"İndi də "Dərd" yazıram"

 

  Sabir Rüstəmxanlı: "Mən həmişə əzab çəkənlərin yanında olmuşam"

 

  Millət vəkili Sabir Rüstəmxanlı bir-birinin ardınca əlamətdar hadisələr qeyd edir. Yaratdığı partiyanın 19 yaşı tamam oldu. Bu ay isə Sabir bəyin də imzaladığı və müstəqilliyimizin bərpasına əsas verən sənədin 20 illiyi qeyd olunacaq.  

   Bayram ovqatında olan həmsöhbətimiz bəzi problemlərdən də danışdı.

 

    "Tərəfsiz qalmağın əziyyətini də çəkmişəm"

      

   - Bu həftə VHP-nin 19 illiyini qeyd etdiniz. VHP Azərbaycanın siyasi həyatına nə verdi?  

   - Hər hansı bir təşkilatın tarixi, taleyi üçün 19 il həm az, həm də o qədər də az deyil. Bu müddət ərzində Azərbaycanın taleyi, o cümlədən də partiyanın fəaliyyəti üçün son dərəcə mürəkkəb illər olub. Müstəqilliyin bərpasından təxminən bir il sonra VHP yaranıb. Əgər müstəqillikdən keçən bir il ərzində işlər doğru qurulsaydı və milli birlik, həmrəylik istiqamətində fəaliyyət istədiyimiz şəkildə getsəydi bəlkə də milli birlik, həmrəylik yolunu seçən belə bir siyasi partiyanın yaranmasına ehtiyac qalmazdı.  

   - Müstəqilliyin bərpasından cəmi bir il keçmiş milli həmrəylik problemi yaşandı...  

   - Əslində qarşıdurmalar 1988-ci ildən başlamışdı. Meydanda müəyyən dəstələr, qruplaşmalar, hətta bölgələr üzrə qruplaşmalar yaranırdı. Xalq hərəkatının özündə belə yerliçilik meyilləri vardı. Bəzən müəyyən bir adamın ətrafında cəmləşən qruplar bəlkə də fəaliyyəti ondan yüksək olan, rəqib saydıqları qarşı tərəfə az qala müharibə elan edirdilər. Təəssüf ki, bu münasibət azalmaq əvəzinə bir az da güclənirdi. 1988-ci il meydan hərəkatında da, dəstəsiz, qrupsuz idim, Xalq Cəbhəsi yarananda da heç bir qruplaşmaya qatılmadan öz sözümü demiş, öz mövqeyimi qoruyub saxlamışam. Bunun əziyyətini də çəkmişəm, çünki həmin qruplaşmalar kimi gözdən salmaq, hərəkatdan uzaqlaşdırmaq istəyirdilərsə çox qısa müddətdə istənilən böhtanı, şəri yayırdılar.

     

   "Mən tam fərqli "Azərbaycan" yaratdım"  

  

   Meydanda camaatın mənə sevgisini görən rəqiblərim onu mənə bağışlamaq istəmirdilər. Gah "KQB-nin adamı", gah da kiməsə bağlılıqda günahlandırırdılar. Mən bu ağır hadisələrin hamısının üstündən adlayıb keçdim. 1988-ci ilin oktyabrında nəşrinə başladığım "Azərbaycan" qəzetinin 2 illik fəaliyyəti dövründə kimin kim olduğunu, kimin millətə hansı şəkildə xidmət edə biləcəyini sübut etdim. Bir qəzetlə bir partiya, bəlkə də xalq hərəkatı qədər respublikada iş görə bildim. Qəzetin yarım milyona qədər oxucusu vardı və "Azərbaycan" milli bir mətbu orqan idi. Həmin illərdə yenə də köhnə birləşmiş rus-erməni bolşevik qruplarının və yaxud da bəzi yəhudi jurnalistlərin əli ilə Heydər Əliyev Moskvada siyasi səhnədə təklənəndə onun çörək verib böyütdüklərinin çoxundan fərqli olaraq müdafiəsinə qalxırdıq. İlk dəfə olaraq Elmira Axundovanın Heydər Əliyevlə müsahibəsini "Azərbaycan" qəzetində vermişdik. Həmçinin o, Naxçıvanda yaşayarkən hakimiyyətlə arasında konfilikt olmasına baxmayaraq, onun ad gününü təbrik edirdik. Həmin vəziyyət bu gün təkrar olunarsa, yəni hazırkı hakimiyyət müxalifətdə təmsil olunarsa, haqsız yerə kimsə təzyiqlərə məruz qalarsa, yenə qəzet çap etdirsəm obyektiv şəkildə həmin tərəfin fikirlərini verərəm. Bir sözlə, təbiətimə uyğun olaraq daha çox əzab çəkənin yanında olaram.

