Unuda
bilmərəm
Düz 60 ilin söhbətidi...
Gürcüstanda orta məktəbin 5-ci sinfində ədəbiyyat
müəllimimiz Həsən Kərimov bizə Abdulla
Şaiqin "Məktub yetişmədi" hekayəsini
danışırdı. Çoxunuz bilir ki, bu əsər neft
mədənində çalışan Qurbanın acı
taleyinə həsr olunmuşdur. Neft fontanı vaxtı quyuda
faciəli ölümündən sonra Qurbanın cibindən
balalarına yazılan məktubu oxuyan fəhlələr kədərlə
belə söyləmişdilər:
-Yazıq Qurban, məktub yetişmədi
Bu facıəni danışan Həsən
müəllimin gözlərində yaşı görüb mən
də sarsılmışdım. Həsən müəllim ədəbiyyata
hədsiz bağlı idi və onu bizə də sevdirmişdi.
Onun bu sevgisi, bu yanğısı məni ədəbiyyata
yamanca bağlamışdı. O gündən sonra zəngin məktəb
kitabxanasındakı bütün bədii əsərləri
bir-bir oxumuşdum. Həsən müəllimin yeniyetmə
ürəyimizdə yandırdığı çıraq
1957-cı ildə məni o vaxtkı Azərbaycan Dövlət
Universitetinin filologiya fakultəsində jurnalist şöbəsinə
gətirdi. Belə işıqlı insanların ruhu şad
olsun.
Universitet isə ötən əsrin
60-cı illərində bir ümman idi və intibah dövrünü
yaşayırdı. Cəfər Xəndan, Həmid Araslı, Əli
Sultanlı, Məmməd Cəfər, Mir Cəlal, Nurəddin
Babayev, Şirməmməd Hüseynov, Pənah Xəlilov, Nəsir
İmanquliyev, Məmmədhüseyn Təhmasib, Feyzulla
Qasımzadə, Abbas Zamanov, Bəxtiyar Vahabzadə...
adlarını çəkə bilmədiyim daha neçə
böyük şəxsiyyətlərin, nurlu insanların ruhu
məni bağışlasın. O illərdə böyük
alim Məmməd Cəfərin belə bir kəlam söylədiyini
eşitmişdik:
- Bir cavan 5 il universitetə gəlib-getsə,
mühazirələrə qulaq assa, bu mühitə
qaynayıb-qarışsa ziyalı kimi formalaşar.
Məncə bu sözlərdə həqiqət
var. Bir filoloq-jurnalist, ziyalı vətəndaş kimi tərbiyəmizdə
o insanların, o ab-havanın misilsiz təsiri yada
düşür. Tanınmış jurnalistlər Nurəddin
Babayevin, Nəsir İmanquliyevin, Nəriman Zeynalovun dərsdən
başqa hələ təcrübə zamanı çəkdikləri
zəhməti necə unutmaq olar. Nurəddin müəllim
öz yetirmələrini ata qayğısı ilə Neft
daşlarına, o vaxtkı "Kirovabad kommunisti" qəzetinə
apardığını xatırlayıram. O,
yazılarımızın çapa hazırlanması bir yana,
tələbələrini yaxın dost kimi Göy-Göldə
böyük süfrə başında toplamışdı.
Neft daşlarına çətin səfərdə isə
müəllimimiz məşhur dəniz fatehləri ilə bizi
də tanış eləmişdi. Belə şəxsiyyətlərin
hesabına o illərdə "Kommunist" və
"Bakı" qəzetlərinin, dövlət radiosunun
qapıları üzümüzə açılırdı.
Jurnalist kimi az-çox
tanınmağımda o illər Hidayət Zeynalov, Hacı
Hacıyev, Valid Sənani, Şamil Şahməmmədov kimi təcrübəli
qələm sahiblərinin əməyi hədsizdir. Yaxın
sirdaşlarım, tələbə dostlarım Əlövsət
Bəşirov, bir də Bariz Əsədovun bu yolda fikir
birliyindən çox danışmaq olar.
Yazı-pozu işinə xəbərdən
başladım və buna axıra kimi sadiq qaldım.
"Kommunist" və "Bakı" qəzetlərində,
dövlət radiosunda həmişəlık "Xəbər"lər
şöbəsinə bağlandım. Bəzən belə
fikirlər səslənir ki, xəbər yazmaq çox asan
işdi. Ancaq peşəkar jurnalistlər yaxşı xəbər
hazırlamağın necə bacarıq istədiyini
yaxşı bilirlər. Azərbaycan radiosunda 50 illik əmək
yolum da "Xəbərlər" baş redaksiyasında
keçmişdir.
