NƏSRİN
"BİRİNCİ LEDİSİ"
(Əvvəli
qəzetin 15 noyabr sayında)
Belə demək
mümkünsə, təkcə adlarını çəkdiyimiz
romanlarında deyil, ümumiyyətlə Ostenin bütün əsərlərində
adi həyat, əyalətdəki insanlar təsvir olunur. Onlar sadə kişilər, qadınlar, o dövrün əyalət
psixologiyasına, yaşam tərzinə, yaxud ərə getməyi, hansısa mirasa sahib olmağı arzulayan adamlardır. Və onların cürbəcür
problemlərlə dolu ömürləridir.
Osten əsərləri üçün
xarakterik olan cəhətlərdən
biri də onun öz qəhrəmanlarının gözü ilə bu dünyaya bədii ironiyalı
baxışlarıdır. Maraqlıdır ki, yazıçının bu
spesfik bədii xüsusiyyəti onun əksər yazılarında özünü açıqca hiss
etdirir. Əlbəttə, o
vaxtın bəzi ədəbiyyatşünasları Ceyn Osten əsərlərini,
obrazlı ifadə etmiş olsaq, "buludsuz",
"dumansız" hesab etmirdilər.
Amma mənim düşüncəmə
görə, onları da
yazıçının çatışmayan cəhətləri
kimi yox, özünəməxsusluğu
tək qəbul etmək mümkündür.
ƏSƏRLƏRİNİN
XÜSUSİYYƏTLƏRİ
Əslində müəllif
yaradıcılığı boyu özünün estetik
dünyagörüşünü ifadə edərək həyat
fəlsəfəsinə yad təsvirlərdən, təqliddən
uzaq qaçmşdır. Hətta bunlar onu bəzilərinin
gözündə hədəfə çevirsə belə.
Ceyn Ostenin əsərlərində kəskin parodik
çalarlar, komik obrazlar daha effektli görünsə də həmin
dövrün dəbdə olan "qotik
roman"çıların kəskin tənqidinə tuş gəlirdi.
Onlara görə, sirlərlə və dəhşətlərlə
dolu olan romanlar bədii cəhətdən daha qiymətli idi.
Ceyninsə özəlliyi onda idi ki, dediyimiz kimi, öz
yaradıcılıq üslubunu kimlərə görəsə
dəyişməyib. Hətta belə "dəb məsələləri"nə
görə, çap üçün əsərlərini
ondan alan naşirlərlə də problemsiz ötüşməmişdi.
Bəzi hallarda naşirlər onun sevgi səhnələrini dəyişməyə
çalışsalar da Ceyn heç vaxt özünə, qələminə
xəyanət etməmişdi.
Ceyn Osten əsərləri
üçün seçdiyi qəhrəmanları, yaxud mənfi
obrazları qəbul olunmuş əxlaqi, psixoloji keyfiyyətlərinə
görə təqdim etməyə
çalışmışdır. Onun yaramazları təcrübəli
deyillər, oxucu onlara asanlıqla tanıya, qəzəblənə
bilir. Yəqin ki, Ostenin belə obrazları kəskin boyalarla,
mürəkkəb elementlərlə verməməsini heç
də təsadüfi hesab etmək olmaz. Yazıçı əslində
bununla romanlarındakı xarakterlərin tanınmasını
oxucunun ixtiyarına buraxmaq məqsədini
güdmüşdür.
Onun romanlarında müəllif
izahlarına demək olar ki, çox nadir hallarda təsadüf
edilir. Osten qəhrəmanlarının xarakterlərini,
situasiyanın psixoloji çalarlarını çox
böyük ustalıqla obrazların dioloqlarında təqdim
etməyi bacarıb. Bu təqdimat elə bir səviyyədədir
ki, həqiqətən onunlara izahat vermək doğru
görünməzdi. Ceyn Ostenin
yaradıcılığının daha bir özəlliyi
müəllifin satirik üslubu, hadisələrin yumoristik dilə
ifadə etməsindədir. Amma bununla belə Ostenin bədii
satirsında qətiyyən kəskin acılıq,
qıcıqlandırıcı heç nə yoxdur. Ürəklə
demək olar ki, bu satiradakı səmimiyyət və gözəllik
oxucuya xüsusi zövq verə bilir.
Yazıçının ən məşhur
romanı sayılan "Məğrurluq və yanlış təəssürat"
əsəri özünüaldatmanın və
duyğuların əsirinə çevirilmiş məğrur
Darsiylə gözəl Elizabetdən bəhs edir. Romandakı
dinamika, obrazların psixoloji vəziyyəti, hadisələrin
təbii şəkildə inkişafı və müəlifin
gəldiyi nəticə oxucuya çox ustalıqla təqdim
olunur. Ümumiyyətlə, Ceyn Ostenin əsərlərindəki
təbiilik, bədii təxəyyül, həyatdan gələn
elementlərin zənginliyi çox diqqətəlayiqdir. Məhz
sadaladığım və sadalamadığım ədəbi-bədii
xüsusiyyətlərinə görədir ki, onun "Məğrurluq
və yanlış təəssürat" romanı, eləcə
də digər əsərləri çap olunandan bir müddət
sonra digər dillərə də tərcümə olundu. Və
xatırladım ki, yazıçının həm ingilscə,
həm də başqa dillərdə ki, əsərləri təkrar-təkrar
çap edilib və oxucular tərəfindən çox
böyük maraqla qarşılanıb.
