AŞIQ
AVDI QAYMAQLI
" 525-ci qəzet"i-
varaqlayıb, xalqımızın böyük və sevimli
şairi Zəlimxan Yaqubun "Nurlan" nəşriyyatında
çapdan çıxmış "Səhra gülləri"
kitabım haqda qələmə aldığı təssüratlarını
oxuyuram. Elə bu başdan böyük ustadımız, Xalq
şairi Zəlimxan Yaquba öz dərin təşəkkürümü
bildirirəm. Xəstə hal olmasına baxmayaraq zəhmət
çəkib bu yazını qələmə alıb.
Yazı başdanbaşa səmimiyyət və sevgi
bulağına bənzəyir. Və çoxdan bəri
Avdı baba haqda yazacağım mənzərənin
politrasına çevirildi.
Ustad yazır: "... Mən sənin
kitabını böyük sevgi bə sayğılarla oxudum.
İstər- istəməz Qazax mahalının İncə dərəsini
və aşıq Avdının "İncəgülü"
havasını xatırladım. İncə dərəsində
yetişən şairlərin hamısının dili sazdan
şirə çəkib, güllərdən bal çəkib,
çiçəklərdən ətir çəkib. Adı
İncə dərəsi olan yerdə doğulan şairin
sözlə kobudcasına rəftarına Tanrı icazə verməz.
" İncəgülü" havası adama qənim olar. Bu
hava insanı pəltək danışmağa qoymaz.
Hərdən fikirləşirəm
ki, əgər dilimizin qoşma, bayatı, divani ləngəri
olmasaydı dilimiz də torpaqlarımız kimi çoxdan
işğal olunardı..."
" Ya Allah" - deyib oturdum bu
yazını yazmağa. Xatirələr məni çox
uzaqlara apardı...
Adətimiz üzrə məclis
qurub, yenə mürşüdümüz Ağamalı Sadiqin
işığına yığışmışdıq. Tufanası
dağılmamış sazı sinəsinə basanda gah
Koroğlu olurdu, gah Cünun olurdu, gah Kərəm olub
yanır, gah da Xıdır Peyğəmbərin Tərkində
göylərə qalxıb qırx günlük mənzili bir
an içində Tiflisə gələn Qərib olurdu.
Mənim təsvir edəcəyim bu
etüddə o aşıq Avdı Qaymaqlıyı:
- Həə... Mənim əzizlərim,
vaxt o vaxtıydı ki, çiçəklər qönçə
örpəyini aralayıb günəşin əlvan
şüalarından nur əmə-əmə ətrafa ətir
səpir, bülbüllərin cəh-cəhi xəfif meh
havazına qarışıb cənnət nəğmələri
oxuyur, puçurunu açan budaqlar sallanıb
şır-şır axan İncə çayının
zümzüməsində çimişirdilər. "Kərəm"
bulağının başında qoşalaşmış iki gənc
sanki bu füsnükar gözəlliyin içində daha cazibəli,
daha ətirli, daha şirin nəğməli bir məkana
qovuşub, ətrafda Allahın özünü belə həyrətə
salacaq bu mənzərəni görmürdülər sanki.
Mehriban yana çevrilib,
üzünün Avdı tərəfini örpəyi ilə
yaşmağa almış, nəmli gözlərini
çiçək üstündə vurnuxan arıdan çəkə
bilməyir, cənc Avdı isə köksünü
yırtıb dağıdan sarı bülbülün
ah-nalasına qərq olub, illərlə həsrətini çəkib,
vüsalına yetə bilmədiyi Məhribanına nələr
deyəcəyini, nələr oxuyacağını
anşıra bilmirdi.
Qəfil
çağırış Avdını bu sehirli dünyadan
ayırdı. Diksinib ətrafa baxdı. Mehribanı qeyb
olmuşdu. Çağıran anası kişi Yetər idi.