"Kommunist" qəzetində
uzun illər əməkdaşlığım, təcrübəli
qələm sahibi Hidayət Zeynalovla bağlıdır.
60-cı illərdə, bütövlükdə sovet
dövründə "Kommunist" Azərbaycanın baş qəzeti
idi. Burada təcrübəli, qocaman qəzetçilər
çalışırdı. Hidayət müəllim nisbətən
gənc nəsildən idi və cavanlara da rəğbəti
vardı. Tələbəlikdə ilk yazılardan sonra onda inam
yarandı və bizə meydan verdi. Bariz Əsədovla mən
yazılarla Hidayət müəllimin istəyini
qazandığımıza görə tez-tez çap olunurduq.
Bu hörmət isə işgüzarlıq, əməksevərlik,
nizam-intizamla bağlı idi.
Şöbəyə gələn
kimi Hidayət müəllim birbaşa makinaçıların
yanına göndərərdi. Makinadan çıxan
yazıları da azca düzəlişlərdən sonra
redaktorun stoluna göndərərdi. Hidayət müəllim
özü qəzetdə az-az, ancaq maraqlı məqalələrlə
çıxış edərdi. Bu yazılar ən çox
gözəl Azərbaycan təbiəti, tanınmış
insanlar, mədəniyyət adamları ilə bağlı
olardı. Onun bu mövzuları bizim yazılarda da duyulurdu.
"Yeraltı çaylar Abşerona axacaq", "Quşlar
cənuba uçur", "Kürün nur
boyunbağıları" və başqa yazılar onun da
ürəyincə olmuşdu. "Siz yatandan sonra" silsilə
yazıları isə daha çox bəyənilmişdi. Bu
yazılarda gecələr iş növbəsindəki
insanların taleyindən söhbət
açılırdı. Hətta İçəri şəhərdə
dan yeri söküləndən küçə-dalanları
silib süpürən yaşlı bir qadının
düşüncələri oxucuya
çatdırılmışdı. Qəzetin redaktoru Hidayət
müəllimə söyləmişdi ki, bizə belə tələbələr
lazımdı.
Bir dəfə Hidayət müəllim
dedi ki, sən radioda işləyirsən, reportajlar
hazırlayırsan. Gəl indi belə bir iş görək, qəzet
üçün radio-reportaj janrında yazı hazırla. Bu
oxucu üçün, qəzet üçün tam yeni forma
olar. Təcrübəli jurnalistin məsləhəti ilə
belə yazı çap olundu. Xəzərdəki gəmi-bərələr,
dənizçilərimiz haqda qəzetdəki radio-reportaj
yenilik sayıldı.
O illərdə qəzetə
İsrafil Nəzərov, Ağababa Rzayev kimi təcrübəli
insanlar başçılıq edirdilər. Tələbə
kimi yazılara görə hər ay təqaüddən 3-4 dəfə
çox qonorar alardıq. Bu pulun tələbə
üçün nə demək olduğunu bilərsiniz. Hidayət
müəllim sonralar məni də bu qəzetdə işləmək
üçün redaktorun razılığını
almışdı. O illər radionun "Xəbərlər"
redaksiyasında baş redaktorun müavini idim. Maaş və
qonorar da yaxşı idi. Hidayət müəllimdən üzr
istəyib radioda qalmağı lazım bildim. O, təəccübləndi,
təxminən belə söylədi:
- Azərbaycanın baş qəzetinə
hər adamı işə çağırmırlar. Səni
başa düşə bilmirəm.
Bircə onu əlavə edim ki,
övladlarımız Araz Zeynalov və Fikrət Adıgözəlli
davamçılar kimi jurnalist oldular.