VALTER SKOTTUN "MİSİLSİZ OSTEN"İ
Ceyn Osten Çotendə yaşadıqları kottecdə özünü çox yaxşı, lap öz doğma evindəki kimi hiss edirdi. Lakin demək olmazdı ki, Ceyn Ostenin həyatı arzuladığı kimi qurulmuşdu. Xeyr. Tale elə onun özünə də bir romansayağı həyat yaşatmışdı. Böyük yazıçı ömrünün başqa məqamları bir yana, sevgidəki nəsibi lap bədii əsərlərdəki kimiydi. Ceyn heç vaxt ailə qurmadı. Tədqiqatçıların bildirdiyinə görə, Ceynə bir neçə dəfə evlənmə təklifi olunmuş, amma heç biri uğurlu bitməmişdi. Onun romantik, lirik arzularının ünvanı olan Tom Lefroemlə münasibətləri də çox uzağa getmədən bitmişdi. Deyilənlərdən belə məlum olur ki, Tomla Ceynin sevgisi ailəlinin sosial durumuna görə əvvəl təxirə salınmış, sonra isə ümumiyyətlə baş tutmamışdı. 30 yaşında olanda artıq Ceyn özünü "qarımış qız" gözündə görsə də pessimizmə qapılmamış, özünü sevdiyi işlərə həsr etmiş, həm də ailənin hər bir işinə yardımçı olmağa çalışmış, bütün varlığı ilə elə onun kimi ailəsiz bacısı Kassandroya bağlanmışdı. Bəlkə də şəxsi taleləri oxşar olduqları üçün bacısı Kassandroyla son günədək biri-birlərindən ayrılmamışdılar.
Ceynin əsərlərini artıq
tərəddüdsüz qarşılayan T. Eceron nəşriyyatı
1814-cü ildə onun "Mensfild parkı"nı çap
etdi. Elə həmin il yazıçı yeni bir əsərə
də - "Emma"ya başlamışdı. Əyalətdəki
həyatın, oradakı cəmiyyətdə orta sinfin problemlərindən,
yaşayışından bəhs etdiyi və yumoristik dillə
qələmə aldığı bu əsərini o yalnız
növbəti il tamamlamağa müvəffəq oldu. Və bir
müddət sonra roman üç cilddə nəşr edildi.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Ostenin
sağlığında çapdan çıxmış məşhur
romanlarından altısı, "Emma" da daxil olmaqla anonim
imza ilə işıq üzü görmüşdür.
Elə həmin il, yəni 1815-ci
ildə Kassandro ilə Uinçestrə və Stiventona gəzməyə
çıxan Ceyn Osten "İnandırma" əsərini
yazmağa girişdi. Məhz bu dövrlərdən
başlayaraq Ceyn Ostenin geniş şöhrətindən
danışmağa dəyər. Biri-birinin ardınca
çıxan həm yeni romanları, həm də təkrar
çap edilən əsərləri onu inanılmaz dərəcədə
məşhurlaşdırmışdı. Artıq Ceyn Ostenin əsərlərinin
əcnəbi dillərdə capı mütəmadi xarakter
almışdı. Həmin dövrlər fransızcaya tərcümə
olunaraq Parisdə çapdan çıxan və ardınca
başqa dillərdə də çap olunan "Ağıl və
hisslər" əsəri qısa müddət içərisində
çox böyük oxucu auditoriyası qazandı. 1816-cı
ildə məşhur jurnalların birində Avropa
romançılığının ən nəhəng
simalarından biri sayılan ser Valter Skott Ceynin haqqında
xoş sözlər yazmışdı. Böyük
yazıçı "Emma" əsərindən necə məmun
qaldığını bildirməklə yanaşı
yazıçını "Misilsiz Osten"
adlandırmışdı. Əlbəttə, dahi nasirin dilindən
bu tərifi eşitmək Osten üçün çox
böyük qiymət, çox böyük sevinc idi. Əslində
elə o özü də etiraf edirdi ki, böyük
yazıçının verdiyi qiymət ondan ötrü
qeyri-adi mükafatdı. Çox maraqlıdır ki, Valter Skott
özünün gündəliyində də onun haqqında
1826-cı il 14 mart tarixində belə yazmışdı:
"Missis Osten mənim həyatda rast gəldiyim adi həyatın
xarakterik xüsusiyyətlərini, insanların
duyğularını, hisslərini ən gözəl təsvir
edə bilən talanta malik yazıçıdır".
"LEDİ
D"
1816-cı ildə Ceyn Ostenin bir
neçə əsəri vətənində təkrar
çap olundu və ardınca da fransız naşirləri
üç romanını nəşr etdilər. Yazıçı
fərqli manera ilə qələmə aldığı yeganə
əsərini - "Düşüncənin
sübutları"nı da elə həmin il tamamladı.
