Ağaxan Abdullayev: "Onların yetişməsində Bakı toylarının böyük rolu olub"

 

   "Bu, elə bir sənətdir ki, burada məcburiyyət olmaz..."

 

   Xalq artisti Ağaxan Abdullayevin Milli.Az xəbər portalına müsahibəsi.

     

   Azərbaycan muğamı. Şərq musiqisinin gövhəri. Minilliklərin o tayından süzülüb saflaşan, indinin özündə də dünyanın hansı bölgəsində olur-olsun, rəngindən, irqindən, dilindən asılı olmayaraq insanları sehrləyən möcüzə. Ustad sənətkarların cilaladığı inci... O sənətkarlar ki, onların ifasına qulaq asanda adam "ustadına bərəkallah" deyir. Bəli, sənətkarları ustadlar yetişdirirlər. Bu günsə ustad xanəndələrimiz barmaqla sayılacaq qədər az olsalar da, var. Onların arasında isə xalq artisti Ağaxan Abdullayevin məxsusi yeri var. Ən azından ona görə ki, o, Alim Qasımov kimi bir xanəndə yetişdirib.

  

   Ağaxan müəllim bu gün də usta xanəndələr yetişdirməklə məşğuldur. Onunla elə neçə illərdir, bu işi həyata keçirdiyi Bakı Musiqi Gimnaziyasında görüşüb söhbətləşdik.

   - Ağaxan müəllim, söhbətimizə Respublika Muğam müsabiqəsindən başlamaq istəyirəm. Lazımlı bir layihənin həyata keçirilməsində iştirak edirsiniz. Necə fikirləşirsiniz, bu müsabiqəni gecikmiş hesab etmək olarmı?  

   - Əvvəla, onu qeyd etmək istəyirəm ki, muğamla məşğul olan sənətkarlara qayğı göstərilir. Ona görə də gənclərimizə elə bil ruh gəlib, muğama həvəs göstərirlər. Muğam ifaçılarımız da ruhlanırlar. Fərəhli haldır. Xüsusilə qeyd etmək lazımdır ki, Nadir Axundovun bu müsabiqənin keçirilməsində böyük zəhməti var.    

   Bütün bunlar onu göstərir ki, xalqın mənəvi sərvətlərindən ən birincisi muğamdır. Çünki dünyanın hansı ölkəsində Azərbaycan muğamı səslənirsə, böyük alqışlar qazanır. Bu müsabiqə başlayandan mənə çox zəng edirlər. Biz xalqın içində çox oluruq, o zaman yaxınlaşıb bu müsabiqə ilə bağlı müsbət fikirdə olduqlarını deyirlər. Qaldı ki, onun gecikməyinə, mən belə deməzdim. Çətinliklə, gec başa gələn bir şey çox keyfiyyətli olur. Bir də, hər şeyin öz vaxtı var. Bəlkə də elə indi vaxtına düşüb.  

   - Ona görə "gecikmiş" dedim ki, neçə illərdir, bayağı musiqilər, müasir estrada ifaçıları bir az muğamı sıxışdırır...  

   - Muğamı heç nə sıxışdıra bilməz. Muğam elə bir sərvətdir ki, xalq durduqca duracaq. Qızıl nə qədər torpaqda qalsa da, qızıllığını itirmir. Nə vaxtsa, öz parlaqlığını göstərir. Muğam da elə bir sərvətdir. Onu heç bir bayağı mahnı sıxışdıra bilməz. Nə qədər ki, Azərbaycan xalqı, dilimiz, dinimiz yaşayır, muğam da yaşayacaq. Muğamı aradan götürmək üçün əvvəl dilimizi, dinimizi, xalqımızı ortadan götürmək lazımdır. Bu da baş tutan deyil. Çünki Azərbaycan xalqı həmişə var olacaq.  

   Xalqımız çox istedadlı xalqdır. Hansı millətin bu qədər dahi şairi, rəssamı, bəstəkarı var?! Götürək Nizamini, Füzulini, Üzeyir bəyi, Səttar Bəhlulzadəni, Tahir Salahovu... Mən tək-tək adlar çəkdim. Bunlar bizdə çoxdur və gələcəkdə də olacaq. O cümlədən də muğam ifaçılarımız. Mənim də yaralı yerimdir ki, bəzi-bəzi bayağı ifaçılar, səsi olmayanlar görürsən ki, kompüter vasitəsilə səslərini dartıb düzəldirlər, bunlar olmasa, lap yaxşı olar. Amma bir məsələ də var ki, tikan olmasa, gülün qədri bilinməz.  

   - Müsabiqə iştirakçıları sizi qane edirmi? 

   - Onlar hələ usta xanəndə deyillər, axı. Xanəndə 30 yaşına kimi öyrənir. Onlar hələ sənətə təzə qədəm qoyurlar. Hələlik bizə onların səslərini necə işlətmələri lazımdır. Yəni bilmək istəyirik ki, əsl xanəndəyə layiq olan səs onlarda var, ya yox?  

   - Bir çox tanınmış xanəndələrimiz deyirlər ki, səs ölüb, artıq əvvəlki kimi zil səsli xanəndələrimizə az-az hallarda rast gəlinir...  

   - Hər dövrdə belə olub. Siz elə bilirsiniz ki, keçmişdə səslər axıb gəlib? Səslər olub, amma lazımi səslər az olub. Belə olmasaydı, əsl xanəndələr barmaq hesabı ilə sayılmazdı ki! İndi də elədir. Sayırsan: bir, iki, üç, dörd... Amma beşincini tapa bilmirsən. Biz bu uşaqları 400-500 iştirakçının içindən seçmişik. Əgər bizə imkan verilsəydi, bu 20 finalçının arasında da 4-5 nəfər babat oxuyan seçiləcəkdi.  