İNCƏGÜLÜ
Dərya Məhəmməd İncə
dərəsinə çatanda ilkindi vaxtı idi. Çoxdandı
dostu Avdı ilə görüşmürdü. "Bir gedim
görüm, hal-əhval tutum, bir də Borçalıdan
aldığım toy sifarişimizi ona da
çatdırım"- deyib Şıxlıdan İncəyə
at belində gəlmişdi.(Qeyd edək ki, hələ öz
halar haqqını almamış böyük saz-söz
ustası Şıxlı Dərya Məhəmməd
aşıq Avdı Qaymaqlı ilə birgə, aşıqlqr
sultanı aşıq Sadıq Sultanovdan dərs alıb
ömürlərinin sonunacan dost olublar.) Dərya Məhəmməd
qapıya çatıb:
Avdı! Avdı!-deyə
çağırır. Qapıya Avdının anası
kişi Yetər çıxıb:
-Xoş gəldin ay Məhəmməd,
xoş gəldin. Atdan düş keç içəri.
Avdı aşağı bağa enib, indi çağıraram-
deyib, təpənin başından İncə
çayını sinəsinə sıxmış, ağ,
narıncı, cəhrayı cicəklərə bəzənib
cənnət bağını xatırladan Leyli dərəsinə
üz tutaraq Avdını çağırdı.
Dostunun gəlişini eşidən
Avdı bir "Kərəm" bulağına baxdı, bir
qeyb olan Mehribanının izlərinə, bir də lildə
batan lilpara baxıb köks ötürdü. Leyli dərəsini
bir nəfəsə qalxıb, heç nəfəsini belə
dərmədən Məhəmmədi görmürmüş
kimi özünü içəri saldı.
Dərya Məhəmməd:
- Avdı! Avdı! Ayə nə
oldu sənə, ölmüş! Hara qaçırsan?- deyib,
Yetər ananın üzünə baxdı. Gözləri heyrətdən
donmuş kişi Yetər oğlunun arxasınca baxıb,
baxıb çiynini çəkdi. Sazla geri dönən
Avdı dostu Məhəmmədə baxıb:
-Məhəmməd, xoş gəldin,
ancaq məni dindirmə. Qoy əhvalımı sazla deyim, qulaq
as- deyib, sazın zilini zil, bəmini bəm eylədi. Dərya
Məhəmməd, Yetər ana mat-mat Avdını seyr edirdilər.
Birdənbirə sazdan bir ilahi nalə qopdu, aşıq Avdı
dönüb oldu İşıq Avdı, min rəngə
boyandı, min ətirə döndü:
Bir gün durdum çıxdım
gülşən seyrinə,
Gördüm ki, bülbüllər
gülə yalvarır.
Bənövşə boynunu
büküb nərgizə,
Nərgiz özü şirin bilə
yalvarır.
- Avdı, ayə bu nə havadı
çalırsan, bu nə sözdü oxuyursan, evin
yıxılmasın? Mən belə bir hava eşitməmişəm,
Bu nə həkətdi?
Avdı özündə,
sözündə dəyildi:
Bir yanda dayanıb xumar gözlü yar,
Bağda hər çiçəyin
öz nəşəsi
var.
Bir neçə addım da bulaqdan kənar,
Lilpar batıb dərin
lilə yalvarır.
Bu səsə,
Avdınının həyat
yoldaşı Yasəmən
xanım da çölə çıxır.
Ərinin belə havalı-havalı
oxumasına o da maraqla tamaşa etməyə başlayır.
Avdınınsa gözlərinə
həç nə görünmürdü:
Hər otun başında var bir piyalə,
Mehriban dalğındı, batıp xəyala.
Yasəmən çıxanda sorğu-suala,
Avdı yaşın silə-silə
yalvatır.
