandır-Yazıçıdır". Bəlkə heç
nə yazmasaydı da, o, yenə adilərdən seçiləcəkdi.
Aydın Tağıyev çox vəfalı,
sədaqətli insandır. Bu vəfa və sədaqət hissi
onu həyatda insan kimi dəyişməz və sabit
saxlayıb. Ancaq mən bu dəyişməzliyi, vəfa və
sədaqət duyğusunu onun yaradıcılığında
axtarıram.
Azərbaycan
ədəbiyyatında bu mənada mən rəhmətlik
Şahmardan sonra Aydın Tağıyevi ən sabit və dəyişməz
bir yazıçı hesab edirəm.
Aydın da Şahmar kimi ancaq hekayə
yazır. Bəlkə sabah Aydın povest də yazacaq, roman da qələmə
alacaq, amma onun yaradıcılıq dünyasında hekayə əbədi
sakin olaraq qalacaq.
Hekayə bədii nəsrin elə
bir formasıdır ki,ordan
dünyaya yol
başlayır. Böyük problemlər, qlobal hadisələr hekayə üçün
damlada dənizi əks etdirmək qədərincədir.
Mirzə Uəlilin "Poçt qutusu"nda bir xalqın avam bir nümayəndəsinin keçən əsrin
əvvəllərindəki düşüncə tərzini əks
etdirir, amma necə
gözəl..Yaxud Haqverdiyevin, Y.V.Çəmənzəminlinin
hekayələrini götürək. Mən deyərdim
ki, müasir Azərbaycan
hekayəsi özünün ən
yaxşı keyfiyyətlərinə görə klassik nəsr ənənələrinə
bağlıdır, dövrün,
zamanın ən mühüm mətləblərini
yığcam şəkildə təqdim etmək, lakoniklik, psixologizm məhz
klassik heyələrimizdən gələn
ənənədir. Aydın Tağıyevin hekayələrində
də bu mənada klassik
nəsrə möhkəm bağlılıq görürəm.
Aydının hekayələri çox vaxt 2-3 səhifədən ibarət olur, mətləb və hadisə də təfsilatlı
deyil. Ancaq onun hər hansı bir
hekayəsi oxunub qurtarandan
sonra deyə bilirsən ki:
"bax, bu, hekayədir!".
Aydın Tağıyevin
bütün hekayələri hadisədən, mətləbdən
obraza doğru hərəkət edən hekayələrdir. Hadisə
tipik və səciyyəvi olduğu kimi, obraz da bədii
ümumiləşdirmə gücündədir. Ancaq mən deməzdim
Aydın bütün hekayələrini bu üsulla qurur, yəni
real həyat hadisəsini və gerçəkliyin bu
reallığını özündə əks etdirən
obrazları süjetə gətirir. Psixoloji anların təsviri,
mahiyyətə, alt qata enmək məharəti, dilin, təhkiyə
tərzinin təbiiliyi və özünəməxsusluğu
da burada mühüm rol oynayır.
Budur, Aydının
"Tanışlıq" hekayəsi... Hekayə belə
başlayır":Böyükağa müəllim ilə Məmməd
tanış deyildilər".
Hekayə belə qurtarır:
"Böyükağa müəllim ilə Məmməd beləcə
tanış oldular"...
Bu iki cümlə arasında isə
iki ömrün-Böyükağa müəllimin və Məmmədin
ömür yolunun qısaca, amma şirin təhkiyə
üsulu ilə nəqli durur. Təsadüfən Məmmədin
anasının döşlərindən süd əmən Böyükağa
çox imkanlı bir ailənin övladıdır. Ona görə də bir-birindən tamam fərqli, bir-birinə zidd insan olurlar. Bu hekayədə Aydın demək olar ki, heç bir hadisə təsvir eləmir, yalnız iki ömür yolunu gözlərimiz qarşısında
canlandırır.
"Əgər
Böyükağa müəllimi
əsgər aparsaydılar
və o, təsadüfən
Məmmədlə bir
hissədə qulluq etmiş olsaydı, heç şübhəsiz,
Məmmədlə tanış
olacaqdı, ancaq Böyükağa müəllimin
"bronu" vardı
və heç vaxt ondan əsgər
olmayacaqdı.
Böyükağa müəllim ilə
Məmməd evləndikləri
qız tərəfindən
qohum olsaydılar, yəqin ki, bir-birlərini tanıyacaqdılar.
Amma Məmməd kasıb bir ailədən qız almışdı.
Böyükağa
müəllim iş yerinə hər gün avtobus ilə gedib-gəlsəydi,
hökmən Məmməd
ilə rastlaşardı
və çox mümkün idi ki, belə görüşlərin
birində tanış
da ola bilərdilər.
