Gənc şairdən olay yaradacaq müsahibə

 

  Onunla hələ neçə il əvvəl telekanalların birində tanış olduq. O vaxt nə o bu qədər tanınmırdı, nə də mənim beynimdən ondan müsahibə götürmək keçmirdi. İndi isə tam zamanıdır ki, şair, qəzəlxan, Space TV-də yayımlanan "Sözümüz sözdür" meyxana yarışmasının baş münsifi Əvəz Qurbanlını daha yaxşı tanıyaq.

  

   "Qulp" proqramının hazırlanmasında..."

  

   - Hamı səni ANS televiziyasında gedən "Qulp" proqramından tanıyıb. Amma indi orda yoxsan. Ordakılarla münasibətlərin necədir?  

   - Məni hamıya tanıtdırdığına görə yox, sözümü xalqa çatdırmaqda istənilən formada mənə tribuna olduğu üçün "Qulp" proqramına minnətdaram təbii ki. Amma mən əvvəl-axır orada özümü tapa bilməmişəm. Mənim məqsədim başqadır, mən xalqa ironiya etməkdən çox uzağam. Əksinə, ona layiq olduğu dəyəri verməkdir ziyalı işi.  

   - Belə çıxır ki, indi əvvəlki əlaqələr qalmayıb?  

   - Yox, niyə ki. İndinin özündə də məni dəvət edirlər ora, qarşılıqlı hörmətimiz və münasibətimiz mövcuddur. Sadəcə, iş-güc, vaxt imkan vermir ki, gedib köhnə dostlara bacardığım köməyi edim. Bilirsiniz, "Qulp" proqramının hazırlanmasında mənim də yaxından iştirakım olurdu. İstər orada oxunan satirik mahnıların mətnləri, istərsə də digər səhnəciklərin hazırlanmasında bəzi ideyalar və s. Sadəcə, indi problemlər çoxdur, ona görə də təmənnasız iş görmək çox çətindir.  

   - Bir ara "Facebook"dakı profil şəklində rəhmətlik Mirzə Ələkbər Sabirin şəkliydi. Bunu necə başa düşək. Sabirə oxşamaq. Yoxsa?  

   - Sabir mənim poetik idealımdır, ona bənzəmək yox, onu yada salmaq üçün o şəkli profil şəkli etmişdim.    

   - Yeri gəlmişkən. Bəs indi gördüyün iş təmənnalıdır?  

   - İndi gördüyüm iş deyəndə nəyi nəzərdə tutursan?  

   - Yəni SPACE-dəki meyxana yarışmasında münsifliyini. 

   - Orada aylıq maaş verirlər, ona görə də itirilən vaxtı kompensasiya etmək olur (gülür)  

   - Nə qədər?  

   - Bunu açıqlamaq çoxmu vacibdir?  

   - Əlbəttə. Şairin xalqdan nə gizlini ola bilər?  

   - Həftədə 1 saat veriliş üçün ayda 300 manat maaşdır.  

   - Bəs ANS-də?  

   - ANS-də qonorar vermirdilər, oranın iş sistemi başqa cür idi.  

   - Daha meyxanaçılar yazdıqlarını oğurlamırlar ki?  

   - Yox, indi artıq ortada "gözü çıxan qardaş" məsələsi var. Yəni hamı gördü ki, o mahnının əsl müəllifi mənəm. Bunu sübut edə bildim. Amma məhkəməyə getmədim. Bu, mənlik deyildi.

      

   "Ümid Partiyasının rəsmi himninin sözləri mənə məxsusdur"  

  

   - Deyəsən ondan sonra müğənnilərlə işbirliyin olmadı. Yoxsa oldu, bizim xəbərimiz olmadı?  

   - Yox, müğənnilərlə heç vaxt işbirliyində olmamışam. "Sənsizləmişəm"-i də Xatirə İslama hədiyyə etmişdim. Amma sözlərimə mahnılar bəstələnib. Hətta başqa musiqi yaradıcılığı növləri üçün də sözlər yazmışam. Məsələn, Ümid Partiyasının rəsmi himninin sözləri mənə məxsusdur.  

