Yol
ROMANI (VI hissə)
VI hissə
(Əvvəli ötən şənbə
nömrələrində)
HAŞİYƏ
Bir neçə il
əvvəl çox qəzəbli, əsəbi bir məktub
aldım. Məktub çox yazırlar mənə
- nəsə məzmun, məna kəsb eləyənləri də
olur, haqlı-haqsız tənqidlər də olur. Razılaşdığım və
razılaşmadığım. Mən hər
zaman sözümün arxasındayam, əsaslandıra da bilərəm.
Məktubların böyük əksəriyyətini
oxuyan kimi unuduram, silirəm həm səhifəmdən, həm
də yaddaşımdan (yaddaşımı da təmizləmək
belə asan olsaydı nə yaxşı olardı. Bir
düymə, "sil" əmri və rahat, aram
ruh). Amma həm səhifəmdə, həm də
yadımda qalanları da var. Hətta çox bəyəndiyim
məktubları bir qovluqda arxivləşdirdim də bir vaxtlar,
təsadüfən silinməsin deyə. Giriş
çox uzandı deyəsən - nəsə həmin qəzəbli
məktub yadımda qaldı. İndiyə
qədər də sözbəsöz xatırlayıram. Dəfələrlə oxudum çünki.
Oxudum və təşəkkür
məktubu yazdım cavabında. Məsələ
burasındadı ki, məktubun müəllifi Avropadakı
diplomatik missiyalardan birində nə isə bir işlə məşğul
olurdu. Diplomatik missiyalarda isə (xüsusən
Avropada) adətən önəmli isimlərin cocuqları
çalışır və onlar da hər nə dil bilsələr
də bizim dilimizi bilmirlər. Yəni fikir verdiniz yəqin
"öz dillərini" demədim, "bizim dilimizi"
dedim. Bu adamların öz dilləri var təbii,
amma bizim dilimizdə danışa bilmirlər, daha doğrusu,
lazım bilmirlər. Amma bu qəzəbli məktub
o qədər gözəl, rəvan, səlis dildə
yazılmışdı ki, cəlb elədi məni, həm də
yaxşı mənada təəccübləndirdi. Bizim dili belə biləsən və Avropada
çalışasan? Və bir neçə
gün sonra təsadüfən (bəlkə də yox) Avropada
baş vermiş bir hadisəylə bağlı hansısa TV
kanalında onun şərhinə də qulaq asdım. Təmiz
dil, dəqiq ifadə tərzi... Belə
anladım ki, yəqin hər missiyada belə tək-tük
insanlar var, onlar bütün yükü çiyinlərində
çəkirlər, işi görən də lazımdı,
ya yox? Və böyük ehtimalla bu adam
onu əhatə edən "qaquliklərin" əlindən o
qədər bezib ki, yazılarımın tonu ona acıqlı
görünüb, o da hirsini mənim üstümə
tökmüşdü. Alınmadım, əksinə,
ona cavabımda soruşdum ki, belə hissləri,
duyğuları, millət heysiyyəti olan insan necə olub ki,
bu sistemin içinə düşə bilib? Sakitləşdirdi
deyəsən məktubum onu, sonra yazmadı... Həmin
o sistem ki, var - guya qapalı sistem sayılır, amma qapalı
olmağı özlərinin boş-bekar veyillənməklərini
ört-basdır eləməkdən ötrüdü. Tam səmimi deyim - həmin o sistemin başında
duran nazir ki var, onu hökumətimizin bütün nazirlərindən
çox sevirəm. Bayılıram ona.
Belə hesab edirəm ki, dövlətimiz
yaranıb-formalaşandan gəlib-getmiş baş
diplomatların içində ən parlaq simadı. Zövq alıram onu dinləyəndə,
çünki heç nə başa düşmürəm.
Anlamayanda rahat olur da insan, dincəlir. Odur
ki, hardasa onun çıxışını görəndə
mütləq izləyirəm, bilirəm ki, əylənəcəm...
