Yol Romanı

 

  Roman... Roman?.. Roman?.!.

 

   Niyə roman? Roman ağır janrdı. Romana başlamaq da ağır yük. İçində başlayıbsa bəs? Önünü kəsə biləcəksənmi? Gələcəksə gələcək. Ya da gəlib artıq, çırpınır dalğa kimi vurur çölə. Yaz, artıq rahatla. Görən mən niyə şeir yaza bilmirəm?.. Şeir bəzən böyük bir romanın ağırlığını daşıyır. Bax, belə olsunmu?..    

   - O Qumral gözlü devdi. Minnacık bir... Qız, bu olub artıq, səndən əvvəl olub. Sən də minnacık bir kadın sevəcək deyilsən, minnacık bir erkək də gözəllik etalonlarına uyğun deyil. Olsun da, Mavi Gözlü Dev etalonla sevmədi ki...

   Amma nasıl da bir sonluq verir "Dev gibi aşklara məzar belə olamaz...".    

   Yenə qatdım-qarışdırdım... Nə sonluq, heç başlamadım belə... Hər şeyi demək də, danmaq da çətin... Madam romandı - janrın tələblərinə cavab vermək gərəkəcək. Proloqu, obrazlar qalereyası, qəhrəmanları, süjet xətti, kulminasiya, qalxmalar, enmələr, təsvirlər və epiloq. Başlayaqmı, Qumral Gözlüm?..

  

   Proloq

  

   - Mən dediyim sözü tuturam.  

   - Baxaq da...  

   - Olacaq bu səfər. Demişəmsə olacaq...    

   - ...

  

   ***

  

   Xəritəyə baxıb da gedəcəyimiz yolu müəyyənləşdiririk. Hər halda Jül Vernin qəhrəmanları kimi 80 gün ərzində dünyanı dövr etməyə hazırlaşmasaq da, 10 günə dörd ölkənin sərhədindən keçməyi qərarlaşdırmışıq, öz maşınımızla. Gör neçə ildi maşınımız var, heç belə uzaq səfərə çıxmaq cəsarətində bulunmamışıq. Düzdür, məndən olsa heç evdə oturmazdım, elə hey gəzərdim. Səyahətdən gözəl nə ola bilər? Amma burda ikinci tərəfin də mövqeyi əsas rol oynadığından və onun da illər uzunu başı çooox qarışıq olduğundan istəklərimi özüm kimi içimdə gizlətmişəm. İndi durum dəyişib, indi mənim diqtələrim də işləyir. Amma insafla danışsam bu səfərin təşəbbüskarı o oldu. Əvvəl bu ideyaya bir az skeptik yanaşsam da sonra fikirlərimdə bu səfərə təkan verəcək dəyişmələr olur. Deməli belə - yola çıxırıq - hardan hara gedəcəyik? İlk olaraq bizim Biləsuvardan İran Biləsuvarına, İrandan Naxçıvana, Naxçıvandan Türkiyəyə, Türkiyədən Gürcüstana və sonra evə qayıtmağı planlaşdırmışıq. Təbii, bu bizim saydığımız, fələk nə sayacaq, onu biləməm...  

   Marşrutu bir az da xırdalayım. İrandan keçid səbəbi Naxçıvana getmək istəyimdi. Sonuncu dəfə iki filmim üçün material toplamağa, çəkilişlər etməyə getmişdim. 2003-cü ilin mayı idi. Atam da sağ idi, Naxçıvanda adını tutub gedəcəyim baba evində yaşayan əmim də...    

   O zaman çəkilişləri bitirib geri dönəndən bir həftə sonra səhər qəfil telefon zəngiylə məni Naxçıvanla bağlayan sonuncu doğma, əziz kimsənənin də bu dünyadan köçdüyünü dedilər. Elə bil vidalaşmağa getmişdim. Gözlərim doldu, amma hər şey qaldı içimdə, ağlaya bilmədim əmimi...    

