ALLAHI
QATİL EDƏNLƏR (VIII hissə)
Roman
(Əvvəli qəzetimizin 19 noyabr
sayında)
Əsgər:
- Mən birinci dəfədi belə
şey eşidirəm. Akademik, deyəsən gopa
basırsan, axı?
- Sən görmürsən ki, mənim
sifətim də qurd sifətinə oxşayır.
- Yaxşı, Akademik, mənim
növbəm bitir. Çalış bu gecə
yatma.
- Niyə?
- Bir sözdü də, dedim!
Bir azdan növbətçi
dəyişdi. Gecə yarısı
qapının açarı şaqqıldadı. Akademik yatmamışdı, qalxdı ayağa,
içəri üç əsgər girdi.
***
Yenə qovluğu
qapadı. Tağım
yoldaşlarının dedikləri ilə qovluqda
toplanmış sənədlərdəki ifadələrin bu qədər
fərqlənməsi, Polkovnikin belə bir dəhşətli
faciəyə həddindən artıq soyuqqanlı
yanaşması, yuxarıların ondan işi tezliklə
bağlayıb geri qayıtmasını tələb etməsi,
Qərargah Rəisinin söhbətləri.
... Yox, bu əsgər
heç bir səbəb olmadan boşuna belə bir cinayətə
əl ata bilməzdi.
Yenidən
tağım yoldaşlarını və bütün şahidləri
dindirmək qərarına gəldi.
Qərargah Rəisinin
dediyi kimi elə bil bütün şahidlər bir-birinin
ağzına tüpürmüşdülər.
- Mən postdan qayıdıb
silahı təhvil verdim. Akademik isə silah təhvil
götürüb posta gedirdi. Birdən
bayırda atəş səsləri eşidildi. Dərhal çölə qaçdım. Qapının ağzında Batalyon Komandiri ilə
üç əsgər qanın içindəydilər.
Akademikin gözləri hədəqəsindən
çıxmışdı. Bir də onu gördüm
ki, avtomatı sinəsinə dayayıb atdı...
- Mən postdan
qayıdırdım, Batalyon Komandiri ilə üç əsgər
dayanmışdı. Akademik əlində silah
çıxdı, gördüm ki, qəflətən
onları gülləyə tutdu, sonra da...
- Bir də gördüm ki...
- ...Uşaqları öldürəndən sonra
özünü vurdu.
O şahidlərə nə qədər
məntiqi suallar verib bircə kəlmə artıq söz
qoparmaq istəsə də, bu tutuquşular elə əzbərlədiklərini
təkrarlayırdılar. Çoxillik təcrübəsindən
bilirdi ki, yalnız öyrədilmiş yalançı
şahidlər ifadələrini belə əzbərləyirlər.
- Bəs Akademikin
döyülməsi, özü də bir neçə dəfə
döyülüb, bu haqda nə deyə bilərsiz?
- Nə vaxt döyüblər? Eşitməmişəm.
- Bəs xəstəxanaya niyə
düşmüşdü.
-...Hə, onu deyirsiz,
təlim vaxtı kəndirlə dırmaşanda yıxılmışdı,
başı-gözü yaralanmışdı.
- ...Böyük hərbi
hissədi. Düzdü hərdən dava
düşür. Amma Akademikin
döyüldüyünü eşitməmişəm.
- ...Vallah, nə
bilim, qabağından yeməyən oğlan idi, bəlkə
dalaşıb, amma mənim xəbərim yoxdu.
Müstəntiq:
- Hadisədən üç
gün əvvəl onu döyüblərmiş, təhqir ediblərmiş,
özü də öldürdüyü əsgərlər, bu
düzdü?
- ...Mən postda
olmuşam, eşitməmişəm.
- Bu boyda hadisəni eşitməmisən?
- Yoldaş müstəntiq, siz məni
istintaq edirsiz? Deyirəm eşitməmişəm də!
- Qulaq as əsgər, indi bu cinayətin
üstü açılmasa, cinayətkarlar cəzasını
almasa, sabah bu faciə sənin də
başına gələ bilər axı.
- Yoldaş müstəntiq, elə
ona görə də deyirəm ki, eşitməmişəm də.
Əmrimə cəmi üç ay qalıb.
- Elə bu hadisədən əvvəl
özünü güllələyən əsgərin də əmrinə
otuz bir gün qalmışdı.
Əsgər əlini atıb stolun
üstəki maqnitafonu söndürdü
- İndi nə istəyrsiz?! İstəyirsiz ki, tualetdə məni də
özümü asmış halda tapsınlar? Ya da
özümü vurum ki, sevdiyim qız başqasına
nişanlanıb?!
Müstəntiq:
- Sən gəl həqiqəti de!
- Akademik də həqiqəti
deyirdi.
- Deməli, Akademikin silaha əl
atmasının səbəbləri vardı?
- Müstəntiqsiz də,
araşdırın, tapın.
- Axı nə sən, nə də
sənin yoldaşların həqiqəti demirsə, mən həqiqəti
necə ortaya çıxarım?