   Onda Ayaz Mütəllibov məni çağırıb dedi ki, Xalq Cəbhəsində təcrübəsi, intellekti olanları nazirliyə cəlb edin, həm yeni nəfəs gəlsin, həm də xalq hərəkatı ilə hakimiyyət arasında müəyyən mənada körpü salınsın. Tamerlan Qarayevi də, digərlərini də çağırıb belə təklif irəli sürmüşdülər. Çünki separatçılıq baş alıb gedirdi. Bir tərəfdən Qarabağdakı hadisələr, digər tərəfdən də ölkənin şimalında, cənubunda bölücülük prosesi cərəyan edirdi. Milli Azadlıq hərəkatının əsas daşıyıcısı olaraq Xalq Cəbhəsinin yaşamasının mümkünsüzlüyü ortaya çıxanda artıq partiyalar yaranırdı.  

   - VHP fəaliyyəti dövründə adını mahiyyətində qoruya bildi?  

   - Azərbaycan sovetlər birliyindən qopanda əsas şüar da millətçilik idi və milli şüur, milli ləyaqət hissi, milli kimliyin tanınması son dərəcə vacib idi. Amma dövlət qurulduqdan sonra artıq dövlətin sahibi olan millətin aşırı səviyyədə millətçilik etməsinə ehtiyac qalmır. Çünki dövlət sənindir və sən öz dövlətini qorumalısan, liberal, həmrəylik dəyərləri ilə yaşamalısan. Meydanda nə qədər millətçi çıxışlar edirdimsə, dövlət qurulduqdan sonra daha çox vətəndaş həmrəyliyi ideoloqu kimi çıxış etməyə başladım. Bəzilərinə görə, bu solçuluğa yaxındır, amma mən bunu sağ mərkəzçi, yəni milli həmrəylik kimi təsəvvür edirəm. Çünki Rusiyaya birləşdirildikdən sonra milli kimlik duyğularımızı baltalayıblar, bizi öldürüblər. Özünü dərk etməyən, başqalarına qul olmaq vərdişi ilə tərbiyyə olunmuş bir neçə nəsldən sonra milli ləyaqət hissinin təbliği son dərəcə vacibdir və bu məsələ bu gün də aktualdır. Müstəqil Azərbaycanda səni əzən, məhv edən, 1990-cı ildə paytaxtında faciə törədən bir xalqın dilində uşaqlarını oxudanlar var. Belə bir halda milli ləyaqət, milli özünüdərk hələ də zəruridir. Dövlətçilik sahəsində dövlət siyasəti məhz vətəndaş həmrəyliyi üstündə qurulmalıdır. Bu minvalla biz VHP-ni yaratdıq. Təbii ki, partiya yaranan kimi ideya hamının malı ola bilməz. Kommunist partiyası kimi VHP-yə də "üzv olmaqla hansısa vəzifəyə gedə biləcəyəm"-kimi yanaşanlar vardı. Bəziləri nazir olduğum üçün nazirlikdə iş almaq istəyi ilə VHP-yə gəlirdi. Amma VHP-nin qurucularının böyük hissəsi bu gün də təşkilatdadır. Mən ona sevinirəm ki, Azərbaycan leksikonuna Vətəndaş Həmrəyliyi sözü daxil oldu. Hakim partiyadan tutmuş, müxalifət partiyalarına kimi hamı vətəndaş həmrəyliyinin zəruriliyindən danışırlar və hətta bəzi partiyalar seçki ideologiyasında əsas ideoloji xətt olaraq vətəndaş həmrəyliyini qoyurlar.

