"ELLƏRİN
DİLİNİN ƏZBƏRİYƏM MƏN" - BELƏ
DEYİRDİ DƏDƏ ŞƏMŞİR
Qələm dostum şair
Zülfüqar Şahsevənli məndən soruşanda ki,
aşıq Şəmşir haqqında nəsə yaza bilərsənmi,
onunla bağlı xatirələrin var, yox, mən
gülümsəyib suala sualla cavab verdim:
- Sən bilən ömrünün
çoxu radioda, televiziyada keçmiş bir qələm
sahibinin aşıq Şəmşir kimi məşhur bir sənətkar
haqqında xatirəsi olar, yoxsa olmaz?
- Əlbəttə, olar, - deyə
gülümsədi. - Aşıq haqqında xatirələr
kitabı buraxılacaq, mən də onun redaktoruyam. Yazılara
baxanda sənin adına rast gəlmədim. İndi bu söhbəti
salmağım da elə-belə deyil. Ürəyimdən
keçdi ki, bunu sənin yadına salım.
- Qardaş, çox sağ ol, bu
günlərdə yazıb verərəm. Aşıq Şəmşirin
ruhu şad olsun, onun xətrini çox istəyirdim. Kəlbəcərin
təbiəti kimi sadə bir insan idi. Özü də
sayılıb-seçilən sənətkar idi.
Elə o andan fikrim-xəyalım
çox yerə, səmtə dolandı. Yaddaşımı
silkələdim, ötüb-keçənləri yada
saldım, qəlbimdə neçə-neçə xatirələr
oyandı. Və bir gecə şəhərin səs-küyü
batıb, aləmə sakitlik çökəndə qələmi
götürdüm. İlk cümləni yazanda elə bil dədə
Şəmşirin sazının səsi qulağıma gəldi.
Qəribədir, yazını sona çatdırıncayadək
bu səs qulağımdan getmədi. Dönə-dönə
ürəyimdə pıçıldadım: "Allah sənə
rəhmət eləsin, dədə Şəmşir! Sən
şirin bir adam idin. Özün də, sözün də,
sazının səsi də yadımızdadır. Səni
unutmaq olarmı? Sən həmişə yadımızda,
yaddaşımızdasan".
Yadıma 1969-cu ilin qışı
gəlir. Mən Azərbaycan Radiosunda "Ədəbiyyat"
şöbəsinin müdiri işləyirdim. Baş
redaktorumuz yazıçı-dramaturq Rauf İsmayılov idi.
Bir dəstə sənət adamını da götürüb
Yardımlı rayonuna ezamiyyətə getmişdik. "Kənd
əməkçiləri ilə görüşlər"
silsiləsindən növbəti veriliş üçün bu
rayonu seçmişdik. Hər gün kəndlərə
çıxır, zəhmət adamları ilə
görüşür, diqqətimizi çəkən
insanların səsini lentə yazır, axşamlar "Qonaq
evi"ndə cəmləşirdik.
Rayon partiya komitəsinin birinci
katibi Səfər Verdiyev əslən Kəlbəcərdən
idi. Yaşı 38-40 arasında olar, ya da olmazdı. O, əvvəllər
Kəlbəcərdə birinci katib işləyib, hörmət,
etimad qazanmışdı. Hərəkətlərində,
danışıq-davranışında yaşından da
müdrik görünürdü. Buna görə də
Yardımlı ellərində raykom katibindən daha çox
camaaatın doğma, yaxın bir adamına çevrilmişdi.
Onunla ünsiyyətim çox tez yarandı. Ömrünün
axırınacan da dostluq elədik. O, yazıçı Əlfi
Qasımovun qudası idi. Bir-birimizi həmişə arayıb
axtarırdıq.
Yardımlıda üç gün
qaldıq. Artıq Bakıya qayıtmalı idik. Bu şərəfə
"Qonaq evi"ndə yığcam bir qonaqlıq düzəltmişdilər.
Rayonun rəhbər işçiləri idi, bir də biz.
Tamadalığı güc-bəla ilə mənim boynuma
qoydular. Kimdənsə eşitmişdim ki, birinci katib
yaxşı saz çalır. Bunu Yardımlıda bəlkə
də iki-üç adam bilirdi. Saz çalmağı
yadıma düşdü, belə bir şərt irəli
sürdüm.
- Tamadanın sözü, istəyi
məclisin əsas qanunudur. Hamı onun dediyini eşitməli,
yerinə yetirməlidir.
