Ovqat

 

  (Xronika)

 

  Yadıma düşəndən, ötən əsrin 1968-69-cu illərindən üzü bəri, Bakıda belə şıdırğı yağışlar görməmişdim. Sözün həqiqi mənasında elə bil göydən yerə vedrə ilə su tökülürdü: küçələr, səkilər axar çaylara çevrilmişdi.

   Səkkizinci mikrorayondan Sumqayıta yas yerinə getməliydim. Mən biləni "Azadlıq" metrostansiyasından 98 saylı avtobus Novxanını hərlənib-fırlanıb oraya getməliydi. Amma hansısa bir mərdimazardan soruşanda o qətiyyətlə mənə dedi ki, bəs daha o avtobus işləmir, marşrut bağlanıb. Belə bir tufanlı, yağışlı havada "20 Yanvar" metrostansiyasına gedəsi oldum. 1988-ci ildən mən belə mənzərələrin çox şahidi olmuşam: Azərbaycan rayonlarına gedən "xalturşiklər" şəhərin bu dairəsinə düşən adamları qarğa-quzğun kimi əhatəyə alırlar: "Beyləqana bir nəfər lazımdır, bax bu saat çıxıram", "Cəlilabada iki nəfər", "Ağcabədiyə bir nəfər". Bu yolları tez-tez gedib-gələnlər də çox yaxşı bilirlər ki, bütün bunların hamısı ağ yalandır, fırıldağdı. Ayıq-sayıq, üzləri üz görmüş sürücülər çətini zavallı sərnişinləri maşının salonuna oturtmaqdı. Maşına əyləşəndən sonra sənə məlum olacaq ki, heç bu dələduz sürücünün adamı-zadı yoxmuş, hələ səndən sonra o, saatlarla "kliyent" axtaracaq. Mən belə-belə mənzərələrə respublikanın hər yerində - Lənkəranda, Beyləqanda, Salyanda çox rast gəlmişəm. "Xalturşiklərlə" özümü necə aparmağın yollarını əməlli-başlı bilirəm.

   "Sumqayıta bir nəfər, bir manata". Bu söz, bu ifadə beynimi dalayıb keçir. "Xalturşiklər" az qala adamın çənəsinin altına girirlər. Çəkinməkdən, utanmaqdan çox uzaqdırlar. Hər halda bu işimi deyim, özəl məşğuliyyətimi deyim, sahmana düşməlidir. Bu mətləb ətrafında o qədər həll ediləsi vacib məsələlər var ki...

   Heç "20 Yanvar" metrostansiyasındakı yenidənqurma işləri, körpülər qovşağı da sərnişinləri, şəhər sakinlərinin təhlükəsizliyini, rahatlığını təmin etmir. Səliqəsiz və saysız-hesabsız ticarət və məişət köşkləri - bütün bunları görəndə insanın gözləri ağrayır. Sərnişinlərin nə metroya girəndə, nə də oradan çıxanda rahatlıqları yoxdur. Tunel boyu ticarət köşklərinin çoxluğu, antisanitariya, havasızlıq, bürkü - bütün bunları görən kimi bu tərəflərdən baş götürüb qaçmaq istəyirsən. Həmin gün elə bil sel-su da qəsdimə durmuşdu. Yağış kəsmək bilmirdi.

   Sumqayıta çatanda yağış daha da gücləndi. Çox çətinliklə olsa da, birtəhər yas yerinə gedib çatdım. Dərdin, kədərin ağırlığı ilə yanaşı, aramsız yağan yağışlar, küçələrdən axan sel-su da yas mərasimə ağırlıq gətirmişdi.

   Əslən Füzuli rayonunun Yuxarı Veysəlli kəndindən olan, amma son illəri Sumqayıtda qaçqın vəziyyətdə yaşayan Qədir Novruzovun Milli Orduda xidmət edən oğlu - Eldar Novruzov uzun sürən xəstəlikdən sonra rəhmətə getmişdi.

