GÖRMƏYƏNDƏ
DARIXDIĞIM ADAM
Bir
vaxtlar Tofiqə xəsis-simic deyirdik. İllər ötəndən
sonra bəlli oldu ki, hamıdan çox qonaqlıq verən elə
Tofiqin özüymüş. Ancaq bir şeyi qeyd etmək
mütləq lazımdı ki, son vaxtlar ancaq gərəkli
adamlara xərcləyir. Burda Tofiq hamıya oxşayıb öz
orijinallığını itirir. Jurnalın baş redaktoruna,
yaxud institutun kafedra müdirinə iki gündən bir zəng
edib xəngəl, xaş, balıq kababı yemək
üçün evinə çağırır. Bir dəfə
ondan soruşdum:
- Respublikada qonaqlıq vermədiyin
adam qalmadı, bəs ən təmiz, ən qədim dostlardan
olan Əli Həsənliyə haçan qonaqlıq verəcəksən?
Cavab verdi ki, darıxma, hələ
vaxt çoxdu. Sonralar danışmağa söz tapmayanda, mənimlə
məzələnmək istəyəndə tez-tez - Heçan Əli,
sən, mən bir oturaq? - deyir, cavab almağa fürsət vermədən,
avtomatdan atəş açılırmış kimi suallar
yağdıraraq söhbəti dəyişirdi və mən
bilirdim ki, o heç vaxt Əlini qonaq çağırmağa
vaxt tapa bilməyəcək. Yaxud yazıları redaktə elədiyi
yerdə birdən başını qaldırıb:
- Beş manat ver, düz bir saat səni
bu gözəl şəhərdə gəzdirim - deyir, əlini
cibinə salıb bir dəst pul çıxardaraq qoxulayır,
- Azərcanı, mənim üçün dünyanın ən
bahalı ətrindən də gözəldi - söyləyirdi.
Bir də deyirəm, Tofiqin
şairliyini daha çox tamahkarlığı, pula hərisliyi
məhv etdi. Tamahkar deyəndə, sən deyən çox yeməyi
də yoxdu. Qonaqlıqda hamıdan tez süfrədən o, əlini
çəkir. Uşaqlıq dövrü yoxsulluq və ehtiyac
içində keçsə də, məsclisdə
özünü ağayana, toxgöz, kübarsayağı
göstərməyə çalışır. Özü də
mənim və başqalarının həvəslə yeməsinə
istehza ilə baxır. Belə vaxtlar mən də ürəyimdə
onunla danışıram: "Gözütoxsansa, niyə belə
qarın sallamısan? Axı, sən yaraşıqlı,
çevik, idmançılartəkin qısqıvraq bir
oğlandın, bu nə gündü düşmüsən?"
Ədəbiyyat fondu xəttiylə
rayonlara gedirdi. Az qala dostlarınla belə gedəndə
onlardan alacağını, maşın haqqını qabaqcadan
sövdələşirdin. Belə səfərlərə son
vaxtlar lap çox Vaqif Səmədoğlu ilə gedirdin.
Düzdü, onun barəsində maraqlı yazılar
yazdın, onunla bağlı maraqlı hadisələr danışdın.
Rayonda Vaqifə göstərilən hörmət və
ehtiramdan, onun zarafatlarından, iki, üç minə qədər
pulu (o vaxtlar bu pula maşın almaq olurdu) bir səfərdə
səxavətlə xərcləyib qurtarmasından, içib
yolboyu yatmasından danışmısan. Axı, sən təkcə
bunlara görə maşını dörd-beş yüz
kilometr o yana, o qədər də bu yana sürməzsən.
Axı, mən səni yaxşı tanıyıram. Bu, bir yol,
iki-üç kərə olsaydı, şübhələnməzdim.