   - Bildiyimə görə, əslən Saatlı rayonundansan. Saatlı, şeiriyyat, qəzəl... Bir qədər qəribə görünmür? Yoxa Bakı mühiti də öz sözünü deyir?  

   - Mən belə düşünmürəm, söz sənəti məkana sığmaz. Allah-Təala istədiyi şəxsə hikmət bəxş edər. Yeniyetmə vaxtı yazdığım şeirlərdən biri, təxminən sizin bu sualınıza cavab idi: "Təkcə qarpız yetişmir ki, Muğanda" adlı şeir idi. Yəni əvvəl insanın istedadı olmalıdır, sonra ailə tərbiyəsi, savadı, dünyagörüşü, düşdüyü mühit və s. amillər onu yetişdirir.    

   Başqa bir səbəb kimi, irsi amil də rol oynamamış deyil. Mənim babam, təxminən 100 il bundan öncə Güney Azərbaycanın Ərdəbil vilayətinin Xiyəv mahalındandır. (İndiki Meşkinşəhr) Ərdəbil də, bilirsiniz, şairlər, ariflər məskəni kimi tanınıb.    

   Digər tərəfdən, əlbəttə, Bakı mühitinin də böyük təsiri var. Şeiriyyatın incəliyini Bakıdakı ədəbi məclislərdə və bu məclislərdə tanış olduğum ustadlardan öyrənməyə başlamışam.

     

   "Kamran Həsənli məqam düşən kimi, qalmaqal yaradır ki, veriliş maraqlı olsun"  

  

   - Heç bunları bilmirdim doğrusu. Mənimçün də maraqlı cavab oldu.  

   Bir neçə veriliş öncə şairlərdən biri yarışmanın münsiflər heyəti ilə bağlı iradını dolayısıyla olsa da bildirdi. Səncə doğrudanmı münsiflər heyəti doğru seçilib? Yoxsa bu telekanal rəhbərliyinin öz qərarıdır?  

   - Mən o məsələ barədə televiziyada açıqlama verdim. O şairin iradında söhbət bizdən getmirdi. Sadəcə, şoumen Kamran Həsənli öz işinin ustasıdır, məqam düşən kimi, qalmaqal yaradır ki, veriliş maraqlı olsun. Sonradan həmin şairlə təkbətək söhbətimiz oldu və o, qəti şəkildə bildirdi ki, iradım sizə aid deyil və ola da bilməz. Bunu sübut etmək üçün konkret ad tələb etdim, o da iradının hədəfinin adını məndən gizlətmədi.  

   Qaldı münsif seçiminə, bunu televiziya etmir, ustad meyxanaçıların yekdilliklə məsləhət gördüyü şair münsiflər heyətinin rəhbəri seçilir.  

   - Meyxanadan söz düşmüşkən, meyxana yoxsa bədiyyə?    

  

   "Nə şeir kimi şeirdir, nə sənət kimi sənətdir"

      

   - Mənim üçün YAXŞI SÖZ önəmlidir. istəyirsən adına "meyxana" de, istəyirsən "bədiyyə".  

   - Konkret olaraq sən, bu folklor janrını necə adlandırırsan?  

   - "Meyxana nədir sualı" geniş cavab tələb edir. Çünki bu sualın konkret cavabı yoxdur. Nə şeir kimi şeirdir, nə sənət kimi sənətdir. əlbəyaxa döyüş növləri içində qaydasız döyüş nədirsə, meyxana da söz sənəti içində elə budur. Meyxananı folklor janrı hesab etmirəm.  

   - Bir az da yeni nəsil yazarlardan danışaq. Yəni onları yaradıcılığını necə dəyərləndirirsən?    

   -Yeni nəslin içində istedadlılar da var, istedadsızlar da. Bu mühitə təsadüfi gələnlər də var, düz istiqamət seçib gələnlər də. Təsadüfi gəldiyini bilənlər də var, bilməyənlər də.  

   - Özünü şair hesab edirsən, yoxsa qəzəlxan?    