   "Uzun sürən xəstəlikdən sonra rəhmətə getmişdi" deyəndə mətbuatdan, qohum-əqrəbalardan aldığım məlumatlara görə hadisə belə olub: Eldar Novruzov Şəkidə xidmət edirmiş. O, hərbi hissədə soyuqdəymə nəticəsində xəstələnir, qaymarit olur. Sonralar isə Mingəçevir və Sarıcalı (Ağdam) hospitallarında müalicəsini davam etdirir. Aradan xeyli vaxt keçir. Adi soyuqdəymə nəticəsində xəstələnən Eldar Novruzovun vəziyyəti tədricən pisləşir. Nəhayət, onu müalicə üçün Bakıya, Mərkəzi Hospitala gətirirlər. Sağlamlığı son dərəcə üzülmüş xəstə əsgər burada əldən-ələ keçir, müxtəlif şöbələrdə, müxtəlif hərbi həkimlər tərəfindən müalicə olunur. Amma bütün bunların hamısı nəticəsiz qalır. Qaçqın və köçkün şəraitdə yaşayan əsgər atası oğlunu xilas etmək naminə olan-olmazını da satır, onsuz da acınacaqlı həyat sürən Qədir Novruzov müflis vəziyyətə düşür. Ata, nəhayət MN-nin mətbuat xidmətinə müraciət edir, hosbitalda ağır vəziyyətdə yatan oğluna kömək etməyi onlardan xahiş edir. Hosbitaldan MN-nin mətbuat xidmətinə bildirirlər ki, sıravi əsgər Eldar Novruzovun vəziyyəti yaxşıdır və o, intensiv şəkildə müalicə olunur. Amma, görünür, hosbitaldan MN-nin mətbuat xidmətinə verilən məlumat faktlara söykənməyib. Azərbaycanda fəaliyyət göstərən türkiyəli hərbi həkim xəstənin vəziyyətinin çox ağır olduğunu valideynlərinə bildirir və onun təcili olaraq Gülhanə Hərbi Hospitalına göndərilməsini təkid edir. Hətta MN-dən bu səfər üçün maliyyə vəsaiti də ayrılır. Amma necə deyərlər, artıq iş-işdən keçmişdi. Süründürməçilik, yüksək rütbəli hərbi dairələrin, getdikcə çürüməkdə olan indiki cəmiyyətin fəsadları özünü bu məqamlarda da göstərmişdi: Qaçqın və köçkün atanın oğlu, əsgər Eldar Novruzov artıq son günlərini yaşayırdı. Vəziyyətin gəlib belə bir həddə çatmasını görən valideynlər, ölüm ayağında olan əsgərin qohumları qeyri-adi aksiyaya əl atırlar. Hərbi Hospitala bitişik küçəni, Papanin küçəsində nəqliyyatın hərəkətini dayandırırlar. Artıq bu dözümün, səbrin son çığırtısı idi. Atanın, ananın süründürməçilik, biganəlik, nəhayət baxımsızlıq ucbatından son günlərini yaşayan övladlarının xilas etməyin sonuncu həddi, harayı idi. Özəl telekanallar, sərbəst və azad düşünən mətbuat nümayəndələri Qədir və Eldar Novruzovun başına gələnləri ölkə əhalisinə çatdırırlar. Və bütün bu hadisələrin, əzab-əziyyətlərin, əsgər Eldar Novruzovun həyatını xilas etmək ciddi-cəhdləri, təəssüf ki, faciə ilə nəticələnir. Eldar Novruzov elə yoldaca, Bakı Hava Limanındaca dünyasını dəyişir.

   Yazı baxımından belə cansıxıcı və yeknəsək şəkildə söylənilən əhvalatın arxasında böyük bir faciə, müsibət dayanmışdı. Aşağılı və Yuxarılı Veysəlli camaatı, ətraf kəndlərin əhalisinin çoxu Qədir Novruzovun yasına toplaşmışdılar. Qarabağın içi-içalatı yanmış, yanıb-yanıb axırda da külə dönmüş qadınlarının yanıqlı və nisgilli ağıları, səsləri aləmi başına götürmüşdü. Yer-göy də tutulmuşdu. Bəlkə də heç son 30-35 ildə Sumqayıtda belə güclü yağışlar yağmamışdı. Ağı, şaxsey-vaxsey deyən qadınların səsi, naləsi əsəbi normal olan insanları da sarsıtmışdı. Ötən əsrin 88-ci ilindən üzü bəri olmazın müsibətlərini görmüş Qarabağ qadınlarının səsi, naləsi elə bil ahdan, nalədən yoğrulmuşdu. Ağır yas məclisini idarə edən dindarlar ha çalışdılar ki, xorla ağı, mərsiyə deyən qızları, gəlinləri sakitləşdirsinlər, yası ənənəvi relsə salsınlar - bu mümkün deyildi. Dünyanın o başından, gözəl Qarabağın, onun dağlarından, dərələrindən süzülüb gələn ah-nalə, xatirə və olub keçənlər - bənzəri olmayan, müqayisəyə gəlməyən dərd, kədər şəklində mağaraya hopmuşdu. Bu hüzn, bu niskil insan təfəkkürünün dərk edə bilmədiyi ağrı məclisdə əyləşənləri ikiqat etmişdi. Allah bilir, onlar belə bir ağır, müsibətli yasdan sonra yaşaya biləcəkdilərmi? 