  

    "O perspektivi görmürəm"

  

   - Növbəti prezident seçkilərində VHP-nin iştirak etməyəcəyi barədə informasiya yayılıb...  

   - Biz heç bir şey bəyan etməmişik. Mənim bu barədə xəbərim də yoxdur. Hələ seçkilərə də çox qalıb. Biz vətəndaşıq, seçkilərdə də iştirak edəcəyik, amma nə şəkildə iştirak edəcəyik o ayrı məsələdir. Şübhəsiz, VHP Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizə aparır. Amma hökm o deyil ki, hakimiyyətə sən gələsən və yaxud da tək bir partiya ilə hakimiyyət qurasan. Mən daha çox Azərbaycanın milli maraqlarını daha yaxşı qoruyan, ölkədə ədalətli azad cəmiyyət yaradan, dövləti əli əyrilikdən, korrupsiyadan xilas edə bilən qüvvələrin hakimiyyətə gəlməsini istəyirəm. İnqilabi hakimiyyət dəyişikliyinin elə bir şey vermədiyini düşünürəm. Ola bilsin indiki hakimiyyət özündə güc tapıb ciddi addımlar ata bilər. Belə olarsa onu dəstəkləmək də olar. Amma mən o perspektivi görmürəm. Çünki məmurların oturuşunda-duruşunda hiss olunur ki, onlar hər şeyin bu cür davam edəcəyini güman edirlər.  

   - Milli Məclisdə VHP üç nəfərlə təmsil olunur. Bəs niyə partiya ana müxalifətə çevrilə bilmir?  

   - Ana müxalifət partiyasına çevrilmək üçün ilk növbədə parlamentdə bir fraksiya formalaşdırmağa imkan verməlidirlər. Bizdə fraksiya 25 nəfərdir, bu, gülməlidir, dünyada belə bir şey yoxdur. Niyə 5-10 və hətta 3 nəfər fraksiya yarada bilməz? Fraksiyanın hüquqları var ki, onun təqdim etdiyi qanun layihələri birbaşa müzakirə olunmadan gündəliyə salınsın. Fraksiyanın üzvlərinə hər bir qanunun müzakirəsində ayrıca söz verilir, onlar da yazılı, yaxud da şifahi formada öz münasibətini bildirir. Bütün məsələlərdə onların rəyi nəzərə alınır, ayrıca otaqları, iclas keçirmək üçün şəraiti olur. Bu bizdə yoxdur, dediyimiz sözlər də sıradan bir deputatın sözü kimi qəbul olunur. Bəzən çıxış üçün yazılırıq, amma düşə bilmirik, sözümüzü demək imkanımız olmur. Ona görə də ana müxalifət partiyası kimi fəaliyyət göstərmək imkanımız olmur.

  

   "Bəs mənim dilimi kim öyrənəcək?"

      

   - Müstəqilliyin bərpasının 20 illiyi yaxınlaşır. Əldə etdiyiniz arzuladığınızla üst-üstə düşür?  

