SABİRƏ AŞİQLİKLƏ...

 

  Əbədiyaşar "Hop-Hopnamə"nin 1962-1965-ci illər nəşrlərinə (I,II,III cildlər) yazmış olduğu akademik şərhlər və lüğətləri ilə, "Mirzə Ələkbər Sabir şeirinin qafiyə lüğəti" ("Qanun" 2006- ön sözün müəllifi və redaktoru Sokrat Cəfər) kimi linqlivistik monoqrafiyası ilə, "Sabir əsərlərinin nəşri haqqında" (1962), "Sabirin yuxuma girməsi" (1956), "Sabir yaradıcılığında təhzil, bənzətmə və nəzirə" (1962), "Sabir şeirində iri şəkillər" (1964), "Sabir şeirində kiçik şəkillər" (1962), "Sabir şeirinin vəzni" (1962) kimi fundamental elmi-nəzəri əsərləri ilə, 70-80-ci illərdə Azərbaycan Radiosu və Televiziyasında etdiyi Sabir haqqındakı misilsiz ədəbi söhbətləri ilə, Sabir Poeziya günlərində, şairin 100 illik respublika yubiley tədbirlərində iştirak və çıxışları ilə, Elmlər Akademiyası tərəfindən çağırılan sabirşünaslıq konfranslarındakı proqram xarakterli tarixi məruzələri ilə, habelə, Azərbaycanda yüksək ixtisaslı sabirşünas mütəxəssislərin formalaşmasındakı müstəsna xidmətləri ilə əbədiyyat tariximizə cahanşümul, parlaq səhifələr yazmış olan görkəmli alim, professor Əkrəm Cəfər hələ sağlığında ikən, dahi Mirzə Ələkbər Sabirin ölməz sənəti və uca şəxsiyyəti önündə sənələrcə yaşayacaq milli-mənəvi, ədəbi-fəlsəfi qəhrəmanlıq dərsləri sərgiləmişdir.    

   Yaxın günlərdə biz, ustadın arxivi ilə məşğul olarkən, rus dilində qələmə aldığı çox kiçik bir həcmli makina yazısına rast gəldik. Həmin tarixi-ədəbi sənəd, özündə, 80-ci illərdə Azərbaycan Dövlət Televiziyasında yayımlanan professor Rafael Hüseynovun müəllifi olduğu (aylıq) "Mənəvi İrsimizdən" adlı ədəbi-bədii verilişlərdən birinin ("Sabirə ithafən" 12 aprel, 1988) müəyyən fraqmentlərini əks etdirir. Qarşıdan gəlməkdə olan Sabir ili ərəfəsində ustadın unudulmaz ürək sözlərini oxucuların nəzər-diqqətinə təqdim edirik.

  

   Sokrat CƏFƏR

 

   TELEVİZİYA SÖHBƏTİMDƏN MƏQAMLAR

 

   (ixtisarla)

  

   Mənim ilk uşaqlıq illərimdən bəri, poeziya və şairlərin yaradıcılığı ilə tanışlığım Mirzə Ələkbər Sabirin adı ilə bağlı olmuşdur. Böyük şair və onun sənəti haqqında mənə, dəyirmançı övladı olan savadsız əmimoğlu Əhəd bəhs açmışdır. Daha sonra isə mən, Sabirin ustadı- şair və alim Seyid Əzimin, habelə, Məhəmməd Füzulinin zəngin yaradıcılığı ilə tanış olmuşam.    

   Sabirin yaratdığı poeziya Azərbaycan ədəbiyyatında bir inqilab idi. Məzmun etibarı ilə bu möhtəşəm poeziya özünün bənzərsiz dərin xəlqliyi ilə seçilir, formaca isə inqilabi satira xarakteri daşıyırdı. Dahi şairin yaradıcılığında biz, xalq həyatının bütün çalarlarının bədii əksini görürük. Sabir yaşadığı cəmiyyətdə ikrahdoğurucu və mənfi nə var idisə, hamısının qəddar düşməni olmuş, bu yanaşma tərzi ilə də xalq həyatının ən üstün, tərəqqiedici və uca keyfiyyətlərini sənətinin dili ilə vəsf etməyə çalışmışdır. Şairin yaradıcılığında Azərbaycan poeziyasının bütün janr və növləri öz əksini tapmışdır.    

   Sabirin ədəbi dilində çoxsaylı ərəb və fars tərkiblərinin olmasına rəğmən, onun sənətini nəinki oxucular, hətta savadsız xalq kütlələri də asanlıqla anlaya bilirdilər.    

   Böyük demokrat şair mövhumat və cəhalətə qarşı təkcə Azərbaycanda deyil, İranda, Türkiyədə və Çar Rusiyasında da amansızcasına vuruşmuşdur. Sabir özünün nəhəng poeziyasını nadanlığa, geriliyə, cəhalətə qarşı olan bir qüdrətli mübarizə süngüsünə çevirmiş, həmin kəsərli, azman silahla da xalqın gözəl, mədəni və xoşbəxt gələcəyi uğrunda çarpışmışdır.    

   Mirzə Ələkbər Sabir bütün Orta Şərqdə ən sevilən dahi söz ustadı olmuşdur.

 

 

  ƏKRƏM CƏFƏR

 

  Ədalət.- 2011.- 1 oktyabr.- S.21.