Milli Qəhrəmanın adı gəncləri bir araya gətirdi

 

   Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan festival çərçivəsində Bakı, İsmayıllı, Mingəçevir, Ucar və Zaqataladan olan 100-dən çox gənc bir araya gəlib. Gənclər və İdman Nazirliyinin Şüvəlandakı "Cırtdan" kompleksində 3 gün davam edən "Art Kamp"da gənclərə ustad dərsləri keçirilib.

   Dünən kampın son günündə Dövlət YUĞ Teatrının direktoru Tərlan Rəsulov ümumi YUĞ fəlsəfəsi mövzusunda, əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov rejissorluqdan, şairə Nurəngiz Gün səhnə danışığı və nitq mədəniyyətindən, rejissor, ssenarist Aydın Dadaşov kino tənqidindən danışıblar.

   Tərlan Rəsulov və Aydın Dadaşov master-klas zamanı gənclərə aktyorluq sənətinin incəliklərindən danışıb və praktiki olaraq bunu göstəriblər.

   Gənclərlə görüşü zamanı istər SSRİ dövründə, istərsə də müstəqilliyimizin 20 ili ərzində heç vaxt Azərbaycanda teatr sahəsində belə düşərgənin keçirilmədiyini bildirən tanınmış aktyor Bəhram Osmanov bu cür tədbirin keçirilməsinin gənclərə stimul olacağını qeyd edib.

   Nitq mədəniyyəti və səhnə danışığından söz açan Nurəngiz Gün bəzi televiziyalarda ləhcə probleminin olduğunu deyib. O bildirib ki, aktyorlar, səhnə adamları gözəl natiq olmalıdırlar.

   "Art Kamp"ın son günündə sonuncu ustad dərsini tanınmış rejissor, ssenari müəllifi Aydın Dadaşov keçib. O da öz növbəsində gənclərə peşəkar olmağı arzulayıb. Rejissor qeyd edib ki, bu gün Azərbaycan səhnəsinin istedadlı gənclərə ehtiyacı var. O, festivalda iştirak edən gənclərin bu boşluğu dolduracağına əmin olduğunu bildirib.

   Bakı, İsmayıllı, Mingəçevir, Ucar və Zaqataladan olan 12 truppanın 100-dən çox iştirakçısının qatıldığı kampın öncəki 2 günündə də incəsənət və teatr xadimləri tərəfindən ustad dərsləri keçirilib. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu kafedrasının müdiri Sevda Teymurova, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, aktyor-rejissor Şeyx Əbdül Mahmudbəyov, əməkdar artist Azad Şükürov, aktyor Qorxmaz Əlili iştirakçılarla təcrübələrini bölüşüblər.

   Qeyd edək ki, "Gənclərin Vətənpərvərlik mövzusunda 1-ci Ümumrespublika Teatr Festivalı" 28 noyabr - 1 dekabr tarixləri arasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

   Seçim mərhələsi dünən saat 17:00-da Gənc Tamaşaçılar teatrında start götürüb. Açılış mərasimində Gənclər və İdman nazirliyinin rəsmiləri, millət vəkilləri, incəsənət xadimləri, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının, həmçinin QHT, ictimaiyyət nümayəndələrinin iştirakı gözlənilir. Festival dekabrın 1-də möhtəşəm qala konsertlə yekunlaşacaq. Festivalda iştirak pulsuzdur.

 

 

  Günel

 

  Ədalət.-2011.-29 noyabr.- S.7.