Gəl, gəl kitab
günləri...
Beynəlxalq Sərgi-Yarmarkada
dünyanın ən böyük kəşflərindən
birinə baxmaq imkanı qazandıq
Yola salmaq istədiyimiz həftədə Mədəniyyət və Turizm Nazirliyi bir neçə maraqlı tədbir keçirdi. Belə tədbirlərdən biri də dünyanın ən böyük kəşflərindən sayılan kitabın təbliğinə hesablanmışdı. II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası gözlənildiyi kimi böyük əks-səda doğura bildi.
Qonaqları musiqi
qarşıladı
II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası öz işinə sentyabrın 28-də başladı. Əl Oyunları İdman Sarayı kitabı yazanların, çap edənlərin və onu oxuyanların ixtiyarına verildi. Sarayın önünə toplaşanlar çox da darıxmadılar. Nəfəsli alətlər orkestri sərgi-yarmarkaya gələnləri darıxmağa qoymadı.
Beynəlxalq tədbirin rəsmi açılışında ilk söz Baş nazirin müavini Elçin Əfəndiyevə verildi. Natiq son illər Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini qanunauyğun bir hal olduğunu qeyd etdi və dedi ki, bütün sahələrdə qazanılan uğurlar mədəniyyətin, incəsənətin inkişafına da öz təsirini göstərib. Bakıda və xarici ölkələrdə onlarca kitabı nəşr edilən xalq yazıçısı Elçin tədbirə toplaşan oxucuları, nəşriyyat-poliqrafiya sahəsində çalışanları, diplomatik korpusun rəhbərlərini öz işinə başlayan sərgi-yarmarka münasibəti ilə təbrik etdi. Onu da yada saldı ki, beynəlxalq sərgi-yarmarka Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunub. Hökumət təmsilçisi və dəyərli yazıçı kitabı bəşəriyyətin ən böyük kəşflərindən biri adlandırdı.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əsl ev sahibi kimi danışdı. Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirməkdə xeyli təcrübə toplamış Mədəniyyət və Turizm Nazirliyinin rəhbəri nəşriyyat və poliqrafiya sahəsinin inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışdı. Hələ 2000-ci ildə "Nəşriyyat işi haqqında" qanun qəbul edildiyini xatırladan nazir kitab nəşri sahəsində böyük uğurlar əldə edildiyini, yüksək standartlara cavab verən çap məhsullarının hazırlandığını bildirdi. Əbülfəs Qarayev onu da qeyd etdi ki, ilk dəfə olaraq Mədəniyyət və Turizm Nazirliyi ölkədə nəşriyyat işi və kitab sənətinin inkişaf etdirilməsi üzrə 2008-2012 illəri əhatə edən xüsusi Fəaliyyət Proqramı hazırlayıb.
2009-cu ildə I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirildiyini yada salan nazir böyük maraq doğuran həmin tədbirdə dünyanın 20 ölkəsini təmsil edən 35-ə yaxın nəşriyyat-poliqrafiya müəssisənin qatıldığını, ölkəmizin isə həmin yarmarkada 60-dan artıq nəşriyyat-poliqrafiya müəssisəsi ilə təmsil olunduğunu diqqətə çatdırdı.
Əbülfəs Qarayev ümid etdiyini bildirdi ki, sayca ikinci dəfə təşkil edilən beynəlxalq sərgi-yarmarka milli mədəniyyətimizin tərkib hissəsi olan kitab sənətinin inkişafında mühüm rol oynayacaq, Azərbaycan kitabının dünya miqyasında təbliğinə töhfə verəcək.
Rəsmi çıxışlardan sonra Əl Oyunları İdman Sarayı qapılarını kitabsevərlərin üzünə açdı.
"Qonşudan qalma dala" prinsipini utandıran tədbir
Sentyabr-oktyabr aylarında dünyanın
müxtəlif ölkələrində
kitab sərgi-yarmarkaları
keçirilir. Sevindiricidir ki,
Azərbaycan da həmin nüfuzlu sərgi-yarmarkalarda iştirak
edib. Son 5 ildə
ən yaxşı kitablarımız İsgəndəriyyə
(Misir), Frankfurt (Almaniya),
Varşava (Polşa), Pekin (Çin), İstanbul (Türkiyə),
Əbu-Dabi (Birləşmiş
Ərəb Əmirlikləri),
Saloniki (Yunanıstan),
London (İngiltərə), Moskva (Rusiya), Paris (Fransa), Tehran (İran) sərgi-yarmarkalarında üzümüzü
ağardıblar.
II Bakı
Beynəlxalq Kitab Sərgi-Yarmarkası "Qonşudan
qalma dala" prinsipini güdmürdü.
Baxmayaraq
ki, təşkilatçılıq
səviyyəsinə görə
adıçəkilən sərgi-yarmarkalardan
heç də geri qalmırdı. Əl Oyunları İdman Sarayının 1200 kvadratmetr
sahəsində qurulan
stendlərdə son illər
ərzində nəşr
olunan ən maraqlı və nəfis kitablar nümayiş olunurdu.
