"QOY RƏHMƏT OXUSUN BİZƏ NƏSİLLƏR"

 

  1950-55-ci illər Azərbaycan Dövlət Universitetində tələbəlik illərim. O çağları, o şux və qaynar günləri unuda bilmirəm. Əsərləri ilə az tanış olduğumuz, hələ üzlərini görmədiyimiz professor-müəllim heyətinin dünyasına düşdüyümüz o miqyasasığmaz fərəhli günləri unuda bilmirəm.

  

   Mülayim təbiətli, son dərəcə mehriban və humanist olan, rus ədəbiyyatını bizə təmkinlə öyrədən Məmmədcəfər Cəfərov, konkretliyi, nitqdə yığcamlığı sevən, seminarlarda buna ciddi əməl edən və ədəbiyyat nəzəriyyəsini tutarlı nümunələrlə sevdirən Mir Cəlal Paşayev, obrazlı qalereyasının labirintindən bizi öz yorulmazlığı ilə çıxaran tükənməz enerji sahibi Pənah Xəlilov, uşaq sadəlövlüyü ilə tələbələrə tez isnişən, orta əsrlər Azərbaycan ədəbiyyatına dair sanballı tədqiqatlarını bizə bəxş edən Həmid Araslı, Azərbaycan şifahi xalq ədəbiyyatının şirinliyini öz şirin təhkiyə tərzi ilə mənimsədən Məmmədhüseyn Təhmasib, dilçilik elminin korifeyləri Məmmədağa Şirəliyev və Muxtar Hüseynzadə - bu təmiz, dağ bülluru kimi saf və təmənnasız, umacaqsız, gözütox insanlar ADU-nun zinət və şərəfi idilər.  

   Yox, o zəka nurlarını, o ürfan səhərlərini unutmaq olmur. Bizi bəlağət tutisi tək sehrləyən yanar xilqətli Cəfər Xəndan yaddanmı çıxar? Əzəli qisməti olan xoşbəxt səsi onun parlaq natiqliyini uğurla tamamlayırdı. Son dərəcə təmiz və səliqəli geyinən professorun sinəsi şeir xəzinəsi idi. O şairlər, xüsusən Səməd Vurğunu tədris edəndə az qala qoşa saat şeirə tutulurdu. C.Xəndan təlqin etdiyi ədəbi qəhrəmanların idealını, istək və məramlarını sözün sehri, fikrin rabitəsi ilə sevdirirdi. Onda dinləyəni öz ardınca aparan və mənəvi məmnunluq doğuran ovsun var idi. Bütün bunlar ədəbi-bədii dilin qüdrəti ilə təqdim olunurdu. Onun nitqində təhrif olunmuş söz və şəkilçiliyə təsadüf etmək mümkün deyildi. Ona itaət edən sözlər cilalanmışdı. O dilimizin poetik-elmi qatlarının tilsimini açan müqtədir natiq idi. O, nəzəri fikirlər söyləyəndə həmişə faktlarla əsəslanır və məntiqi nəticələr çıxarmağa sövq edirdi. Tədris etdiyi bütün yazıçıların yaradıcılığındakı bədii xüsusiyyətləri hafizələrə nəqş etmək onun proqramında möhkəm yer tutmuşdu.  

   O vaxt bizə nəql edirdilər ki, professor öz tərcüməsində M.F.Axundovun "Şərq poeması"nı misilsiz bir məlahətlə söyləmişdir. Bunu dinləmək bizə müyəssər olmasa da, saysız-hesabsız şeirləri aktyor məharəti ilə söyləməsinin şahidi olmuşuq; o, misralara güc vurmurdu, hay-haray salmırdı, sözlər onun sinəsindən rəvan və ilişiksiz axıb tökülürdü.  

   Heç yadımızdan çıxmır. Cəfər Cabbarlının yubileyi qeyd olunurdu. C.Xəndanın heç bir qeydə baxmadan iki saatlıq məruzəsi heyrət və qibtə timsalı idi. Sinə və boğaz saflığı, səsin yanğısı, nitqin rabitəsi, elmi mühakimlərin bədii söz və ifadələrdə rövnəq tapması, dramatik epizodların təqdimində ciddi hökmlər, illah ki, faciəvilik-Bəhramın, Aydının, Oqtayın, Elxan və Eyvazın monoloqları onun ifasında salona od salmışdı. Bunlar yada düşdükcə peşiman-peşiman alışıb yanırıq ki, belə nitqlər niyə vaxtında lentə yazılmırdı?  

