GECƏ
AĞRILARI
Şair
dostum Oqtay Rzaya
"Cansağlığı
hər şey deyil, amma o olmayanda hər şey heç nədir".
Sokrat
Birdən sinəsində nəsə
qırıldı elə bil. Başı
ağırlaşdı, gözlərinə tor gəldi,
qulaqlarında uğultu qopdu...
...Özünə gələndə
çırpınıb yerindən qalxmaq istədi.
Ağrıdan tərpənə bilmədi, nəfəsi təngidi.
Arxası üstə, gözləri tavana zillənmiş halda
uzana qaldı. Birdən başının üstündə ona
baxan bir cüt göz gördü. Şəfqət
bacısının zərif səsini eşitdi:
- Professor, gözlərini
açdı.
- Hə, özünə gəlir.
Professorun mülayim səsini
eşidib zarıdı:
- Ağrıdan tərpənə
bilmirəm heç...
Professor onun əlindən tutub
yüngülcə sıxdı:
- Narahat olmayın, müalicə edərik,
sağalarsınız inşallah.
* * *
Təcrübəli təbibin
müalicəsi tezliklə özünü göstərdi. Xəstə
təzəcə ayaq tutub yeriməyi öyrənən uşaq
kimi palatada kövrək addımlarını atır, yorulanda
yatağına uzanırdı. Professorun məsləhətilə
hər gün beləcə təkrar olunurdu. Günbəgün
babatlaşırdı. Artıq ona dəyməyə gələnləri
yanına buraxırdılar.
Bir gün şair dostu özünəməxsus
hay-küylə palataya girdi. Onu bağrına basıb
sorğu-suala tutdu:
- Birdən-birə nə oldu sənə,
axı? Vallah, eşitdim, inanmadım. Dedim ola bilməz, o ki
sapsağlam, civə kimiydi. Həmişə hərəkətdə,
tədbirlərdə, xeyir-şərdə, məclislərdə...
- Özüm də məəttəl
qalmışam. Yaxşı ki, professor müalicəmlə
özü məşğuldur. Sağ olsun, hər cür
qayğı göstərir. Mən də yavaş-yavaş
üzə gəlirəm deyəsən.
- Allaha şükür,
görürəm yaxşısan, maşallah. Qardaş canı
əlim-ayağım yüngüldür. Bax, əlim əlinə
dəydimi, həmişəki kimi sapsağlam olub quş kimi
uçmaq istəyəcəksən...
- Haraya? Qazaxa, Şirvana, Muğana?
Təzəcə ayaq tutan xəstənin
zarafatyana sualı şair dostunu uğundurdu, çiyinlərini
titrədib qəşş elədi:
- Ay sənin məzən olsun. Həmişə
deyirəm də, sən başdan ayağa yumorsan, səmimiyyətsən
vallah.
O, ani olaraq susub
baxışlarını çarpayıda balınca dirsəklənən
xəstənin başı üstündən məchul nöqtəyə
zilləyib xəyala daldı elə bil:
- Sən deyən yerlərə
ilham pərisinin qanadlarında uçarıq inşallah. Amma hələlik
gəl yaxından başlayaq. Günü sabah təzə
kitabımın təqdimatına aparmaq istəyirəm səni.
Rəyini bilmək, sözünü eşitmək,
özün bilirsən, necə xoşdur mənə. Heç
narahat olma, öz maşınımda aparıb gətirəcəyəm
bura.
Şair başını buladı:
- İcazə vermir professor,
heç dəhlizə çıxmağa qoymur. Çox
ciddidir. - Dərindən köksünü ötürüb
üzrxahlıq elədi. - Bağışla sən Allah, mənə
qalsa mütləq gedərəm, bilirsən xasiyyətimi. Amma,
- əlini ürəyinin üstünə qoydu, - amma qoymur bu,
salıb əldən məni. Vaxtında fikir verməmişəm,
indi altını çəkirəm. Bu yandan da təzyiq aman
vermir, hey oynayır, aşağı-yuxarı...
* * *
O, professorun tövsiyələrinə,
məsləhətlərinə can-başla əməl edir, səylə
müalicə olunur, günbəgün
gümrahlaşırdı.