   - Zahirən bəli. Zahirən belə abad görmək istəyirdik. 20-30 il bundan əvvəl Bakı mərkəzdəki müəyyən bir məhəllədən başqa quş yuvasına bənzəyən 1-2 mərtəbəli evlərin şəhəri olub. Çünki bütün sərvətini yüz il Rusiyaya verib, İkinci Dünya savaşını udub, amma həmin davada dağılan Kiyev, Minsk, Sankt-Peterburq yenidən qurulub, abad Avropa şəhərinə çevrilib. Bakı isə köhnə, şərq əyalət şəhəri olaraq qalıb. Yalnız mərkəzi hissədə bir neçə görkəmli binalar var ki, o da inqilabdan əvvəl tikilən binalardır. Sovet hökuməti Azərbaycanı sovurub aparıb, əvəzində isə heç nə verməyib. Bu ayrı bir məsələdir ki, biz sovet hakimiyyətinin verdiyi imkanlardan pis istifadə etmişik. Daha çox planların, öhdəliklərin yerinə yetirilməsinə çalışmışıq. Daşkənddə sovet dövründə bütün şəhərin istilik sistemi var idi. Hələ Ukrayna, Belorus, Baltikyanı dövlətləri demirəm. Rusiyanın özü ilə müqayisəyə də dəyməz. Özbəkistanda o vaxtdan Qoşa-paralel yollar var və indi də fəaliyyətdədir. Son 20 ildə-müstəqillikdən keçən dövrdə isə Azərbaycanın mənzərəsi tamamilə başqadır. Doğrudur, narazılıq da çoxdur, binalar olduqca bir-birinə yaxın, acgözlükdən daha hündürmərtəbəli, keyfiyyətsiz tikilir, yollarda tıxaclar yaranır. Görünür, həmin binaların tikildiyi ərazini o dərəcədə baha alırlar ki, verilən pulun müqabilində də belə hallara yol verilir. Amma bütün bunlara baxmayaraq, Bakı tamamilə dəyişib, ayrı bir şəhər olub. Respublikanın özündə də böyük dəyişiklik var və müstəqilliyin verdiyi imkanlardan istifadə olunaraq müəyyən işlər də görülüb. 20 ildə Azərbaycan iqtisadi cəhətdən çox inkişaf edib. Bu məsələnin zahiri tərəfi. Amma torpağımızı işğaldan azad edə bilməmişik. Bəlkə də Allahın bu ölkəyə, xalqa verdiyi imkanlardan daha optimal istifadə etmək olardı. Bu gün Azərbaycanda korrupsiya, rüşvət, monopoliya, sərvətin bir dəstə adamın əlində toplanması, bürokratiya mexanizminin daha dəhşətli hal alması və bu kimi bir çox məsələlər ağrıdıcıdır. Bunların bəzilərinə müvəqqəti, keçid dövrünün, bəzilərinə psixologiyamızdan, mədəniyyətimizdən doğan qüsurlar, bəzilərinə dövlət vərdişinin olmamasının nəticəsi kimi baxıram. Əlbəttə ki, bütün bunların obyektiv və subyektiv tərəfləri var. Müəyyən məmurların 5-10 il fasilə vermədən sovet psixologiyası ilə vəzifələrdə oturmasının nəticəsi olaraq biz bunları müşahidə edirik. Bunun üçün hamı işləməli, çalışmalıdır ki, bu əyriliklərin qarşısı alınsın. "Himayədarlıq" institutları yaranır, Bakıda imkan, vəzifə sahibi olanlardan hərə bir rayonu himayə edir. Hansı rayonun bəxtinə onlardan biri düşübsə, deməli o rayonun işi düzəldi. Hansı rayonun payına zəif adam düşübsə, o rayon batıb qalıb. Kəndlərimizdə təhsil sahəsinə diqqət artırılmalıdır. Gözəl məktəblər tikilir, amma orada dərs deyəcək savadlı kadrlar tapılmır, xarici dili tədris edən müəllim yoxdur. Kadrların əksəriyyəti də kəndlərdən gəlir. Məmurlar əsgərlik yaşına çatan uşaqlarını təcili ölkədən çıxarıb kənarda oxudurlar, dillər öyrədirlər. Onların bacarığı var, yoxsa yox bilinmir. Sabah onlar gəlib Azərbaycanda müxtəlif sahələrdə işləyəcəklər. Azərbaycanda indi yeni bir meyar da ortaya çıxıb, gərək xarici dili biləsən. Heç bir soruşan yoxdur ki, bu adam Azərbaycan dilini, tarixini nə səviyyədə bilir. Kənardan gələnlərdən dilimizi bilmələrini tələb etmirik, özümüz onların dilini öyrənməyə çalışırıq. Mənəvi, mədəni baxımdan ölkədə çox böyük problemlər var. Heç bir dəyəri, ölkə qarşısında hansısa xidməti olmayan adamların içindən bir də görürsən zənginlər, oliqarxlar meydana çıxır. Hardan, hansı təsadüfdən onlar bu səviyyəyə çatdılar? Bəs mən qırx il bu ölkəyə xidmət etmiş adamam, böyük vəzifələrdə, nazir də işləmişəm, bəs mənim niyə qarşıma belə təsadüf çıxmayıb? Əlimdə böyük imkanlar olub, amma bizim ideallarımız vardı və o idealların həyata keçirilməsini düşünürdük. Heç vaxt dövlətin malını mənimsəməyi ağlımıza gətirmirdik. Bəlkə də indiki nazirlərdən daha çox mənim nazir olaraq ixtiyarımda əmlak vardı və ondan nəyinsə mənim olsun düşünmədim, dövlətin əmlakı dövlətindir. Bu mənada indi qüsurlar daha çoxdur. Mənim aləmimdə müstəqil dövlət o dövlətdə yaşayan millətin, xalqın taleyinin yaxşılaşması deməkdir. İlk növbədə ədalətli bir cəmiyyətin olması, qanunların işləməsi, haqqın yerində olması, hər şeyin millətin mənafeyinə xidmət etməsi, millətin dilinə, mədəniyyətinə, mənəviyyatına, tarixinə, ruhuna hörmət göstərilməsi vacibdir. Bu prizmadan baxanda da çox böyük qüsurlar var və bəzi şeylər bizim gözlədiklərimizin tamamilə əksini ortaya qoymaqla yanaşı, həm də əvvəlkindən daha qorxulu istiqamətdə gedir.    

