Ovqat

  

    (Xronika)

 

   (əvvəli 23 noyabr sayımızda)

 

    Mənim bu fikirlərim heç kəsin xətrinə dəyməsin - bu sözlər eynilə də Qərbi Azərbaycan, Qarabağdan, bir sözlə, qaçın həyatı yaşayanların hamısına aiddir. Vallah, billah oxucuların ürəyinə ümidsizlik toxumu səpmək fikrindən çox-çox uzağam. Amma bütün bunlar faktdır, reallıqdır.

   Vaxtı ilə mən ingilis aktyorunun bir fikrini eşitmişəm. O, deyirdi ki, insanlar özlərini yaxşı tanımırlar, dərk etmirlər. Mən səhnəyə məhz ona görə çıxıram ki, insanları özlərinə yaxşı tanıdım. İngilis aktyorunun fikrinə söykənib onu demək istəyirəm ki, eli-obası işğal altında qalan adamların indiki həyatları çox faciəlidir. Həyat həqiqətlərinin və ədalətin üzünə şax baxmaq keyfiyyətlərini artıq biz bir millət kimi çoxdan itirmişik. Biz həddindən artıq səbirliyik, təmkinliyik. Həddindən artıq səbirli və təmkinli olmaq isə tədricən insanı qırır, onu aciz və müti edir. Coğrafi baxımdan bizi əhatə edən dövlətlərin vətəndaşları, ünsiyyətdə olduğumuz millətlərin heç biri - bədnam ermənilər, gürcülər, farslar, Dağıstan xalqlarından heç kəs bir millət kimi bizə qarşı edilən təhqirlərə dözməz. Amma biz bir millət kimi neçə illərdir ermənilərin bu haqsızlıqlarına, təhqirlərinə dözürük və bütün bunların da, necə deyərlər, sonu, ucu-bucağı görünmür. Biz pulun, var-dövlətin və zorakılığın hakim olduğu bir cəmiyyətdə yaşayırıq. Hazırda bu üç məfhum, anlayış bütün insani dəyərlərdən üstün tutulur. Vətənpərvərlik hissi, işğal edilmiş torpaqlarımızı azad etmək məqsədi, nəhayət Azərbaycanı demokratik dövlətlərin ön sırasında görmək niyyəti - bu cür anlayışlar artıq arxa plana keçib. Biz gələcək nəsillərə hansı insani nümunələri qoyub gedirik? Bir millət kimi biz nəyi təbliğ edirik? Aparıcı ideologiyamız hansılardır? Pulun və zorakılığın hakim mövqedə dayandığı bir zamanda namuslu və vətənpərvər ziyalıların sözü eşidilmir. Şəxsiyyəti və sözü olan ziyalılar isə müxtəlif diplomatik formalarla cəmiyyətdən tədric edilib. Millət və xalq bir qrup hakim, qohumluluq əlaqələri iliklərinə kimi işləmiş aliqarxların məngənəsində sıxılır, ilkinliyini, cəsarət və mənəvi duyğularını itirir. Cəmiyyət onları bir tikə çörək uğrunda çalışan, vurnuxan kütləyə çevirib.

   Bu millətin tarixi keçmişinə nəzər salsaq, əlbəttə, onun sərfəli və fəxr ediləsi dövrləri çox-çoxdur. Azərbaycanlıların cəngavərliyinə, Vətən hissinə, mənəvi zənginliyinə, nəhayət istedadına tarixən çoxları həsəd aparıb. Əlbəttə, o indi düşdüyü nokaut vəziyyətə - torpaq itkisinə, təbiətin ona bol-boluna verdiyi nemətlərin qeyri-bərabər, çöl qanunları ilə bölüşdürülməsinə, nəhayət vətəndaşların böyük əksəriyyətinin fikirlərinin nəzərə alınmaması faktına, inkar edilməsinə - bütün bunlara layiq deyil. Hansı səmtə üz çevirirsən-çevir, dünyada mövcud olan hansı mənəvi, insani qanunlara söykənirsən-söykən, bu xalqın, bu millətin xoşbəxt və şərəflə yaşamağa tam haqqı var.