...Məclis əhli qulaq asır, Ağamalı tərini silir, san ki,dərin bir
yuxudan ayılıb, heyranlıqdan məst olmuş məclis üzvlərinə (mən
idim, Məmməd İlqar idi, Akif Səməd idi, qardaşım Tahir idi və
bir nəçə doctlar);
Həə... Avdı babamız bax beləcə yaradır
"İncə gülü"
havasını. Sonra
üzünü Məmməd
İlqara tutub, müxəmməs əvəzi;- Məmməd, beləmi yazıbsan?- deyib sazı yenə sinəsinə basdı:
Bu dagların bəxti bir də durulmaz,
Cığırları bulaglara burulmaz.
Həsrət-həstət
gözləməkdən yorulmaz,
Kimi gözlər köç yolları, yurt yeri,
Avdı baba, "Yurd yeri" çal, "Yurd yeri"...
Bax beləcə, əziz
oxucular, sinəm boludu. İncə Dərəsinin mənəvi
atası olan Avdı babamız haqda o qədər yazardım cox hayıf vaxtımız, yerimiz dardır. Qısaca ömür mənzərəsi isə
belədir:
1909 cu ildə Qazax mahalının İncə
Dərəsində dünyaya
göz açıb.
Böyük Vətən mühürıbəsində
döyüşüb, yaralanib
törxis olubmuşdur.
Səməd Vurğunun dostu
olub, bir neçə gün də qonqğı olub. Saz mülkünə klassik saz havalarına qoşulmuş "İncəgülü"
Havasını bağışlamış,
aşıq Cəlal Qəhrəmanov, aşıq
Sadıq, aşıq Yəhya, aşıq Sədi, və bir çox ustad sənətkarların
ustadı olmuşdur. Akif Səməd deyərdi ki, hara aşıq
Avdının suyu sıçrayıb, orada saz göyərib, söz bitib. 1988-ci ildə, 79 yaşında
dünyasını dəyişib.
2009-cu ildə öz həmyerlilərinin
və Aşıqlar birliyinin təşəbbüsü
ilə 100 illik yubleyi təntənəli formada qeyd edildi.
Nəfis
bir kitabi çap olundu.
Dərya Məhəmmədlə bir deyişməsini ərmağan edib sizlərlə vidalaşıram.
Aşıq Avdı ilə
Şıxlı Dərya
Məhəmmədin Dördüncü
düyişməsi.
Aldı dərya Məhəmməd:
Gözüm yolda, könlüm haxda qalıbdı
Gözlərəm gələcək ay beləsinnən.
Hərdən də durasan qarşı-qarçıya,
Ömür-gün sürəsən ay beləsinnən.
Aldı Aşıq Avdı:
Üzərdə
insandır, ürəkdə
şeytan,
Heç xəbərin varmı
ay beləsindən?
Dilində şirində, feyildə filman,
Haqq özü saxlasın
ay beləsindən.
Aldı Dərya Məhəmməd:
Eşit deyim sözlərimi mərdana,
Mərd insanlar bəsləyirlər
mərd ana.
Gedərəm ölümə mərdi- mərdana
Qatsalar yanıma ay beləsinnən.
Aldı Aşıq Avdı:
Dos, qardaş yanında üzağ olarsan,
Məhəbbət
gölündən uzağ
olarsan,
Hər dərddən- bəladan irağ olarsan
Əgər ki, gen gəzsən
ay beləsindən.
Aldı Dərya Məhəmməd:
Dəryalar içində ada keçibsə,
Yazıq cismim yanıb oda, keçibsə,
Məcnun Leyli sevib o da
keçibsə,
Məhəmməd də keçər
ay beləsindən.
Aldı Aşıq Avdı:
Avdı deyər hər bir yana
var, canım,
Eyləməzmi namus, qeyrət,
ar canım?
Əsirgəmə
devlət, canım, var, canım,
Ver qurtar özümü
ay beləsindən.
Məmməd Dəmirçioğlunun
təqdimatında
Ədalət.-2011.-26
noyabr.-S.18.