Cəlilabad
təhsilinin uğurları
Son zamanlar təhsilin inkişaf etdirilməsi üçün respublika rəhbərliyi, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bir çox tədbirlər ölkə ictimaiyyətinə yaxşı məlumdur. Heç şübhəsiz ki, təhsildə aparılan bir çox islahatlar, yeniliklər bir neçə ildən sonra öz nəticəsini verəcək.
Respublika Prezidenti İlham Əliyevin ölkə təhsilinə qayğısı nəticəsində Azərbaycan təhsili tarixində ilk dəfə olmaqla 16 inkişafyönümlü dövlət proqramı qəbul edilmişdir. Təhsil işçilərinə göstərilən diqqətin məntiqi sonluğu kimi elm və təhsilin inkişafındakı xidmətlərinə görə 1000 nəfərdən çox təhsil işçisi dövlət tərəfindən mükafatlandırılmışdır.
Haqqında bəhs edəcəyimiz Cəlilabad rayonunda da bu sıradan olan Allahbaxış Muradovun, İltifat Bağırovun, Oqtay Əzizovun, Kəramət və Ayaz Həsənovların xidmətləri layiqincə qiymətləndirilərək onlara "Əməkdar müəllim" adı verilmişdir. Rayon Təhsil Şöbəsinin müdiri Ədalət Əsgərov bu ada yiyələnməklə "Tərəqqi" medalı ilə təltif edilmişdir. "Tərəqqi" medalına həmçinin rayonun Rüstəm Rüstəmov, Tahir Tahirzadə, Elmira xanım, Gülsurə Həsənova kimi qabaqcıl təhsil işçiləri layiq görülmüşlər.
Yaxşı təhsil üçün yaxşı da
məktəb olmalıdır
Bu heç şübhəsiz belədir, heç bir şəraiti olmayan, buz kimi soyuq sinif otaqlarında yüksək təhsildən söhbət gedə bilməz. Yeni məktəb binalarının tikilməsi, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi Cəlilabad rayon rəhbərliyinin, Təhsil Şöbəsinin daim diqqətində olan ən vacib məsələlərdən olmuşdur. Bu yöndə də Cəlilabadda görülən işlərin başlıca məqsədi "Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi olmuşdur. Ümumiyyətlə, 2003-2010-cu illərdə rayonda 4728 şagird üçün 18 məktəb binası inşa edilmiş, 31 əlavə sinif otağı tikilmişdir.
"Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində isə Heydər Əliyev Fondunun dəstəyi ilə indiyədək Cəlilabad rayonunda 2120 şagird tutumlu 6 məktəb binası inşa edilərək təhsil işçilərinin, şagirdlərin ixtiyarına verilmişdir. Rayonun 360 şagird yerlik Gülməmmədli tam orta məktəbində son tamamlama işləri tədris ilinin başlanmasına qədər yekunlaşmışdır.
Yaxın vaxtlarda, yəni 2011-ci ilin sonuna qədər Sabirabad kənd 1 saylı, Soltankənd, Cəlilabad şəhər 2 və 6 saylı məktəblərin inşasına start veriləcəkdir.
Cəlilabad təhsilinin maddi-texniki bazasını möhkəmləndirmək üçün bir çox mühüm tədbirlər görülmüşdür. 407 ədəd parta, 302 ədəd stul, müəllimlər üçün daha 100 ədəd stul, 70 ədəd yazı lövhəsi, 80 ədəd ofis dolabı, 130 ədəd kitab dolabı təhsil işçilərinin ixtiyarına verilmişdir. 16 ədəd kimya, 17 ədəd fizika kabinetləri də bu ildən Cəlilabad rayon məktəblilərinə xidmət edəcəkdir.
Sevinc gətirən
uğurlar
Əhatə dairəsi kifayət qədər böyük olan kənd məktəblərimizin bir sıra özünəməxsus çətinlikləri, hətta problemləri var. Belə məktəblərdə təhsil prosesinə nəzarət şəhər məktəblərindən xeyli fərqlidir.
Bu müstəvidə Cəlilabad rayonu da istisna deyil, çünki çox böyük əraziyə malik rayonda məktəblərin xeylisi rayon mərkəzindən kifayət qədər uzaqda yerləşir.
Respublika Prezidenti tərəfindən 04 sentyabr 2007-ci ildə imzalanmış "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" Sərəncam bu rayon təhsilinə düşərli olmuşdur. Rayonun Uzuntəpə kənd 1 saylı orta məktəbinin müəllimi Tahir Tahirzadə 2009-cu ildə "İlin müəllimi" mükafatına layiq görülmüşdür. Prezidentin başqa bir Sərəncamı ilə rayonun daha 2 məktəbi - Cəlilabad şəhər 1 və 8 saylı məktəb-liseylər "İlin ən yaxşı ümumtəhsil məktəbi" adını qazanmışdır.