   İndi fikirləşəndə ki, getmək istədiyin yolun bir parçası da oralara, xatirələrimə aiddi, ürəyim də gizildəyir...

   

   ***

  

   Naxçıvanlı dostuma telefon açıram:  

   - Rza, Naxçıvana gedirəm, özü də maşınla...  

   - Tək? Özünüz sürəcəksiz maşını?  

   - Tək niyə, sürücüm millət vəkilidi.    

   - Naxçıvanın yaxşı vaxtıdı, amma yol... "Nənəm vay" yolunu gedəcəksiz... 

   - Nənəm vay?  

   - O yola elə deyirlər... Çətin yoldu, dözə biləcəksiz?  

   - Dözərəm...  

   ... Dəstəyi qoyuram, fikirləşirəm niyə dözməyim? Asfaltın üstündə şütüyən maşınla yol getməyə nə var? Ürəyindəki yolları aşmaq var həyat yolunda. Pafosa bax ey. Yox, pafos deyil bu, deyil. Dediyim kimidi ürək yollarını necə keçəsən? Anlayıram çarəsiz axtardığım özümə gedən yoldu, səyyah kimi yollara düşməyimin səbəbi də odu. Belə getsə, deyəsən mən Kolumb kimi, Marko Polo kimi, Övliya Çələbi kimi məşhur səyyah olacam... Fəlsəfə danışma, qız, yolçu yolunda gərək... Hə, unutdum, Naxçıvandakı müəlliflərimizdən birinə elektron poçtla gələcəyimi xəbər verirəm. Üzünü görmədiyim, amma yazılarına qəzetdə ürəklə yol verdiyim müəllifə. Bir də Aqil Abbasın e-mailindən və onun adından mətbuat aləminin Qarsdakı fövqəladə və səlahiyyətli səfiri Vurğun Əyyuba Qarsa gəlmək fikrinin olduğunu yazıram. O da Aqil Abbasa cavab verir - şad olacağını bildirir. Madam hər kəs bu durumdan razı, hələ gözləyən də varsa hardasa, yır-yığışını elə və haydı...

     

 

   İRANDA

 

   ... Biləsuvar sərhəd keçid məntəqəsində elə də çox adam yoxdu. Məlum səbəblərdən sənədlərimizi tez-tələsik həll edirlər və keçirik İran Biləsuvarına. Miladi tarixi ilə 2011-ci ilin 23 iyununda. İlk şok burda başlayır. Elə fərz edin ki, 10-15 metr arası olan məsafədə əsrlər dayanıb. Hicri və miladi tarix arasındakı fərq bariz görünür. Bizim gözəl-göyçək, səliqə-səhmanlı keçid məntəqəsi ilə müqayisədə bu miskin mənzərə heyrətləndirir. Neçə minillik tarixi olan dövlətin başlanğıc torpaqları beləmi olmalıdı?    

   Nə isə, burda bir az ləngidirlər bizi. Dediklərinə görə, kompüterdə problem var, internet bağlantıları yoxdu, ona görə bizim kimliyimizi dəqiqləşdirmək problem olub. Ah, bu internet bağlantısı. Son vaxtlar bu bağlantının mübtəlasına çevrilmişəm. İndi yola da götürmüşəm özümlə noutbukumu...  

   Hər nə isə, onlar bizim kim olduğumuzu öyrənməkdə olsunlar, sən də ətrafa bir göz gəzdir, xanıməfəndi... Ətraf deyəndə ki, belə də, kasıb, fəqir, məhzun görkəmli adamlardı... Bircə bizim nömrəli ciplər bu mənzərəyə bir az fərqlilik gətirir. Onların da sahibləri yoxlamalardan bezgin kənardan seyr edirlər durumu. Məni də elə sərhədi keçən kimi başıma örtdüyüm yaylıq, əynimə keçirtdiyim qara plaş tıncıxdırır. Tamam qapanmış qadınlara baxıb da bu istidə belə necə gəzdiklərini düşünürəm. Əşi, onlar öyrəşiblər yəqin, sən neyləyəcəksən bütün yolu, onu fikirləş, onu...  