- Dedim də, müstəntiq sizsiz,
mən deyiləm ki!
Müstəntiq:
- Döyüş meydanında
yoldaşlarını qoyub qaçan əsgərə nə
deyirlər?
- Rəsmi dildə fərari, loru
dildə desək, qeyrətsiz.
- Bəs indi sənin hərəkətinə
nə ad vermək olar?
Əsgər tutuldu, sonra stolun
üstəki siqaretə baxdı:
- Yoldaş müstəntiq, olar
siqaretinizdən birini götürüm?
Müstəntiq siqareti ona tərəf
itələdi:
- Buyur.
Əsgər bir siqaret
yandırdı və tüstünü elə acgözlüklə
sinəsinə çəkdi ki, sanki sonuncu siqareti çəkirdi:
- Yoldaş müstəntiq, mən
nə fərariyəm, nə də qeyrətsiz. O biri
yoldaşlarımız da mənim kimi. Amma bizim
dediklərimiz nə dəyişəcək ki?! O əsgərlərin
də niyə intihar etdiyini, hamı, işi aparan müstəntiqlər
də bilirdi, nə dəyişdi ki, indi də nə dəyişə?!
Ölənlər diriləcək ki?!
Əsgər kövrəldi,
Müstəntiq hiss elədi ki, istədiyinə nail olub:
- Ölənlər dirilməyəcək,
amma onların ölümünə səbəb olanlar cəzalarını
alacaq. Gərək onlar cəzalansınlar ki, bir
də belə hadisələr baş verməsin,
analarımız ağlamasın. De
görüm ifadə verməyə hazırsan?
Əsgər siqareti külqabına
basıb söndürdü, özünü düzəltdi, əlini
bir saçına çəkdi:
- Hazıram! - dedi və özu
stolun üstəki maqnitafonun düyməsini basdı.
***
Eyvanda nə oturmaq
mümkün idi, nə də Allahın bir stəkan
çayını içmək, qızın gözləri
ilişib qalırdı qəbiristanlıqda hələ
torpağı qurumamış məzarda.
Çayın ikiyə
böldüyü kəndin düz ortasında
salınmış qəbiristanlıq və bu qəbiristanlıqdakı
o məzar eyvandan əl içi kimi görünürdü.
Məzarı düz onların
eyvanının qənşərində qazanda anası gileylənmişdi:
- Bu uşağı niyə gətirib
bizim gözümüzün qabağında basdırdılar?
Əslində bizim
deyəndə, qızını nəzərdə tuturdu.
Bunu
xanımının sözlərindən sonra
qızının hər an məzarı görərkən
hansı hissləri keçirdiyini ata da yaşadı və
eyvandakı stolu yendirdi həyətdəki ağacların
birinin altına.
Elə ki, anası gecə duyuq
düşürdü ki, qız eyvana çıxıb,
azacıq gözləyib sakitcə çıxırdı
bayıra və heç nə olmamış kimi:
- Qızım, burda niyə durmusan?
- Heç, havamı dəyişirəm.
- Gəl yat, bala, soyuq olar.
Tam əmin olanda ki,
atası da, anası da möhkəm yatıb düşərdi
qəbiristanlığa.
Qapıdan çıxanda həmişəki
kimi yenə çevrilib bir neçə anlıq divardan
asılmış tüfəngə baxdı...
Özündən
asılı olmayaraq hər dəfə də çıxanda
divardan asılmış tüfəngə baxırdı.
Ona elə gəlirdi ki, tüfəng də ona baxır...Evdə
heç kim olmayanda hərdən tüfəngi
götürür, silib təmizləyirdi. Sonra
yerindən asırdı...Tüfəng də yavaş-yavaş
ona isnişirdi.
Qəbirstanlığın halva
iyinə oxşar özünəməxsus qəribə bir havası
və bu havanın da çox qəribə bir
ağırlığı var. Qəbiristanlığa ayaq basan
kimi də havanın bu ağırlığını
çiynində hiss edirsən, elə bil səni əzir.
Gecələr bu daha
vahiməli olur. Sanki ölülər
yatdıqları yerdən qalxıb səni yaxalayacaqlar və
özləri ilə götürüb aparacaqlar hələ
heç kəsin qayıtmadığı zülmətə.
İnsan
atasının, anasının, əzizlərinin uyuduğu bir
məkandan niyə bu qədər qorxub ürpənirdi, bunu
heç nəinki filosoflar, heç şairlər də
aça bilmirdilər.
O da ən doğma, ən əziz,
ona şahdamarındakı Tanrıdan da yaxın olan bir insan bu
qəbirstanlıqda torpağa tapşırılanadək burdan
keçəndə qorxardı, nəinki gecələr bu tərəflərdən
keçməyə ürək eləməzdi, hətta eyvana
çıxanda çalışardı ki, o səmtə
baxmasın.
