GƏLİN, ŞEİRDƏN DANIŞAQ

 

   ƏDƏBİ HƏYAT

 

   Azərbaycan poeziyasının müasir durumundan söz açanda bəziləri belə bir fikir irəli sürürlər ki, bizdə yeni poeziya yaranmaqdadır və ya artıq yaranmışdır. Bu fikri söyləyərkən həmin müəlliflər şeirimizdə sovet dövrü poeziyasından fərqli bir mənzərənin yarandığını, şeirimizin daha cəsarətlə həyat hadisələrinə, cəmiyyətdə gedən ictimai-siyasi proseslərə müdaxilə etdiyini nəzərə çarpdırırlar. Bəziləri isə belə düşünür: sosializm cəmiyyəti, yetmiş ildən artıq şairləri quruluşu, sistemi mədh etməyə çağıran və səfərbər edən sosrealizm artıq yoxdur, onların fikrincə, mədhiyyəçilik: rəhbərlərin, "yenilməz" şəxsiyyətlərin, əmək qəhrəmanlarının və qırmızı bayraqların tərifinə son qoyulub və indi buna ehtiyac duyulmur. Poeziya yenidən İnsana, onun mənəvi dünyasına yön alır. Bəziləri isə poeziyamızın yeniliyini Qərbə, Qərb ədəbiyyatına meyllənməkdə, Qərb poeziyasındakı hazır təcrübəni formal şəkildə olsa da, "milliləşdirmək"də görür, hər cür ənənəyə qarşı çıxırlar. Yəni milli ənənələri inkar edirlər. Nəhayət, bir çoxları da XX əsrin arxada qaldığını, bununla da poetik kanonların, stereotiplərin tamamən qırıldığını "nikbinliklə" car çəkir, yeni poeziyanın yarandığını elan edirlər.

  

   Əlbəttə, bu mülahizələrin bir çoxu obyektiv həqiqəti düzgün əks etdirmir.

   Birincisi; Sovet dövrü poeziyasından tamam fərqli bir mənzərənin yarandığını iddia etmək hələ tezdir. Görəsən, sovet dövründə şeirimiz cəsarətsiz idimi? Onlarla, bəlkə yüzlərlə misal gətirə bilərik ki, Azərbaycan şairlərinin bir çoxu, məhz sosializm cəmiyyətində "gəmidə oturub gəmiçi ilə dalaşırdılar".

   İkincisi; Doğrudur, artıq nə sosializm, nə də sosrealizm var, əmək qəhrəmanlarının və qırmızı bayraqların, Kommunist Partiyasının və onun liderlərinin mədhinə həsr olunmuş şeirlər də unuduldu. Amma kim deyər ki, mədhiyyəçiliyə son qoyulub? Yaxud, poeziyamızın İnsana, onun mənəvi dünyasına qayıdışı məsələsi... Məgər sovet dövründə İnsanın mənəvi dünyası şairləri düşündürmürdü? Yenə onlarla, yüzlərlə misal gətirmək olar.

   Üçüncüsü; Azərbaycan poeziyası ta əzəldən öz milli, özəl xüsusiyyətləri ilə seçilmişdir. Yəni Azərbaycan poeziyası ilk növbədə, Azərbaycan mənəviyyatının təcəssümü olan milli bir poeziyadır. Bu poeziyada onu yaradan xalqın tarixi, milli mənliyi, zəngin adət-ənənələri, həyat və məişəti, azadlıq duyğuları, dünyaya baxışı əks olunmuşdur. Bu gün qətiyyətlə deyə bilərik ki, çoxəsrlik Azərbaycan şeirini səciyyələndirən özünəməxsus keyfiyyətlər mövcuddur ki, bu keyfiyyətlər istər klassik, istərsə də müasir poeziya üçün təbii və qanunauyğundur. Təbii ki, keçmiş poeziyanın fərqli, spesifik xüsusiyyətləri olduğu kimi, müasir poeziya da özünəməxsus cəhətləri ilə seçilir, lakin bunlar arasında heç bir uçurum yoxdur, əlaqə və bağlılıq indi də qırılmamışdır və bu da onu göstərir ki, Azərbaycan poeziyası çox güclü bir ənənəyə malikdir. Deməli, müasir Azərbaycan poeziyasında hansı yeni, novator keyfiyyətlər meydana gəlsə də, Avropa və ümumən dünya ədəbiyyatı ilə ilişgilər qurulsa da, onu heç vəchlə öz kökündən, qaynaqlarından, mənbəyindən ayırmaq və təcrid etmək mümkün deyil.