"Bakı" axşam qəzeti
1958-ci ildən çıxmağa başladı. Onda ikinci
kursda oxuyurduq. Qəzetin redaktoru Nəsir müəllimlə
yanaşı tələbələrə daha böyük
meydan yaradan istedadlı jurnalist Şamil Şahməmmədov
idi. O, "Xəbərlər" şöbəsinə rəhbərlik
edirdi və tələbələrin yolunda yaşıl
işıq yandırırdı. Həmin qəzet əsasən
"Xəbər" qəzeti idi və redaksiya oxucunun tələbini
yaxşı bilirdi. Bəlkə elə buna görə
axşam tərəfi köşklər qarşısında
"Bakı" qəzeti almağa növbələr
yaranırdı. Şamil müəllim tələbələri
başına toplamışdı, onlara yaxşı yol
göstərirdi. Xəbərlərdən başqa iri
yazılar, müsahibələr və reportajlar hazırlamaq vərdişini
belə xeyirxah jurnalistlərdən öyrənirdik. Qəzetdə
"Dünən", "Bu gün" bölməsi xəbərləri
çoxlu oxucu qazanmışdı. O günlərdə təcrübəli
əməkdaşların məsləhəti, qazanılan təcrübə
sonralar uzun zaman köməyimizə çatdı. Belə
xeyirxahlığı heç birimiz unuda bilmərik.
1958-ci ildə tələbə ikən
dövlət radiosunda yazılarım səslənirdı. Bir
dəfə tanınmış jurnalist Nuhbala Quliyevin
tapşırığı ilə gənclər haqqında 10
dəqiqəlik veriliş hazırlamışdım. Proqramda
vaxtı da göstərilmişdi. Axşam tərəfi tələbə
dostlarımla həmin verilişin başlanmasını səbirsizliklə
gözləyirdik. Ancaq divardan asılan kiçik radioda
veriliş getmədi. Pərt oldum. Səhər radioya getdim.
Nuhbala müəllim dedi ki, belə hallar olur. Bütün
gün o vaxtkı sovet rəhbəri Nikita Xruşşovun uzun
məruzəsi radioda oxunub və balaca verilişlər
proqramdan çıxarılmışdı. Şükür
ki, iki gün sonra həmin veriliş radioda səsləndi.
1962-ci ildə universiteti bitirəndə
tələbə dostlarımdan 6 nəfərlə birlikdə
təzə açılan "Abşeron"qəzetində
işə başladıq. Redaktorumuz Hüseyn Mehrəliyevdən
çox şey öyrəndik və həyat məktəbi
keçdik. 1963-cü ildə isə həyatım dövlət
radiosu ilə bağlandı. Orada "Xəbərlər"
baş redaksiyasında Hacı Hacıyev, Valid Sənani kimi təcrübəli
rəhbərlər çalışırdı. Teleradio
Verilişləri Komitəsinə çox ciddi və tələbkar
insan Teymur Əliyev - şair Teymur Elçin
başçılıq edirdi. Hacı müəllim məni
onun yanına apardı və çox ciddi sorğu-sual
başlandı:
- Haranı bitirmisən, harada
işləyirsən, radio üçün veriliş
hazırlamısanmı, nə qədər maaş alırsan,
ailə qurmusanmı, uşağınız varmı, mənzil
məsələniz necədir?...
- Ayda 120 manat maaş alıram, ailəliyəm,
bir uşağımız var, mənzilimiz yoxdur, kirayədə
qalıram, radioda xəbərlərim səslənir.
- Bəs nəyə görə qəzetdəki
yüksək maaşdan burada 90 manatlıq işə keçmək
istəyirsən?
- Teymur müəllim bu komitədə
böyük perspektivlər var, mənim də radioya
marağım çoxdur.
O, üzünü kadrlar
şöbəsinin müdiri Lətif Məlikova tutdu:
- Bu cavanı "Xəbərlər"
baş redaksiyasına götürürük. Ailəsi,
uşağı var, mənzili də yoxdur. Bunları nəzərə
alaq, 110 manat maaş verək.
Bax belə anları da unutmaq
çətindi. Beləcə Hacı müəllim, dostumuz
Valid radioda həyat müəllimim oldular. Hacı müəllim
sərt insan idi, hər verilişi, xəbəri bəyənməzdi.
Yazıları redaktə etməyi xoşlamırdı. Bəyənmədiyi
yazını sakitcə kənara qoyurdu. Ancaq öz əməkdaşlarını
çox möhkəm müdafiə etmək xasiyyəti
vardı. Valid Sənani isə zəif yazını da redaktə
eləyib efirdə səsləndirirdi. Deyirdi ki, insan əziyyət
çəkib, yazı hazırlayıb, qüsurlarını
düzəldək, proqramda getsin, heç olmazsa qonorar
alsın, ailəsinə aparsın. Sonralar o, 20 ildən
artıq baş redaktor, mən də onun müavini oldum. Əlbir
çalışdıq, bəzən səhər saat 7-dən
gecə 12-dək işdə olurduq. Radionun "Xəbərlər"
baş redaksiyasında iş rejimi belə idi.