İndi kişisənsə, boynuna al görüm, o boyda yolu
yoldaşlıq eləməyə səni daha hansı maraq,
ayıb olmasın, hansı qazanc, xeyir şirnikdirirdi? Ay Tofiq,
mənə yox də, axı özünün dediyinə
görə, bu dünyada Anar müəllim qədər, loru
desək, sənə xeyiri dəyən ikinci adam olmayıb.
Axı, bir yol Anar bəy zəng edib səndən xahiş elədi
ki, onu maşınınla Mərdəkana aparasan, (o, artıq
bizim redaktorumuz deyildi) sənsə ona sapıtma gəldin.
Düzdü, qabaqlar dəfələrlə sevinə-sevinə
maşınında onu müxtəlif yerlərə
aparmışdın. Ancaq bu dəfə onu aldatdın. Məsələ
burasındadı ki, onda başqa işin də yox idi,
maşının da saz idi. Bizim məsul katibimiz məni həmişə
yaddaşsızlıqda qınayardı. Ancaq sənin Anar bəyin
sözünü yerə salmağını dünya
dağılsa da, yadımdan çıxaran deyiləm. Lap yeddi
yol bu dünyaya gəlib-getsəm də, unudan deyiləm.
İndi də görüm Vaqif Səmədoğlu ayıq
olanda, səninlə yolboyu söhbət edəndə ürəyincə
olurdu, maşını "ilhamla" sürürdün,
yoxsa içib yuxulayanda, özünü hiss etməyəndə?
Yaxşı da, Tofiq?..
Tofiq, bilirsən sənin
orjinallığın nədir? Yadındamı rəhmətlik
Vidadi Məmmədovun ölüm xəbərini ilk dəfə
kimsə bizə bildirəndə sənin dərhal, ancaq kədərlə
söylədiyin "camaatın canı qurtardı. İnnən
belə rahat oturub yazmaq olar" sözlərin? O xəbəri
eşidəndə bəlkə də Vidadinin itkisinə məndən
də çox yanıb töküldün, yaxud məyus oldun,
ancaq sən o an özün kimi, bəlkə də
bütün qələm əhlinin ürəyindən
keçən acı duyğunu sünilik etmədən
söylədin.
Sonralar uzun illər "Vidadi nə
üçün yazammır, yaxud yazmır?" kimi
çoxumuzu düşündürən sualın
cavabını tapdım. Ancaq mənim Vidadi haqqında deyəcəyim
fikrimi yaradıcılığa yeni başlayan gənclərin,
yəni gənc yaradıcıların oxumasını qəti
istəməzdim.
İnsanlar həyatı boyu
başlarını qarışdırması üçün
özlərinin yaratdığı məşğuliyyətin
- yazı sənətinin (bəlkə bütün sənət,
peşə, əyləncə, maraqların) ömrün son
anında boş, mənasız göründüyünü
qabaqcadan duyub dərk etdiyindən və qocaman dünyanı
tanıdığından başqa neçə-neçə
Homer, Şekspir, Füzulinin unudulduğunu hiss etdiyindən
Vidadi yazmadı.
Vidadi Məmmədov
doğmaları, dostları, tanışlarının və
oturub-durduğu adamların yerişi, duruşundan tutmuş,
sözünə, baxışına, gülüşünə,
səsinin tonuna, bir sözlə, varlığınacan
onların içinə, istəyinə, təbiiliyinə,
saxtalığına az qala özləri qədər bələd
idi. Kimliyindən asılı olmayaraq o, hər bir adamın
ürəyindən keçəni telepat duyğusu ilə oxuya
bilir, üzgörənlik etmədən açıb deyirdi.
Bir güzgü kimi adamın içindən keçənləri
göstərirdi. Bir əsərin, bir cümlənin dəqiq dəyərini
söyləməyi bacaran, bir ifadə, bir sözün
dadını, tamını, gücünü duya bilən
söz sərrafıydı. Buna görə hamı ondan ehtiyat
edir, onunla hesablaşır, onun yanında bacardıqca səmimi
olmağa çalışırdı.