 

   ***

 

   Səhərdən başlayan yağış, sel-su, soyuq hava, ağır yas məclisi... Bədənim də möhkəm islanmışdı. Əlbəttə, belə bir ovqata, gərginliyə dözmək çətindir. Beynim də uğuldayırdı. Bir az sakitləşmək, rahat olmaq istəyirdim. Belə yağışlı və yağmurlu havada dostlarımı, əzizlərimi axtarmaq mənim lap cavanlıq çağımdan adətimdir. İndinin özündə də bilmirəm ki, niyə məhz çovğunlu və qarlı havalarda dostlarımı axtarıram, onlara qonaq gedirəm. Bu gün də köhnə vərdişlərimə, adətlərimə əməl etdim. Məzuniyyətini Novxanıda, bağ evində keçirən, çoxdan, lap çoxdan dostluq etdiyim, ən adi mətləblər üstündə tez-tez dalaşdığım və az bir müddətdən sonra da barışdığım Filoloq dostuma zəng etdim. Xırda-para sorğu-sualdan sonra, "yasdan çıx gəl bağa, mən də təkəm", dedi. Filoloq dostumun bağ evində qabaqlar da olmuşdum. Şükür Allaha, o, bağa əməlli-başlı əl gəzdirmişdi. Ağac və kolların ətrafına dekorativ güllər əkmişdi. Müasir, xüsusi zövqlə düzəldilmiş toyuq və qaz hini də vardı. Maşallah, nar kollarının ətrafı tər-təmizdir. "Sağ ol, Filoloq qardaş, sənin belə də qabiliyyətin varmış, mən bilməmişəm", - deyə düşündüm.

   - Əlini heç nəyə vurma. İsti çayım var, tök iç. Səninçün təzə çapaq balığı almışam, o da bir azdan qızaracaq.

   Çayı isti-isti içdim. Amma bədənim su içində idi. Heç nə soruşmadan, Filoloq dostumun asılqandan asılmış isti gödəkçəsini əynimə keçirdim.

   O, mənə tərs-tərs baxdı.

   - Qoy yerinə, - dedi. - O gödəkçəni toylara, mən sənin tayın deyiləm, tez-tez iştirak etdiyim ziyafətlərə geyirəm. Sənə belə şeylər yaraşmaz, kəndli adamsan.

   30-40 ildən artıq dostluq etdiyim bu adamın xasiyyətləri, vərdiş və s. keyfiyyətləri mənə yaxşı məlumdur. Onun elə-belə atmacaları, zarafatlarını dəfələrlə eşitmişdim. Onun dediklərinə o qədər də məhəl qoymadan gödəkçəni əynimə geydim, isti çayla yanaşı qızardılmış, közə dönmüş balıq tikələrinin bir neçəsini də qabağıma çəkdim. Mənim gəlişimə görəmi, yoxsa, elə-belə işlərinin yaxşı getdiyindənmi - nə isə Filoloq dostumun keyfi yuxarı idi.

   O, hərdən bir "Əli İsmayılov" adlı bir nəfərin adını çəkir, onun ünvanına bol-boluna xoş sözlər söyləyirdi. Deyəsən, dostum bu adamla uzun müddət bir nazirlikdə işləmişdi. Dostlaşmışdılar, barışmışdılar, xoş və ağır günlərini bir yerdə keçirmişdilər. Maraqlıdır, yadıma düşəndən, dostumun keyfi yuxarı olanda, işləri yağ kimi gedəndə həmişə o, bu adamı xatırlayır, qiyabi olsa da onunla zarafatlaşır, deyib-gülürdü. O, bu məqamlarda xoşbəxtlik zirvəsinə yüksəlir, dincəlir, həyatdan zövq alırdı. Bu adamları bir-birinə nə bağlamışdı, onların hansı insani keyfiyyətləri qaynaq edilmişdi, - bilmirəm.

   Səhərdən bəri canıma hopan soyuqluq, buz da yavaş-yavaş əriyib gedirdi. 

   Hər şeyin belə yönünə düşdüyü, canımın isindiyi bir məqamda o, özünəxas, ağayanalıq və ürək genişliyi ilə soruşdu:

   - Sənin bir dostun var, - Namazov. Çöçəlini deyirəm, o, necədir? Heç görüb eləyirsən?

   Onun nəyə işarə etdiyini yaxşı bilirdim. Odur ki, dərhal dedim:

   - Namazovla işin olmasın.

   - Sən mənim canım, deyirlər, Məhərrəmlik vaxtı, sən "Banu-Çiçək" şadlıq sarayına zəng etmisən Namazovu soruşmusan, telefon dəstəyinin o biri başında olan onun əmisi oğlu sənə cavab verib? O əhvalatı mənə danış, xahiş edirəm.

