Elxan Cəfərov: ""Dolu"nun çəkilişi faciələrlə
başladı"
"Ağdama
getmə səhnəsində də Aqil Abbas
yıxıldı"
Kərkicahanlı Fərhadın qəhrəmanlığını əks etdirən 18 dəqiqəlik bədii-sənədli filmlə Mədəniyyət və Turizm Nazirliyinin etimadını qazanan Elxan Cəfərov Qarabağ müharibəsindən bəhs edən "Dolu" filminin çəkilişlərini başa çatdırdı. Bu mövzuya olan ehtiyacdan və ümiddən yaranan istəklə rejissordan müsahibə almaq qərarına gəldik. Öncə "Qarabağdır Azərbaycan" filmini bizə nümayiş etdirdi. Belə bir filmi çəkə bilən rejissorun indiyə qədər klip çəkməsindən təəssüf hissi ilə söhbətə başladıq.
-
Klip çəkməkdən qurtuldunuz, deyəsən, artıq
ikinci böyük bədii filmi çəkirsiniz...
- Müqavilə ilə qazanc
üçün kliplər çəkmişəm, amma mənim
yerim kinodur. Uşaqlıqdan kinodayam. "Hazır olun, əlahəzrət",
"Şir evdən getdi", "Sevinc buxtası", "Mən
mahnı qoşuram", "Bağ mövsümü"... Hə,
bir o dövrdə, əsgərlikdən sonra "Təxribat",
"Təhminə və Zaur" filmlərinə çəkildim.
İxtisasım aktyordur, uzun illər "Yuğ"
teatrında işləmişəm, Vaqif İbrahimoğlunun
yetirməsiyəm və bununla fəxr edirəm. Amma mənim
yerim kinodur. Moskva Dövlət Kinematoqrafiya İnstitutunu
bitirdikdən sonra kinonun çətin vaxtlarına
düşdük. Ayan Mirqasımova, Gülzar Qurbanova, Əbdülqəni
və mən 90-cı ildə bitirmişik institutu.
-
Kinoda yeni özül qoyulmalıdır, yeni ənənə,
yeni düşüncə...
- Son illər inkişafda
qəfil sıçrayış
var. Orta nəsil keçmişdən yaxşı
olanı götürüb
gələcək üçün
yeni özül qoya bilər, yoxsa gələcək nəsil keçmişindən
ayrılmış və
azdırılmış kimi
nə edəcəyini
bilməz. Hər halda bu gözəlliyi tezləşdirək.
Bu dəqiqə əsas məsələ ideoloji istiqaməti formalaşmaqdadır, həm
də bu, yalnız Qarabağla bağlı olmamalıdır.
Bəşəri dəyərlər də var. Bizi kosmosla bağlayan dəyərlər də.
Əslində çox yaxşı dövrdür, iş görmək,
həyatı yaxşılığa
doğru, insanlığa
sevgi ilə dəyişdirmək imkanları
var. Mən film çəkməyə
çoxdan hazır idim, qismət gətirdi bu illər verildi. Əsas məqsədim isə yalnız insana sevgi və inam
aşılamaqdır.
- İnsan özü də elə kainatın bir hissəsidir kimi fəlsəfi düşüncəni
"Əlavə təsir"
adlı detektiv janrlı filmlə göstərmisiniz...
- Əslində,
bu sadə bir hekayətdir. İnsani münasibətlər,
psixoloji durumlar... Kinoda dediyim fəlsəfəni görüntüdə elə
detallarla verməlisən
ki, qəbul edilsin.
- "Qarabağ mövzusunda
film çəkmək indi
mümkün deyil"
deyirdilər, "gərək
hadisələr sona çatsın, üstündən
zaman keçsin sonra". Amma Siz çəkdiniz...
- Kino üçün
material lazımdır. Aqil Abbasın
"Dolu" əsəri
tam, tutarlı və
real materialdır. Kino üçün həqiqi
fakt böyük faktordur. Böyük Vətən müharibəsi
ilə bağlı filmlərdə sovet-rus ideologiyası indiyə qədər davam edir. Biz Qarabağ
müharibəsində uduzmuş
bir durumdan büzüşmüş haldayıq,
bu isə qələbəyə mane olan
bir şeydir. Bu ruhu halla qələbə qazanmaq olmaz.
Aqil Abbas əsərdə belə bir fikir
deyir: "Biz torpaqlarımızın
20 faizini itirmişik,
80 faizini qoruya bilmişik, o 20 faizi də geri alacağıq".
Yəni
biz utanc keçirməyək,
döyüşmüşük, qəhrəmanlarımız olub,
şəhidlərimiz var. Tariximizin
bir səhifəsidir, ondan utanc keçirməyək.
Qalibiyyət qəlbdə olur,
qəlbən qələbə
çalmasaq ümumi qələbəyə çatmarıq.
Bizə enerji verən faktlar var. Qəhrəman oğullar döyüşüblər.
Biz erməniyə uduzmamışıq, Qarabağı
erməni almayıb.
Biz kiminlə döş-döşə olduğumuzu
bilirik və geri çəkilməmişik.