   ... Nəhayət, sənədlər hazırdı... Aqil Abbas yol boyu xərcləmək üçün bir az pul dəyişir və sonra məlum olur ki, mədəni şəkildə desək, bizi aldadıblar. Yəni pulu az veriblər. Və sonra yolda məlum olacaq ki, heç ümumiyyətlə pul dəyişmək lazım deyilmiş, bizim manat işləyir burda. Bizim manat da, bizim telefon şəbəkələri də. Deməli, yavaş-yavaş birləşirik. Hələlik bu şəkildə. Sərhəddən çıxan kimi yolda durmuş fəqir, məhzun görkəmli insanlardan Culfaya gedən yolu soruşuruq. Qəribə, donmuş baxışlarla, heç nə ifadə etməyən baxışlarla baxırlar. Bilmirəm, doğrudan bilmirlər, ya qəsdən bilmədiklərini deyirlər. Çox yerdə yol göstəriciləri fars dilində yazıldığından və biz də bu əlifbanı höccələyə-höccələyə oxuduğumuzdan, sürətimizə uyğun gəlmir. Amma irəlidə latın qrafikası ilə də işarələr var və bu işarələr bizi aparır Culfa yolu ilə. Hə, bir də bizim nömrəli maşınlar.    

   Yol o qədər düzdü, rahatdı ki, niyə "nənəm vay" deyirlər bu yola? Rahatca telefondakı mahnıları düzüb sırayla qulaqcığı taxmaq olar. Sevimli mahnıları...  

   - Yaylığını çək başına.  

   - Eee, maşındayam da.  

   - Çək başına dedim. Görmürsən qabaqdan gələn maşınlar işarə verir?    

   - Mənim yaylığıma işarə vermirlər ki... Yolda polis var deyirlər. Yaxşı, çəkdim.    

   Əlbəttə, narahatlığını anlayıram, elə bir yol gedirik ki, hər hansı kiçicik bir səbəb böyük həyəcanlara səbəb ola bilər.  

   Fəqir, miskin görünüşlü şəhər və qəsəbələrdən keçirik. Hər yerdə iki-üç mərtəbəli, suvaqsız, bir-birinə bənzər, yəni binaya bənzər binalardı. Hər yerdə alver məkanlarıdı. Təbii, yol qırağında kitabxana görəsi deyiləm - amma neçə minillik dövlətin əyalətləri niyə belə olsun? Ərazinin adı Azərbaycan olduğuna görəmi?    

   İngiliscə yazılmış lövhələrdəki yer adlarının eybəcər tələffüzünü bizim dilə mülahizələrlə çeviririk. Amma harda dayansan, nəsə soruşsan bizim dildə cavab verirlər. Özü də bizim kimi. Fars melodiyası olmadan.    

   ... Səhər tezdən evdən çıxanda yediyimizin üstündəyik. Yolqırağı kafelərə baxırıq. Bəzilərinin üstündə Naxçıvan yeməkləri yazılıb. Yəqin avtobusla gedib-gələnlər burda dayanırlar. Gözümüzə ala-babat dəyən bir yerdə durmağı qərarlaşdırırıq. Amma içəri girəndə ürəyim sıxılır. Narazı sifətimi görüb tez-tələsik:  

   - Tanımırıq buraları, ac qalmayaq da... - deyir sürücüm.    

   Çarə yoxdu. Zatən əynimdəkilər bir tərəfdən sıxır məni, bu miskin mənzərələr də bir tərəfdən. Divarlardan dini liderlərin şəkilləri asılıb. Nə dəxli var, anlamıram. Ətrafda deyəsən bizimkilərdən də gözə dəyir. Amma bizə özənlə yaxınlıq göstərməyə çalışan bir nəfər diqqətimi çəkir. Tez-tez telefonla zənglər edir, telefonunun nömrəsini yanındakına bərkdən diqtə edir (bizim telefon şirkətinə aiddir). Sonra bizə təklif edir ki, maşını onun arxasınca sürək. Deyəsən sərhəddə internet bağlantısının niyə uzun müddət alınmadığının səbəbi aydınlaşır. Millət vəkilinin, yəni mənim sürücümün diplomat pasportu diqqət çəkib. Özü də necə diqqət çəkibsə, hətta eskort da qoşurlar. Amma çox sürətlə gedir bu maşın. Biz ona ayaq uydura bilmərik. Eybi yox. Başqaları gəlir dalımızca, gözdən uzaq qalmarıq.