Amma indi gecələr
ata-anasından oğurlanıb bu məzarların arasından
keçib həsrətlə gözlədiyi məktubları
poçtdan götürməyə gedəndə necə
ürəyi çırpınırdısa, eləcə
ürəyi çırpına-çırpına gedirdi onun
üçün pirə çevrilmiş bu qəbrin
üstünə, heç ürpənib eləmirdi də.
Bir obada doğulsalar, bir məktəbdə
oxusalar da, az qala hər gün məktublaşsalar
da heç vaxt indiki qədər yaxın
olmamışdılar, indiki qədər doyunca söhbət eləməmişdilər,
sevişməmişdilər. Kənd yeriydi,
özü də qeybətdən ötəri ölən bir kənd
yeri, bircə dəfə xəlvətcə
görüşüb dərdləşsəydilər nəinki
arvadların, heç arvad yosun kişilərin də
ağzını bağlamaq olmazdı. Ürəklərindən
keçənləri gizlin baxışlarla, bir də məktubla
bir-birlərinə çatdıra bilirdilər.
Bəlkə də
internet əsri başlayandan nəhəngliyini itirib nənəsinin
ona cehizlik xalça toxuduğu yumaqlardan birinə
çevrilmiş bu bapbalaca dünyada yeganə adamlar idilər
ki, məktublaşırdılar. Cib telefonları,
bilgisayarlar çıxandan sonra heç kim,
heç kimə məktub yazmırdı.
Hərə
qoyundan-keçidən satıb cibində bir telefon gəzdirəndən
day kənddə heç poçtalyon da yox idi. Nə qəzet-jurnal
abunəçisi vardı, nə məktublaşan,
poçtalyon nəyə lazım idi ki!
Məktəbdə Süleyman
Rüstəmin "Ana və poçtalyon" şerini
keçəndə uşaqlar müəllimdən
soruşmuşdu:
- Müəllim, poçtalyon nədi?
Prezidentin
tapşırığı ilə cəbhə bölgələrində
yerləşən kəndlərdə yeni, ən müasir
poçt-telefon qovşaqlarının tikintilərinə
başlayanda Rabitə Naziri şəxsən özü gəlmişdi
kəndə, yanında da icra başçısı, rəis,
prokuror.
Kənd eyni vaxtda birdən-birə
bu qədər hörmətli, vəzifəli şəxs
görməmişdi. Yeni poçt və
ATS-in təməlini qoymuşdular. Forsu göz
çıxardan, prezident olma yan yerdə az
qala özünü prezident kimi aparan nazir də bir bəlağətli
çıxış eləmişdi.
Məktəbin direktoru da söz
alıb demişdi:
- Yoldaş nazir, bu qədər pulu
niyə çölə tökürsüz, hərənin
cibində bir telefon var, ondansa o pula bu məktəbi təmir eləyin.
Bir də görəcəklər biz müəllimlər
cəhənnəm, uçdu uşaqların başına.
İcra
başçısı da ona necə gözünü
ağartmışdısa, direktor bir həftə sonra ərizə
yazıb vəzifədən çıxmışdı.
Rabitə Naziri də pərt
olmamışdı, zarafata salmışdı:
- Mənim vəzifəm poçt
tikməkdi. Qoy sizin nazir də gəlib məktəb
tiksin.
İndi kənddə
adama gəl-gəl deyən yaraşıqlı bir poçt
vardı, orda da bir qız oturub işıq pulu, qaz pulu
yığırdı, bir də Rusiyadan göndərilən
pulları gedib ondan alırdılar. Əvvəllər
pensiyanı da ondan alardılar, bir-iki manat da xeyri olardı.
Sonra keçdilər karta. İndi
pensiyaçılar o qıza verdiklərindən
üç-dörd dəfə çox avtobus
sürücülərinə verib gedirlər otuz-otuz beş kilometrlikdəki şəhərdəki
bankomata və çox vaxt da əliboş, söyə-söyə
qayıdırlar.
O da məktubun
olub-olmadığını poçtdan xəbər tuturdu.
Sonuncu məktubu da
hadisədən bir həftə əvvəl məktəb
direktorunun başını yemiş bu poçtdan
götürmüşdü. Və bəlkə
də yüz dəfə oxumuşdu. Hər
dəfə məktubu oxuyanda elə bilirdi üzbəüz
oturub söhbət edirlər.
Özünün yazdığı
sonuncu məktubu isə göndərməyə macal
tapmamışdı, daha doğrusu ANS-in axşam doqquzdakı
xəbərlərdən birinin bu kənddə bomba
partlaması məktubun sabah göndərilməsinə
mane olmuşdu.
Və belə xəlvəti gecələrin birində
də həmin sonuncu məktubu qəbrin üstə
oxumuşdu. Təbii ki, məzardan heç
bir cavab gəlməmişdi. Və bilirdi
ki, heç vaxt da bu sonuncu məktubuna cavab almayacaq. Cavab
gözləməsə də oxuyub ürəyini
boşaldırdı və bir az
yüngülləşirdi.
(Ardı növbəti şənbə sayımızda)
AQİL
ABBAS
Ədalət.-2011.-26 noyabr.-S.5.