"Nizami hikməti, Şəhriyar sözü"
adlı "dəyirmi masa" keçirildi
Dünən M.F.Axundov adına Milli Kitabxanada Nizami Gəncəvi
və Məhəmmədhüseyn Şəhriyarın
yaradıcılığına həsr edilmiş
"Nizami hikməti, Şəhriyar sözü" adlı dəyirmi masa keçirilib.
APA-nın məlumatına görə, tədbir Azərbaycanda keçirilən İran İslam Respublikasının Mədəniyyət Günləri çərçivəsində baş tutub. Dəyirmi masada çıxış edən kitabxananın direktoru Kərim Tahirov Nizami Gəncəvi yaradıcılığının böyüklüyündən danışıb. O, iki görkəmli mütəfəkkiri bir-birindən ayırmağın düzgün olmadığını deyib. Ötən il İranda Azərbaycan Mədəniyyət Günlərinin keçirildiyini xatırladan K.Tahirov, dünəndən etibarən paytaxtda İran Mədəniyyət Günlərinin start götürdüyünü və əhalinin marağına səbəb olduğunu vurğulayıb.
Mədəniyyət və Turizm
Nazirliyinin Nəşriyyat, reklamın təşkili və
informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli
iranlı qonaqları salamlayıb və tədbirin əhəmiyyətindən
söz açıb: "Biz bura Nizami və Şəhriyarın
- dünya ədəbiyyatının iki böyük simasının
işığına toplaşmışıq. Nizami ən nəhəng söz
ustadır. Hər birimiz məhz bu hikmətli əsərlərlə böyümüşük. Azərbaycanda
Nizamidən sonra Şəhriyar
sözünə qiymət verilir. Bu da olduqca
əhəmiyyətlidir". Dəyirmi masada
Azərbaycanda İran Mədəniyyət
Mərkəzinin sədri Ağayi Nuri, şərqşünas-alim Vasim Məmmədəliyev və
başqaları mövzu ətrafında
fikirlərini bölüşüblər.
Tədbirdə eyni zamanda Nizami Gəncəvi
və Məhəmmədhüseyn Şəhriyarın
kitabları və onlardan bəhs edən nəşrlər
nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycanda İran Mədəniyyət Günləri oktyabrın 7-dək davam edəcək.
Ədalət.-2011.-5
oktyabr.- S.8.