İstanbulda oxunan
kitablarımız
Türkiyə
paytaxtındakı beynəlxalq sərgidə özümüz
də iştirak etdik, sözümüz də, səsimiz də...
Noyabrın 12-dən 15-dək
İstanbulda Beynəlxalq Kitab Sərgisi keçirilib. 600-dən
çox yerli və xarici nəşriyyat evi, kitab yayımı ilə məşğul olan qurumların qatıldığı tədbirdə
Azərbaycan təmsilçiləri də iştirak
edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat
xidmətinin rəhbəri, "Mədəniyyət" qəzetinin
baş redaktoru İntiqam Hümbətov da
nüfuzlu tədbirdə iştirak
edən qonaqlar sırasında olub. Mədəniyyət və Turizm
Nazirliyinin qardaş
ölkəyə göndərdiyi nümayəndə heyətinin
üzvü kimi tədbirə
qatılan müsahibimiz İstanbul
Beynəlxalq Kitab Sərgisi barədə təəssüratlarını
bizimlə bölüşür:
"İstanbul Beynəlxalq Kitab Sərgisi
miqyasına görə dünyanın ən böyük və
nüfuzlu sərgilərindən sayılır. İlk dəfə
1982-ci ildə keçirilən bu sərgi 6 ildir ki, beynəlxalq
status qazanıb və dünyanın müxtəlif ölkələrini
təmsil edən naşirlər, poliqrafiya mütəxəssisləri,
yazıçı və şairlər onun işində
yaxından iştirak edirlər. Təkcə ötən il
Türkiyə paytaxtında təşkil olunan sərgini ziyarət
edənlərin sayı 410 mindən çox olub. Bu dəfə
İstanbul Beynəlxalq Kitab Sərgisi 30-cu yubileyini qeyd edirdi.
Yubiley ovqatı iştirakçı dövlətlərin
sayında da, ziyarətçilərin çoxluğunda da
özünü biruzə verirdi. Yüksək təşkilatçılığı
ilə seçilən kitab sərgisində 600-dən çox
yerli və əcnəbi nəşriyyat evi, kitab yayımı
qurumu təmsil olunurdu".
İntiqam Hümbətovun sözlərinə görə,
Türkiyə paytaxtındakı məşhur TÜYAP Sərgi
Mərkəzində açılışı gerçəkləşən
30-cu Beynəlxalq Kitab Sərgisində Azərbaycanı
mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin
rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib: "Nümayəndə
heyətinə Mədəniyyət və Turizm
Nazirliyinin Nəşriyyat, reklamın təşkili
və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli,
Nəşriyyat sektorunun müdiri
Çingiz Əlioğlu, Nəşriyyat,
reklamın təşkili və informasiya
şöbəsinin məsləhətçisi Faiq
Xudanlı, Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad
Məcid, filologiya elmləri doktoru, professor Nizaməddin
Şəmsizadə və şair Səlim
Babullaoğlu daxil idi. Böyük təntənə ilə keçən
açılış mərasimində Türkiyənin mədəniyyət
və turizm naziri Ərtoğrul
Günay çıxış etdi, İstanbul Beynəlxalq
Kitab Sərgisinin əhəmiyyətindən
danışdı. Nazir kitab
sərgisinin ildən ilə daha geniş coğrafiyanı əhatə etdiyini bildirdi".
60 min kvadratmetr ərazini əhatə
edən sərgidə 10-dan artıq salonda nümayiş etdirilən
kitablar arasında Azərbaycan naşirlərinin də məhsulları
olub. İntiqam Hümbətov Azərbaycan pavilyonunun
böyük maraqla qarşılandığını
xüsusi qeyd etdi: "Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi əsasında qurulan sahə həcminə,
tərtibatına, kitabların rəngarəngliyinə və
keyfiyyətinə görə ilk gündən diqqət mərkəzinə
düşdü. Bunu Azərbaycan pavilyonuna gələn ziyarətçilərin
sayından da görmək mümkün idi. İstanbul Beynəlxalq
Kitab Sərgisinə gələnlər son illər Azərbaycanda
nəşr edilən kitab və çap məhsullarına diqqətlə
tamaşa etdilər. Bu da səbəbsiz deyildi. Çünki
bizim stendlərdə nümayiş etdirilən kitablar, digər
çap məhsulları ölkəmizin qədim tarixi, zəngin
mədəniyyəti və bugünkü inkişafı barədə
dolğun təəssürat yaradırdı.
Tanınmış yazıçı və şairlərinizin
kitabları da sərgiyə gələnlərin diqqətini
çəkirdi".
İntiqam Hümbətov bildirdi ki,
İstanbul Beynəlxalq Kitab Sərgisi çərçivəsində
noyabrın 13-də ölkəmizlə bağlı maraqlı
tədbir keçirilib. "Kitabi-Dədə Qorqud"dan
Nizami Gəncəviyə, Nizami Gəncəvidən bu günə
Azərbaycan şeiri" adlı beynəlxalq konfrans Rəşad
Məcidin aparıcılığı ilə baş tutub:
"Mədəniyyət və turizm nazirinin birinci müavini
Vaqif Əliyev dövlət müstəqilliyinin 20-ci
ildönümünü qeyd edən ölkəmizin son
dövrdə bütün sahələrdə olduğu kimi, mədəniyyət
sahəsində də önəmli uğurlara imza
atdığını tədbir
iştirakçılarının diqqətinə
çatdırdı. Filologiya elmləri doktoru, professor Nizaməddin
Şəmsizadə "Kitabi-Dədə Qorqud"dan Nizami Gəncəviyə,
Nizami Gəncəvidən bu günə Azərbaycan
şeiri" adlı məruzə ilə
çıxış etdi. Tanınmış alim Azərbaycan
poeziyasının dünəni və bu günü barədə
ətraflı məlumat verdi. Öz şeirlərini oxuyan Vaqif
Bəhmənli, Çingiz Əlioğlu, Səlim
Babullaoğlu isə tədbirə xüsusi ovqat gətirdi. Azərbaycanın
İstanbuldakı baş konsulu Həsən Zeynalov öz
çıxışında belə tədbirlərin ölkəmizin
təbliği baxımından mühüm rol
oynadığını diqqətə
çatdırdı".
Müsahibimiz qeyd etdi ki, konfransda
iştirak edənlər Azərbaycan muğamlarını da
dinləyiblər. Xalq artisti Mələkxanım Əyyubovanın
ifası maraqla qarşılanıb. İstedadlı xanəndəni
xalq artistləri tarzən Möhlət Müslümov və
kaman ustası Fəxrəddin Dadaşov müşayiət
edib.
İki gün davam edən
İstanbul Beynəlxalq Kitab Sərgisi böyük uğurla
başa çatıb.
E.CƏBRAYILOĞLU
Ədalət.-2011.-22
noyabr.- S.8.