Vidadi Məmmədov nəslinin elə
bil dövrü gəldi ki, adamlar korşaldı, onların
saxtalığına, süniliyinə, riyakarlığına,
qüsur və eyiblərinə Vidadinin yumoru, satirası,
danlağı, gileyi daha təsir eləmədi, buna dözə
bilməyən Vidadi bir gecə toydan yarımçıq
çıxıb taksiyə mindi və ölməyə getdi.
Bir də ona görə
öldü ki, günlərin bir günü hiss elədi ki,
soyuqluq, saymazlıq eləsə də, bu şəhərdə
onu hamıdan, bəlkə qardaşından da artıq istəyən,
təsibini çəkən yazıçı dostu Şahmar
Hüseynov yoxdu. Buna görə də hamıdan qabaq onu
görməyə getdi. İndi bildinizmi ki, Vidadi Məmmədov
gecəyarısı maşın qəzasından ölməyib.
Hə, Tofiq Abdin, Vidadi Məmmədovun
qara xəbərini eşitdiyimiz o an sənin
çılpaqcasına, qəddarcasına və həm də
çox dəqiqliklə söylədiyin sözləri
heç birimiz, hətta rəhmətlik Vidadinin özü də
deyə bilməzdi. Bax, budur sənin orjinallığın.
Əgər mənim bu
yazımı Tofiq Abdin ürəkdən bəyənsəydi,
hamı kimi o, "gözəldir, əladır, təbrik edirəm"
- deməzdi, təxminən - Azər Abdulla! Ayaqlarını
uzadıb ölə bilərsən, sən öz yazını
yazdın! - deyərdi.
Bir dəfə Tofiqin oğlu xəstələnmişdi.
Necə narahat idi, necə əl-ayağa
düşmüşdü, necə vurnuxur, necə qorxurdu,
İlahi! O vaxt Tofiq bir ata kimi necə gözəl görünürdü,
təsəvvürə gəlməz. Ümumiyyətlə o,
qızı Güneldən, oğlu Mətindən
danışanda çox çəmimi, çox gözəl
olur. Subaylıqda çox şıltaq idi, inciməsəydi,
deyərdim, tərbiyəsiz, həyasız, pozğun idi. Ailə
həyatının onu belə təpədən-dırnağacan
dəyişəcəyini heç vaxt ağlıma gətirməzdim.
Bir dəfə telefonda tanışlarından biri ona dedi, sən
deyəsən qocalığı azdırmısan, nə eləmisən
belə cavan qalmısan? Tofiq dedi ki, Allaha şükür,
oğlum, qızım, gözəl ailəm, soyuducum da, Vidadi Məmmədov,
deməli, ağzınacan dolu, başımda da istedad. Mən
niyə qocalmalıyam axı, bəziləri kimi paxıl,
içiqurdlu deyiləm ki, qocalam...
Əgər on yeddi il Tofiqlə bir
otaqla çalışmışıqsa, deməli, onun xasiyyətindən
mənə nəsə keçməliydi. Publisist
yazılarımda, apardığım sorğularda sənətçilərin,
hər hansı bir adamın, fərdin, şəxsiyyətin
insani tərəfini, iç dünyasını
açmağa cəhd eləməyimdə müəyyən mənada
onun təsirini açıq ürəklə boynuma alıram.
Hər hansı rəsmi mühitdə olduğum vaxt
özümü sərbəst aparmağa
çalışmağımda da, rəsmiyyəti
sındırmaq istəməyimdə də Tofiqin müəyyən
rolu olub. Çoxluğun, elliyin arasında adamlarla münasibətdə
sərbəstliyə can atmağım, cəsarətli və qətiyyətli
olmaq istəməyimdə onun təsiri olub.
Bir dəfə o deyəndə ki,
tezdən durub xörəyimi isidib yedim, çayı
qızdırıb içdim, təəccübləndim. - Bəyəm
özün qızdırıb yeyirsən xörəyini? -
soruşdum.