   ... Yatmaq olmaz, olmaz. Amma yuxu da gəlir. Söhbət eləmək lazımdı...    

   - Oxu, bizim mahnını oxu.  

   - Yorğunam, səsim yerində deyil - deyib elə naz eləyirəm ki, sanki Monserrat Kabelyedən Karmenin ariyasını xahiş edirlər. Pah, guya nə olub ki? Çox da ki, qədrini bilmirlər, Qumral gözlüm...    

   - Oxuyum deyirsən...    

   Dağlarda duman gözəldir,    

   QaşlarıM kaman gözəldir.    

   HüsnüMə heç bir söz olmaz,

  

   GözləriM yaman gözəldir... - deyirəm və əlimi gözlərimdən gicgahıma sürüşdürürəm.   

   - Kim şübhə eləyir ki?    

   İçimdə mızıldanıram - mən sənin şübhə eləmədiyinə şübhə eləyirəm. Amma demirəm, təbii - sürücünü hirsləndirmək olmaz. Çünki yolun elə parçası ilə gedirik ki, niyə bura "Nənəm vay" dediklərini anlamağa başlayıram. Dar, dolanbac, dağılmış, yenidən qurulmaqda olan yol. Ağır tonnajlı maşınları ilə yüklənmiş yol və ağır mənzərə. Araz və o tayda xaraba qalmış torpaqlar. Bu çayın qəribə qisməti var nəsə. Bir vaxt ordan bura baxardıq, indi burdan ora... Ayrılıq çayıdı, adi su hövzəsi deyil...    

   Dayandırır maşını sürücüm. Sərhəd dirəyinin yanında şəkil çəkilməyini arzu edir. Təbii, yerinə yetirirəm. Qəribə yol oldu bu yol - təbiətin gözəlliyi gözümə görünmədi. Sıxıldım... Ağrıdım... Qulaqcığı taxım bəlkə...  

   Ayarlamaq istəyirəm zəng gəlir. Nömrəni tanımıram:  

   - İradə xanım, mənəm Rahildi.    

   - Salam, salam. Biz yaxınlaşırıq Naxçıvana, qismət olsa görüşərik.    

   - Zəng edim gömrüyə?  

   - Yox, heç bir şey lazım deyil.  

   - Sabah orda tədbir olacaq...  

   - Yox, bir təxminən iki saata çatarıq sərhədə...  

   - Yaxşı, görüşmək ümidiylə...  

   - Sağ ol...  

   ... Telefonu qapadıram, amma özlüyümdə fikirləşirəm ki, "nə zəng", "nə gömrük". Neçə ildi bu oğlanın şeirlərini çap edirəm, heç soruşmamışam harda çalışdığını, nə işlə məşğul olduğunu...

   ... Benzindoldurma məntəqələrinin yanında uzun-uzadı növbələr var. Neft ölkəsində benzinə növbə - bu da bir təzad. Təbii ki, səbəbini bilmirik. Ancaq mülahizələr...  

   ... Ay aman, bu da Culfa sərhədi. Vətən, doğma torpaq, yurd? Yox, məni bu dəqiqə sevindirən məqam başqa bir hissdi. Maşın neytral zonadan keçən kimi əynimdəkiləri elə çıxarıb tullayıram ki, heç Sevil çadrasını belə ata bilməzdi.

  

 

   (Ardı var)

 

 

  İRADƏ TUNCAY

 

  Ədalət.- 2011.- 1 oktyabr.- S.6.