   Dördüncüsü; Bəli, XX əsr arxada qalıb. Lakin bu, o demək deyil ki, XX əsr poeziyasına məxsus kanonlar, bir çox xüsusiyyətlər də tamamən arxada qalıb. Stereotiplər qırılıb. Və "Yeni poeziya" yaranıb. Yox! Belə deyil. Əvvəla, poeziyada elə ənənələr mövcuddur ki, onlar uzun müddət yaşayır. Yeni məzmun yarandıqda bəzən köhnə hesab etdiyimiz forma onun xidmətində dayanır. Bu dünya ədəbiyyatında-bir çox milli poeziyada təsadüf olunan haldır. Məsələn, M.Ə.Sabirin şeirləri köhnə formadadır, buna baxmayaraq bu formada Sabir yeni məzmunlu novator bir poeziya yaratmışdır. Bir vaxtlar çox az müraciət olunan qəzəl forması indi yeni bir dövrünü yaşayır. Söhbət ondan getmir ki, XX əsrdə Vahiddən və S.Rüstəmdən sonra yeni bir qəzəl ustadı yetişmədi, hər halda, bu formaya maraq getdikcə artmağa başlayır.

   Deməli, XXI əsrin poeziyası ilə XX əsrin poeziyasını qətiyyən bir-birindən təcrid etmək mümkün deyil. Burada "yeni poeziya" söhbəti yerinə düşmür. "Yeni poeziya"dan yox, poeziyada yeni meyllərdən, tendensiyalardan söz açmaq daha məqsədəuyğundur.

   Onda gəlin, ilk növbədə, poeziyamızda yeni meyllərdən və tendensiyalardan söz açaq. Görək Azərbaycan poeziyası yeni minillikdə özünün hansı xüsusiyyətləri ilə diqqəti cəlb edib? Cəmiyyətin, xalqın həyatında yeni bir dövr başlayıb, bir çox dəyərlər dəyişib və görəsən, bu dəyişiklik şeirimizə nə dərəcədə təsir göstərib? Şeirimizdə yeniliklər, novatorluq meylləri hansı məcrada davam edir?

   Azərbaycan poeziyasının XX əsrdəki inkişaf mərhələlərini nəzərdən keçirsək, sonuncu mərhələnin keçən əsrin doxsanıncı illəri ilə bağlı olduğunu inkar edə bilmərik. Ölkəmizdə Müstəqillik bayrağı dalğalanırkən ədəbiyyatımızda, xüsusilə, poeziyamızda da belə bir müstəqilliyin şahidi olduq. Əgər belə demək mümkünsə, Azərbaycan şairləri müstəqilliyin onlara bəxş etdiyi azadlıq və xoşbəxtliyin tamını hiss etdilər. Şairlərin qələmi üzərində kölgə kimi dolaşan senzuranın ləğvi onlara imkan verdi ki, mümkün qədər "beynəlxalq" dərdlərin, qayğıların yox, öz milli dərdlərinin, qayğılarının şairi olsunlar. Beləliklə, poeziyamız Azərbaycançılıq məfkurəsini özünün başlıca məramı kimi qəbul elədi. Yasaqlar, qadağalar dövrü arxada qaldı, türkçülüyün, turançılığın, islami dəyərlərin də bu məfkurə ilə yanaşı təbliğ olunması sübut elədi ki, doğrudan da poeziyamız öz müstəqilliyini əldə edib. Bu proses indi də davam edir. Yəni müstəqil bir ölkənin müstəqil ədəbiyyatı və poeziyası formalaşır.

   Təbii ki, sənət axtarışlar sevir və bu axtarışlar olmadan onun yaşarlığını təsəvvür etmək çətindir. Poeziyada "axtarış lazımdır, axtarış. Fikirləş bir, Şekspir var, Şekspir!" (Əli Kərim) məramı varkən, niyə indi bu axtarışların sorağına çıxmayaq. Axı, öz mahiyyəti etibarilə axtarışa, yeni təsvir və ifadə vasitələrinə, dünyanı, həyatı yeni boyalarla əks etdirməyə meylli olan sənətdir poeziya.