Və mən bildiyimə
görə, "qaquliklər" və bizimkilər
arasında gözlə görünməyən sərhədlər
də var. Və həm də onu da bilirəm, bizimkilər bu
sahədə ögeydilər (çox yerdə olduğu kimi).
İndi fikirləşirəm
ki, bir neçə səfir var ki, onları şəxsən
tanıyıram (hətta səfir olmamışdan öncə,
bəzilərini isə lap gənclik illərindən) bax, onlar
həqiqətən cəmiyyətdə nüfuz sahibidilər.
Dövləti təmsil edən simaların
dövləti və milləti sevməsi şərtdi.
Başqa cür mümkün deyil - yoxsa çoxları kimi illərlə
Avropalarda vaxt keçirirlər, bizneslərini qururlar, sonra da
heç bura qayıtmırlar...
Qayıtmaq... Qız, çıx
haşiyədən, qayıt geriyə - gözləyirlər səni
Baş konsulun otağında...
BAŞ KONSUL
... Otaqda cavanca bir
oğlan oturub. Qalxıb
qarşılayır bizi, boy-buxunlu, qaraşın,
yaraşıqlı oğlandı. İlk təəssüratım
çaşdırır bir az məni, gizlətməyəcəm.
Belə ağır, çətin, strateji
bölgədə necə baş çıxardır - deyə
düşünürəm. Deyəsən
gözlənilməz qonaqların təşrifi onu da
sıxır. Amma o yerdə ki, sayın millət vəkili
var - orda ünsiyyət problem ola bilməz,
dil-dil ötəcək. Yavaş-yavaş
söhbət alınır. Sayın Baş
konsul da açılışır. Bizimkilərdəndi
- mətbuatımızı izləyir, ədəbiyyatımızdan
xəbəri var. Əvvəl Təbrizdə işləyib -
ora da ağır bölgə. Universitetdə
yaranmış problemi anladırlar ona, mütləq dəstəyi
lazımdı, hərə bir az
danışır. O da diqqətlə dinləyir, səhər
məzuniyyətə gedəcəyini deyir, amma təcili bununla
ilgilənəcəyini söyləyir. Hər şeydən
danışırıq və bu əsnada hiss edirəm ki,
gözlərimin böyüməyinə səbəb olan gəncliyi
yavaş-yavaş yaş senzini dəyişir. Nəsillər
arasında ziddiyyət hər zaman olub, olacaq da. Mən bu azardan heç əziyyət çəkməmişəm,
heç vaxt. Amma önyarqıdan qurtula bilməmişəm
də... Çünki təcrübə məsələsi də
var axı... Amma Ayxan Süleymanov fikrimi dəyişir
- Qarsdakı Baş konsulumuzun adı-soyadı belədi. (Sonradan noyabr ayında İstanbulda da
görüşdük. Qeyri-rəsmi şəraitdə.
Burda da İstanbuldakı Baş konsulumuz Həsən
Zeynalovun qonağı idik. Şən, deyən-gülən
oğlandı. Susub, dinlədiyim anlarda hər
ikisini müşahidə edirəm. Nəsillər
arasında bağlar qırılmasın gərək, millətin
yaxşı oğlanlara ehtiyacı var).
Söz-sözü
çəkir, söhbət davam edir, nahar vaxtı gəlib,
ötüb belə. Həə, Qarsda
problemlərdən biri də budu bax. Qonaqların
hansı məkanda ağırlanması. Lüks
yoxdu çünki. Hər halda cənab
konsul bizi yeməyə dəvət edir, həm də
üzrxahlıq edir. Bizə uyğun bilməsələr
də, olanı budu (sonradan Qars haqqında veb-səhifələrdə
bir az araşdırdım. Orda
yazılanlardan belə çıxırdı ki,
gündüzlər hüznlü görünən bu şəhərin
əslində çox səs-küylü gecə həyatı
var. Təsəvvür edirəm, İstanbulda, Laləlidə
istismar müddəti bitəndən sonra buralara göndərilən
qadınlarımız necə şənlik yaradırlar).