   İl yarım bundan əvvəl sağ və salamat hərbi xidmətə göndərilən Eldar Novruzovun yasının belə ağır və dözülməz şəkildə keçməsinin başqa bir səbəbi də vardı: 1992-ci ilin fevralın 21-dən 22-nə keçən gecə, itki verə-verə (veysəllilər həmin gecə 7 nəfər şəhid veriblər) o nazlı-qəmzəli Veysəlli kəndini tərk edən bu adamların ürəkləri ağrı, nisgillə dolu idi. Onlar bu gün - bu yağışlı, yağmurlu havada, doğma Veysəllidən çox-çox uzaq, Abşeronda, qaçqın və köçkün şəraitdə təkcə Eldar Novruzovun müsibətini yox, həm də elə həmin o soyuq fevral gecəsində həlak və itkin düşən həmyerlilərinin - Valeh Məmmədovu, Hüseyn Tahirovu, Tohid Quliyevi, Əliqulu Qurbanovu da yad edirdilər, onların taleyini də ağlayırdılar. Sonralar Veysəlli camaatı igid oğlanlarını - Yavər və Əhəd İsgəndərovları, Bağır Quliyevi, kəndin icra nümayəndəsi Aydın Xankişiyevi də itirdilər. Veysəllilərin dağların o üzündə nazlı-qəmzəli evləri, bağları, bumbuz suyu olan Qara kəhrizləri - Soltanalı kəhrizləri Ağbaşlıdakı Qaya bulaqları qalmışdı. Dərin dərələri, silsilə dağları qalmışdı. Əslində, mətləbə insani qanunlarla yanaşsaq bu qədər .itkiləri olan adamların sonralar yaşaması, nəyəsə nail olması heç ağılabatan da deyil. Dərdin, nisgilin baş alıb getdiyi bir məqamda heç bu yası nizama, çərçivəyə də salmaq mümkün deyildi. Cəmiyyət, içi-içalatı ziddiyyətlərlə dolu hakimiyyət dairələri də bu zavallıları büsbütün unutdurmuşdular. Düz 20 ildir bu adamlar ağ yalan içində boğulurlar. Onlar daha danışıqlardan, fəsildən-fəsilə, ildən-ilə ötürülən və elə hey saqqız kimi çeynənilən yalanlardan, vallah, doyublar. Hakimiyyət, cəmiyyət nə üçündür? Əzizlərinin qəbirləri, abidə və xatirələri dağların o üzündə - işğal altında qalan bu zavallılar hansı mənəvi və hüquqi sütuna söykənib hakim dairələri sevməlidirlər? Fikrimi başqa şəkildə də ifadə etmək istəyirəm: ata və anasının, əzizlərinin, şəhidlərinin uyuduğu torpaqları azad etmək iqtidarında olmayan cəmiyyəti, hakim qüvvələri bu adamlar niyə, hansı səbəblərə görə sevməlidilər? Cəmiyyətlə vətəndaşlar arasında anlaşılmazlıq olanda - bunlardan hər iki tərəf ziyan çəkir. Ağır yasdan aldığım təəssürat, doğma kəndimizlə, kəndimizdəki əhvalatlarla bağlı düşüncələrim, fikirlərim məni sarsıtmışdı. Axı, nə vaxtsa bu işlərin sonu olacaqmı? Erməni işğalçıları nə vaxta kimi mənim doğulduğum, böyüdüyüm torpaqları əsarətdə saxlayacaq? Ulu babalarımın, həmyerlilərimin əkdiyi bağları, tikdiyi abidələri xaraba qoyacaq? Axı, bizdə qeyrət və qisas damarı nə vaxt oyanacaq? Səhərlər işə gedirəm, dükana, bazara girirəm. Hərdən dost, tanışlarla birgə deyib-gülürəm. Nəticə etibarı ilə, axı, məsələyə real yanaşsaq, əslində bu həyat, gün-güzəran deyil. Bütün bu işləri görə-görə, ali mətləblərdən danışa-danışa bilirəm ki, işğalçı ordunun lovğa əsgərləri, Qarabağda çox rahat yaşayan ermənilər anamın, əmi və dayılarımın qəbirlərini dağıdırlar, evimizi, həyətimizi viran qoyublar. Bu nisgili, kədəri ürəyimdə gəzdirə-gəzdirə, arsız-arsız Bakının son illər çoxalmış çil-çıraqlı küçə və meydanlarını dolaşıram, muğam dəsgahlarına qulaq asıram. Qədim zamanlarda olduğu kimi heç bir mənası olmayan məqalələr yazıram. Sonralar, hətta bu yazıları bir yerə toplayıb kitab şəklinə salıram. Ətrafdakılar da elə düşünürlər ki, guya mən iş görürəm. Belə bir taleyi təkcə mənmi yaşayıram? Həqiqətin üzünə düz baxsam əslində bu həyatda mənim yaşamağımın heç bir mənası yoxdur.

 

 

   Nemət VEYSƏLLİ,

  Azərbaycan Dövlət Rəssamlıq

  Akademiyası, redaktor

 

 Ədalət.- 2011.- 23 noyabr.- S.6.