Hacıqabul
qışın astanasında
Bu il ölkəmizə qış
gözlədiyimizdən xeyli tez gəlib deyəsən. Əslində
qış fəslinin başlanmasına hələ bir aydan
çox vaxt var. Ancaq son zamanlar ölkə ərazisində
tüğyan edən qarlı, yağışlı hava şəraiti
elə əsil qış ovqatıdır. Ağaclardan
tökülən saralmış yarpaqları yorulmuş
ayaqlarımızla xışıldada-xışıldada xəyallara
dalmağa macal tapmamış yağmurlu, soyuq günlər
başımızın üstünü aldı.
Heç şübhəsiz ki,
qışın qayğıları daha çoxdur. İstər
sosial-iqtisadi baxımdan, istərsə də vaxt-zaman, hətta
ovqat baxımından. Əslində ovqat, yaşam tərzi elə
dolanışıqdan, şəraitdən daha çox
asılıdır. Heç bir ciddi problemi olmayan sosial
qayğılarla əhatə edilmiş həyat öz
ampulasında olmaqla öz aurasını da yaradır.
Bütün bunlarla bərabər
ömrün pillələri kimi fəsillər də, aylar da
öz yerində olsa yaxşıdır. İndi
rastlaşdığımız hava şəraiti də 40-45
yaşlı bir adamın əsa ilə gəzməsi kimi xeyli
təəccüblüdür.
Ancaq reallıq budur ki, ölkə ərazisində
əsil qış ab-havasıdır, havalar da ki, kifayət qədər
soyuq keçir.
"Qışda sərfiyyat
daha çox olur"
İnsanların hər gün
ehtiyac duyduqları ən vacib həyati
və sosial qayğılardan biri də elektrik enerjisidir. İlin soyuq fəsillərində
əyalətlərdə elektrik
enerjisinin qiymətini isə burda yaşayanlar bilir. Çünki hələ bütün
qəsəbələrimiz, kəndlərimiz alternativ istilik mənbəyi tapmadığından işıqdan
qidalanmağa məcburdur.
Hacıqabul Elektrik Şəbəkəsinin
müdiri Sərdar Mirhüseyn oğlu Şirinovla axşam görüşsəm də,
ona qədər burda mövcud vəziyyət haqqında xeyli bilgi ala bilmişdim. Hazırda 54 nəfər
işçisi olan kollektiv indi demək olar ki, tam ixtisas sahibləri olan gənclərdən ibarətdir.
Əksəriyyətinin ali təhsili olan bu gənclərin
bu gün işləri daha çoxdur. Müasir texnologiya ilə
işləyən bu insanlar, həm də abonentlərə müasir dövrün tələblərini anlatmalıdırlar.
Elektrik enerjisinin istismarı qaydalarına əməl etməyən hər bir abonent
hər an faciə ilə qarşılaşa bilər.
Onu da öyrənə
bildim ki, artıq rayon mərkəzi
tamamilə kabelləşməklə
sayğaclaşdırılıb. Rayonda isə 16 kənd bu prosesi yaşamalı
və başa vurmalıdır. Bu iş
xeyli çətindir,
ona görə ki, sayğaca qədər həmin ərazi mütləq kabelləşməli, dirəklər
yenilənməli, transformatorlar
saz vəziyyətdə
olmalıdır. Rayonda isə
60-cı illərin "yadigarları"
hələ kifayət
qədərdir. Buna baxmayaraq kollektiv Hacıqabulda abonentlərin
elektrik enerjisini fasiləsiz almağa çalışır. Rayonda abonentlərin
sayı 13500 nəfərdir,
13250 sayğac isə artıq mənzilə çatdırılmışdır. Deməli, tezliklə Hacıqabul rayonu tamam sayğaclaşdırılacaq.
Bu isə o deməkdir
ki, rayonun elektrik təsərrüfatı
yeniləşməklə bərabər
enerji itkisinə də yol verilməyəcək.
Bu gün 510 transformator
Hacıqabula verilən
elektrik enerjisini abonentlərə paylayır.
Dediyim kimi şər qarışanda görüşə
bildiyim şəbəkənin
müdiri Sərdar Şirinovla söhbətimiz
maraqlı keçdi:
- Ərazidən
indi qayıdırıq,
qış qapının
ağzındadır, gərək
sakinlərimiz bu sarıdan korluq çəkməsin. Bildiyiniz kimi
soyuq aylarda işlərimiz bir qədər də çoxalır. Bu da təbiidir, çünki elektrik enerjisinin üzərinə
digər sosial qayğılar da yüklənir. Çalışırıq ki, ərazimizdə
elektrik enerjisi normada, fasiləsiz olsun. Bu isə
elə də asan deyil. Udulu və Pirsaat ərazisində daim külək var. Qarlı, yağışlı havada
burdakı dirəklərin
aşma hallarına daha tez-tez rast
gəlinir. Pirsaat çayının
sağ və sol sahillərinə səpələnmiş
evlərdə də məsafə xeyli uzaq olduğundan müxtəlif texniki nasazlıq burda bir qədər ardıcıl baş verir. Ancaq bütün hallarda
abonentlərin elektrik enerjisi ilə təmin olunması əsas işimizdir, baxmayaraq ki, qışda sərfiyyat daha çox olur. Elektrik enerjisindən qanunsuz
istifadə edənlər
də tapılır.