Onun səsi tamam dəyişdi,
çox yumşaq bir tonla: - Azər canı, insafım gəlmir
Gülnazı yuxudan oyadım. Axı, orda çətin nə
var ki. Qabda hazırdı, qazı yandırıb qoyuram
üstünə, beş dəqiqəyə hazır olur. Ondan
yana yarımçıq yuxudan niyə eləyim? Tofiqin bu insani
keyfiyyətləri elə həmin gündən canıma hopdu.
Bir dəfə Tofiqlə Naxçıvana ezamiyyətə
getmişdik. "Təbriz" qonaq evində qalırdıq.
Poeziyadan və hər şeydən danışdıq. Onun
"Sevmək istəyirəm atamı" şeirindən
söz saldım. Orada bir məsələyə münasibəti
indi də yadımdan çıxmır. Soruşanda ki, ana
haqqında nə əcəb şeirin yoxdu? Tofiq gözlənilmədən:
- Azər, başqa yerdə desən adamı daş-qalaq eliyərlər.
Məndə anama sən deyən elə sevgi yoxdu. Sözün
düzü, anama məhəbbət atama olduğu kimi
olmayıb. Belə demək bəlkə də düz səslənmir,
heç vaxt anamı atam kimi sevməmişəm. Vur
öldür məni, ürəyimdə elə bir sevgi-məhəbbət
yoxdur da ona. Bu boyda ana haqqında şeirlər yazırlar, mənə
qəribə gəlir. Yenə deyirəm, mən həmişə
atamı daha çox sevmişəm. Mənə daha çox
atam yaxın, doğma olub...
Dost-tanışın,
yoldaşlarımın içində Tofiq qədər təklikdən,
tənhalıqdan qorxan (burda Tofiq, şair Qabili də üstələyir)
adam görməmişəm. Sonralar onun keçdiyi
ömür yoluna nəzər salanda bir daha bu fikrimə
inandım. Lap gənclik çağından ta son vaxtlaracan
müşahidə edə bilmişəm o, təklikdən,
quzu canavardan qorxan kimi əsdirir. Bəzən onun ailəsi
rayona çıxıb gedəndə bunu duymuşam. Bu vaxt o,
dostlarından birini, tanışlarını, yaxın,
doğma adamlarını tapmayanda qarşısına
çıxan bir adamı (bəzən aralarında adicə
salamdan başqa bir yaxınlıq olmasa da) evinə dəvət
etdiyini görmüşəm.
- Gedək yaxşı pivə var,
bir az da balıq var, qızardarıq. Küçələri
boş-boş veyillənməkdən nə çıxar?
Həmin dostu, tanışı getmək
istəməyəndə dönə-dönə israr etdiyinin,
dilə tutub az qala yalvardığının şahidi
olmuşam. Səhərisi soruşanda ki, niyə
yalvarırdın ona axı?
- Neyniyim, Azər, tək
darıxıb ölürəm, - deyib.
- Ay vicdansız, mən qulağının
dibində ola-ola, durub ona-buna yalvarırsan, - söyləyəndə
o, zarafatla, bəlkə də tamamilə gerçəkdən
- Azər Abdulla, yüz ildir üzbəüz, gözbəgöz
bir-birimizə nə qədər tamaşa etməliyik?..
- Yox, Tofiq Abdin, sənə
özün kimi yumşaq, özün kimi qılıqlısı
lazımdı. Mən adamları, xüsusilə, səni
danlayıram axı - demişəmg
Tofiq Abdin kəndləri,
el-obası üçün darıxan, xiffət edən və
bu darıxmaları ilə bağlı silsilə şeirlər
qoşan şairlərə inanmadığını dönə-dönə
mənə deyib. Söyləyib ki, onların süni, yalançı
hisslərinə heç vaxt inanmamışam.