Xüsusən gündüzlər
şair dostu demişkən özünü quş kimi
yüngül hiss edirdi. Sanki ilhamının qanadlarında
gözəlliyinə heyran olduğu yerləri gəzib
dolaşır, ədəbi məclislərdə, yubiley təntənələrində,
təqdimat mərasimlərində sözünü deyir,
şeirini oxuyurdu. Dostları, pərəstişkarları,
şeir həvəskarları xasiyyətini yaxşı bilirdilər:
ölkənin hansı bölgəsində olur-olsun - yaxın,
ucqar onun üçün fərqi yoxdu, ədəbi mərasimlərdə
mütləq iştirak edirdi. İndi yaşa dolub
ahıllaşsa da bu adətindən əl çəkmirdi.
Maşallah, həmişə qıvraq görünür,
söz deyib, şeir söyləyəndə isə lap
gümrahlaşırdı. Və birdən heç kimin
gözləmədiyi halda... ağır xəstələndi. Dərin
yuxudan oyanırmış kimi özünə gələndə
acı-acı fikirləşdi ki, ürəyi sözünə
baxmır, namərdlik eləyir, deyəsən yarı yolda
qoyacaq onu. Ancaq professor razılaşmadı onunla, əksinə
qınadı şairi: "Ürəyini yormusan, incitmisən,
- dedi, - elə bil unutmusan, heç saya salmamısan,
ağrıyanda da fikir verməmisən, məhəl qoymamısan,
"əşşi keçib gedər", - deyə
arxayın olmusan özünə, qorxmusan ki, işin
yarımçıq qalar. Həmişə harasa tələsmisən...
Və tələsə-tələsə yadından
çıxarmısan özünü, ürəyini".
Professor yetərincə
dünyagörüşlü, məlumatlı, bilikli, kamil
insan, ziyalı idi. Dalğalı gümüşü
saçı, yaraşıqlı gülər üzü elə
bil palatanı işıqlandırır, hər xəstə ilə
"öz adamı kimi" görüşür, "öz
dilində" danışır, ürəklərə
yüngüllük gətirən ünsiyyət
yaradırdı. Şairin xətrini məxsusi istəyir, gərgin
iş gününün axırında onunla arxayın ürək
söhbəti edirdi. Özünün dediyi kimi "nadir
kitabları çıraqla axtaran", mütaliəsiz
keçinməyən professorun qibtə edilən hafizəsi
vardı. Söhbət əsnasında yaddaşında
daşlaşan aforizmləri, hikmətli sözləri
yerli-yerində işlədirdi.
Bir dəfə söhbətin
şirin yerində o, şairə zənnlə baxıb
özünəməxsus avazla sinədən dedi:
Vətənin mərd qızı,
oğlu qocalmaz,
Torpağa köküylə
bağlı qocalmaz!
Nurlu sifətinə
qırış qonsa da,
Müdrik adamların ağlı
qocalmaz!
Şair böyük hörmət bəslədiyi
təbibə kövrək səslə minnətdarlığını
bildirdi:
- Sağ olun, professor, siz mənə
sürpriz etdiniz. Heç bilməzdim ki, sinə dəftərinizdə
mənim də şeirim, rübaim olar.
- Niyə də olmasın? Gözəl
demisiniz: "Nurlu sifətinə qırış qonsa da,
müdrik adamların ağlı qocalmaz!"
O, sözünə ara verib nəfəsini
dərdi:
- Siz bayaqdan Azərbaycanı
qarış-qarış gəzməyinizdən, qələm
dostlarınızla birlikdə müxtəlif tədbirlərdə
iştirakınızdan, oxucularla görüşlərinizdən
elə maraqla danışırsınız ki, adam
özünü təbiətin bir-birindən gözəl
guşələrində hiss edir. Amma deyəndə ki, xəstəxanadan
çıxandan sonra yenə həmin yerlərə getmək
istəyirsiniz, təəccübləndim.
- Burada təəccüblü nə
var ki?!
- Əslinə qalsa heç nə!
Adam daha çox gəzmək, görmək, gözəllikdən
zövq almaq istəyir. İllah da sənət adamı,
şair, sizin kimi təbiət, gözəllik vurğunu ola.