... Kiçik şəhərdi
Qars. Olduğum azacıq müddətdə
indi keçib getdiyimiz bu sokakları bir neçə dəfə
görmüşəm.
""Güzəl
Karsımızı nasıl buldunuz" - deyə sordu daha sonra
sunuçu. Bu bir kararsızlıqdan sonra "çok
güzəl, çok fakir, çok kederli"- dedi KA. Arkalardan iki imam hatib ögrençisi buna
güldülər. "Fakir senin
ruhun"-diye bağırdı bir başkası. "Buraya neden geldiyini" - söylesin diye
bağırdı biri. "Gəldim, çünki
çok mutsuzdum"- dedi KA. "Burada daha
mutluyum"".
Bir də qəribə
bir hissiyyat olur içimdə, bütün gəzdiyim yad şəhərlərdə
üzüaşağı gedib də, dənizlə
qarşılaşacağımı güman edirəm.
Bax, indi də bilirəm Qarsda dəniz yoxdu, amma yenə ani
olaraq küçənin sonunda günəşin
şüalarıyla bərq vuran dalğalar gəlir
gözümün önünə...
Yox, indi gözümün önündəki
ikiqatlı binadı. Burda nahar edəcəyik.
Birinci qatdakı dükanların içindən
keçib, ikinci mərtəbəyə qalxırıq. Bu mərtəbəyə baxanda heç fikirləşməzsən
ki, yuxarıda lokanta var. Baxınıram ətrafa, deyəsən
axşamlar burda musiqi-filan da olur, hər bir halda səliqəli
məkandı. Görürəm, sayın
millət vəkili narahatdı, üzümə baxır,
gözlərimlə "hər şey yaxşıdı"
deyirəm. Zatən atmosfer xoşdu,
ümumi ovqat xoşdu. Söhbətlər
süfrə arxasında da davam edir, hələ üstəlik
sıxıntıları, sərhədləri ortadan
qaldıracaq amillər də var axı. Söz
nədən düşür, bilmirəm, amma kitabdan, elmdən
danışırıq. Ayxan bəy
özünün təhsil illərini, biz
özümüzünkünü xatırlayırıq. Və arada Vurğun Əyyubun Baş konsuldan
hansı ildə oxuduğunu sorması nəzərimdən
qaçmır. Kimsə də fərqində
olmur amma. Sualın niyə verildiyini
anlayıram əlbət. Balığı çoxdan
atmısan dəryaya, sayın əski bakan! Xaliq də bildiyini
bilir...
Vidalaşırıq,
sayın Baş konsul nə problemimiz olsa ona müraciət etməyimizi
rica edir, biz də təşəkkür edirik təbii. Nə
problem ola bilər ki? (Nahaq
belə fikirləşdim amma, yarınki günün
axşamı çox ciddi bir sorun yaşayacağıq).
Qayıdırıq universitetə, Hacalı Nəcəfoğlu
rektor yerində olsa onunla da görüşdürmək istəyir
bizi. Yolu gedə-gedə yamyaşıl küçələr
birdən-birə gözümdə bəyaza
dönüşür və mən buranı qarın
içində təsəvvür etməyə
çalışıram... Çalışıram... Amma Nobel ödülçüsünün təsviri
mənim xəyallarıma mane olur.
"Dalları kar tutmuş iğde
ve çınar ağaclarının altından
hızlı-hızlı ilerlerken pencerelerinden
dışarıya soba boruları çıkan eski ve
yıpranmış rus binalarına odun depolarıyla elektrik
trafosu arasında yükselen binyıllıq boş ermeni
kilsesinin içine yağan kara, buz tutmuş Kars çayının
üzerindeki beş yüz yıllık taş köprüden
her geçene havlayan kabadayı köpeklere, kar altında iyice
boş və terk edilmiş gözüken Kaleiçi
Mahallesinin küçük gecekondularından tüten incecik
dumanlara bakıb öylesinə kederlendi ki, gözlerində
yaşlar birikdi. Sanki burası her kesin
unutduğu bir yerdi. Və kar sessizce dünyanın sonuna
yağıyordu..."