   - Şair daha geniş anlamda olduğu üçün, şair deyərdim. Çünki yaradıcılığım qəzəldən ibarət deyil. Əsasın satirik şair kimi tanınıram, lirik şeirlərim, nəsr əsərlərim də var. Qəzəl də yazıram, qoşma da. Əruzda da yazıram, hecada da.  

   - Mən bu sualı vermək üçün bir az gözlədim. Amma sən həmin şairin kim olduğunu demədin. Kim idi o?  

   - O, özü açıqlamaq istəmədi ki, məsələ intriqaya və şəxsi münasibətlərin pozulması ilə nəticələnməsin. Qaldı o "sirli adam"a, şou-biznes aləmində çox məşhur şairdir. Bundan o yana getməyəcəyəm.  

   - Məncə şair üçün bunu demək çətin olmaz...  

   - Mənim üçün çətin deyil. Amma bu, mənim problemim deyil. Əgər mən televiziyadan belə bir söz desəydim, yerində deyərdim və tənqid etdiyim adamın da adını açıqlayardım.  

   - İstənilən halda cavab verməkdən yayındın...  

   - Cavab vermək haqqım olan yerdə qətiyyən yayınmaram.  

   - Səni yaradıcılıq üslübuna görə bir az da Baba Pünhana bənzədirlər...

     

   Söhrab Tahir şair deyil?

      

   - Açığı, bilmirəm, nəyə görə bənzədirlər. Ola bilər, tənqidi mövzuda yazdığım üçün belədir. Amma mənim yaradıcılığıma dərindən bələd olan şəxs görər ki, burada Füzuli-Sabir-Əvəz marşrutu ilə gələn bir şair var. Rəhmətlik Baba Pünhandan sonra mən də "Qulp" proqramında çıxış edirdim, səbəb bu da ola bilər.  

   - Xalq şairi Söhrab Tahir müsahibələrinin birində demişdi ki, istənilən adamı 10 ilə şair edə bilərəm. Yəni burda çətin bir şey yoxdur. Bəs sən necə düşünürsən? 

   - Söhrab müəllim bilmirəm nəyi nəzərdə tutub. Amma belə asan işdirsə, bu 80 ildə özünü niyə şair edə bilməyib? Məncə bu, Allahlıq iddiasıdır.  

   - Səncə Söhrab Tahir şair deyil?  

   - "İstənilən adamı 10 ilə şair edə bilərəm" deyən istənilən şəxs şair deyil.  

   - Axı bu adamın 60 illik təcrübəsi var. Bəlkə nəyisə nəzərdə tutub deyib?  

   - Şairlik təcrübə ilə deyil, ilahi vergidir. 70 illik təcrübəsi olan filoloq alimlər var ki, şeir yazmaq üçün əllərindən gələni edirlər, amma alınmır. Bilirsiz, Nəsirəddin Tusi "İqtibasın Əsasları" adlı əsərində deyir ki, "Şeir irfanın müqəddiməsidir". İrfan isə sufi nəzərinə görə, Allahı tanımaq haqda elmdir ki, onu Allahdan başqa heç kəs öyrədə bilməz. O, vergidir. Şairlər isə (söhbət əsl şairlərdən gedir) anadangəlmə irfan əhli olurlar, sadəcə, sonradan sevdikləri və tutduqları yol, onların əksəriyyətini azdırır.  

   - Sən neçə ildir ki, yazırsan?  

   - İndi-indi başlayıram yazmağa. Əvvəllər də içində şeir hissəcikləri olan misralarım olub. Şeir başqa şeydir, hər adamın yaza biləcəyi bir şey deyil. 

   - Özünü həm də jurnalistikada sınayırsan. Bəs qorxmursan ki, iki tərəfə baxan kəc olar?    

   - Düzünü deyim, heç vaxt özümü jurnalistikada görməmişəm. Jurnalistika, mənim üçün dolanışıq yeridir, halal zəhmətlə maaş alıb dolandığım sahədir. Baxmayaraq ki, bu 14 ildə jurnalistikanın incəliklərinə varmışam.  

   - Səncə jurnalistika kimi maraqlı və önəmli sahəyə dolanışıq yeri kimi baxmaq nə dərəcədə doğrudur?  