Osten yaradıcılığının, şöhrətinin,
ümumiyyətlə yazıçı taleyinin ən qəribə
çalarlarından biri də sağlığında bu
gözəl əsərlərin müəllifinin gerçək
adının bilinməməsi idi. Çünki o dövrlər
İngiltərədə yazıçılıq heç bir
vəchlə qadın işi, qadın peşəsi hesab
olunmurdu. Cəmiyyət bunu qəbul etmirdi. Və elə bu
üzdən idi ki, Ostendən başlayaraq xeyli sayda ingilis
qadın yazıçısı var ki, sağlıqlarında
öz adlarını, kim olduqlarını bəyan edə bilməyiblər.
Ceyn Ostenin əsərləri "Ledi D adlı biri" imzası
ilə cap olunurdu. Və o da Ledi "D"-nin uğuruna
sevinir, xoşbəxtliyi onun qazandığı müvəffəqiyyətdən,
şöhrətdən tapırdı.
Ölümündən bir xeyli əvvəl
- 1816-cı ildə Ceynin səhhətində problemlər
özünü göstərməyə
başlamışdı. Amma gənc yazar heç
ağlına da gətirmirdi ki, onun bu dünyadakı
vaxtına belə az qalıb. Bəlkə də məhz buna
inanmadığı üçün idi ki, Osten yeni əsərlər
üzərində işləməyə qərar vermişdi.
Amma çox təəssüf ki, həyatda hər bir
canlının qonağı olacaq əcəl onu da arayıb
buldu. Ceyn üç əsr - "Ledi Syüzan",
"Uotsonlar" və "Senditon" romanlarını
yazmağa başlamışdı.
"BİRİNCİ
LEDİ"NİN SONU
1817-ci ildə Ceynin vəziyyəti
kəskinləşdi. Kassandro sevimli bacısının vəziyyətinin
günü-gündən pisləşdiyini görürdü.
Həkimlərə müraciət etdilər. Amma məlum oldu
ki, Ceynin səhhəti gözlənildiyindən də
qorxuludur. Həyatı boyu heç vaxt özünün şəxsi
ailəsi olmayan, daim bacardığı kimi doğmalarına
yardım göstərən, əsərlərində həyatı
incə ştrixlərinədək ustalıqla təsvir edə
bilən, yaratdığı əsərlərdə hadisələri
özünəməxsus yumor, satira prizmasından keçirməyi
bacaran, insan duyğularını bir psixoloq kimi açan Ceyn
Osten anladı ki, onunla bu dünya arasında çox az
qalıb. Yazıçı çox istəyirdi ki, heç
olmasa "Senditon" əsərini bitirsin, bu üzdən də
xəstəhal olsa da yazmağa çalışırdı.
Bir də ki, bitirməyə o qədər çox
qalmamışdı. Amma olmadı. Özünü çox
pis hiss etdiyi üçün 18 martda əsər üzərində
işini dayandırmaq məcburiyyətində qaldı. Qeyd
edim ki, həmin günədək o, "Senditon"un 12 fəslini
tamamlaya bilmişdi.
Vəziyyəti ağırlaşan Ceyn Osten aprel ayının sonunda özünün vəsiyyətnaməsini yazdı və bundan iki ay keçər-leçməz - 1817-ci ilin 18 iyununda, Uinçesterdə sevimli, heç vaxt ayrılmadığı bacısınən qolları arasında gözlərini bu dünyaya əbədi olaraq yumdu. Təhqiqatçıların bildirdiyinə görə, onun ölümünün səbəbi dəqiq məlum olmamışdı. Hər kəs yazıçının başqa-başqa xəstəlikdən dünyasını dəyişdiyini bildirir. Amma nə əhəmiyyəti, əsl gerçək bu idi ki, hər şey bitmişdi onun üçün.
Ceyn
Osten vəfat etdikdən sonra
ailəsi, xüsusən də bacısı Kassandro
sevimli Ceynlərinin bədii irsinin, əlyazmalarının, məktublarının
toplanması, qaydaya salınması,
çapı üçün əllərindən
gələni etdilər. Qardaşı Henri
Osten "Ledi D"
imzasının kimə məxsus olduğunu
bütün dünyaya
aydınlatdı, kitablarının, küllüyatını təkrar
çapdan buraxdırdı, hətta
yarımçıq əsərlərini belə nəşr etdirdi. Doğmaları sağlığında
qazandığı şöhrəti onun
adına əbədiləşdirdilər. Hazırda ingilis ədəbiyyatında Ceyn
Osten yaradıcılığı öyrənilməkdədir.
Çox uzun illərdən
sonra onun bəzi əsərləri,
özünün həyatı
rejissorları tərəfindən
ekranlaşdırıldı.
Məhz yazdığı gözəl,
əvəzsiz əsərlərinə görə, ingilislər
də onu yeni nəsrin "birinci Ledisi" kimi qəbul edir.
BABƏK
YUSİFOĞLU,
Ədalət.-2011.-22
noyabr.- S.4.