FÜZULİ SEVİR... FÜZULİNİ SEVİRİK

 

   ƏDƏBİ HƏYAT

 

   Ulu türk dünyası, möhtəşəm Şərq aləmi çox Məhəmmədlər tanıyır, ancaq iki Məhəmməd-iki fövqəlinsan Türk və Qərq dünyası üçün əvəz olunmazdır.Onlardan birincisi dinimizin, Tanrıya məhəbbətimizin rəsulu-ulu peyğəmbərimiz Məhəmməddir(ə). İkincisi-sözümüzün, mənəvi dünyamızın, türkçülüyümüzün rəsulu Mövlana Məhəmməd Füzulidir. XX əsrin ustad şairlərindən birinin-Şəhriyarın kəlamıyla desək: "Füzuli poeziyası fars, türk və ərəb dillərində olan bir Qurandır".

   Füzulini sevirik! Türk türkü, müsəlman müsəlmanı, insan insanı sevən kimi..Füzuli bizim onu dərk etdiyimiz qədər bizimdir. Eyni zamanda, Füzuli bizim idrakımızın, şüurumuzun dərk edə bilməyəcəyi qədər də bizimdir..

   Şərq oxucusunun Füzuliyə heyranlığı təbiidir, ancaq hər hansı bir qərblinin heyrəti, Füzuli poeziyası qarşısında pərəstişinin özü heyranlıq doğurur. İngilis şərqşünası mister Gibbin keçən əsrin əvvəllərində "Osmanlı poeziyası tarixi" adlı əsərində dediklərini xatırlayaq: "Füzuli Şərq şeirinin günəşidir. Şərqin şərq olmasından bəri yetişdirdiyi şairlərin içərisində ən səmimisi və həssası Füzulidir. Bütün türk ədəbiyyatında Füzulidən daha böyük bir ism bulmaq mümkün deyildir. "Leyli və Məcnun" indiyə qədər yazılan məsnəvilərin ən yüksəyi və gözəlidir".

   Mən füzulişünas deyiləm. Amma Füzulini sevmək və dərk etmək üçün heç füzulişünas olmaq lazım deyil. Onu bilirəm ki, Füzulini sevmədən, dərk etmədən əlahəzrət Sözün qulluğunda dura bilməzsən.

   Füzulini sevdirən, onun böyük poeziyasının sirlərini, möcüzələrini açan söz xiridarları olub. Füzulişünaslıq bir elmdir və elə dahi şairin öz dövründən başlayaraq bu elmin bünövrəsi qoyulub. F.Köçərli,M.Köprülüzadə, A.Sur, B.Çobanzadə, H.Araslı,M.Cəlal, M.Quluzadə, M.Cəfər, Ə.Cəfər, S.Əliyev, S.Əlizadəgbu adlar deyərdim ki, Füzuliyə görə daha çox tanınıb, sevilib. Təbii ki, füzulişünaslıq təkcə bu adlarla məhdudlaşmır.Digər alimlərimizin də, ədiblərimizin də Füzuli irsinin öyrənilməsində böyük zəhmətləri var.

   Keçən əsrin sonlarından başlayaraq gənc və istedadlı bir alimin (indi o, filologiya elmləri doktorudur) -Gülşən Əliyeva-Kəngərlinin Füzuli yaradıcılığı ilə bağlı araşdırmaları diqqəti cəlb etməyə başladı. Elə zənn edirdim ki, bu araşdırmalar ötəri və təsadüfüdür, bir namizədlik işinin sübutuna xidmət edir. Elmdə belə təsadüflər azmı olur? Amma Gülşən xanım bununla kifayətlənmədi, doktorluq dissenrtasiyası üçün də Füzulidən mövzu götürdü. Və budur, onun əsasən Füzuli yaradıcılığı ilə bağlı tədqiqatları "Bədii düşüncə. Tarixi gerçəklik və estetik ideal" tədqiqatlar toplusu oxucuların ixtiyarına verilib.

   Bilirəm ki, Füzuli heyranları ( gəlin, etiraf edək ki, onların sayı o qədər də çox deyil) bu kitabla maraqlanacaqlar. Çünki bu kitab "Mən də füzulişünasam" iddiası ilə yazılmayıb. Bu kitabda olan yazıların hər biri artıq kamil bir füzulişünasın qələmindən çıxıb. Füzuli barədə bəlağətlə danışanlardan fərqli olaraq Gülşən xanım gücünü, elmi potensialını füzulişünaslığın həll olunmamış problemlərinə yönəldir. 