   

   II

  

   Son on ildə Azərbaycan poeziyasında hansı poetik meyllər diqqəti cəlb edir, poeziyamız axtarış yollarında nəyə nail olub? Müasir poeziya müasir insanın bədii-estetik zövqünü, şeirə olan marağını, tələbatını ödəyə bilirmi?

  

   Əlbəttə, bu sualların sırasını artırmaq olar.

  

   Tənqidçi həmkarım Əsəd Cahangir 2003-cü ildə yazıçıların XI qurultayı ərəfəsində- "Minillərin ayrıcında" adlanan məruzəsində 1998-ci ildən sonra meydana çıxan poeziya nümunələrini dörd başlıca yaradıcılıq istiqaməti üzrə bölmüşdü: Milli realist şeir, Simvolik şeir, Modernist şeir və Postmodernist şeir. Bu bölgüdə milli realist şeir adı altında real güzəran çətinlikləri ilə bağlı mövzular, həmçinin tənhalıq ağrıları, siyasi və milli birliyə çağırış, torpaq itkisi, sosial ədalətsizliyə qarşı etiraz, qloballaşmanın doğurduğu həyəcan, milli-mənəvi dəyərlərin laxlaması barədə narahatlıq və ən nəhayət, Allah axtarıcılığı motivləri yer tuturdu. Tənqidçinin fikrincə, bu mövzular bu və ya digər şəkildə B.Vahabzadə, Qabil, B.Azəroğlu, M.Araz, N.Xəzri, F.Qoca, N.Həsənzadə, C.Novruz, Ə.Salahzadə, M.İsmayıl, M.Yaqub, Z.Yaqub, S.Rüstəmxanlı, V.Əziz, Ə.Əsgəroğlu və b. son illərdə yazdığı şeirlərdən aparıcı xətt kimi keçir. İkinci bölgüyə ənənəvi Şərq simvolikasına müraciət edən şeirlər daxil edilir. Göy üzü, bulud, şam, pərvanə, şah, dilənçi, şeytan, mələk simvolik məna kəsb etmiş digər əski miflər R.Rövşənin, V.B.Ödərin, Salamın, Ə.Nurinin, B.Pərvizin, E.Zalın, R.Behrudinin şeirlərində tez-tez işlənir. Üçüncü bölgüyə modernist şeir nümunələri daxil edilir. Xanəmirin, D.Osmanlının, R.Qaracanın, M.Köhnəqalanın, S.Babullaoğlunun, İ.Fəhminin şeirləri modernist şeirlər hesab olunur. Və nəhayət, cavan şairlərdən Aqşinin, Z.Əzəmətin, A.Şərifin, H.Şəminin, F.Əsədin şeirləri postmodernist nümunələr kimi təqdim edilir. Məruzəsinin sonunda tənqidçi son on ilin poeziyasına dair fikirlərini belə ümumiləşdirir: "1.Ənənəvi milli realist şeirin yeni söz demək imkanlarını tükətməsi. 2.Ümumşərq tipli simvolik düşüncənin şablonlaşaraq öz hegemon mövqeyini əldən verməsi. 3.Əski mif və tariximizlə bağlı milli-tarixi simvolların ilk dəfə olaraq sistemli şəkildə bədii-estetik düşüncəyə keçməsi. 4.Şeirdə realizm və həyatiliyin epizm hesabına güclənməsi. 5. Modern şeirin canlanması və ilkin postmodernistik nümunələrin meydana çıxması".

   Niyə tənqidçi həmkarımın səkkiz il öncə söylədiyi məruzəsini xatırlatdım? Fikrimcə, burada təqdim olunan bölgü müəyyən mənada məqbul hesab edilə bilər.Tənqidçiyə axtarışçı da deyirlər və Ə.Cahangir 90-cı illərin sonlarından 2003-cü ilə qədər şeirimizin keçdiyi inkişaf yolunu izləyib mümkün qədər ümumiləşdirməyə çalışıb. Və istəyinə də nail olub. Amma məni o zaman da, indi də narahat edən odur ki, bu tipli məruzələrdə həmişə bir çatışmazlığın olduğunu hiss edirsən. Şeirimizin məzmun, ideya istiqaməti çox düzgün müəyyənləşdirildiyi, yeni meyl və tendensiyaların nəzərə çarpdırılması obyektiv şəkildə həllini tapırsagşeirimizin daxili, necə deyərlər iç aləmi, versifikasiya səviyyəsi barədə söz açmaq unudulur. Ona görə də gəlin, ilk növbədə, elə ŞEİRDƏN danışaq.