Bəlkə də Böyükağa
müəllim yerindən
qalxıb Məmmədə
oturmağa yer də təklif edərdi, çünki yaşıd olsalar da, Məmməd öz yaşından çox qoca görünürdü".
Diqqət yetirdinizmi, bu
hekayədə bəlkə
də bir povestə, kiçik romana sığa biləcək hadisələr,
talelər işıqlandırılır.
Deməli, damlada dəryanı,
anda zamanı əks etdirmək mümkündür və bunu istedadlı yazıçı Aydın
Tağıyev bacarır.
Həmin
hekayədə bir-birini
görməyən Böyükağa
müəllimlə Məmməd,
nəhayət, gözlənilmədən
"tanış olurlar".
İşdən yorğun qayıdan
Məmməd avtobus dayanacağında maşın
gözləyir. Elə bu
vaxt qarşıda bir "Volqa" dayanır, onun sahibi Böyükağa müəllim Məmmədə
müraciət edir ki, maşının təkərini dəyişsin.
Məmməd bu işi sevinə-sevinə görür.
Maşın yiyəsi isə
"budur, bu da zəhmət haqqın" deyib ona bir "Şirvan"
uzadır.
Vəssalam! Hekayə beləcə başa çatır. Xatırladaq
ki, hekayənin əvvəlində də bu pul haqq-hesabı
vardı, sonunda da..və
bunun əlbəttə,
simvolik bir mənası var.
Aydın Tağıyevin hekayələrində
hiss olunacaq dərəcədə
duyumlu, görümlü
milli kolorit naxışları nəzərə
çarpır. Təsadüfi deyil ki, onun
hekayələrinin qəhrəmanları-
qocalar, qarılar, el ağsaqqalları-ağbirçəkləridir,
kənd müəllimləri,
çobanlar, müharibə
veteranları bu hekayələrdə rəğbətlə
təsvir olunurlar.
Ancaq Aydın Tağıyev öz yazılarında ştampdan, stereotipdən qaçır, yeri gələndə ağsaqqalın
da, zəhmətkeş
çobanın da bir insan kimi
xarakterini mürəkkəbliyilə
təsvir edir.
"Çörək" hekayəsində Mədət
kişi ilə Səməd kişi arasında uşaq üstündə başlamış dava-dalaş
onların ata-baba dostluq, qonşuluq münasibətlərini az
qala heçə endirəcəkdi. Mədət
kişi əziz-xələf oğlunun
döyülməyinə daralıb
onu qabağına qatır, şikayətə
gedir. Ancaq mənzil başına
çatmamış əməlindən
peşiman olur. Aclıq onlara güc gələndə oturub çörək yeyirlər.
"-Bu çörək nə yumşaqdır,-deyə oğlundan
xəbər aldı,-bəyəm
anan bu gün
təndir qalamışdı?
Uşaq ağzındakı tikəni
aşıra-aşıra:
-Yox,-dedi,- səhər Püstə xala Cavadla yollamışdı
ki, isti çörəkdir!
Çeynədiyi
loxma az
qala Mədət kişinin boğazında qalmışdı, kişi
ağzındakı tikəni
güclə uda bildi. "Lənət şeytana!.." Sonra da Mədət
kişi özünü də, arvad uşağı da söyüb ölü-diri qoymadı.
-Əl-üzünü
yu! Düş qabağıma, geri
dönürük!"
Dəlisov ağlın, qızmış
ürəyin hirsini-hikkəsini
eldə müqəddəs
sayılan çörək
yumşaldır və
Aydın Tağıyevin
hekayələrində belə
ibrətli və təsirli səhnələr
çoxdur.
Aydın hekayələrində çox zərif və işıqlı bir yumor hissi
də var və dərindən fikir verəndə, bu yumorun içində
güclü bir ironiya duyulur. Məsələn, Aydının
həcmcə ən kiçik hekayələrindən
biri olan "Çəpik" bu cəhətdən çox
ibrətlidir: "Nağının
əlinə əlinə
vurub ləzzətli bir çəpik çalmağı vardı.
O, çəpik
vuranda səs zalı doldurardı. Məktəblərində iclas, təntənəli
yığıncaq-filan keçiriləndə
müəllimlər qabaq
cərgələrdə oturdardılar,
dərslərini fərli-başlı
oxumasa da, belə tədbirlərdə
siniflərinin üzünü
ağardardı. Direktor
çıxış edib
nitqini qurtarandan sonra o biri uşaqlar
əl çalmağa
yatıb qalsalar da, təkcə Nağının çəpiyinin
səsi zala bəs idi.."