Mədəniyyət və
Turizm Nazirliyinin nəşriyyat, reklam işinin təşkili və informasiya şöbəsinin müdiri
Vaqif Bəhmənlinin
"Ədalət"ə verdiyi məlumata görə II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ABŞ, Rusiya,
Türkiyə, İran,
Macarıstan, Slovakiya,
Makedoniya, Latviya,
Moldova, Özbəkistan kimi
ölkələrdən gələn
20-dən çox nəşriyyat
öz məhsullarını
təqdim edirlər. Nümayiş olunan milli kitablarımız və digər çap məhsulları isə
100-dən çox müəssisədə
hazırlanıb.
Sərgi-Yarmarkaya
gələnlər "Azərnəşr"in,
"Şərq-Qərb" nəşriyyat evinin,
"Təhsil", "Altun
kitab", "Çap
evi", "Adiloğlu",
"VEKTOR", "Kövsər",
"Xəzər", "Azpoliqraf", "Çaşıoğlu"
və digər nəşriyyatların məhsullarına
maraqla baxırdılar.
Danışır kitab yazanlar
Beynəlxalq sərgi-yarmarka çərçivəsində
keçirilən silsilə
tədbirlər də
yadda qalan oldu. Sərginin birinci günü
"Yeniləşən mədəniyyət-yeniləşən
məkanlar" adlı
tədbir düzənləndi.
Ölkə başçısının sərəncamı ilə
yenidən qurulan mədəniyyət ocaqları
haqqında kitabların
müzakirəsi keçirildi.
Həmin
silsilə kitabların
müəllifi, sənətşünaslıq
doktoru, professor İlham
Rəhimli, tənqidçi,
sənətşünaslıq doktoru, professor Məryəm
Əlizadə və başqaları çıxış
edərək fikirlərini
oxucularla bölüşdülər.
Növbəti tədbir Ukrayna xalqının böyük
oğlu Taras
Şevçenkoya həsr
olundu. Ukraynanın ölkəmizdəki fövqəladə
və səlahiyyətli
səfiri Aleksandr Mişşenko, "Ədəbiyyat"
qəzetinin baş redaktoru Ayaz Vəfalı, şair Ağacəfər Həsənli
və başqaları
Şevçenkonun yaradıcılığı
barədə danışdılar.
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rektoru, sənətşünaslıq doktoru,
professor Timuçin Əfəndiyevin
"Mədəniyyətdə tarixilik və müasirlik" kitabının
təqdimatı da elə həmin gün keçirildi.
Professorlar Aqşin Babayev, Nizaməddin Şəmsizadə görkəmli
alimin yeni kitabını təhlil etdilər və ürək sözlərini
söylədilər.
Sərgi-yarmarkanın
ikinci iş günü də məhsuldar keçdi. Ölkə başçısının sərəncamı
əsasında hazırlanan
150 cildlik "Dünya
ədəbiyyatı" silsiləsinin
çapdan çıxan
yeni nəşrləri
ictimaiyyətə təqdim
olundu. Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Kamal Abdulla, tanınmış
yazıçı-tərcüməçilər
Afaq Məsud, Kamran Nəzirli və başqaları təqdim olunan kitablar barədə fikir mübadiləsi apardılar.
"Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı" adlı konfrans da yetərincə maraqlı alındı. MEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun aparıcılığı ilə keçən tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov, yazıçılar Hüseynbala Mirələmov, Aqil Abbas kitab sənətinin inkişafına göstərilən diqqətdən danışdılar.
Sərgi-yarmarka çərçivəsində Türk dünyasının unudulmaz şairi Abdulla Tukay da yad edildi, əsərləri barədə söhbət açıldı. Son 20 ilin ədəbi mənzərəsi isə dəyirmi masada müzakirə olundu. "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, tənqidçi Vaqif Yusifli, professor Şirindil Alışanov müstəqilliyimizin bərpasından sonra yaranan ədəbiyyatın mənzərəsi barədə fikirlərini bölüşdülər.
Növbəti tədbir tanınmış şair Çingiz Əlioğlunun "Çərçivə" kitabı barədə oldu. Moskva Beynəlxalq "Kitab sənəti" müsabiqəsinin baş mükafatını -"Qran Pri"-ni qazanan "Çərçivə" haqqında yazıçı Mustafa Çəmənli, xalq rəssamı Arif Hüseynov, Yazıçılar Birliyinin katibi Rəşad Məcid və başqaları danışdılar.
Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" mükafatının laureatlarını oxuculara şair Əjdər Ol təqdim etdi. Yazıçılar Natiq Rəsulzadə, Kamran Nəzirli, şair Ağacəfər Həsənli oxucuları qarşısında çıxış etdilər. Növbəti tədbirdə isə Yazıçılar Birliyinin katibi Rəşad Məcid gənc ədəbi qüvvələrlə fikir mübadiləsi apardı.
II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası dünən işinə yekun vurdu. Kitab bayramının uğuru yəqin ki, hələ uzun müddət müzakirə olunacaq.
ETİBAR
Ədalət.-
2011.-1 oktyabr.-S.14.