  

   III

    

   Şeir haqqında çox təriflər deyilib və ümumiyyətlə, şeir anlayışının ilk baxışda izahı nə qədər sadədirsə, dərinliyinə varanda bir o qədər mürəkkəbdir. Ancaq bütün hallarda şeir təbii ilhamın məhsuludur və şeiri şairin subyektiv hisslərinin inikası kimi qəbul etsək də, onun ünvanı təkcə şairin ürəyi deyil. Lap sadə bir həqiqət: şeiri minlər, milyonlar oxuyur. Əgər şeir yalnız şairə və onun mənsub olduğu ədəbiyyata aid olsaydı, o zaman onun dəyəri də olmazdı. Şair ürəyinə yığılmış sözləri, ifadələri dilinin ucuna gətirir, sonra qələm "yazı yazır, dürr saçır". Tez-tez belə bir sual səslənir: yaxşı şeir nədir? Axı, bu gün şeirimizin səviyyəsi yüksəlibsə, şeir artıq əzbərlənmək, deklamasiya üçün yazılmırsa, onda şeirin arealı daha genişdir. Bu gün müxtəlif ağızlardan belə bir avaz gəlir ki, şeir oxunmur. Hamı çörək dərdindədir (lap keçən əsrin əvvəllərində Abbas Səhhətin misralarını xatırlayırsan: Ürəyimdə daha yox qönçə dodaqlar dərdi, vardır ev dərdi, qadın dərdi, uşaqlar dərdi . Ya da başqa bir avaz: şeir öz dövranını başa çatdırır, çünki qloballaşma dövrüdür, yeni əsr incə, zərif və olsun ki, tribun, çağırış ruhunu sevmir. Təbii ki, min ağızdan min belə avz gəlsə də, şeir yenə də mənəvi sərvətdir və demək olar ki, elə bir günümüz olmasın ki, şeirsiz yaşayaq. Çünki həyatın özü bir şeirdir. Ancaq söhbət hansı şeirdən gedir? Əgər söhbət həqiqi poeziyadan və şeirdən gedirsə, Azərbaycan şeiri yenə də öz mədəni sərvət olmaq missiyasına sadiqdir.

  

   Yaxşı şeir min illərin həqiqətini yenidən poeziya dililə ehya edə, dirildə bilər.

  

   Gün işığındandı fırçası,

   ay işığındandı fırçasının

   köynəyi, donu,

   Bizdən çox istədi, çox sevdi,

   Göyüzü çəkib apardı onu.

  

   Çox ölüm, ölüm deyirlər,

   Ölsəydi: dünyanın

   bütün torpaqları

   doldurammazdı onun

   üz qırışlarını,

   Ölsəydi, indi

   çatdaq-çatdaqdı dünya.

 

   Çox ölüm, ölüm deyirlər,

   Elə bilirlər ölümə gedir  

   Hər torpaq altına gedən.

      

   Aldadammaz    

   qara torpaqlar bizi,  

   Nə tikanı, nə gülüylə,    

   nə yaşılı, nə alıyla.  

   Biz yarı mələyik,    

   yarı insan, yarı şeytan,  

   yarı bu dünyadanıq,    

   yarı başqa dünyadan.

     

   Bu şeirin müəllifi Vaqif Bayatlı Odərdir. Bunu söyləməsəydik də fərdi dəst-xəttindən biləcəkdiniz. Hətta şeirin kimin ölümünə həsr edildiyini də fəhmən duyacaqdınız.. "Ən eşqli göyüzünün Səttar Bəhlulzadəsinə".

  

 

   (Ardı var)

 

  Vaqif YUSİFLİ

 

  Ədalət.- 2011.-1 oktyabr.-S.19.