Bu təsvir bizə ötən illərin-gurultulu alqışlar
dövrünün tanış mənzərəsini
xatırladır. Ancaq hekayə
faciəli bir məqamın təsviri ilə bitir.
Bu növbəti
çəpik səhnəsində
Nağının qolu
sınır və məcbur olub onun qolunu dirsəkdən
aşağı kəsib
atırlar. Beləliklə, iclaslar, tədbirlər çəpiksiz qalır, Nağının gələcəkdə
deputat olmaq arzusu ürəyində qalır. Çünki
"Nağı yaxşı
dərk edirdi ki, çəpik bilmədən bu dünyada yaşamaq çətin olacaq..."
Aydın Tağıyevin digər
hekayələri barədə
də belə ürək açıqlığı
ilə söz açmaq olar.
Mən Aydının lap son hekayələrini
də oxumuşam. Bu hekayələrdə də Aydın özünə sadiqdir, yenə də həyat həqiqətindən
çıxış edir,
yenə də müasiri olduğumuz insanları bədii sözün işığına
çəkir. Və yaxın
illərin ağrıları,
məmləkətimizin düşdüyü
çətinliklər, yurddaşlarımızın
keçirdiyi sarsıntılar
bu hekayələrin əsas qayəsini təşkil edir.
Aydının hekayələri haqqında
az da
olsa, söz deyilib. Akademik Bəkir Nəbiyev hələ 1984-cü ildə
"Söz ürəkdən
gələndə" tənqid
toplusundakı bir məqaləsində yazmışdı
ki: "Buz heykəllər əriyir..."
Aydın
Tağıyevin ilk hekayəsidir.
Onun materialını məişətimizin
ən adi epizodlarından biri təşkil edir. Bu hekayə insana
inam və etibar haqqında gənc müəllifin qəlbindən qopan səmimi poetik səsdir.Bu səs insanların ən yaxşıları üçün
səciyyəvi olan nəciblik, xeyirxahlıq duyğularına alqışlar
deyir".
Xalq yazıçısı
Mövlud Süleymanlı isə yazır:
"Özünü tanıtmağa heç vaxt tələsməz,
onu həmişə sonra görərlər, mütləq
görərlər və bir daha unutmazlar. Yazıları da elədir,
üstündən bir dəfə, beş dəfə keçərsən
və ilişərsən. Buna inanmaq istəyirsinizsə,
yüz kərə yanından ötdüyünüz
"Buğa əhvalatı" hekayəsini oxuyun. Mən bu
hekayəni bəlkə də otuz il bundan qabaq oxumuşam, inəyi
üçün buğa axtarışına çıxan kənd
əhli hələ də yadımdadı".
Mərhum yazıçımız Əlibala
Hacızadə isə Aydını belə səciyyələndirmişdi:
"Aydının hekayələri aşkar göstərir ki,
müəllif qələmə aldığı həyatı
dərindən öyrənir, adamların psixologiyasına,
ürəyinə nüfuz etməyi bacarır və ən
ümdəsi isə budur ki, nədən yazmağı və
necə yazmağı yazıçılıq kimi məsuliyyətli
bir sənətin əsas prinsiplərindən hesab edərək
buna əməl etməyə çalışır.
Aydın az sözlə, kiçik
bir detalla mənzərə yaratmağa, mətləb deməyə
çaldışır və buna müvəffəq olur. Məsələn,
"Sənsiz" adlı kiçik miniatür hekayə bu
baxımdan mənalıdır".
Həmyerlisi, tanınmış
yazıçı Sadıq Elcanlını dinləyək:
"Ədəbiyyat adamları bilir ki, paytaxtdan uzaqda, əyalətdə
yaşaya-yaşaya o sənət yolunun yolçusu olmaq, ədəbi
sözün əbədi ağrılarına çiyin vermək
necə ağır, məşəqqətlidir.
Bunun üçün həqiqi ədəbiyyat
sevgisi, əsil fədakarlıq lazımdır. Və Aydın
Tağıyev artıq dəqiq sayını itirdiyim iyirmidən
artıq kitabıyla sübut etdi ki, o, məhz belə bir fədakar
sənət adamıdır".
Gələn il Aydın
Tağıyevin 60 yaşı olacaq. Məncə, daha bundan o
yana heç bir qorxusu yoxdu ömrün. Bu ömürlə o,
sübut elədi ki, əyalətdə yaşayıb Azərbaycanın
gözəl bir yazıçısı kimi tanınmaq
mümkündür.
Vaqif
YUSİFLİ
Ədalət.-
2011.-19 noyabr.-S.19.