   Cəfər Xəndan natiqlik sənətinin təməl daşlarını qoyanlardan biri idi. Ondakı jestlər, diksiya, yanğılı səs, təkrara yol vermədən, çaşmadan sözlərdən səf yaratmaq qabiliyyəti onun alın yazısı idi. O vaxt cavidlər, cavadlar, müşfiqlər, yusif vəzirlər tiranlığın qurbanları idilər. Onların işığı əlçatmaz uzaqlıqlarda sayrışırdı. Yasaq edilmiş bu əvəzsiz sənətkarların tədrisini Cəfər Xəndan nitqində görə bilmədik.  

   1954-cü ildə Azərbaycan sovet yazıçılarının ikinci qurultayı yaşlı nəsillərin xatirəsindən çıxmayacaq. Dərin və sanballı məruzələr, elmi-problematik məsələlərə toxunan kəskin tənqidi çıxışlar qaynar bir yaradıcılıq prosesini xatırladırdı. Bura elmi-ədəbi tufan idi. Qurultayda bir məsələyə də toxunuldu. C.Xəndan əlifbamızda saxlanan apastrofun tərəfdarı idi. O Səməd Vurğundan misallar gətirirdi. Şair professordan bir misal gətirməyi xahiş etdi. Yarızarafat ikinci, üçüncü xahişlərini yerinə yetirdi. Misralar sanki göydən nazil olurdu. Salon məmnun hisslərə qərq olmuşdu. Professorun hazırcavablığı poeziyaya məftunluğundan və öz fikrini isbat etmək qətiyyətindən gəlirdi.  

   C.Xəndan ictimai tədbirlərdə, elmi-praktik konfranslarda həmişə iştirak edər və münasibətini bildirərdi. Bir dəfə Nizami adına institutda dramaturgiyamızda konflikt məsələsinə dair konfrans keçirilirdi. Məruzəçi profsessor Əli Sultanlı idi. Məruzədən sonra sual-cavablar oldu. Burda qərəzkar suallar da müşahidə olunurdu. Bir növ Əli Sultanlını sınağa çəkmək istəyir onu məruzə ilə bağlı olmayan səmtə aparırdılar. Belə tutqun məqamda C.Xəndanın nəzakətli çevik hərəkəti ensiklopedik biliyi dost əlindən tutub ayağa qaldırmağa yönəlmişdi. Onun bu alicənablığı, alimlik siqləti ürəyimizə heyranlıqla dolurdu.  

   Universitetdə natiqlik sənəti xüsusi kurs kimi öyrədilmirdi. Ancaq biz dərk edirdik ki, ən parlaq nitq öz inikasını ən ciddi hazırlıqda, dərin bilik məlumatda tapır. Bax, buradaca "aləmə idrakla salam verənlər"dən (S.Vurğun) Mikayıl Rəfili yada düşür. Bəli, Hüqonun, Balzakın ağır əsərlərinin tərcüməçisi, poetik söhbətlərin aşiqi, rus dilinin kamil bilicisi yada düşür. O da atəşik nitqi ilə natiqlik sənətinin təməl daşlarını qoyanlardan idi. 

   Bir dəfə o, bayırda yağan quşbaşı qarı göstərə-göstərə Xəqaninin bax beləcə qar altında Şirvandan baş götürüb getməsini elə təbii, elə inandırıcı təsvir etdi ki, bir qeyri-iradi ayağa qalxıb bayıra boylandıq. Yenə bir gün Məhsətinin rübailəri lazım oldu. Lakin kitabın ruscası tapıldı. O, kitaba baxır onları asanlıqla şeir kimi tərcümə edirdi. Onun yaratdığı bu heyranlıq fikir yürütməkdə , müqayisələr aparmaqda da güclü idi. Yenə bir dəfə onun XII əsr ədəbiyyatımız haqqında bir qoşa saat mühazirəsi lentə yazıldı. Bu, coşqun ilhamlı nitq nümunəsi idi. Görəsən, o saxlanılırmı?  

   50-ci illərin lap əvvəlində "Kitabi-Dədə Qorqud" dastanının tədrisi dayandırıldı. Bu, yuxarıdan gələn hökm idi, şəxsiyyətə pərəstiş mühitinin acı hökmü idi. Tələbələr bu barədə Mikayıl Rəfiliyə suallar verdilər. Hiss olunurdu ki, 37-nin vahiməsi hələ ziyalılarımızın başı üstündədir. Nitqində "zatən", "qayət", "əcaba" kimi türk sözlərini həvəslə işlədən professor kədərli bir istehza ilə, eyhamla işarə vurdu ki, əsər bizim deyilmiş, bunu bilməmişik. Mən , Araslı da, Təhmasib bu barədə məqalələr yazmışıq, ancaq çox böyük səhv etmişik. Heç demə əsər bizim deyilmiş.  