   Gülşən xanımın kitabından söz açmamışdan əvvəl istəyirəm belə bir sualı oxucular üçün aydınlaşdırım: Füzulidən, ümumən klassik poeziyadan kim yaza bilər? Mənim fikrimcə, Füzuliyə sevgilər, onun poeziyasının heyranı olmaq burada əsas rol oynasa da, həlledici deyil. Ona qalsa, dahi şairin az qala bütün qəzəllərini və "Leyli və Məcnun"dan çox parçaları əzbər bilən aktyorlar yaxud Füzuli heyranları var. Füzuliyə sevgi onu dərk etmək və anlamaqla birləşməlidir. Bütün klassik poeziyanı, bu poeziyanın rəngarəng üslub və cərəyanlarını, müxtəlif janr xüsusiyyətlərini, elmi-nəzəri parametrlərini öyrənmədən Füzulini necə tədqiq etmək olar? Və ən ümdəsi; Füzuliyə təkcə Şərq ədəbi hadisəsi kimi yanaşmaq olmaz, onun bənzərsiz yaradıcılığını orta əsrlər dünya poeziyasının kontekstində öyrənmək lazımdır. Bir sözlə, Füzuliyə yanaşan mütəxəssis müsəlləh olmalıdır və bu xüsusiyyətləri hələlik onun ən gənc tədqiqatçısı olan Gülşən xanım Kəngərlidə hiss edirik

   Rükn ərəb dilində sütun, istinadgah, özül dirəyi deməkdir. G.Əliyeva-Kəngərli də Füzuli şeirinin üç əsas rüknünü-hüsn, eşq və qəmi professional bir əda ilə şərh edir.

 

   Hüsnün olduqca füzun,

   eşq əhli artıq zar olur,

   Hüsn nə miqdar olursa,

   eşq ol miqdar olur

   Hüsn eşq və qəmin demiurqudur.

   Çünki gözəllik olmasa,

   eşq də olmaz, qəm də

   Eşq dərdilə xoşam, 

   əl çək əlacımdan, təbib,

   Qılma dərman kim,

   həlakım zəhri-dərmanımdadır.

 

   Füzuli eşqinin mahiyyəti ilə bağlı füzulişünaslıqda çox fikirlər səslənib.Gülşən xanım qəti şəkildə bildirir ki; "Füzulinin eşqi əsasən sufi eşqdir, eşqi-ilahi, eşq mütləqdir". Vaxtilə, sovet dönəmində Füzulinin tərənnüm etdiyi eşqi yalnız real müstəvidə dəyərləndirirdilər. Füzulidə real görünən, canlı insan münasibətləri ilə şərtlənən məqamlar az deyil, ancaq onun eşq konsepsiyası adi eşqin yox, ali eşqin-Allaha doğru ucalan eşqin mahiyyətinə köklənib. Tədqiqatçı yazır: "Eşq Füzulini yaşadığı maddi dünyadan uzaqlaşdıran, mənəvi aləmlə bağlayan ən ali duyğudur".

   Gülşən xanımın Füzuli qəmi haqqında klnseptual şərhləri də maraq doğurur. Yazır ki: "Qəmin hərifi olmaq!"-bu, Məcnunun arzusu, şair Füzulinin estetik idealıdır. Həqiqətən də, əsərdə Füzulinin lirik qəhrəmanı Qeysdən Məcnuna qədər çətin, sufiyanə bir yol keçir. Qeys bu yolu qəm işığından keçir. Ona görə keçə bilir ki, o, süd yerinə ciyər qanı içmişdir" .Adi insan yozumuyla qəm üzüntü, kədər, ablamaq-sıtqamaq deməkdir. Amma Füzuli qəmi fəlsəfi aspektdə mənalandırır. "Bu qəmlər ki, mənim vardır, bəirin başına qoysan, Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar"- Füzulidən qəmin bu dərəcədə möhtəşəm bir anlam kəsb etməsinə dünya poeziyasında heç bir şairində rast gəlməmişik.

   Gülşən xanımın ilahi eşq dastanı-"Leyli və Məcnun" poeması ilə bağlı fikir və mülahizələri də füzulişünaslıqda təzə sözdür. Belə ki, füzulişünasların əksəriyyəti bu əsəri təsəvvüf baxımından nəzərdən keçirməmişlər. G.Əliyeva isə "Leyli və Məcnun"u Füzulinin sufiyanə baxışlarının ən kaml ifadəsi hesab edən tək-tük tədqiqatçıların fikir və mülahizələrini bir qədər də genişləndirmişdir. Həmin məqalədən bu sətirlərə diqqət edin: "Füzuliyə görə ölüm insanı nəfsdən qurtaran vasitə, qəbr Allaha doğru gedən yolda son mənzildir:

 

   Alıb tənhalığı qəbr içrə

   nifrət qılma ölməkdən,

   Təriqi-üns tut kim,

   bir ovuc torpaq bir adəmdir".

