Dağlara sığınmış Lerik
Lənkərandan Lerikə uzanan,
2005-ci ildə əsaslı təmir edilən yeganə magistral
şosse yolu demək olar ki, indi kimsəsizdir. Cəmi 56
kilometr uzunluğu olan bu yolu yayda getmək xeyli çətindir.
Aranın istisindən dağlara - Lerikdəki istirahət mərkəzlərinə,
buz bulaqlara, səfalı kəndlərə şütüyən
maşınlar indi gözə dəymir.
Lerikə çatmamış Bazaru
çayı boyunca sıralanmış "Təbəssüm",
"Həyat", "Qala", "Meşəbəyi",
"Cənub", "Relax" kimi turizm və istirahət mərkəzlərində
indi tam sakitlikdir. Ölkəyə bivaxt gələn soyuqlar
dağlarda daha tez hiss edilir. Meşəli dağlar
payızın bütün gözəlliyini hələ
yaşamamış noyabrın əvvəllərində
yağan güclü qar ağacların min rəngə
çalan yarpaqlarını vaxtsız xəzan edib.
Yaşıl yamaclardakı çökəkliklərdə,
ağac kollarının ətrafında toparlanmış qar
zolaqları qışın xeyli tez gəldiyindən xəbər
verir.
Payızın lap əvvəllərində
Lənkərana və Lerikin aşağı kəndlərinə
düşən güclü leysan yayda çox rahat olan bu
magistral yola xeyli ziyan vurub. Lerikin Piran kəndi ərazisində,
17-ci kilometr deyilən yerdə dağ uçqunları yollara
divan tutub. Sel suları asfalt örtüyü bir neçə
yerdən yuyub aparıb. Təmir olunmasına baxmayaraq indi bu
yol o yol deyil. Neyləmək olar, bəzən təbiətin
şıltaqlığı bizə çox baha başa gəlir.
Aylarla, illərlə qurub-yaratdığımızı bir
andaca məhv edi
Yeni binanın ayağı
düşərli olub
Lerikdə həmişə ilk
görüşdüyüm, rayon haqqında ümumi məlumat
toplamaqda mənə yardımçı olan rayon İcra
Hakimiyyəti ictimai-siyasi şöbəsinin müdiri Əlpənah
Bayramovla söhbətimiz yenə xeyli səmimi alındı. 3
mərtəbəli, çox geniş və rahat, müasir
üslubda inşa edilmiş Lerik rayon İcra Hakimiyyətinin
yeni inzibati binası mübaliğəsiz gözəl və
möhtəşəmdir:
- Hə bu bizim yeni inzibati
binamızdır. Mənə elə gəlir bu binadan rayonların
heç birində yoxdur. Səliqə-səhmanını
rahatlığını özün görürsən,
"kombi" deyilən ayrıca istilik xətti də var.
2008-ci ildən tikintisinə başladığımız bu
binanın geniş konfrans, iclas zalı ilə bərabər 27
otağı var.
Elə naharımızı da burdakı 3 otaqlı yeməkxanada edirik, keyfiyyətli yemək
hazırladığımızı da ki, bilirsən. Binanın
açılışı bizə düşərli oldu, həmin gün - 18 iyun 2011-ci ildə Lerikə gələn ARDNŞ-nin prezidenti, deputat Rövnəq Abdullayev,
burdan Milli Məclisin
millət vəkili seçilən İqbal
Məmmədov həm də 6 kəndin mavi
qaz açılışında iştirak etdilər. Rayonun
Cəngəmiran kəndində keçirilən bu açılış mərasimində digər
qonaqlarımız da var
idi. Bu 6 kəndə - Cəngəmiran, Pirzəküçə,
Blaband, Lüləkəran, Xəlfəküçə,
Osnağaküçə kəndlərinə - qaz kəməri çəkmək üçün bilirsən hansı əziyyətlər
çəkmişik? Çətin dağ
relyefində, çətin şəraitdə 40 kilometr uzunluğunda olan bu qaz
xətti həm də çox qısa vaxta çəkilib. 36 yol,
6 çay keçid,
12 kilometr məsafədə
sıldırım qayalıqlardan, 10 kilometr
sıx meşələrdən keçən bu
mavi qaz 3700 nəfər
sakinə, 515 abonentə xidmət edəcək.
Bu Lerikin
tarixində çox əlamətdar hadisədir. Cəngəmirandakı daxili imkanlar hesabına tikilmiş 35 yerlik uşaq bağçasının açılışı
da elə həmin gün oldu. 2006-cı ildən Lerik şəhərinin 9500 nəfər
əhalisi mavi qazdan istifadə edir, ancaq kəndlərimizdə
bu ilk dəfədir.
Gələcəkdə digər kəndlərə
də qaz çəkilişi nəzərdə
tutulub. Bu əla bir şeydir,
kəndlinin canı odun daşımaqdan, meşələr qırılmaqdan
qurtarar. Deyəsən mavi qazdan çox
danışdım, hə?
Rayonumuzdakı yenidənqurma abadlıq
işlərini də özün gəzib görmüsən.
Gözəllik ondur,doqquzu dondur
Belə götürəndə
Lerik şəhəri elə də böyük deyil, amma
dağlara sığınmış, dərələrə səpələnmiş
fərdi evlər xeyli ərazini əhatə edir. Enişli-yoxuşlu
küçələrin demək olar ki, hamısı
asfaltlaşdırılıb, səkilər xırda daş
örtükləri ilə döşənib.
Onsuz da yaşıllığı
çox olan Lerik qəsəbəsinin mərkəzinə yeni
dekorativ ağaclar, kollar əkilir. Rayonda 2011-ci ilin 9 ayı ərzində
ümumi maliyyə mənbələri hesabına tikinti sahəsində
5323,8 min manat məbləğində iş
görülmüşdür.
Lənkəran-Lerik yolu boyunca,
Qosmalian, Binə kəndlərində turizm istirahət mərkəzləri,
Lerik şəhərində, digər ərazilərdə
bir-birindən yaraşıqlı yeni ticarət və iaşə
obyektləri fəaliyyətə başlamışdır. Rayon
ərazisində, əsasən Lerik şəhərində 4264
kvadrat metr istinad divarı bərpa edilib. 140 kvadrat metr divar
çay daşı, 2684 kvadrat metr sahə ağ lay plitələrlə
üzlənmişdir. Səkilərə 1698 kvadrat metr ağ
lay plitəsi, 1830 kvadrat metr tamet plitəsi döşənmişdir.
Rayon mərkəzində müasir işıqlandırma sistemi
149 ədəd estetik cəhətdən daha gözəl
elektrik dirəkləri ilə əvəzlənmişdir.
Şəhərin N.Nərimanov, A.Əsədullayev,
C.Cabbarlı, Nizami küçələri əsaslı təmirdən,
yeni işıqlandırma sistemindən sonra daha baxımlıdır.
Qəsəbənin mərkəzində bir neçə
kommunal, fərdi yaşayış evlərinin köhnə,
yöndəmsiz dam örtükləri təzələndiyindən
indi onlar daha yaraşıqlı görünürlər.
(ardı gələn sayımızda)
Səxavət
Məmmədli,
Azərbaycan
Respublikasının Prezidenti
yanında
kütləvi informasiya vasitələrinin
inkişafına
dövlət dəstəyi fondunun maliyyə
yardımı
ilə
Ədalət.-2011.-29
noyabr.-S.6.