Pəncərədən
vuran günəşli hava yadıma saldığım mənzərəni
tam olmağa qoymur. Amma Qarsın gecələri sərin
olur, bəlkə həmin vaxt cəhd etsəm...
Fənn-ədəbiyyat
fakültəsinin həyətində enirik arabadan, yenə
qalxırıq yuxarı, rektor yoxdu deyəsən yerində və
amma dekan bizi otağına dəvət edir və gün ərzində
müxtəlif odalarda getmiş söhbətlər burda da davam
edir.
***
Təəssüratların
çoxluğundanmı, eyni mövzuların gün ərzində
dəfələrlə təkrar olunması nədənindənmi
ya nə, yorğunam elə bil. Qonaq evinə dönəndə
azacıq dincəlib, axşam yenidən görüşmək
üzərə ayrılırıq...
***
... Görünür
hər şeyi izah etmək mümkün deyil. İnsanları bir-birinə cəzb edən, ya da
uzaqlaşdıran, itələyən səbəbləri dərk
etmək mümkün deyil. Bəzən illər
boyu hər gün, hər gün görüşdüyümüz
birisi ilə ayrılanda həyatımızda heç kayıb
olmadığını anlayırıq. Bəzən də
əksinə, lap qısa sürəli ani bir görüş
hafizəndə kök salır... Sirrləri dərindədi
görünür, ya da heç içimizdə deyil...
Yuxarılardadı yəqin...
Kimya dərsi yadıma
düşür, hər elementin valenti, bu valentlərin daha
hansı elementlərin valentləri ilə reaksiyaya girə bilməsi,
atom yükləri... Biz də kimyayıq da,
qeyri-üzvi maddələrdən təşkil olunmuşuq.
Kimin atom yükü nə qədərdi,
elektronlarının sayı çoxdumu, başqasından nə
qədərini alıb, qaytara bilir? Mürəkkəb
düsturlu reaksiyalara səbəb nədir? Mendeleyev bunu
izah etməyib - sadəcə dövrü sistemi qurub gedib,
bulunmayan elementlərin yerini boş qoyub, özündən
sonra kəşf olunanları da var, cədvəldə öz
yerini gözləyənləri də... Nə vaxtsa...öz
valentlərinə uyğun elementlərlə görüşəcəklər...
Deyəsən, hər şeyi maddiləşdirdim,
daha doğrusu, maddələşdirdim. Belə
asanmı hər şeyi anlamaq?
... İndi bu gözəl,
sərin axşamda kişilər Mendeleyevin daha bir kəşfindən
yararlanıb da, yorğunluqlarını çıxarmağa
çalışırlar. Türkiyədə
bu içkiyə Vodka deyirlər, elə Mendeleyev də Vodka
deyib. Biz niyə adını dəyişmişik?
Bəlkə bizdə belə adda başqa
içki olub? Olub-olmayıb, bilmirəm,
bildiyim odur ki, sevmirəm bu içkini. Elektronlarımız,
ya da valentlərimiz uyğun gəlmir. Şərab,
viski daha məqbuldu. Bir də ki, insanın
kefini qaldıran hər hansı kimyəvi maddənin qüdrətinə
inanmıram son vaxtlar. Daxili kimya önəmlidi.
Öz
düşüncələrimlə əlləşirəm,
arada masa arxası söhbətlərə də qulaq
asıram, kimin daha çox şeir bilməsi mübahisəsi
də var üstəlik. Görəsən
bizə şeir gəldiyi anlarda daxilimizdə hansı maddələr
daha üsünlükdə olur? Üzvi, ya
qeyri-üzvi? Amma mən bilən, şeir
daha çox fizikadı - Cazibə qanunu. Nizami bunu
Nyutondan neçə əsr əvvəl deyib:
Kainatda hər şey cəzbə
bağlıdır,
Filosoflar bunu eşq
adlandırır.