Ancaq, - o, barmaqlarını daraqlayıb alnına tökülən
gümüşü bəyaz saçını
yatımına sığalladı, - ancaq sizə dönə-dönə
dediklərimi bilmərrə unutmayın: nə yaş o
yaşdır, nə də ürək o ürək, enib-qalxan
qan təzyiqiniz, duyğulanaraq əsib-coşan əsəbləriniz
də həmçinin, - professor ani olaraq susub sözünə
davam etdi. - Elə bilməyin ki, sizinlə sərt
danışıram. Xeyr, olanı deyirəm, bu mənim təbib
kimi borcumdur. Əlbəttə, başa düşürəm
sizi, müalicə yaxşı nəticə verir,
özünüzü quş kimi yüngül hiss edirsiniz,
amma, - onun üzü xoş təbəssümlə
işıqlandı, ərklə, - amma uçmaq olmaz quş
kimi, sadəcə yerimək gərəkdir, özü də
asta, narın addımlarla, tələsmədən. Daha cavan
yazarlara qoşulub dağlara dırmanmaq, nəfəsi təngidən
uzaq yollar yorğunu olmaq, məclislərdə qədəhləri
cingildədib sağlamlığı itirmək yaramaz sizə.
Məsləhət görürəm, həyat tərzinizi
yaşınıza, səhhətinizə
uyğunlaşdırın. Mümkün qədər yaxın
yerlərə, tədbirlərə gedin.
Professora diqqətlə qulaq asan
şair təvəqqe elədi:
- Sözünüzün qüvvəti,
buraya, xəstəxanaya ən yaxın yer Natəvan klubudur.
İcazə versəydiniz, gedib qələm dostumun yubiley tədbirində
iştirak edərdim.
O, özünəməxsus təmkinlə
dedi:
- Siz tamam
sağalmamısınız hələ. Gündüzlər əhvalınız
yaxşılaşsa da, gecələr ağrılarınız
olur. Gərək müalicənizi başa çatdıraq.
Şair fikirli halda etiraf etdi:
- Doğrudur, yaxşı yata bilmirəm,
gecələr ağrılarım təzədən başlayır
elə bil.
Professor onu məhrəm nəzərlərlə
süzüb:
- Siz olduqca duyğulu, təbiətən
narahat adamsınız, - dedi, - hər şeyi ürəyinizə
salır, içinizdə özünüzü qınayır,
danlayırsınız: niyə xəstələndim, filan yerə
gedə bilmədim, sözümü demədim, işim
tökülüb qaldı. - Sual dolu gözlərini şairə
dikdi. - Məgər belə deyil?
Şair suçlu-suçlu
başını tərpətdi:
- Elədir, ürəyimi oxuyursunuz
elə bil.
- Xahiş edirəm,
özünüzü ələ alın, səbrli, hövsələli
olun. Sizi əmin edirəm, ürəyiniz kimi əsəblərinizin
də müalicəsi öz nəticəsini verəcək,
tamamilə sağalacaqsınız və... - yarı zarafat,
yarı gerçək, - və ilham pərisi yenə
yazıb-yaratmağa ruhlandıracaq sizi! - dedi.
* * *
Professorun söylədiyi kimi də
oldu. Şair sağalıb evinə gəldi. Gecə
ağrıları daha onu narahat etmirdi. Rahat yatırdı. Bir
gecə yuxusunda səmanın ənginliyində quş kimi
süzən bəyaz bir gözəl gördü. Gözləri
qamaşdı, qəflətən yuxudan ayılıb qeyri-iradi
yuxarıya boylandı. "Deyəsən yuxuda
gördüyüm ilham pərisi idi", - fikrindən
keçirdi, şair dostu ilə söhbətini
xatırladı.
Səhər telefon zəng
çaldı. Əlini uzadıb dəstəyi
götürdü. Rayonda yaşayan şair dostunun səsini
eşitdi:
- Sabahın xeyir, a qardaş,
olmasın azar-bezar. Eşitdim xəstələnmisən, gəlmişəm
sənə dəyməyə. İndicə köşkdən
qəzet almışam, təzə şeirlərini
görüb çox sevindim. Şair dostumuz Adil Cəmilin sənə
ithaf elədiyi şeir yaman xoşuma gəldi. Qoy bir bəndini
oxuyum səninçün:
Bilirəm ki, xəbərin var
Yer qatından, göy qatından.
Tale səni düşürməsin
İlhamının söz
atından.
Əlövsət
Bəşirli
Ədalət.-
2011.-1 oktyabr.-S.18.