 

   Gülşən xanımın kitabında dəyərli məqalələr çoxdur. Onların hamısından söz açmaq, bircə-bircə hər məqalənin məziyyətlərini açıqlamaq olar, amma bir kiçik məqalədə buna imkan yoxdur.Amma elə məqalələr var ki, qısaca da olsa, onlardan söz açmamaq insafsızlıq olardı. Belə məqalələrdən biri də "İrfan şeirinin poetikası"dır. Nədir irfan? Lap qısaca bir cavab: irfan-təsəvvüfün poeziyasıdır.Allahın özünü, onun yaratdığı gözəllikləri, insan kamilliyini Eşqin gözüylə oxumaqdır.Allaha doğru yol Allahı sevməkdən başlayır və bu, ilahi eşq ilə mümkündür.İlahi eşq irfan poeziyasının başlıca atributudur. İnsan öz Allahını dərk etmək və ona qovuşmaq üçün,yəni Həqiqətə çatmaq üçün bütün ömrü boyu Yol getməlidir. Adını çəkdiyimiz məqalədə müəllif, görkəmli füzulişünas Sabir Əliyevin tədqiqatlarına münasibətini bildirir. Çünki Sabir Əliyevin "Füzulinin poetikası" fundamental monoqrafiyası (1986) müəyyən dərəcədə dahi şairin poeziyasının irfani istiqamətini aydınlaşdırır.

   Yeri gəlmişkən, Sabir Əliyev "Füzuli qəzəllərinin şərhi" adlı dörd cildlik son dərəcə əhəmiyyətli bir kitab çap etdirmişdir. O, bu əsəri demək olar ki, çoxdan yazırdı, ancaq ölümünə az qalmış bitirə bildi. Və onun şərh elədiyi qəzəllərin əksəriyyəti Füzulini şərh edən digər müəlliflərin əsərlərindən daha sanballıdır. Gülşən xanımın bütün tədqiqatlarında Sabir Əliyevin zəhməti yüksək qiymətləndirilir.

   Təkcə Sabir Əliyevinmi?

   Xatırladım ki, Gülşən xanımın doktorluq dissertasiyası Azərbaycan füzulüşünaslığının keçdiyi yola həsr edilmişdir və həmin monoqrafiyada tədqiqatçı Füzuli sənətinə ömür həsr etmiş heç bir alimi, ədibi unutmur, bu tədqiqatların hər birini füzulişünaslıqda yerini göstərir, xidmətləri barədə ətraflı təəssürat yaradır. Ən başlıcası isə füzulişünaslığı bir elm kimi sistemli şəkildə təsnif edir, yeri gəldikcə, bu sahədə yaranan boşluqları da müəyyənləşdirir. 

   G.Kəngərli Azərbaycan füzulişünaslığının tarixi inkişaf yolunu üç mərhələyə bölür. Birinci mərhələ Azərbaycan füzulişünaslığının təşəkkülüdür. Bu mərhələ tədqiqatçının fikrincə üç əsas istiqaməti əhatə edir, XVI əsrin ortalarından başlayır və keçən əsrin 40-cı illərinə qədər davam edir. İkinci mərhələ 40-80-ci illərdir. Üçüncü mərhələ isə 80-ci illərdən sonrakı illərə aiddir. Əlbəttə, bu bölgü ilə razılaşmaq olar. Doğrudan da Füzuli yaradıcılığına professional yanaşma keçən əsrin qırxıncı illərindən başlayır və Gülşən xanım Füzuli irsinin bütöv poetik sistem kimi dərkini, Füzuli poetikasının canrlar üzrə iəhlilini, dil sənətkarlığını-linqvopoetik araşdırmalarını ikinci mərhələnin nəzəri təmayülləri kimi təqdim edir.

   Öncə qeyd etdik ki, tədqiqatçı füzulişünaslığın təməl daşlarını qoyan şəxsiyyətləri unutmur və kitabda da, ayrı-ayrı elmi oçerklərdə bu öz ifadəsini tapır.