Kainat və eşq... Bu nəyinsə
açarı ola bilər, Qumral
gözlüm...
Qonaq evinə qayıdanda Vurğun Əyyub
baş ağrısından şikayətçidi, Aqil Abbas
çox rahatdı, İradə Tuncay da daxili monoloqunu söyləyir
hər zamankı kimi... Və hər axşamkı kimi hərə
öz odasına qapanır...
Kainat
və eşq üzərinə gəzişmələr...yaxud
da fikir məktubları...
... Görürəm
ki, çatışmır nəsə romanımda. Qırmızı xətt yoxdu. Hər
romanın qırmızı xəttini cizən isə sevgidi, məhəbbətdi,
eşqdi. Sevgi olmayan romanlar oxunmur.
Müəllif kimi bunu nəzərə almalıyam mütləq...
Bir də ki, "Roman" sözünün özündə
də həmin çalarlar var axı... Amma mənim
romanım da klassik roman anlayışına da uyğun gələcək
konumda deyil. Qəhrəmanlar həddən
artıq real, həddən artıq tanınmış
insanlardı. Açıq-açığına
belə mövzuya konu olmaqdan imtina edəcəklər. Yaşlarını da bəhanə edə bilərlər
- amma bu bəhanə deyil. Bütün
böyük aşqlar 40-dan sonra yaşanır. Bu statistikadı. Həm də
fiziki-kimyəvi hadisədi. Orqanizm və
ruh içindəki həyat eşqini kayb etməmək
üçün böyük Eşq arayışına
çıxır. Hər şeyin ucuz qiymətə
alınıb-satıldığı bir ortamda fizioloji bədənsəl
çapqın ad çıxarmaq bir başqa, ruhsal eşq
yaşamaq bir başqa...
Orhan Pamuk
"Kar" romanında ictimai-siyasi hadisələrin fonunda
Eşqi qabardır. Və roman qazanır
yalnız və yalnız. Aman da, nə təsvirlər
var burda...
""Canım,
Senin neyin var?" KA daha sonrakı
yıllarda bu soruyu soruşundakı yumşaklığı ve
tatlılığı binlerce dafa hatırlayacaqdı. Akılındakı bütün endişeleri,
terkedilme korkusunu gözünün önünden keçirdiyi
en korkunc sahneleri İpeye tek-tek anlatdı. "Aşk
acısından peşinen bu kadar
korkduğuna göre bir kadın sana çok acı
çekdirmiş olmalı". "Bir az acı çekdim,
amma senin bana çektire bileceyin acı şimdiden korkutuyor...
Sana çok fena aşık oldum və acı çekiyorum-
dedi KA." "Bu kadar çabuk alevlenen
aşk aynı hızla söner, korkma- dedi İpek".
İpek yarıkaranlıq koridorun ucundakı nerdivenlerden enib
kayb olana kadar KA onun arkasından bakdı. Kapıyı kapayıb yatağının
kenarına oturur-oturmaz cebinden defteri çıkardı və
temiz sayfaya hemen "Çaresizlikler, Zorluklar" adını
verdiyi bir şiiri yazmağa başladı".
Onun dediklərini təkrar
edəsi deyiləm. Mənim romanımın kəndi
özəllikləri var. Düşün, qız,
düşün... Təxəyyülünü zora sal bir az...