   - Müstəqilliyin əldə olunmasında əməyi olanlara münasibət necə, mübarizəyə adekvatdır?  

   - Ümumiyyətlə, 1989-cu ildən 1991-ci ilin oktyabrın 18-dək davam edən proseslərə indiki yanaşmanı qəbul etmirəm. Bu yanlış yanaşmadır. Şübhəsiz, Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı idi. Amma Heydər Əliyev həmin xalq hərəkatına bağlıydı və özü də bunu dəfələrlə deyib, 88-ci ildən başlanan proseslərə də çox böyük qiymət verib. Bir dəfə özü mənə dedi ki, "mən Naxçıvanda icra hakimlərinin hamısını Xalq Cəbhəsindən seçdim, mən sizinlə işləmək istəyirəm".

      

   "Belə ayrı-seçkilik olar?"

      

   - Bəs sonra nə baş verdi?  

   - Sonra bir çoxları vəzifələrini dondurdular. Onda Heydər Əliyev dedi ki, "mən məcbur olub köhnədən mənə xəyanət etmiş bəzi adamları vəzifəyə gətirdim". Düşünürəm ki, bu nisbəti dəyərləndirmək lazımdır. Aşırı dərəcədə hər şeyi meydan hərəkatının nəticəsi kimi dəyərləndirmək, yaxud da hər şeyin Heydər Əliyev gəldikdən sonra başladığını demək düzgün deyil. Bunlar bir-birinə bağlı məsələlərdir.    