   Fikirləşəndə ki, əgər Mir Uəlal müəllimin "Füzuli sənətkarlığı" monoqrafiyası olmasaydı, füzulişünaslıqda sözün həqiqi mənasında böyük bir boşluq yaranardı. Bu monoqrfiyaya qədər Füzuli irsi yalnız məzmun planında şərh olunurdu. Deyək ki, aysberqin yalnız üzdə olan tərəfi nümayiş etdirilirdi. Mir Cəlal "Füzuli sənətkarlığı" monoqrafiyası ilə dahi şairin sözünün sehrini, möcüzəsini açdı. Tədqiqatçı doğru qeyd edir ki: "Mir Cəlal M.Füzulini söz-söz, misra-misra, beyt-beyt açır". Üstündən illər keçib, amma M.Cəlalın bu monoqrafiyası heç bir vaxt öz əhəmiyyətini itirmir. Füzulişünaslıqda akademik H.Araslının xidmətləri danılmazdır. Onun "Böyük Azərbaycan şairi Məhəmməd Füzuli" əsəri də çox-çox tədqiqatçılar üçün bir dərslik oldu. Burada ilk dəfə "Füzuli dünya ədəbiyyatşünaslığında" mövzusu öz həllini tapdı. Bəs Məmməd Cəfər müəllimin "Füzuli düşünür" əsərini necə, unutmaqmı olar? M.Quluzadənin "Füzulinin lirikası" monoqrafiyasını necə? Əkrəm Cəfərin əsasən Füzuli poeziyasına müraciət etdiyi "Əruz" (qısaca adını deyirəm-V.Y.) möhtəşəm əsəri necə? Bütün bu əsərləri müasir elmi təfəkkürün tələb etdiyi meyarlarla qiymət vermək göründüyü qədər də asan deyildir və Gülşən xanım bunun öhdəsindən gəlmişdir. Bu gün keçmiş ədəbi və elmi dəyərləri qiymətləndirərkən bəziləri sırf inkar mövqeyi seçir, klassikləri, klassik poeziyanı köhnəlmiş hesab edir, ulu ruhları incidirlər. 

   Füzuliyə üç dəfə inkar mövqeyindən hücumlar olub. XIX əsrdə Mirzə Fətəli Axundov, XX əsrin iyirminci-otuzuncu illərində marksist tənqidçilər və XXI əsrin əvvəllərində bəzi üzdəniraq "modernist" libasını geyinənlər. Lakin Füzuli hər üç "döyüşdə" qalib gəldi. Və sübut elədi ki, onun sənəti ölümsüzdür.Bu problemə də tədqiqatçı münasibətsiz keçinmir. 

   Burada Gülşən xanımın vaxtilə çap etdirdiyi "Çağdaş poeziya və klassik irs" adlı çox qiymətli bir monoqrafyiyasını xatırlayıram. Həmin monoqrafiyada belə bir həqiqət sübut olunurdu ki, Füzuli sənəti zərrə-zərrə, birində az, birində çox bizim müasir şairlərimizin hər birinin yaradıcılığına öz təsirini göstərir.

   Əlbəttə, Gülşən Əliyeva-Kəngərlinin "Bədii düşüncə. Tarixi gerçəklik və estetik ideal" kitabında mübahisə etməli və bizim razılaşmadığımız fikirlər də əks olunub. Nə yaxşı ki, belə məqamlar var. Çünki elm mübahisəni sevir. 

   Gülşən Əliyeva-Kəngərlinin Füzuli yaradıcılığı ilə bağlı xeyli sayda məqalələri və bir neçə monoqrafiyası Azərbaycan ədəbiyyatşünasları tərəfindən yüksək qiymətləndirilmişdir. Tanınmış ədəbiyyatşünaslardan İsa Həbibbəyli, Fuad Qasımzadə, Rəfael Hüseynov, Teymur Kərimli, Nizami Cəfərov, Möhsün Nağıoğlu, Himalay Qasımov, İlham Rəhimli və b, o cümlədən, bu sətirlərin müəllifi Gülşən xanımın Füzulişünaslıqda yeni və nüfuzlu bir imza sahibi olduğunu təsdiq etmiş, bu kitablar haqqında məqalələr çap etdirmişlər. Bir gənc tədqiqatçı üçün özündən yaşlı və tanınmış tənqidçi-ədəbiyyatşünasların müsbət fikirlərini dinləmək və eşitmək xoşbəxtlik deyilmsi?  

   Bəli, Gülşən xanım xoşbəxt tədqiqatçıdır. Birincisi, ona görə ki, Füzulini tədqiq edir. Füzulini dərk edərək tədqiq edir. İkincisi, ona görə ki, o böyük, ucu-bucağı görünməyən sənət ümmanından ovuc-ovuc götürdükcə, bir alim kimi özü də füzuliləşir.

   Bu yolda ona uğurlar arzulayaq və deyək: qarşıda Füzuli sənəti ilə bağlı hələ çox açılmamış, çözülməmiş mətləblər var.

 

 

   Vaqif YUSİFLİ

 

   Ədalət.-2011.-26 noyabr.-S.19.