Dünya
şöhrətli alimin yubileyi doğma yurdu Ağdamda qeyd
edilmişdir
AĞDAMLI
ZİYALILARIN ÜSTÜNDƏN SİYASƏT YAPMAYIN
Ötən şənbə
günü Ağdamda görkəmli elm xadimi, dünya
şöhrətli alim, akademik Ədilə Namazovanın 85
illik yubileyi təntənəli şəkildə qeyd edildi. Yubiley
tədbirində millət vəkilləri, elm və incəsənət
xadimləri, rayon ictimaiyyəti iştirak edirdi.
Möhtərəm prezidentimiz
İlham Əliyevin bu regiona səfərləri istisna olmaqla
Ağdam camaatı çoxdandı belə bayram əhval-ruhiyyəsi
yaşamamışdı.
Ağdamlılar fəxr etdikləri
bu görkəmli alimlə görüşməyə, kəlmə
kəsməyə, bəziləri isə hətta əlini
öpməyə can atırdı.
Ağdamda doğulan və həkim
kimi əmək fəaliyyətinə də Ağdamda
başlayan Ədilə xanım bu günədək çox
yubileylər görüb, hara gedibsə sevinclə
qarşılanıb. Amma həmin gün Ədilə
xanımın həyatında başqa bir gün idi. Həmin
gün Ədilə xanım doğma el-obasında,
doğmalarının arasında idi.
Əvvəlcə Şəhidlər
Xiyabanını ziyarət etdi, Bayraq Meydanına qalxıb ordan
əl içi kimi görünən doğma şəhərə
həsrət və kədərlə baxdı, gözləri
doldu.
Biz bu yazıda həmin yubiley
haqqında geniş yazmaq fikrində deyilik, mətbuatda bu barədə
çox yazılıb. Bir məsələyə
aydınlıq gətirmək istəyirik.
Çox təəssüf ki,
müxalif qəzetlər Ədilə xanımın Ağdamda
keçirilən yubileyini siyasiləşdirməyə
çalışırlar. Belə təsəvvür yaratmaq
istəyirlər ki, guya bu yubiley Ağdamın yetirməsi olan
görkəmli alim, son günlərdə gündəmdən
düşməyən akademik Rafiq Əliyevin
acığına keçirilib. Bu bir torpaqda doğulan iki məşhur
ziyalını üz-üzə qoymaq, həm respublika ictimaiyyətini,
həm də Ağdam ictimaiyyətini çaşdırmaq cəhdindən
başqa bir şey deyil.
İstinad etdikləri nöqtə
də odur ki, Ədilə xanım sentyabr ayında
doğulduğu halda yubiley niyə noyabrda keçirilir. Yubileylərin
müxtəlif vaxtlarda keçirilməsinin dəfələrlə
şahidi olmuşuq. Amma Ədilə xanımın yubileyinin
Ağdamda sentyabrda yox, noyabrda keçirilməsi bununla
bağlı deyil. Tam başqa, özü də obyektiv səbəbi
var.
Rayon İcra Hakimiyyəti və
rayon ictimaiyyəti çoxdan bu yubileyə
hazırlaşırdı. Sadəcə olaraq yubileyi keçirmək
üçün rayonda normal bir yer, bir klub yox idi
Quzanlıdakı Mədəniyyət
evi isə təmirdəydi. Möhtərəm prezidentimiz
Ağdama səfər edərkən Mədəniyyət evinin
yarıtmaz vəziyyətdə olduğunu görüb əsaslı
təmir üçün Mədəniyyət və Turizm
Nazirliyinə göstəriş vermişdi.
Və dərhal əsaslı təmirə
başlanmışdı.
Ədilə xanımın
yubileyinin keçirilməsi müzakirə olunanda belə qərara
gəlindi ki, yubileyin layiqli keçirilməsi
üçün Mədəniyyət evinin təmirinin başa
çatması gözlənilsin.
Mədəniyyət evinin təmiri
də bu günlərdə başa çatdı və ilk dəfə
də qapılarını Ədilə xanımın yubiley tədbirinə
gələnlərin üzünə açdı.
Yubileyin sentyabrda deyil, noyabrda
keçirilməsi yalnız və yalnız bununla
bağlıdır. Buna nə isə başqa bir rəng vermək,
bunun üstündən siyasət yapmaq
yanlışlıqdır və bir daha qeyd edirik, ictimaiyyəti
çaşdırmaqdır.