Film bunları diktə edir, ruh aşılayır.
- Əsərdə çox parlaq obrazlar var. Filmin uğurlarından biri də aktyor seçimidir. Sizə
bu sarıdan təzyiqlər olmadı ki, kimi seç,
kimi seçmə?
- Yox. Çox sevinirəm ki, mənə inam var. Üç vacib rollardan birini - komandiri Məmməd Səfa oynayıb, "Drakon"la
"Pələngi" peşəsi
aktyor olmayan, hələ siması tanınmayan gənclərə
vermişəm. Qarabağ mövzusu
isə hər bir azərbaycanlının
içində var, hisslər təbiidir.
Sosial şəbəkədə bir
dostum var, Məmişov, şeir yazır, özü Qarabağ döyüşlərində
döyüşüb. Yazır ki, qürurumun tacı Qarabağdadır.
Çox
xoşuma gəldi, yəni qürurumuz əlimizdən alınmayıb,
amma tacı Qarabağda qalıb, gedib götürməli və qürurumuzun başına qoymalıyıq.
Dünya
ağla qaranın üstündə qurulub, xeyirlə şərin.
Bəlkə illər keçəcək
biz yenə dostlaşacağıq,
amma uşaqlarıma da aşılayıram ki, onlar şərdir
heç vaxt etibar edib onlara
kürək çevirməyin.
Qoy bu müharibə bizə örnək olsun, öz milli düşüncən
olsun. Uzaq qohum yaxın
qonşudan yaxşıdır.
Atalar əksini deyəndə zaman başqa olub.
- Yavər
Rzayevin "Sarı gəlin" filmi də Qarabağ mövzusundadır, amma arxivin küncünə atıldı, çünki
çox bəşəri
mövzuda çəkilib.
"Dolu"nu elə bir tale gözləməyəcək?
- Yox, biz konkret olaraq düşmən
faktorunu daha irəli çəkmişik. Erməni adı
çəkilir, amma ümumi kontekstdə ermənidən
söhbət getmir, bizdən gedir. Yəni düşmən
üstümüzə gələndə biz belə hərəkət
edirik. İnsanlığın ən ali məqsədi planetin
birliyidir. Bu faktın içində milli dəyəri,
yaşadığımız torpağı da
unutmamalıyıq. Tarixin bizə verdiyi dərslər milli
şüura yazılmalıdır. 1905, 1918 şüurumuza
yazılmadı - sovet ideologiyası sildi. İndi müstəqil
dövlət olaraq nə nədir ayırd edib tariximizdə və
şüurumuzda yerləşdirməliyik. Bütün bunlar
üçün sınıqlıqdan, utancdan
çıxmalıyıq, çünki utanc keçirəcək
bir işimiz yoxdur, qürur duyulası məqamlar çoxdur.
-
Bütün bunlardan doğan ümidlə "Dolu"nu nə
vaxta gözləyək?
- Yaza inşallah. Hələ ki,
çəkiliş başa çatıb, yarı iş
qarşıdadır, montaj, səslənmə. İdeoloji
iş, milli şüur çox vacibdir. "Dolu" bu yolda nə
isə bir təməl qoyacaq.
- Sonda çəkiliş vaxtı
olan xətalardan danışaq, kaskadyorun ayağının
sınması, bir də filmin sonunda Ağdama getmək səhnəsinin
çəkilişlərini sizin dilinizdən eşitmək
maraqlı olardı...
- Kütləvi səhnələrə
çəkilən insanlardan aktyorluq tələb etmək
olmur. Burda da onlara sadəcə izah etdim ki, artıq cana doyub
yığıb gedirik Ağdama, getdikcə
sıralarımız böyüyür, insanlar bizə
qarışır və böyük kütlə
qarşısında düşmən şoka düşür.
İnanırsınız simalarında elə ifadə
yaranmışdı ki, həqiqətən gedirik, buna özləri
inanmışdılar.
Kaskadyor Əlinin ayağı filmin
ilk səhnəsini çəkəndə burda Bakıda
sındı. Yaxşı ki, ilk səhnəni lap sonda çəkirdik,
sadəcə bir ehtiyatsızlıq oldu. İndi
şükür düzəlir ayağı, amma əvvəldə
ayağı sınsaydı, işimiz yarımçıq qalardı,
çünki Əlinin işi filmdə çox idi.
Çoxdandır Azərbaycan kinosunda döyüş səhnələri
çəkilməyib, onun da öz çətinlikləri
vardı. Kütləvi döyüş səhnələri
çəkdik. Çəkilişlərin əvvəlində
mənim sol ayağımda problem yarandı, öz-özünə
birdən-birə, əməliyyatla son qoyuldu. Əlinin də
sol ayağı sındı, yuxarıdan tullananda ayaq
qutuların üstünə düşdü, qutu
sındı. Onun işi üçün adi haldır.
Ağdama getmə səhnəsində də Aqil Abbas
yıxıldı, sol ayağı zədələndi. Şükür, sol
ayaqların xətalarından yaxşı qurtulduq.
Ədalət.-2011.-22 noyabr.- S.5.