Ümumi razılıq belə oldu
ki, məclisi öz axarı ilə beləcə davam etdirim.
Axşamdan xeyli keçmişdi.
Saata baxanlar, getmək istəyənlər var idi. Bir azdan məclis
seyrəldi. Ayağa qalxıb bir az çəkinə-çəkinə:
- Mən bayaq demişdim ki,
tamadanın sözü, istəyi yerinə yetirilməlidir,
-dedim.
Səfər müəllim nəyisə
duyubmuş kimi üzümə baxıb gülümsədi. Mən
ürəklənən kimi oldum:
- Könül istər ki, məclisə
başına döndüyümüz saz gəlsin.
- Gəlsin, gəlsin!
Səfər müəllim işin
nə yerdə olduğunu hiss edib:
- Bəlkə... Bu işi bir az da o
yana çəkək, - dedi, - iki-üç adam qalanda
çazın səsi daha yaxşı çıxar.
Onun eyhamını o tərəf də,
bizimkilər də başa düşdü. Saz gələndə
otaqda üç nəfər qalmışdıq: Səfər
Verdiyev, Rauf İsmayılov, bir də mən.
Səfər müəllim mənə
sarı döndü:
- Mən o qədər camaatın
içində saz çalsaydım, səsi-sorağı gedib
Bakıya da çatardı. Özünüz də bilirsiniz
ki, bu da birinci katibə başucalığı gətirməz.
Hərdən Kəlbəcər üçün darıxanda,
burnumun ucu göynəyəndə evdə özüm
üçün dınqıldadıram.
O, sazı sinəsinə basıb
şirin-şirin bir "Sarıtel" çaldı. Biz onu
alqışladıq. Başını tərpətməyindən
hiss olunurdu ki, məmnundur. Bəlkə də neçə
vaxtdan bəriydi ki, çalğısını ailəsindən
başqa heç kim eşitməmişdi. İndi isə biz məftunluqla
ona qulaq asırdıq.
- İstəyirsinizsə dədə
Şəmşirdən də bir hava çalım.
- Ay Səfər müəllim, bunu
bəyəm soruşarlar ki? - dedim.
- Onda böyük Səməd
Vurğunun çox bəyəndiyi havanı, "Şəmşir
gözəlləməsi"ni yada salaq.
Səfər Verdiyevin məharətlə
çaldığı bu hava sümüyümüzə
düşdü, bizi yaman tərpətdi.
Mən özümü saxlaya bilmədim:
- Səfər müəllim,
qadanızı alım, bir az Səməd Vurğunla dədə
Şəmşirdən danışın, o məşhur deyiməni
yada salın.
O, bir anlıq gözlərini
qıyıb fikrə getdi. Sonra aramla sözə
başladı.
- Bəri başdan deyim ki,
1956-cı ilin yayında böyük şairin İstisuya gəlişi
bütün Kəlbəcər ellərinin bayramına
çevrilmişdi. Sanatoriyanın qabağı həmişə
adamla dolu olurdu. Eşidən-bilən özünü ora
çatdırmaq, Səməd Vurğunu görmək istəyirdi.
Şairə nə qədər sovqat gətirirdilər! Mən
də birinci katib kimi hər axşam şairin
görüşünə gedəndə
düşünürdüm: "Dağ yeridir, birdən
könüllərindən nəsə keçər, tapa bilməzlər".
Tapşırıq vermişdim. Otağın mer-meyvəsi,
qarpızı, yemişi kəsilməsin. Ürəyimdən
keçirirdim ki, onu Yazı düzünə qaldırım.
Fikrimi bildirəndə kədərli-kədərli üzümə
baxdı:
- Ayə, ay Səfər müəllim,
təklifin ürəyimdən xəbər verir, - dedi. - Ancaq
görək bu azar-bezar aman verəcəkmi?
Deyəsən İstisuyun havası
Səməd Vurğuna düşmüşdü. Düz bir həftə
sonra Ceyran bulağının üstündə dəmdəsgahlı
bir məclis quruldu. Bir yanda samovar qaynayır, bir yanda da quzu ətindən
kabab çəkilirdi.
- Ay Səfər müəllim, ayə,
gör məclisimizin nəyi çatmır?
- Hər şey
götürmüşük. Könlünüzdən daha nə
keçir, böyk şair? Hələ məşhur Kəlbəcər
dovğası da olacaq.
