Dəniz, göy, məhəbbət

  

   - Dənizi hədiyyə verirəm sənə...

    Mən dedim, sən baxdın, sən gülümsədin.

    Göylərin şəfəqi düşdü üzünə.

    - Mən isə... göyləri verirəm, - dedin...

  

    Ayrıldıq qəribə hədiyyələrlə,

    Göylər eşqim kimi mənə əzizdir.

    Ayrıldıq dənizlə, ağ ləpələrlə,

    Necə aparasan? Dəniz dənizdir.

  

    Dənizi verdim ki, sənə hədiyyə,

    Gəldiyim sahilə gələsən bir də.

    Məni görməyəndə o mənəm - deyə,

    Mənimlə danışıb, güləsən bir də.

 

    - Əgər görüşməsək, bizə dağ olar,

    Dedim, neçə dəfə belə dedim mən.

    Dəniz sahilinə qayıtmaq olar,

    Göylərin sahili varmı, gedim mən?!

 

    Düşündüm, ayrıldıq gələndən bəri,

    Sən mənim eşqimə çıraq olasan.

    Onunçün verdinmi mənə göyləri,

    Məndən göylər qədər uzaq olasan?!

 

    II

  

    Mən bir dənizəm ki, eşqim səhərdir,

    Səni düşünürəm, əzizim, yenə.

    Mənim dalğalarım xatirələrdir,

    Qoy çatsın qəlbinin

    sahillərinə.

    Əsl məhəbbət ki, böyük hünərdir,

    Coşar ümman kimi təzə arzular.

    Mənim dalğalarım

    xatirələrdir,

    Orda tufan da var, burulğan da var.

    Dənizəm, eşqimdən qaçmaq hədərdir,

    Mən ki, adlayıram çölü, çəməni.

    Mənim dalğalarım,

    xatirələrdir,

    Gecə , gündüz tapacaq səni.

  

    III

  

    İstəsən yuxuna gələrəm sənin,

    gələrəm dəniz kimi.

    Üzünə incilər çilərəm sənin,

    çilərəm dəniz kimi.

    Yoluna şəfəqlər səpərəm hərdən

    səpərəm dəniz kimi.

    İstəsən üzündən öpərəm hərdən,

    öpərəm dəniz kimi.

    Adını qəlbinin sahillərinə

    yazaram dəniz kimi,

    "Sevirəm" söyləsən bir axşam mənə,

    Susaram dəniz kimi,

    Susaram dəniz kimi.

  

   IV

 

    Dünyada sakitlik aramadım mən,

    Günəş kimi parla,

    səhər kimi gəl.

    Göylərtək yuxuma gəlmək istəsən,

    Sən aylı, ulduzlu göylər kimi gəl.

 

    Adla qucağından gur tufanların,

    Mən baxım axşamdan səhərə kimi.

    Adla yoluyla kəhkaşanların,

    Parlasın hər ulduz xatirə kimi.

  

    Gəl, qış gecəsində,

    yaz səhərində,

    Dənizi göylərdən ayırmaq olmaz!

    Sonsuz kainatın üfüqlərində,

    Sən görüş vaxtını şimşəklərlə yaz!

    Mən gərək nəğmətək səni dinləyəm,

    Sən mənim eşqimlə, ürəyimləsən.

  

    qədər göylər var, mən səninləyəm,

    qədər dəniz var, sən mənimləsən.

  

 

   Axtar sən məni

  

    Əzəldən heç belə bilməzdim səni

    Qəlbimdə ilk arzu,ilk həvəs oldun.

    Qişda bahar kimi

    Çox gəzdim səni,

    Yaz gəldi,qar kimi

    Görünməz oldun.

    İllər ötüb keçdi arzular təki,

    İndi hər axşam-səhər axtar sən məni .

    Qışda bahar təki,

    Yazda qar təki,

    Axtar sən məni,

    Tapa bilməzsən, qədər axtarsan məni.

  

 

    Qaranlıq dünyadan günəşə sarı

 

   Titrəyən çiyinlər

    dağ cüssəliydi,

    Qaldırdı ucadan

    ucaya onu.

    Torpaq kədərliydi,

    göy qüssəliydi

    Alıb gətirdilər

    Şuşaya onu.

    Bakıda qan axdı

    bir sənə əvvəl,

    İgidlər mərd durdu,

    axır nəfəsdə.

    Çiynində şəhidlər

    daşıyan gözəl

    Bu gün özü getdi

    çiyinlər üstə,

    Bir haray qopduqca

    Yer kürəsindən

    Coşdu ürəklərin

    kini, nifrəti.

    Dedilər:

    - Qoy uca dağ zirvəsindən

    Görsün bəşər oğlu

    bu cinayəti.

    Üzlərdə, gözlərdə

    xalqın dərdi var,

    İnsan ümmanları

    axın-axındı.

    Onu övladətək

    öpdü analar:

    Həyat necə uzaq,

    ölüm yaxındı.

    İnsanlar gəldilər

    Vidaya min-min,

    Böyük bir millətin,

    dərdi böyük...

    yanaşıb tabuta

    ağlar bir gəlin,

    Sərdi qızın üstə

    qırmızı örtük.

    Dərin meşələrdən

    əsdikcə külək,

    Ölümü qəzəblə

    həyat qovurdu.

    Qırmızı buluddan

    susan bir ürək

    Sanki al örtüklə

    təzədən vurdu.

    Qız keçib qoynundan

    dağlar qışının

    Qəlbini cahana

    açırdı indi.

    Sınmayıb qanadı

    humay quşunun

    Daha ucalara

    uçurdu indi.

    Uçurdu,

    uçurdu

    aşıb dağları

    Qaranlıq dünyadan

    günəşə sarı.

    Əlvida dedimi

    Doğma Qarabağ,

    Yox, o səcdə etdi

    ölməz qüdrətə

    Qırmızı örtüklə

    qanad çalaraq

    Qız, gəlin gedirdi əbədiyyətə.

  

 

   Sonluq

 

    Neçin igid ömrü

    Tez yetdi sona?

    Uzaq bir sədaya

    Mən hay verirəm.

    Həyatda bir dəfə

    rast gəldin ona,

    İndi xəyallarda

    min yol görürəm.

    Xalqıyçin canından

    keçən o gözəl

    Ölməzlik ömrünə mərdanə çatdı.

    Şəhidlər qəbrinə

    and içən gözəl

    Bu gün şəhidlərlə yanaşı

    yatdı.

    Gəlib and içəcək

    ötdükcə illər

    Onun məzarına bizim

    nəsillər.

    O qədər ağrılar

    keçir ürəkdən,

    O, yenə yanaşır

    gözlərində qəm.

    " - Sizin şerlərlə

    böyümüşəm mən.

    Əyər istəsəniz əzbər deyərəm".

    Necə də qövr edir

    könül qubarı,

    Duyğular niskilli,

    duyğular titrək.

    Kim əzbər deyəcək

    bu misraları

    Bəlkə də böyüyüb

    Ceyhun deyəcək.

 

 

    Nəbi XƏZRİ

 

   Ədalət.- 2011.-19 noyabr.-S.20.