Uğurların qazanılmasında şagirdlər də öz sözlərini demişlər. H.Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə ümumrespublika inşa müsabiqəsində şəhər 1 saylı humanitar liseyin X sinif şagirdi Tünzalə Ələkbərova 4-cü olmaqla Təhsil Nazirliyinin xüsusi mükafatına layiq görülmüşdür. 2009-cu ildə isə bu müsabiqənin iştirakçıları olan cəlilabadlı məktəblilər - Sürəyya Süleymanlı və Lalə Babayeva 1-ci yeri tutmuşlar.
Onlar olimpiada mükafatçılarıdır
Respublika səviyyəli ən müxtəlif tədbirlərdə daim həvəslə iştirak edən Cəlilabad rayon təhsil işçiləri müxtəlif yarışlara, müsabiqələrə də xüsusi önəm verir. 2010-2011-ci tədris ilində xüsusi qabiliyyəti və istedadı olan şagirdlərin fənn olimpiadalarının 1-ci və 2-ci mərhələsindən sonra 16 nəfər daha istedadlı məktəbli respublikada yarışmaq hüququ qazanmışlar. Bu ilin martında keçirilmiş respublika final mərhələsində ana dili və ədəbiyyat fənləri üzrə Seyidbazar kənd tam orta məktəbin IX sinif şagirdi Münəvvər Naib qızı Məmmədli, Cəlilabad şəhər 8 saylı məktəb-liseyin XI sinif şagirdi Günel Mahir qızı Quliyeva 4-cü olmuşlar. Elgün Nəcəfli, Mirhəsən Bəhrəmzadə, Rəmzi Əliyev, Günay Vəliyeva, Sevinc Əliyeva, Əli Əsədullayev, Ləman Əzizli, Qeyrət Məmmədov kimi şagirdlər də müxtəlif fənlər üzrə olimpiadanın 4-cüləri olmuşlar.
Daha bir sevindirici məqam
Bu bir həqiqətdir ki, orta məktəb şagirdlərinin demək olar ki, hamısı gələcəkdə ali məktəb tələbəsi olmaq arzusu ilə yaşayır. Onlardan daha çox əziyyət çəkənləri isə son anda qarşıya qoyulan məqsədə nail olurlar.
Cənub bölgəsinin ən böyük təsərrüfat rayonlarından olan Cəlilabad təhsilinin dinamik inkişafı, son uğurları sevindiricidir. 2010-cu ildə ali məktəblərə sənəd verənlərin sayı 582 idisə, bu il onların sayı 685 nəfərə çatmışdır.
Bu il 232 nəfər cəlilabadlı gənc ali məktəb tələbəsi adını qazanmışdır. 11 nəfər orta məktəb məzunu 600-dən çox bal toplamağa müvəffəq olmuşdur. 34 nəfər şagirdin göstəricisi isə 500 baldan əksik olmamışdır. 695 bal toplayan 1 nəfər orta məktəb məzunu Tibb Universitetinə "vəsiqə" qazanmışdır.
Daha bir sevindirici hal ondan ibarətdir ki, ötən il 178 nəfər qız ali məktəbə sənəd vermişdisə, bu il onların sayı 208 nəfərə çatmışdır. Bu il onlardan 61 nəfəri ölkənin müxtəlif ali məktəblərində təhsil alacaqlar. Təbrik edirik qızlar!
Bu məqamda bir şeyi qeyd etmək lazımdır ki, qızların davamlı təhsilə cəlb olunmasında Cəlilabad Təhsil Şöbəsinin müdiri Ədalət Əsgərovun əziyyəti, təşəbbüsü, xidməti böyükdür.
İslahatsız inkişaf
yoxdur
Azərbaycan təhsilində uğurla aparılan islahatların ümdə məqsədi təhsilə müasir, çevik baxışların formalaşdırılmasıdır. Təhsilin keyfiyyətinin yüksəldilməsi, real tələbata uyğunlaşdırılması, "Kurrikulum islahatı"nın tələblərini həyata keçirməkdən başlayır. Cəlilabad təhsili də 2008-2009-cu tədris ilindən etibarən 1-ci sinifdən başlamaqla ümumtəhsil sistemində yeni mərhələyə qədəm qoymuşdur. Bu məqsədlə Rayon Təhsil Şöbəsi bir sıra tədbirlər həyata keçirmişdir. 2007-ci ilin yanvar-fevral aylarında Təhsil Şöbəsinin 2 metodisti, 10 nəfər sinif müəllimi Azərbaycan Müəllimlər İnstitutunda "Yeni kurrikulumlarla iş üzrə təlimin əsas xüsusiyyətləri" mövzusunda keçirilən seminarda iştirak edərək müvafiq sertifikat almışlar.
Təhsil Nazirliyinin 2 iyun 2008-ci il tarixli əmrinə əsasən 1-ci sinif müəllimləri üçün 23-28 iyun 2008-ci ildə 5 günlük təlim kurslarından sonra 240 nəfər sinif müəlliminə sertifikat verilmişdir. 2009-2010-cu ildə belə müəllimlərin sayı 211 nəfər olmuşdur. Bu proses uğurla davam etdirilir və təhsil sahəsindəki islahatlar lap yaxın gələcəkdə cəlilabadlılara daha böyük uğurlar qazandıracaqdır.
Səxavət
Məmmədli
Ədalət.-2011.-
4-5 oktyabr.- S.7.