   M.Rəfilinin vətəndaşlıq qüruru, zəngin bədii dili, bəlağətli nitqi, elmi mühakimələri tələbələri valeh etmişdi. Azərbaycan sovet yazıçılarının II qurultayının tribunasından onun ünvanına söylənən bəzi ittihamlar professorun çıxışına yağdırılan tələbə alqışları ilə, "Kirpi" jurnalındakı karikatura isə professora tələbə rəğbətilə sanki zərərsizləşdirildi. Hətta bir az sonra "Qorio ata"nın tərcüməsində bədxahlıqla eyib axtaranlar da tapıldı. Bu bizə barlı-bəhərli ağacın dibindən baltalanması kimi görünürdü. Belə ensiklopedik biliyə malik alim niyə sarsıdılır səssiz-səmirsiz xəstəliklərə mübtəla edilirdi? Xalq şairi R.Rzanın ürək ağrısı ilə dolu: "Bir gün Mikayılsız qaldıq, xəstəliyi: diabet - misraları bu zəhmətkeş insanın tufanlı-keşməkeşli taleyinə sanki ittiham dolu bir kitabdır.  

   Professor Əli Sultanlı! Öz alovları içərisində yanıb külə dönən təzədən ehya olan Səməndər quşudurmu o? Yoxsa sözün qövsi-qüzehini ürəklərə köçürən şirin nağıl qəhrəmanıdır? Elmin natiqlik məktəbinin sultanıdır Əli Sultanlı!  

   Onun yaddaşı saysız-hesabsız surəvlər qalereyası idi. Bitməz-tükənməz enerjiyə, həvəsə malik bu əvəzsiz alimin bütün mühazirələrini tələbə yataqxanasında yaxşı mənada təqlid edərdik; gah sözdən səhv düzəldib od yağdıran alimin antik dünyamızın işığı altında Homerə, Esxilə hördüyü çələngi sanki başımıza qoyub qalib kimi dayanar, "Demosfendən heç bir şey ixtira etmək, Siserona isə heç bir əlavə etmək olmaz" kəlamı bizi məşqə təşviq edər, gah intibah dövrünün qızıl haləsinə düşər, gah Şekspir atəşinin təlqini axınında dostun arxasından endirdiyi xəncər zərbəsinə qarşı Sezarın: "Brut, sən ?!" xitabındakı ağır dərdi atıb-tutar, gah da Hamletin: "ölüm, ya olum?" tərəddüdünə qərq olardıq.  

   Siz ey tələbəlik illərinin sayrışan işıqları, əlimdən yapışıb məni Əli Sultanlı dünyasına aparın, axı orda çoxbilmiş Odisseyin fəndgirliyində, Axilles qəzəbində, Yelena cazibəsində, qoca Triamın yalvarışlarında, Troya müsibətində, cəsur arqonavtların şücaətində, allahların min bir oyununda Homer zəkasının qüdrəti, Homer ürəyinin döyüntüsü var, axı orda Zevsin dərgahından od oğurlayan əzabkeş Prometeyin bu əsatiri titanın müqəddəs əzablarında, ürək parçalayan tənhalığında insan xilaskarının fədakarlığını görürük, axı orda qəzavi-qədərin girdabında qərq olan Ediptaleyin hökmü altında anası ilə evlənməsini bəşər qarşısında cinayət kimi dərk edən bu zavalı gözlərini çıxarmaqla baş götürüb biyabana üz tutur, axı orda Evripid Sofokl fəciliyini Aristofan gülüşü başa çatdırır, Tirtey nəğmələrinin səfərbəredici müqtədirliyi zühur edir, dünyanın yeddi möcüzəsi tapmaca-zərbül məsələ çevrilmiş Troya atı, Avgi tövləsi, Axilles dabanı, nifaq alması, Herostrat şöhrəti yerli-yerində şərh edilirg  

   Əli Sultanlı Avropanın məşhur əsərlərindəki ideya sənətkarlıq xüsusiyyətlərini həmişə Azərbaycan ədəbiyyatı tarixi ilə əlaqələndirirdi. Onun dünyasında işıq zolağı açan təkcə Qərbi Avropanın gözəllikməbədləri deyildi, orda Azərbaycan ədəbiyyatının da zəfər tağları ucaldılmışdı.  

   Çox illər qanadlanıb ötəcək, çox sular axıb gedəcək, çox körpə qığıltıları eşidiləcək, çox nəğmələr oxunacaq, fəqət bu üç zəka nuru, bu üç ürfan səhəri - Cəfər Xəndan, Mikayıl Rəfili Əli Sultanlı zaman-zaman əzizlənəcək, ürəklərə elə bircə natiqlik mədəniyyətinin yanğısını saldıqlarına əmin olduqları üçün onların ruhu hardasa həmişə Səməd Vurğunun: "Qoy rəhmət oxusun bizə nəsillər" - misrasını arxayınlıqla pıçıldayacaq.

 

 

   Xanoğlan Məmmədov

 

   Ədalət.-2011.-5 oktyabr.- S.5.