33 nəfəri itirilmiş elektrik enerjisinin bərpası üçün 12087 manat
həcmində cərimə
etmişik. Ondan 8582 manatı
artıq ödənilib.
Daha nə demək olar, "Azenerji" tərəfindən
gücləndirilmiş iş
rejiminə keçməklə
əlaqədar telofonoqramma
almışıq. Biz ona çox ciddi əməl edirik, çünki qış hələ qabaqdadır.
Mavi qaz bütün
evlərdə yanacaq
Şaxtalı havalarda mavi
qazın yerini nə verə bilər? Xüsusən də kənd
yerlərində. Demək olar
ki, heç nə. Ona görə Azərbaycan
dövlətinin ölkəni
başdan-başa qazlaşdırma
siyasəti çox təqdirəlayiqdir.
71 nəfər
işçisi olan Hacıqabul rayon Qaz İstismar sahəsi bu gün doğrudan
ən məsuliyyətli
anlarını yaşayır.
Çünki 2012-ci ildə qaz
çəkilişi rayon üzrə
başa çatdırılacaq.
Hacıqabul bu sahədə
ölkədə birinci
olacaq. Lap uzağı
gələn ilin axırlarına yekunlaşacaq
bu proses artıq başlanmışdır.
Hacıqabul şəhəri mavi qazla tam təmin edilmiş və hazırda heç bir problem, narazılıq yoxdur.
Bu gün rayonun
9 yaşayış məntəqəsində
mavi qazdan istifadə edilir. Ən sevindirici hal odur ki,
bir neçə gün ölkədə tüğyan edən kəskin hava şəraitində mavi qazla təmin edilən abonentlərin heç birindən şikayət daxil olmayıb:
- Şikayət
ona görə daxil olmayıb ki, biz buna imkan
verməmişik. Polietilen
borularla evlərə,
sənaye müəssisələrinə
verilən mavi qazın heç bir problemi olmadığı
kimi, itkisi də ola
bilməz. Təsəvvür edin, 16-cı aydır
ki, dövlətdən
aldığımız mavi
qazın dəyərini
tam ödəyə bilirik.
Ötən ay 816 min kub metr
Hacıqabul rayonu mavi qaz alıb,
pulu da yüz
faiz yığılaraq
ödənişə verilib.
Yığılıb deyəndə mavi
qazla təmin edilən hər bir abonentin SMART kartı var. Abonent həmin karta yüklədiyi pulun miqdarında da qaz ala bilir. Burda itkidən söhbət gedə bilməz. Bu günkü
istehlakçılarımızın sayı hələlik
9172-dir. Hacıqabul rayonunda qazlaşma prosesi tam başa çatandan
sonra ümumi abonentlərin
sayı 14523 olacaq. Rayonun 30 yaşayış məntəqəsi
ömrü 70 ildən çox
olan polietilen borularla qazlaşdırılandan sonra bir qədər rahat nəfəs almaq olar. İndi işin qızğın vaxtıdır, o biri tərəfdən də
qış qapını kəsdirib. Ancaq
kəndlərdə mavi qazın yerini heç nə verməz.
Rayonun ən uca kəndlərindən
olan Şorbaçı, Paşalı 1,
Paşalı, Cəngən kəndlərində bu gün bu
sosial məsələ həll olunubsa, demək 2012-ci ilin
sonlarında Hacıqabul rayonu tam qazlaşdırılacaq. Onu
da əlavə etmək lazımdır ki, yaşayış məntəqələri
bir-birindən kifayət qədər uzaqda
yerləşdiyindən xeyli də vəsait
tələb olunur. Bu gün həm qışa hazırlıq, həm
də qaz çəkilişi
aparırıq. Heç bir
problemimiz də yoxdur.
Müdirimiz Elşən Rəhimovun xüsusi əziyyətini, əməyini qeyd etməyiniz lap yerinə
düşər.
Bunları idarənin baş mühəndisi
Elxan Ələkbərov dedi.
Qışın qapının
ağzında olmasına baxmayaraq Hacıqabul rayonu buna
hazırdır. Ancaq şaxtalı günləri qəzasız,
elektrik enerjisinə fasilə vermədən yaşamaq
üçün gərgin işləmək, işə nəzarət
etmək lazımdır.
(Ardı gələn sayımızda)
Səxavət
Məmmədli,
Azərbaycan
Respublikasının
Prezidenti
yanında kütləvi informasiya
Vasitələrinin
inkişafına dövlət dəstəyi
fondunun
maliyyə yardımı ilə
Ədalət.-2011.-22
noyabr.- S.7.