- Ay Tofiq, axı xiffət, nostalji
deyilən bu duyğu yer üzünün bütün
adamlarında, daha doğrusu, adamların çoxunda var. Bu qədər
adamın hamısı sünilik, yalançılıq edə
bilərmi? - deyəndə:
- Gedin də, qayıdıb gedin kəndinizə.
Niyə qopa bilmirsiniz bu şəhərdən? Nə verib sizə
bu şəhər? - deyib.
Sonralar onun "Qayıdan
deyilsiniz" (1986) şeirini oxudum.
Uzun illərin
tanışlığından sonra gördüm ki, kənddən
gələn dostların, tanışların arasında Tofiq qədər
şəhərli kimi tanınmaq istəyən ikinci bir adam
tanımıram. Onun yazılarından tutmuş, məişətinəcən
hər yerdə kənddən uzaqlaşmaq duyulur. Onun tez-tez
danışmasından tutmuş, hərəkətinə,
düşüncəsinə, qavrayışınacan
özündə şəhərliyə məxsus bir
çeviklik, diribaşlıq var. Hər hansı məsələyə
onun qədər münasibətini tez bildirən, nəticə
çıxara bilən, çox vaxt fikrini gizlətməyən
(ona görə çox vaxt amansız və həyasız
görünür) ikinci bir adam tanımıram. Sonralar duydum
ki, Tofiqin ritmi, Azərbaycanın, hətta onun paytaxtı
Bakının ritmiylə uyğun gəlmir. Elə bil o, daha
qaynar, daha inkişaf etmiş böyük şəhərlər
üçün yaranıb. Bu çeviklik, deyəsən,
salyanlılara xas olan cəhətdir. Məncə Tofiq istər
kədəri, istər sevinci uzun müddət qəlbində
saxlaya bilmir. Hər şey onda axar su kimi, zaman kimi ötüb
keçəndir. Tofiqin sevindiyini də çox
görmüşəm, acıyıb kədərləndiyni də.
Ancaq həmişə mənə elə gəlib ki, onda sevinc
də, kədər də ötəridir. Onların heç
biri bir saatlığa Tofiq Abdinin ürəyinə
sığınıb qalmağa etibar etməz. Məncə
Tofiq Abdinin böyük şair olmamasının səbəblərindən
biri də onun xarakterindəki yeyinlik, hər hansı
yaşantını, keçirdiyi hissi uzun müddət
özündə saxlaya bilməməsidir. Bunun özü də
onun yeyin və yüksək ritm ilə bağlı olan bir məsələdir.
Redaksiyada ölüm-itimdən,
dünyanın vəfasızlığından söz
düşəndə (otuz yaşlarımızda belə
söhbətləri tez-tez edərdik) bir dəfə Tofiq dedi:
- Yaşamaq üçün dünyada hər şeyə
razı olaram.
Bu sözündən sonra yüz
il, iki yüz il yaşaya bilsəydim, elə bilirəm, onun bu
sözlərini unutmazdım. Sonra da deyirlər ki, Azər
yaddaşsızdı, huşsuzdu.
O vaxt Tofiqin dediyi bus öz barəsində
çox söz-söhbətlər, mübahisələr,
dartışmalar oldu. Onun bu fikri ilə razılaşmayanlardan
biri də mən oldum. Bəlkə Tofiq haqlıymış, bəlkə
mən həyatın mənasını, şirinliyini,
dadını onun qədər dərk etmirəm?
Ölümün dəhşətini, ölümün
gerçəkliyini onun qədər anlamıram? Bəlkə
ölümün son dərəcə yaxında
olmasını, hər an həyatın bitə biləcəyini
onun qədər aydınlığı ilə dərk edə
bilməmişəm? Bəlkə onun gəldiyi nəticəni
anmağım üçün hələ neçə-neçə
illər gərəkdi. Bəlkə bütün insanlar
ölüm ayağında, yəni bir daha dünyaya qayıda
bilməyəcəyini duyan anda, həyatdan getdiyi son anda
hamı onun kimi - Tofiq Abdin kimi yaşamaq üçün,
ölməmək üçün hər şeyə, istənilən
təklifə razı olur? Ancaq yenə də Tofiqin söylədiyi
bu fikri ölümün özü qədər dərk edə
bilmirəm. Bəlkə də ölüm hələlik məndən
çox-çox uzaqda olduğuna (?) görə onun bu fikri mənə
çatmır?