Yəqin yenə xilas budu... Qulaqcıq və musiqi. Texnikanın
yaddaşı və mənim yaddaşım... Noutbukumun
bəmbəyaz çöhrəsinə baxıb da fikirlərimi
bir yerə yığmağa çalışıram. Nə qədər fikir olar, hansı baytlarla
ölçək? İnsan beynindəki faylları,
qovluqları hansı bilgisayarın yaddaşına yükləmək
olar? Dözməz vallah, alışıb yanar... Elə bu baytları, yaddaşları, süni beyinləri
də bizim beynimiz yaradıb da. Eyni vaxtda
bir neçə tapşırıq verəndə yapa bilmir,
çaşıb qalır süni beyin. Amma mənim qulağım
müsiqidə, gözüm göydə alışıb-yanan
ulduzlarda, barmaqlarım klaviaturaların üzərində... Poçtuma baxıram və birdən ağlıma qəribə
bir fikir gəlir. Əgər mən burda, Qarsda bu elektron
vasitələrin yardımından istifadə edə bilirəmsə...
Cəmi 20 il əvvəl kimsənin yuxuda
görə bilməyəcəyi bir vaqeə... Bəlkə 100
il, yox, lap 50 il sonra insanlar o ulduzlardakı
tay-tuşlarına da məktub göndərə biləcəklər...
Kim bilir... Bəlkə fikirlərimizi fayllaşdırıb,
heç bir hərfdən, nöqtə-vergüldən istifadə
etmədən göndərə biləcəyik... Fikrimizdə
tuturuq - bax belə: Filan günəş sisteminin, filan
qalaktikanın, filan planetin filan ölkəsi, filan şəhərində...
Fikir işıqdan sürətlidi - min işıq ili ötədə bir kimsə var... Sənin qəlbinlə göndərdiyin siqnalları
o da qəlbiylə qəbul edəcək. Dəqiq
ünvan - kimsə aldanmayacaq. Neçə ulduz
dumanlığından keçib gedəcək, amma öz
ünvanına varacaq... Fantaziyalarım xoşuma
gəlir - sonra, bəs sonra? Sonra - deyirəm özümə
- Belə olacaq. Fikir məktubu gedəcək...
Belə olsunmu?
- məsələn, yüz il sonra bir
qızcığaz istəklərinin aynasına baxır və
orda kədərli, iztirablı gözləriylə diqqətini
çəkən birini görür. Fikirləri ötürən
düyməyə basmayıb hələ...
Düşünür... Min işiıq ili
ötədə... Min işıq ili, nə
olsun? Barmaqları titrəyə-titrəyə düyməyə
toxunur və həmin an istək aynasında həmin gözləri
görür - danışan gözləri:
- Sən gəldinmi?
- Mən... gəldim.
Məni tanıyırsan?..
- Gözləyirdim səni...
- Gözləyirdin ki, düyməyə
mən toxunum?
- Çox çəkincənəm,
... gülüm...
- Gülüm... Nə
tez?
- İstəmirsən deməyim...
- Yox, de, istəyirəm...
- Gəldin, odam
işıqlandı, isindi...
- Oralar soyuqdu? Sizin dünya Günəşdən
uzaqdı?
- İnsan azdı burda...
- Burda da azdı, neçə
milyard canlı var, insan azdı. Doğub törəyirlər,
artırlar, amma sevə bilmirlər. Məni
hardan tanıyırsan? Səfeh sual oldu... İstək
aynasında görmüşdün?
- Neçə dəfə istəmişəm
düyməyə toxunam...
- Niyə gəlmirdin? Mən də
səni gözləyirdim...
- Sən ... məni? Hardan...
- Mən kim
olduğunu bilmədiyim Səni gözləyirdim... Bu qədər
vaxt... Vaxt... Bizim vaxtımız fərqlidi... Min işıq ili... Sənin yanına gəlməyə
ömrüm çatmaz...
- Vaxt nisbidi... Fərqinə
vardınmı neçə illər keçdi, biz
tanışalı?
- İllər?...
Anlar keçdi...
- Bir aynadan özünə bax -
saçların bəmbəyaz.
- Saçlarım? Mən çox
gəncəm...
- Nə fərqi?
- Səninçin fərqi yoxmu?
- Niyə anlamırsan...
- Anlayıram, hər şeyi
anlayıram... Min işıq ili ötədə...