- Ayə, bunlar hamısı öz yerində. Deyəsən
yaddan çıxıb, sazımız çatmır. Dağ
yerində aşıqsız məclisin nə ləzzəti?
- Səməd qağa, bu nə
sözdür. Təki siz ürəyinizdən keçəni
deyəsiniz. Yerinə yetirmək də bizim borcumuzdur.
- Bilirəm ki, Kəlbəcər
aşıqlar oylağıdır. Ayə, işin-gücün
bu qızğın vaxtında kimisə tapmaq olarmı?
- Bir az aşağılarda
Ağdaban kəndi var, - dedim. - Orada Şəmşir adında
yaxşı bir aşığımız olur. Mən bilən
indi ot biçir. Maşın göndərirəm dalınca.
Harada olsa, tapıb gətirərlər. Göz
açıb-yumunca burada olacaq aşıq Şəmşir.
Şişlər gəldi. Məclisdəkilər
tərpəndi. Səməd Vurğun isə papirosu papirosun
oduna calayırdı... Axır ki, Ceyran bulağına gələn
yolda maşın göründü. Hamı sevinclə:
- Aşığımız da gəldi!
- dedilər.
Aşıq Şəmşir
maşından düşən kimi Səməd Vurğunun
üstünə qaçdı.
- Ay Səməd qağa, ay ustad,
qurbanın olum, xoş gəlib, səfa gətirmisən bizim
ellərə!
- Sağ ol, ay aşıq Şəmşir,
sağ ol! Səni min yaşa! Gəl bəri başdan belə
danışaq...
- Hə, qadan alım. Sən nə
desən,nə istəsən, elə də olacaq.
- Bayaqdan səni gözləyirdim,
ay aşıq. Gəl qoşulaq bir-birimizə. Toqqanın
altını yaxşı-yaxşı bərkit ki....
- Ay Səməd qağa, iştaham
olmasa da, sağlığına Ceyran bulağının
üstündə bu quzu kababından dadacağam.
- Ay aşıq, dadmaq niyə? De
ki, doyunca yeyəcəyəm. Gün batana kimi buradayıq. Bəlkə
hələ bir yerdə çalıb-oxmağımız da
oldu.
- Elə mən də bunu istəmirəmmi,
qadan alım?
Aşıq Şəmşir
çəkinir, Səməd Vurğunun yanında əlini
süfrəyə uzatmaq istəmirdi. Bu, Səməd
Vurğunun gözündən yayınmadı:
- Aşıq, onu bil ki, sən
kababdan doyunca yeyib dorymasan, biz də
köçümüzü çəkib gedəcəyik.
İşini elə qur ki, yemək də olsun,
çalıb-oxumaq da.
Aşıq çəkinə-çəkinə
süfrəyə əl uzatdı. Bir azdan sazı götürəndə
daha şair heç nə demədi... Aşıq Şəmşir
cuşa gəlmişdi. O, gah Ələsgərdən, gah
Qurbandan deyir, gah da Səməd Vurğunun
qoşmalarını dilə gətirirdi. Şairin
"Yadıma düşdü" və "Dağlar"
qoşmalarını elə kövrək avazla oxudu ki,
şairin gözləri yaşardı.
Şairin alnı
çatılmışdı. "Kazbek" qutusunun
üstündə karandaşla nəsə yazırdı.
Başını qaldırıb dedi:
- Aşıq, al bunu da oxu,
deyişmədi. Cavabı səninki olacaq. Qoy bu Ceyran
bulağından yadigar qalsın.
Aşıq Şəmşir
"Kazbek" qutusunu alıb güclə seçilən
misraları uca səslə oxumağa başladı:
Aşıq Şəmşir, Dəlidağdan
keçəndə,
Kəklikli daşlardan xəbər
al məni.
Ceyran bulağından qızlar
içəndə,
Saz tutub, söz qoşub yada sal məni.
Bax, indi dillər əzbəri olan
bu deyişmə belə yarandı. Sonra da aşıq Şəmşirin
taleyində bir bəxt ulduzu kimi parladı, onu hər yerdə
tanıtdı.