Rayon icra hakimiyyəti Ağdamdan
olan körkəmli şəxslərlə görüşlər
keçirmək, yubileylərini təşkil etmək
haqqında bir tədbirlər planı hazırlayıb.
Yaxın zamanda aramızdan vaxtsız getmiş görkəmli
şairimiz Şahmar Əkbərzadənin də 70 illik
yubileyinin keçirilməsi planlaşdırılır.
Noyabrın 19-da dünya
şöhrətli alim, Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü və Rusiya Tibb Elmləri
Akademiyasının müxbir üzvü, əməkdar elm
xadimi, Dövlət mükafatı laureatı Ədilə
Namazovanın 85 illik yubileyi Ağdam rayonunda böyük təntənə
ilə qeyd edilmişdir. Təkcə yubilyarın deyil, tədbirin
keçirildiyi Quzanlı qəsəbə mədəniyyət
evinə toplaşanların hamısının üzündən
əvvəldən axıradək təbəssüm əskik
olmadı. Bu da səbəbsiz deyil.
Ədilə xanım ömrü
boyu insanlara xoş əhval-ruhiyyə, sevinc bəxş
etmiş, eyni zamanda gərgin əməyi, fədakar
axtarışları sayəsində Azərbaycan elminə
misilsiz töhfələr vermişdir. O, tibb elminə gətirdiyi
yeniliklərlə təkcə Azərbaycanda deyil,
dünyanın çox ölkələrində tanınan
görkəmli alimdir.
Ədilə Namazova 1926-cı ilin
sentyabrın 9-da gözəl Qarabağın dilbər guşəsi
olan Ağdam rayonunun Seyidli kəndində dünyaya göz
açıb. 1944-cü ildə orta məktəbi əla qiymətlərlə
bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olub. Ali təhsilini
başa vurduqdan sonra bir müddət Ağdam rayonunda həkim
işləyib. 1954-cü ildə aspiranturaya daxil olub. Moskvada
dünya pediatriya elminin patriarxı məşhur akademik
G.N.Speranskinin klinikasında alim kimi formalaşıb, namizədlik
dissertasiyasını müdafiə edib.
1965-ci ildə I Moskva Tibb
İnstitutunda "Uşaqlarda ürək arakəsməsinin
anadangəlmə qüsurlarının klinik xüsusiyyətləri,
diaqnostikası, çərrahi əməliyyata göstəriş
proqnozu" mövzusunda doktorluq dissertasiyasını müdafiə
edib. O, pediatriya üzrə tibb elmləri doktoru olan ilk azərbaycanlı
qadındır. Bu illər ərzində ona Dövlət
İxtira Komitəsindən 5 ixtiranın şəhadətnaməsi
verilib.
Ə.Namazova ilk dəfə olaraq Azərbaycanda
pediatriya elmi məktəbini yaradıb. Onun rəhbərliyi ilə
70-ə qədər namizədlik və doktorluq
dissertasiyaları müdafiə olunub. Elmi yenilikləri və
nailiyyətləri görkəmli alimi tez bir zamanda dünya
miqyasında tanıdıb. O, bir çox xarici ölkələrdə
(Yaponiya, ABŞ, Fransa, İngiltərə, İtaliya, Hindistan,
Argentina, Avstriya, Finlandiya, Belçika və s.) keçirilən
ümumdünya konqreslərində ölkəmizi ləyaqətlə
təmsil edib, maraqlı məruzələrlə
yaratdığı elmi məktəbin fəaliyyət istiqamətlərini
dünya pediatrlarının müzakirəsinə
çıxarıb.
1971-ci ildə təbabətdə aktual
elmi problemlərin araşdırılmasına, mühüm
elmi nailiyyətlərə, yüksək ixtisaslı alimlərin
hazırlanmasına görə Ədilə Namazova
keçmiş SSRİ, 1992-ci ildə isə Rusiya Tibb Elmləri
Akademiyasına üzv seçilib. Bu, ilk və yeganə azərbaycanlı
qadın idi ki, belə yüksək elmi ada layiq
görülmüşdür.
Akademik Ə.Namazova dünyada ilk dəfə
olaraq hipertoniya və hopotoniya xəstəliyinin uşaq
yaşlarından başlanmasını sübut edib.