   1988-ci il hadisələri olmasaydı SSRİ dağılmayacaqdı. Bu inkar olunmaz dəqiq faktdır, çünki onun bir kökü burdaydı, burdan qırılmalıydı şər imperiyası. İmperiya dağılmasaydı Azərbaycan müstəqil olmayacaqdı və müstəqil olmayacaqdısa, Heydər Əliyev hakimiyyətə gəlməyəcəkdi, hər şey başqa cür olacaqdı. Yəni o dövrü tamamilə inkar edib, hər şeyi 1993-94-cü illə bağlamaq doğru deyil. Hər kəsin, hər şeyin öz qiyməti verilməlidir. Bu baxımdan mən düşünürəm ki, 1991-ci ilin mart ayında SSRİ-nin qalması üçün keçirilən referenduma "yox" deyən, müstəqillik tərəfdarı kimi çıxış edən deputatların Azərbaycan tarixində xüsusi yeri var. Həmin "yox" deyən 43 nəfərin içərisində Heydər Əliyev də vardı. 1991-ci ilin avqustunda QKÇP oldu. Onda xalq hərəkatı ona "yox", hakimiyyət "hə" dedi. Qorbaçov qayıtdıqdan sonra Azərbaycan hakimiyyəti ilə konfilikt yarananda, nəhayət hakimiyyət yanlış yolda olduğunu başa düşdü, avqustun 30-da müstəqillik bəyannaməsi qəbul olundu. Sonra yenə parlamentin ətrafına yığışan millətin təzyiqi ilə oktyabrın 18-də "Dövlət müstəqilliyinin bərpası haqqında müstəqillik aktı qəbul olundu. Əgər QKÇP qalsaydı SSRİ-nin qalmasına "yox" deyən 43 nəfərin taleyi necə olacaqdı bilinmirdi. Bunu fikirləşmək lazımdır. İndi mən millət vəkiliyəm, təbii ki, deputatlığın da müəyyən statusları var və onlar mənə də şamil olunur. Amma həmin illərdə deputat olmuş, müstəqillik aktının qəbulunda əməyi olanların haqqı hökmən qorunmalıdır. Çünki o vaxt sabahın necə olacağını heç kim təsəvvür etmirdi. Meydan hərəkatından sonra mənə qarşı iki dəfə terror aktı həyata keçirilib. Birində səhər tezdən boş yolda hardansa bir maşın peyda olub mənim maşınımı vurdu. Bir dəfə də "Azərbaycan" qəzetinin qarşısından maşınımı aparıb qəbiristanlığa qoymuşdular və bu gün maşının, sabah da özün gələcəksən işarəsini vermişdilər. Biz ölkəmizdə bir-birini dərk, qəbul etmək, sayqı göstərmək ruhunda şərait yaratmalıyıq. Əgər dövlətin əbədiliyini istəyiriksə! Cəmiyyət dövlətə bağlı olmasa, onu sevməsə, o dövlət yaşaya bilməz. Heç vaxt süngülərin ucunda dövlət yaşamayıb. Dövlət cəmiyyətin, millətin sevgisi ilə yaşayıb. Ən böyük imperatorlar, ən böyük sərkərdələr yalnız ordusunun hesabına qalib gəlməyib. Həmişə ona inamın, sevginin hesabına qalib gəlib.

   - Ötən əsrin sonunda Topxana meşəsində bir ağacın qırılmasına etiraz olaraq ayağa qalxan millət Quzey Azərbaycanın müstəqilliyinin bərpasına nail oldu. Hazırda Urmiya gölünün qurudulmasına etiraz edən soydaşlarımızın etirazı Güney Azərbaycanın müstəqilliyi ilə nəticələnə bilərmi?  