   - Mən məcburən jurnalistikaya gəlmişəm, bu sənətin mənə çox köməyi olub. Amma heç vaxt özümü jurnalistikaya qurban vermək fikrim olmayıb. Sadəcə, bu sahədən başım çıxdığı üçün işləyirəm. Şeiriyyatdan kənarda özümü təsəvvür edə bilmərəm.    

   - Əvvəla, onu deyim ki, jurnalistika sənət yox, peşədir. Yeri gəlmişkən, jurnalistika şairliyə mane olur?  

   - Əlbəttə. Özü də çox. Jurnalistika həm də sənətdir. Bir şey ki, onu öyrənirsən və sirləri var, onu sənət adlandırmaq olar.  

   - Deyirlər ki, şair ya dərddən yazır, ya da aclıqdan. Bəs milyonçu şairlərimiz var axı....  

   - Düzdür, şair dərddən yazır.Ancaq hansı dərd? İnanın, bunu şairlərin heç biri dəqiq bilmir.  

   - Nə qədər yayınsan da bu sualı yenə sənə verəcəyəm. Amma mən bildiyimə görə, verilişdə söhbət Baba Vəziroğludan gedirdi.  

   - Baba Vəziroğlu ilə şəxsi münasibətim yoxdur, bir-birimizi yaxından tanımırıq. Ona görə də onun necə bir insan olması haqda heç nə deyə bilmərəm. Lakin bir dəfə müsahibisini oxudum, çox heyrətləndim, sonra isə təəssüfləndim. Müsahibəsində deyirdi ki, "hər zaman qızlara baxmışam". Şəxsən mən bunu heç vaxt dilimə gətirə bilmərəm.    

   Yaradıcılığıa gələndə, Baba Vəziroğlunu həvəskar nəğməkar şair hesab edirəm.  

   - Qızlara baxmaq pisdirmi səncə?  

   - Mən elə demədim. Hər bir şəxsin dediyi sözün, onun öz timsalında çəkisi, kəsb etdiyi məzmun var. O sözü gənc bir oğlan, ziyalılıq barədə qəti düşünməyən bir şəxs desə, normal qəbul olunar. Soruşursuz ki, qızlara baxmaq pisdir? Bu, Milli namus məsələsidir.    

   - Deməli, Baba müəllim də qızlara baxırsa...

   - Mən bilmirəm, o hansı baxımdan o sözu deyib, amma şəxsən mən, yol ilə gedən, tanımadığım hər bir qadını doğma bilirəm, onun namusunu öz namusum sayıram. Mənim ailəm - mənim millətimdir, millətim - ailəmdir.

   - Belə anladım ki, sən bu adamı şair hesab etmirsən. düz anladım?  

   - Mən hesab etməsəm də, çoxluq onu şair hesab edir. Amma mənim nəzərimdə, şair müəyyən ölçülərə cavab verməlidir, şair, birinci ziyalı olmalıdır:  

   Mənə görə, ziyalı olmağın bir neçə vacib şərti vardı. Ziyalı - neçə dil bilməsindən asılı olmayaraq, öz dilində danışmalıdır. Ziyalı - yalan danışmamalıdır. Ziyalı - içki içməməlidir;  

   Ziyalı - nəfsi istəklərini ictimai güzgü nümayiş etdirməməlidir və s.  

   Bundan sonra isə şairliyin başqa şərtləri gəlir...  

   - Bəs elə əvvəldə adını çəkdiyimiz Söhrab Tahir də, həmiçinin bir çox şair və yazıçılarımız içki də içiblər, başqa dildə də danışıblar. Onlar şair, ziyalı deyillər?

   - Onlar, onların baxışlarını bölüşən insanların nəzərində şair və ziyalıdırlar. Mən, onların ziyalılıq haqda düşüncələrini bölüşmürəm. Öz beyinlərini qəsdən dumanlandıran şəxslər, cəmiyyəti dumanlıqdan aydınlığa necə çıxara bilərlər?

 

 

   İntiqam VALEHOĞLU

 

   Ədalət.-2011.-1 oktyabr.-S.10.