Ömrünün 85-ci ilini
yaşayan Ədilə xanım Namazova nəinki dünyaya
göz açdığı Ağdamın, cənnət
misallı Qarabağın, bütöv Azərbaycanın, eləcə
də bütün Türk dünyasının qürur yerinə,
şöhrət timsalına çevrilib. Türk
dünyasının böyük oğlu Ümumdünya
Pediatrlar Cəmiyyətinin sədri Ehsan Doğramacı
Bakıda olarkən demişdir. "Türk dünyası
pediatrları içərisində Ədilə xanım və
mən bacı - qardaşıq. O mənim pediatr bacım, mən
isə onun pediatr qardaşıyam".
Dünya şöhrətli alim,
nüfuzlu ictimai-siyasi xadim, qayğıkeş həkim, mehriban
və son dərəcə səmimi insan olan Ədilə
xanım halal zəhməti, yuxusuz gecələri, səmərəli
elmi axtarışları hesabına elmin zirvəsinə
yüksələ bilmiş, Türk dünyasının
sayılıb-seçilən qadınları sırasında
şərəfli yer tutmuşdur.
1949-cu ildə Azərbaycan Dövlət
Tibb İnstitutunu əla qiymətlərlə bitirən Ədilə
Namazova onun üçün müqəddəs olan bu təhsil
ocağından ayrılmamışdır. O, hazırda burada I
Uşaq xəstəlikləri kafedrasının müdiridir.
Görkəmli alimin əsas tədqiqat sahəsi uşaqlarda
revmatizm və ürək-damar xəstəliklərinin öyrənilməsi
və müalicəsidir. Ədilə xanım Namazova 300 elmi əsərin,
8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir.
İstedadlı həkimin ictimai-siyasi fəaliyyət dairəsi
də kifayət qədər genişdir. Qırx dörd ildir
ki, Azərbaycan Pediatrlar Cəmiyyətinə sədrlik edir. Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət
Heyətinin üzvü, Türkdilli Ölkələrin
Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir.
On birinci
çağırış SSRİ Ali Sovetinin deputatı olarkən
Ədilə xanım Namazova keçmiş sovet dövlətinin
azərbaycanlı deputatlarından biri kimi erməni millətçilərinin
Qarabağla bağlı əsassız ərazi
iddialarının ifşa edilməsində qətiyyətlilik
göstərmişdir. Başqa nə cür ola bilərdi? Onun
doğulduğu Seyidli kəndi, Ağdam rayonu ərazisinin
dördə üç hissəsi ermənilər tərəfindən
işğal edilmişdir. Qarabağda kəndlərin, şəhərlərin,
xarabazara çevrildiyi bir məqamda o, susa bilərdimi? O,
sonradan da mötəbər beynəlxalq tribunalardan ermənilərin
işğalçılıq siyasəti törətdiyi faciələr
barədə çox danışıb.
Macal tapıb doğma Qarabağa gələndə,
dost-tanışların, qohum-əqrəbanın əhatəsinə
düşəndə Ədilə xanımın ruhu təzələnir,
yaşamaq eşqi güclənir. Yaşamaq istəyir ki,
işğal altında olan doğma yurd yerlərini, əzizlərinin
qəbirlərini ziyarət etsin. Vaxt olanda qohum-əqrəbanın,
dost-tanışın xeyir-şərində iştirak
edir.
Bu dəfə həmyerliləri,
özləri onu Ağdama dəvət etmişdilər. Dəvət
etmişdilər ki, dünyalar qədər sevdikləri,
ömrü minlərlə insanlara həyat verən bu
müdrik insana, qayğıkeş həkimə hörmət və
ehtiramlarını bildirsinlər. Ürəyi millətinə,
müstəqil dövlətimizin gələcəyi olan
uşaqlara doğma ana nəvazişi ilə xidmət etmək
eşqi ilə döyünən mehriban bir ananın 85
yaşını birlikdə, üz-üzə, göz-gözə
qeyd etsinlər.
Bu dəvəti yüksək qiymətləndirən
Ədilə Namazova doğma yurduna böyük həvəslə
gəlmişdi. Onunla görüşə gələnlər
çox idi. Ziyalılardan tutmuş yaxın-uzaq kəndlərin
sadə sakinlərinə kimi hamının qəlbində Ədilə
xanıma ünvanlanmış səmimi arzular vardı.
Doğma yurda qədəm qoyan Ədilə
xanım əvvəlcə qonaqlarla birlikdə ulu öndər
Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzində
ucalan əzəmətli abidəsini ziyarət etdi, heykəlinin
önünə tər qızıl güllər qoydu. Bayraq
meydanında yüksək zövqlə görülmüş
abadlaq-quruculuq işlərini qürurla seyr edən Ədilə
xanım Namazova Qarabağ savaşında şəhid olmuş
qəhrəman oğulların şərəfinə inşa
edilmiş xatirə kompleksinin önünə də
qızıl güllər qoydu.