Buradaca onu söyləyim ki, 1962-ci
ildə universiteti bitirən bizim qrup çox məşhur idi.
Təsəvvür edin ki, bu qrupdan 10 nəfəri Teleradio
Verilişləri Komitəsində
çalışırdı. Onların əksəriyyəti
baş direktor və baş redaktor olmuşdu. Mailə
Muradxanlı, Aydın Əliyev, Yusif Kərimov, Zöhrab
Zeynalov, İlyas Adıgözəlli, Ələkbər Abbasov,
Əlövsət Bəşirli, Hafiz Nağıoğlu, Əzizə
Kərimova, Hökumə Əliyeva - bu hər qrupa nəsib
olan deyildi. Axı o illər Azərbaycanın bircə
televiziya və bircə radio proqramı vardı.
Bu təşkilatda işləməklə
hər birimiz fəxr etmişik. Ancaq qəzet və jurnallardan
fərqli olaraq teleradio verilişlərinin başqa bir cəhəti
var. Qəzet və jurnalda gedən yazılar sənəd kimi
qalır. Televiziya və radioda hazırlanan verilişlərin
ömrü isə qısa olur. Bu verilişlər ekranda, ya
efirdə gedəndən sonra unudulur. Belə verilişlər
üçün çəkdiyin zəhmətin hədər
getdiyini düşünürsən. Bəlkə də ən
yaxşı teleradio verilişlərinin mətnini toplayıb
çap etdirmək maraq doğurar, oxucuya hədiyyə olar.
Məncə Azərbaycan Milli
Radiosunun 85 illik yolu zəngin xəzinədir. Həm də
doğma dilimizin saflığını qorumaq yolunda bu radionun
xidmətləri həqiqətən misilsizdir. Üzeyir
Hacıbəyli, Müslüm Maqomayev, Məmməd Səid
Ordubadi, Teymur Əliyev, Ənvər Əlibəyli, Cəmil Əlibəyov,
Rauf İsmayılov, Mövlud Süleymanlı, Aqşin Babayev
kimi... sənət adamları milli radiomuzda iz qoyan insanlar olmuşlar.
Sonralar 90-cı illərdə mənə
radionun "Araz" proqramında baş direktor işləmək
tapşırıldı. İndinin özündə də yenə
radioda informasiya proqramları hazırlayıram. Bu etibar zəhmət
hesabına, məsuliyyət, nizam-intizam sayəsində
qazanılır. Qəzet-jurnal, televiziya-radio aləminə təzə
qədəm qoyanlara da bu çətin yollarda məsuliyyət,
nizam-intizam, zəhmətsevərlik diləyirəm. Təcrübəli
sənət adamları bizə bunu öyrədiblər. Onda
istedad da yazı-pozu qabiliyyəti də formalaşar, ailə
üçün halal çörək də qazanmaq olar.
Sonda 55 illik sirdaşım, həmkarım
Əlövsət Bəşirovla bir söhbəti yada
salıram. Təxminən 40 il əvvəl bir yerdə Moskvada
jurnalistlərin seminarına getmişdik. Qarlı qış
günü idi. Buz bağlamış küçədən
keçirdik. Söhbətimiz də yazı adamlarının
çətin qazanılan çörəyindən
düşmüşdü. Gördüm ki, Əlövsət əyilib
qarın üstünə atılmış çörək
parçasını götürdü, öpüb binadakı
pəncərənin önünə qoydu. Biz müharibə
illərinin uşaqları çörəyin nə demək
olduğunu, necə zəhmətlə
qazanıldığını görmüşük. Çox
təəccübləndim, qardaş dedim, çörək qədri
bilənlərin, zəhmətə qatlaşanların
ocağında həmişə çörək olacaq. Bizə
bu həqiqəti ötən əsrin 60-cı illərində
sənət müəllimlərimiz, təcrübəli qələm
sahibləri anlatdılar, öyrətdilər. Deyirlər ki,
"həqiqət əyilər, ancaq sınmaz". Cavan nəslə,
sənətin çətin yollarında ilk qədəmlər
atan övladlara da bunu diləyirəm.
İlyas
Adıgözəlli,
əməkdar
journalist
Ədalət.-2011.-23
noyabr.- S.7.