Və mən burda, istək aynasının
qarşısında yaşlandım... Burda...
- Neyləyək başqa bir şəhərimiz
yox...
- 100 il əvvəl
gəlib bu şeir bizə. Sizin dünyada şeir
oxuyurlarmı? Biz unutduq, amma... Şeirdən
danışaqmı?
- Ağrı, acı, həsrət,
sevda... Nə desəm olmayacaq... Bütün şeirlərdə
nə var ki... Bezdim... Yoruldum... Neynirdin məni...
- Zəhləm gedən
böyük sözlərin
Orbitindən çıxa bilmədim
nəsə
Həsrət - elə
həsrətdi biləcəyin.
Düzünü deyimmi sənə
İçimdəki həsrət
dirəndi
Cocuq anasından bacı-qardaş
İstəyər ha, bax elə
Həsrət ver mənə, dedi.
Təkəm, tənhayam - dedi.
Qırmadım, düyünlədim
Könlümdəki neçə
arzu... ilməni
Yoxsa neynirdim səni?
Düzünü deyimmi sənə
Bir nəğməm vardı -
Əks-sədasın istəyirdim
Heç bitməsin - istəyirdim
Titrək, kövrək səsimə
Qatacaqdın səsini
Yoxsa neynirdim səni?
Köz olub öləziyən,
Qor olub alışmaq istəyən
Sevincim vardı -körükləyəcək,
Külünü
dağıdıb, lap gözlərimi
Acışdıracaq
rüzgarını istəyirdim,
Nəfəsini... Yoxsa
neynirdim səni?
Bu şeir də yüz il əvvəl gəlib bizə...
- Kimindi bu...
- Unutdum...
- Dəli qız, bu dəliliklərin
olmasa, səndən bir şey qalmaz.
- Bəs səndən? Sən dəli deyilsən? Bu ikili
dəlilikdi.
- Mən tez aşiq oluram, gec
unuduram. Özümü tanıyıram, mən də belə
dəliyəm...
- Bu nədi? Ani
çarpma, fırtına, sevgi, eşq?
- Özünü yorma... Sən
sevilməkçin yaranmısan, aşiq ola
bilməzsən...
- Bir romanda oxumuşdum... Qadın
ilk anda olmasa belə, ilk on dəqiqədə bir erkəyin kim olduğunu, ən azından kəndisi
için nə anlama gələbiləcəyini, onu sevib-sevməyəcəyini
dərindən sezər. Bu sezdiyini tam anlayıb bilməsi
üçün bir az vaxt gərəkir. Bu vaxt keçərkən erkəyin yapacağı
fazla bir şey yok.
- Hə, doğru. Romanda
yazılmasa da bilirik bunları... Nə
romandı o?
- Adı "Kar"
idi. Müəllifin unutdum. Yüz il əvvəlki romandı... Mən... gedim?..
- Getməsən olmazmı?
- Gələcəm yenə. Burda səhər
açılır...
- Yenə vaxtı unutdun, neçə-neçə
səhərlər açıldı biz burda olalı...
***
... Yüz il,
min il sonra yaşayacaq qəhrəmanlarımın arasında
yaşananlar məni həyəcanlandırır. Burda dayan, Qumral gözlüm... Yetər,
bu da sənin üçün romanın qırmızı xətti.
Kəndini qapdırma şu
yıldızlara,
burcuna yüksələninə
heç bakmıyorlar.
Sırlarını vermişsin həp
aynalara,
güzəlmişsin
- çirkinmişsin tac takmıyorlar...
... Ulduzlar artıq
görünməz olur. Dan yerini kipriyimlə
qapatdım... Yaxşı ki, şeir var, yaxşı ki,
şairlər var...
Ey ulduzum, biz axı
Arzular çevrəsincə
İzbəiz gediriksə
Üzbəüz gəllik necə?..
(Ardı var)
İRADƏ
TUNCAY
Ədalət.-2011.-26
noyabr.-S.12-13.