...Yenicə əsaslı təmir
edilmiş Quzanlı mədəniyyət evinin
yaraşıqlı salonunda bir yer belə boş deyildi. Nəinki
salon, mədəniyyət evinin həyəti də adamlarla dolu
idi. Bu insanlar Ədilə xanımla görüşə
ürəklərində ona sonsuz istək və məhəbbətlə
gəlmişdilər. Ədilə xanım isə kövrəldiyini,
həyəcanlandığını istəsə də, gizlədə
bilmirdi.
Yubilyar səhnəyə
"Qarabağ şikəstəsi"nin sədaları
altında daxil oldu. Sürəkli, hərarətli
alqışlar salonu titrədirdi. Yubiley gecəsinin aparıcısı
Fəxrəddin Hacıbəyli Ədilə xanım
Namazovanın keçdiyi şərəfli ömür yolundan
söz açdı. Sonra səmimi təbriklər, şirin,
ecazkar Qarabağ musiqisinin xoş təranələri bir-birini əvəz
etdi.
Bütün şüurlu həyatını
tibb elminin inkişafına, insanların sağlamlığı
uğrunda mübarizəyə sərf edən Ədilə
xanımın əməyi layiqincə qiymətləndirilib. Görkəmli
alimin sinəsini "Şöhrət" və "Şərəf"
ordenləri bəzəyir. Yubiley gecəsində
çıxış edən millət vəkilləri Bəxtiyar
Sadıqov, Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin
katibi Rəşad Məcid, Ağdam Mərkəzi Rayon Xəstəxanasının
baş həkimi Gülnar Abbasova, akademik Natiq Cavadov, əməkdar
artist Tofiq Qarayev və başqaları çıxış edərək
Ə. Namazovanın mənalı ömür yolundan, tibb elminə
verdiyi töhfələrdən danışdılar.
Ədilə xanımın
çıxışı dəfələrlə
alqışlandı. Dedi ki, Ağdam torpağına qədəm
qoyanda dayandım, mənim üçün hər şeydən
əziz olan bu müqəddəs torpağa baş əydim. Biz
xoşbəxtik ki, belə gözəl bir ölkədə
yaşayırıq. Azərbaycan Prezidenti İlham Əliyevin
qayğı və diqqətindən hər bir ölkə vətəndaşına
pay çatır. Əməyimə verilən yüksək
qiymət üçün dövlət
başçısına minnətdaram. Bu, tək mənə
yox, bütün ölkə ziyalılarına verilən qiymətdir.
Həyatda çox şeyə nail olmuşam. İndi bir arzum
var. Qüdrətli Prezidentin uğurlu siyasəti ilə tezliklə
Ağdamı, Qarabağı azad görmək istəyirəm.
Bu arzunun ən yaxın zamanda gerçəkləşəcəyinə
çox inanıram.
Yubileyə ev sahibliyi edən
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı
Nizami Sadıqov Ədilə xanıma xoş arzularını
çatdırdı. Əmin olduğunu bildirdi ki, həmişə
dövlətinə, Prezidentinə sədaqətli olan
ağdamlılar belə möhtəşəm tədbirləri
doğma yurdda, bu gün həsrətini çəkdiyimiz
Ağdamda keçirmək arzusundadırlar.
Yubiley tədbirində Ə.Namazovanın
həyat və fəaliyyətini əks etdirən
videoçarx nümayiş etdirildi.
Tədbirdə Ağdam Musiqi Kolleci
tələbələrindən ibarət xor kollektivinin və məktəblilərin
ifasında videoçarxlar göstərildi. Əməkdar
artistlər Təyyar Bayramov və Cabir Abdullayevin, rayonun
"Şur" ansamblının ifasında səslənən
mahnılar tədbir iştirakçılarında xoş ovqat
yaratdı.
Sonda Ə.Namazova yubiley mərasiminin
təşkilatçılarına minnətdarlığını
bildirdi.
Qarabağ şikəstəsi ilə
başlanan yubiley tədbiri "Şur" ansamblının
ifasında "Qarabağ şikəstəsi" ilə də
başa çatdı.
Bu tədbir el məhəbbətinin,
xalq sevgisinin nümayişi, dövlətin ziyalıya
qayğısı, verdiyi yüksək dəyəri ilə
yaddaşlara yazıldı.
Ədalət.-2011.-26
noyabr.-S.6.