   - Seçilməyənlərin qüsurları nədəydi?  

   - Birinin səsi vardısa, pərdəyə girmirdi. Nə qədər üzərində işləsən, o adamın oxumağı düzəlməyəcək. Çünki eşitmə məsələsi var. Səsi var, nə qədər qışqırır qışqırsın, amma o səsi pərdəyə oturtmaq lazımdır, axı. Belə qüsurlar düzəlmir. Bir başqasının tələffüzündə problem vardı, digərinin səsi yox idi. Bunların arasından 20-ni seçdik.  

   - Bir məsələ də var ki, ifaçılar muğam ifaçılığını bölgələrə ayırırlar. Və deyirlər ki, səslər yalnız Qarabağda yetişir...  

   - Bu, yalan söhbətdir. Bu söhbət təzəlikcə ortalığa atılan mənasız bir şeydir. Muğam təkdir. Bakıda da eyni muğam oxunur, Qarabağda dabaşqa bölgələrdə də. Məsələn, Cabbar Qaryağdıoğlunun dövründə Şəkili Ələsgər də yaşayıb və o, Bakıda Ağasəid oğlu Ağabalanın tələbəsi olub. Cabbar da, Ələsgər də, Ağasəid oğlu Ağabala da dövrünün tanınmış xanəndəsi olub, özləri də müxtəlif bölgələrdən.  

   Azərbaycanın bütün bölgəsində gözəl səsli xanəndələr yetişib. Amma onlar gəlib Bakıda püxtələşiblər, tanınıb sənətkar olublar. Yenə də qızıldan misal gətirmək istəyirəm. Misalçün, qızıl torpağın altından filiz şəklində çıxır. Əgər o zərgər əlinə düşməsə, elə torpaq kimi görünəcək. Gəlib zərgər əlinə düşəndən sonra qiyməti qalxır. Səs də belədir. Tək mən yox, bütün nə qədər yaxşı xanəndə yetişibsə, onların yetişməsində Bakı toylarının böyük rolu olub. Xanəndə gərək toyxanada bişsin. Elə indinin özündə də Abşeron kəndlərində "palatka" toyları az da olsa, qalır.  

   - Efirdə az görünürsünüz...  

   - Sənətkar efirdə gec-gec görünsə yaxşıdır.  

   - Məlumdur ki, Asəf Zeynallı adına Musiqi Texnikumunda Alim Qasımovun müəllimi siz olmusunuz. O da deyəsən, 1976-cı ildə qəbul olunub...  

   - Xeyr, 1977-ci ildə qəbul olunub. İlk tələbələrimdən olub Alim. O, böyük sənətkardır.  

   - Bir ara sizin tələbənizin üstünə yaşlı sənətkarlar çox düşmüşdülər ki, muğamı başqalaşdırır. Siz necə fikirləşirsiniz, muğamda improvizə yolveriləndirmi?  

   - Muğam başdan-ayağa elə improvizədir də. Muğam elə bir xəzinədir ki, ona nə qədər bəzək vurursan vur, hamısını qəbul edir. Alim də səsinin gözəlliyini, ürəyini verir oxuyanda. 

   - Nə üçün Opera və Balet Teatrına getmədiniz? Axı, o dövrdə operada çıxış etmək müğənniyə çox şanslar qazandırırdı...  

   - Heç əvvəlcədən elə bir fikrim olmadı.  

   - Dəvət ediblərmi?  

   - Bəli, bir neçə dəfə mənə dedilər, amma istəmədim.  

   - Xaricdə çox olursunuz. Maraqlıdır, əcnəbilər üçün oxumaq sizə daha rahatdır, yoxsa özümüzünkülər üçün?  

   - Mən qısa şəkildə demək istəyirəm: xaricilər dilimizi bilmirlər, amma muğama diqqətlə qulaq asırlar. Muğamın möcüzəsi də bundadır. Xariciləri təəccübləndirmək daha çox ləzzət edir.

   - Ağaxan müəllim, sizin bəstəkar mahnıları oxumamağınızın da səbəbini bilmək istərdik. Bildiyimə görə "Ya Məhəmməd Füzuli" mahnısına qədər siz ümumiyyətlə, heç bir bəstəkar mahnısı oxumamısınız. Həmin mahnı ilk olsa da, müsabiqədə birincilik qazandı...  

   - Bəli, bəstəkar mahnısı oxumamışam. "Ya Məhəmməd Füzuli" mahnısını da Vüqar Əhməd məndən xahiş etdi. Musiqisini Nailə Mirməmmədli bəstələyib. Mən Vüqara minnətdaram ki, məni dilə tutub yola gətirə bildi.  

   - Ailənizdə oxuyan olubmu?  

   - Yox, ancaq ailəmizdə səsli adamlar çox olub. Atamın, əmilərimin çox dəyərli səsi olub. Yəni səs nəslimizdə hamıda var. Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olana qədər muğamı atamdan öyrənmişəm. Onun muğamları dəstgah şəklində oxumağa səs imkanı vardı. Amma bir şeyideyim ki, atam muğamı gözəl bilsə də, gözəl oxusa da, son ana qədər mənə xanəndə olmağa icazə vermirdi. İndi xanəndə olmaq asanlaşıb. Yerindən duran istəyir ki, uşağı oxuyan olsun. Qabaqlar valideynlər başqa cür fikirləşirdilər.

   - Bəs nə əcəb sizinkilərdən bu sənəti seçən olmadı?  

   - Özlərinin həvəsləri olmadı. Arada böyük oğlum Xoşbəxt istədi oxusun, sonra nəsə həvəsdən düşdü. Bu, elə bir sənətdir ki, burada məcburiyyət olmaz...

 

 

    Ədalət.-2011.-5 oktyabr.- S.8.