Günlərin bir günü
eşitdim ki, İstanbulda Azərbaycanın konsulu təyin
olunmuş "Ulduz" jurnalının baş redaktoru Abbas
Abdulla Tofiqi də özüylə İstanbula aparıb. Bu
vaxt artıq mən də "Qobustan" toplusundan
çıxaraq başqa bir qəzetdə işləməyə
getmişdim.
Və beləliklə, xarici məmləkətdə
yaşamağa, işləməyə gedən, özünə
kompüter alan, şeirlərini, məqalələrini
kompüterdə yaza bilən, kompüterini internetə
qoşan Tofiq Abdin dost-tanışlarının,
yaşıdlarının içində yenə də, yenə
də birinci adamdı.
Hərdənbir İstanbuldan zəng
edir, faksla məktub göndərir. "525-ci qəzet"də
çap olunan yazılarında, mənimlə telefon
danışıqlarında, məktublarında onun son dərəcə
darıxdığı, qoyub getdiyi Vətən, onun
insanları üçün burnunun ucunun göynədiyi
duyulur. - Siz allah, məni unutmayın - deyir. Acı həsrəti,
çəkdiyi üzücü xiffətiylə bağlı
nostalji şeirlər yazır. "Bəlkə Tofiq uzun illər
yaza bilmədiyi gözəl şeirlərini yazmaq
üçün billə-bilə qəriblikdə
yaşamağı, darıxmağı, həsrət çəkməyi,
ayrılıq acısını dadmağı özünə
rəva bilib?" - Bir an məndə həsəd və
paxıllıq hissi baş qaldırır, narahat oluram.
Şeirin, poeziyanın xətrinə belə bir risk eləsəydi,
Tofiq Abdin yəqin ki, dünyanın ən bənzərsiz, ən
orjinal adamı, fərdi olardı. Ancaq mənim
tanıdığım Tofiqin belə adam ola biləcəyinə
inanmadığıma görə sakitləşirəm. Bəzən
Nazım Hikmətin adını çəkir, böyük
şairin məcburiyyət qarşısında qalaraq
yaşadığı mühacir həyatıyla öz qəribçilik
taleyi arasında bir oxşarlıq olduğunu mənə
ehtiyatla sübut və təlqin etmək istəyəndə,
Tofiq öz orjinallığını itirir, o, mənim nəzərimdə
qanlı-qadalı, od-alov içində - dilənçi
taleyini yaşayan, doğma Vətənindən öz ailəsini
götürüb daha dinc, qorxusuz, təmtəraqlı, gözəl
İstanbulda (yəqin ki, Tofiq Abdin sonralar bu möhtəşəm
şəhərdə neçə illər
yaşadığına görə öyünüb fəxr
edəcək) rahat yaşamaq arzusunda olan bir adamdı. Tofiqin
özünü mühacir şayması, ziyalı
adlandırması (qınayan olmasaydı, özünü
dissident də adlandırardı) uşaqlıqda gecə
vaxtı bostan oğurluğunda yıxılaraq
qıçı qırılıb şikəst olmuş
birisinin sonralar saxta sənəd düzəldərək
özünü Vətən müharibəsi əlili kimi qələmə
verən adamları yada salır.
Başqalarını deyə bilmərəm,
İstanbulun Tofiq Abdini mənim üçün maraqlı bir
adamdı və onun üçün son vaxtlar tez-tez
darıxıram.
Azər
Abdulla
Ədalət.-
2011.- 1 oktyabr.- S.5.