   - Bu sənə aid deyil, bu Namazovla mənə aiddir.

   - Xahiş edirəm, danış yoxsa bu soyuq havada, canım üçün, səni qovaram, gedib qalarsan Binəqədi yollarında, soyuqdan ölərsən.

   - Vallah, heç . Elə birbaşa dedi ki, bəs sən bilmirsən ki, Namazov Məhərrəmlik vaxtı buralarda olmur.

   Filoloq dostum qırsaqqız olub asılmışdı yaxamdan  

   - Bəs sən ona dedin?

   Dəfələrlə söylədiyim cavabı yenidən təkrarladım. Dedim ki, bu ölkədə iki ağıllı adam var - telefonda pauza yarandı. Handan-hana dedi: 

   - Kimdi onlar?

   Dedim, biri sənsən, o biri sənin əmin oğlu Namazovdu. Yekə kişisən, adama əməlli-başlı cavab ver .

   Bu sözləri dedim dərhal da telefon dəstəyini kənara atdım.

 

   ***

 

   Qızardılmış balıq, isti çay öz işini görmüşdü, bədənim əməlli-başlı isinmişdi. Əslən Borçalı mahalından olan Filoloq dostum da öz aləmindəydi. Ağlına gələn, ürəyinə yatan aşıq havalarını zümzümə edirdi. Sonra da vallah, billah mənim eşitmədiyim, bilmədiyim bir dolaşıq, heç kəsin baş açmadığı dildə isə qırıldadırdı. Dini, məzhəbi heç kəsə məlum olmayan sözləri qırıq-qırıq , parça-parça söyləyirdi. Lap çox dillər bilən adamı - mütəxəssisi, linqivisti gətirsəydinsə o, bu əcaib-qəraib kəlmələrdən baş çıxaran deyildi. Hərdən bir heç bir səbəb olmadan qışqırırdı, oxuyurdu, o dünyaya hazırlaşan professorlar kimi, eynəyini gözünə taxırdı, kitabların üstünə sancılırdı.

   - Dilimizin tarixi, keçdiyi inkişaf yolları haqda maraqlı məqalə üzərində işləyirəm.

   Onu əsəbiləşdirmək, cırnatma üçün qəsdən dedim:

   - Kimdi sənin yazılarını oxuyan, akademik dillə yazırsan, yazdıqlarını da özündən başqa heç kəs anlamır. Üstəlik indi heç kəs, heç kəsin kitabını oxumur.

   - Yarımçıq publisist, sən belə şeyləri bilməzsən.

 

   ***

 

   Ağlı-qaralı bir gün yaşayırdım. Qəm-kədər, ziddiyyətlərlə dolu bir gün. Dostluq, yoldaşlıq etdiyim bu illər ərzində alim qardaşımı heç vaxt bu cür şən, deyib-gülən görməmişdim. Bəlkə də bu ondan irəli gəlirdi ki, o hələ də özünü nazir müavini kimi hiss edirdi, vəzifədə olduğu, işlədiyi uzun müddət ərzində qazandığı pulların, bərli-bəzəkli kabinetin istisi, qızdırması canından çıxmamışdı. Daxilən bir fərd kimi o bu havadan uzaqlaşmamışdı. Əslində pulun və vəzifənin qızdırması yaman olur. Hər adam bu xəstəliyə dözə bilmir. Bir dost, həmkar kimi məni ən çox sevindirən, sakitləşdirən o idi ki, şükür Allaha, o bu xəstəliklərə tutulmamışdı. Heç elə bil onun həyatında bu mərhələlər olmamışdı.

 

   ***

 

   Nə isə... köhnə dostum bu gün mənə bir çimdik, bir ovuc sevinc bəxş etmişdi. Həyətindəki ev qazlarının səsi, qaqqıltıları da onun gur səsinə qarışmışdı. Heyva ağaclarının üstündə heyvalar saralmışdı, narların üstündə isə iri-iri narlar qızarmışdı. Bax belə, onun səliqə-sahmanlı həyətindən ürəyimə hopan xoş bir ovqatla da şəhərə yollandım.

 

 

   Nemət VEYSƏLLİ,

   Azərbaycan Dövlət Rəssamlıq

   Akademiyası, redaktor

 

   Ədalət.-2011.-26 noyabr.-S.17.