Səfər Verdiyev sonda
sözünə yeni yön verdi:
- Əvvələr aşıq
Şəmşiri yalnız bizim Kəlbəcər tərəflərdə
yaxşı tanıyırdılar. Səməd Vurğunla bu
görüşdən, bu tarixi deyişmə çap olunandan
sonra aşıq çox məşhurlaşdı. Heç
yadımdan çıxmaz, Səməd Vurğun elə oradaca
aşığa dedi ki, şair, Allah qoysa kitabın da
çıxacaq. Qayıdan kimi səni Osman Sarıvəlliyə
tapşıracağam. Qoy redaktorun da mənim bu gözəl
dostum olsun. O, aşıqları yaxşı duyur, sərraf
kimi də redaktə edir.
Böyük şair ustad
aşığın gələcəyi ilə bağlı
ürəyindən nələr keçirmişdi, ona nələr
arzulamışdı, bircə-bircə hamısı yerinə
yetdi. Dədə Şəmşirin kitabı əllərdə
gəzdi. Nəşrin bütün qayğılarını
Osman Sarıvəlli boynuna çəkmişdi. Bundan sonra
aşıq Şəmşirin ulduzu daha da parladı. Radio,
televiziya tez-tez onu efirə, ekrana çağırdı.
Milyonlar onu gördülər, çalğısını
dinlədilər, şeirlərini eşitdilər.
Biz Bakıya qayıdandan sonra Səfər
Verdiyevə zəng vurub onlan xahiş etdim ki, bu xatirəni
yazıb bizə göndərsin. O, arzumuzu yerinə yetirdi.
Xatirəni radioda səsləndirdik, sonra mən onu "Ədəbiyyat
və incəsənət" redaksiyasına təqdim etdim.
Xatirə qəzetdə çap olunduqdan sonra Səfər
Verdiyev redaksiyamıza zəng çaldı:
- Sağ olun ki, mənim
yazdığımı həm radioda səsləndirdiniz, həm
də qəzetdə çap elətdirdiniz. Bu, aşıq
Şəmşirin də yadından çıxmaz, onun qohum-əqrəbasının
da, mənim də.
...Dədə Şəmşirlə
mənim də ilk görüşüm televiziyada olub. O
gün bütün rəngləri ilə yadımda qalıb,
yaddaşıma köçüb. 1972-ci ilin payızı idi.
Mən kollegiya iclasından çıxıb asta-asta
üçüncü mərtəbəyə, iş
otağıma qalxırdım. Pilləkənin başında
"Teatr" şöbəsinin müdiri, yazıçı
Ənvər Məmmədxanlının bacısı Həbibə
Məmmədxanlı qabağıma çıxdı. Məni
görcək:
- Ay Nahid müəllim, - dedi, -
yaxşı ki, kollegiya iclası çox çəkmədi.
- Nə olub ki?
- Yaşlı bir kişi sizi
gözləyir. Geyimindən, suyundan kənd adamına
oxşayır.
Ayağımı yeyinlətdim:
"Bəlkə qohum-əqrəbadandır. Ola da bilsin,
heç məni tanımır da. Nəsə bir işi-istəyi
var".
Yosma bir kişi divara söykənib
gözünü qapıdan çəkmirdi. Ona
yaxınlaşdım.
- Salam, əmi,
bağışlayın, sizi gözlətmişəm.
- Siz Nahid Hacıyev deyilsinizmi? -
sevincək soruşdu.
- Əmi, özüdür ki var, -
deyə qapını açıb onu içəri dəvət
elədim. - Gedək söhbətimizi otaqda sakit-sakit dağ eləyək.
- Eləyək, qalan alım, eləyək.
Elə mən də Sizin adınızı tutub gəlmişəm.
Üzbəüz oturduq.
- Əmi, deyirəm əvvəlcə
tanış olaq, - ağlıma gələn ilk söz bu oldu.
- Qadan alım, deyirsən olaq, olaq
də, - qalxıb əlini irəli uzatdı. - Yəqin
adımı eşitmiş olarsan, -sözünün
arxasını qısdı - aşıq Şəmşir.
- Bu nə sözdür, - ucadan
dedim. - Əlbəttə ki, eşitmişəm. Səməd
Vurğunla görüşünüz sizin adınızı
dillərə salıb, məşhuri-cahan eləyib.
- Səmədin ruhuna qurban olum. Bu
dünyaya tək gəldi, tək də getdi o böyük
insan! Adı ürəyimin başındadır, adı gələndə
oğul-uşağım da, nəslim də ayağa qalxır.
(Ardı var)
Nahid
HACIZADƏ
Ədalət.-
2011.-1 oktyabr.-S.17.