   - Əvvəla Urmiya gölü təkcə Güney Azərbaycanın deyil, həm də Quzey Azərbaycanındır. Eyni zamanda da bu dünya gölü siyahısına düşən sərvətdir, ona görə də qorunmalıdır. Bununla bağlı biz neçə ildir həyəcan təbili çalırıq. Urmiya gölünün quruması İranda təkcə şərqi və Azərbaycan ostanlarının boşalması ilə nəticələnməz, həm də bütün regionumuza da təsir göstərər, duz fırtınaları bura da, Türkiyəyə, İraqa da gedib çıxar. Aral gölü quruyanda ətrafından neçə min kənd köçürüldü. İndi də bütün şərqi, qərbi Azərbaycan ostanlarının kəndləri köçürülər. Bu gölün qurumasının qarşısını almağı düşünməyən İran rəsmiləri də elə bunu nəzərdə tuturlar. Onlar Azərbaycanın iqtisadi cəhətdən inkişafının, əhalinin kampakt yaşamasının marağında deyil. Çünki onlar belə düşünür və İran rəsmiləri həmişə deyirlər ki, Azərbaycan İranın yatmış başıdır.  

   - Siz həm də maraqlı əsərlərin müəllifi kimi tanınırsınız. Ədəbiyyata indiki münasibət sizi qane edir? Siyasətdə keçən illər yaradıcılığa mane olmayıb ki?    

   - Ədəbiyyatın yerini getdikcə ekran, İnternet tutur.  

   - Bunlar ədəbiyyatı əvəzləyə bilir?  

   - Əvəzi deyil, amma, şübhəsiz, onlar daha çox yer tutur. Minlərlə deyil, milyonlarla insan var ki, onlar televiziyanı qoyub kitab üzü açmır. Azərbaycanda elitar təbəqənin böyük əksəriyyəti demək olar ki, kitab oxumur. Milli Məclisdə 125 deputata kitab verirəm, amma onlardan ikisi mənə fikrini bildirir. Deməli, yerdə qalanı oxumur, baxmayaraq ki, mənimlə üz-üzə gəlirlər. Bu bütövlükdə dünyada gedən prosesdir.    

   - Bir yazar, mütaliəli şəxs olaraq bunu normal sayırsınız?  

   - Mənim aləmimdə şeir, ədəbiyyat cəmiyyətin ən böyük bel sütunu, ürəyi, xilas yoludur. Bu olmasa, cəmiyyət, heç bir şey olmaz. Dil, ədəbiyyat cəmiyyətin xilasıdır. Mən şeirdən də qopmamışam, şeir də yazıram. Ola bilsin onların içərisində kəskin ruhlu şerilər var və onları çap etdirmək bir problem, onlarsız kitab çap etdirmək də başqa bir problemdir. Belə olanda mən doymuram, hamısının bir yerdə olmasını istəyirəm. Ona görə də 1995-ci ildən sonra məktəblilər üçün 25 min tirajla cəmi bircə seçilmiş əsərlərim çapdan çıxıb. Amma bu illərdə ardıcıl olaraq publisistika ilə məşğul olmuşam. Onları yığmışam ki, bir kitabda çap etdirim. Adı da "Dərd" olacaq.    

   - Son 20 ildə baş verənlərin hamısı orda əksini tapır?  

   - Bəli. Hesab edirəm ki, tarixini bilməyən bir nəsil gələcəyini qura bilməz. Bu günlərdə "Sünami" adında kiçik romanım çapdan çıxıb. Bu "sunami" cəmiyyətin içindəki mənəvi sunamidir. Bizim düşündüyümüz mənəviyyat, əxlaq, təhsil, tarix və gələcək haqqında düşünən cəmiyyət artıq yoxdur. Bu gün pul, güc, böyük oliqarxların idarə etdiyi dövlətlərüstü, sərhəd tanımayan, ruh və mənəviyyat düşünməyən, yalnız qadını düşünən adamların idarə etdiyi cəmiyyətlər var. Bir tərəfdə onlar, digər tərəfdə də məhdud imkanları ilə cəmiyyəti bu əyriliklərdən müdafiə etməyi düşünən ziyalı təbəqə var.

 

 

   Gültəkin Qəhrəmanlı

 

   Ədalət.- 2011.-1 oktyabr.-S.12-13.