ELMİ ARAŞDIRMALARDA PLAGİAT, ƏNƏNƏVİLİYİN VƏ YENİLİYİN SƏRHƏDLƏRİ

 

  (əvvəli ötən sayımızda)

 

   Başqa sözlə, əgər istinad verilibsə, sitatın dəqiq müəllif və ünvanı göstərilibsə, bu, elmi mülahizələrdə ənənə və fərdiyyətin sərhədlərini müəyyənləşdirməyə yardım edir və kiminsə fikrinin təkrarı demək deyil. Mənim bütün araşdırmalarımda bu prinsip gözlənilib. Bir də ki, müzakirə predmeti mənim araşdırmalarımın ənənəvi və fərdi keyfiyyətləri deyil, Y.Babayevin mənimsənilən materiala istinad edib-etməməsi, başqa sözlə, plagiatı problemidir.    

   Qənaətim belədir ki, AAK-dan rədd cavabı alandan sonra Y. Babayev diqqəti əsas məsələdən yayındırmaq və "oğrudan oğruya halaldır" təsəvvürü yaratmaq məqsədi ilə lüzumsuz "araşdırmaya" başlayıb və özü üçün yeni tədqiqatlar aşkar edib. Təkrar edirəm: 1990-cı ildən bəri bu müəlliflərin hər birinə dönə-dönə istinad etmiş və münasibət bildirmişəm. Y. Babayevin kitabında isə bu müəlliflərin adı nəinki istinadlarda, heç çoxu havadandüşmə təsiri bağışlayan kitabiyyatında yer almır!!! Eləcə də üzünü belə gördüyünə sübhə etdiyim Abdulhakem Yücenin "Razi"nin tefsirinde tasavvuf" və Abdülbaki Gölpınarlının "Hurufilik metinleri katalogu" kitablarının adı da, heç şübhəsiz, mənim araşdırmalarımdan bu kitabın "Ədəbiyyat"ına yol tapıb... (Köçürülməyib. Elə beləcə, ayaq açıb və gedib ora düşüb. Özümə əziyyət verib yoxladım. Kitabda onlara istinad yoxdur).    

   Əslində hər bir araşdırmamda sadiq qaldığım müqayisəli-tarixi metod çoxsaylı ədəbiyyat üzərində araşdırma aparmanı tələb edir. Araşdırmalarımda dönə-dönə sitat verməm həm öncəkilərin zəhmət və düşüncəsinə ehtiramı, həm də tədqiqatımda özümə aid olanı araşdırma və qaynaqlardan əxz olunanlardan ayırma məqsədini izləyir. Digər tərəfdən, bu üsul tədqiqatçının məsələyə vaqiflik səviyyəsini, problemin öyrənilmə dərəcəsini də nümayiş etdirir. Bu mənada Babayevin tədqiqat işinin qurulması və yazılması haqqında sadəcə heç bir təsəvvürü olmadığı aşkar görünür. Çünki həqiqi tədqiqatçılara bəlli olduğu kimi, araşdırma sadəcə öz mülahizələrini qələmə almaqdan ibarət deyil. Elmi araşdırma ənənə və varisliyiehtiva edir. Yəni öncəkilərdən öyrənir, onların dediklərinə istinad verməklə öz müşahidə və qənaətlərinə keçid alır və ya öncəkilərin söylədikləri ilə öz düşüncənə dayaq verirsən. Bu mənada "axtarış və araşdırmalarım" dedikdə, yalnız yeniliklər nəzərdə tutulmur. Buraya tədqiqinə ehtiyac olan mövzunun müəyyənləşdirilməsi, tədqiqat obyekti ilə bağlı müvafiq ədəbiyyatın cəlbi, təhlili, dəyərləndirilməsi də daxildir. Onun məntiqə tabe olmayan qənaətincə, mənim öz müşahidə və qənaətlərimə sahib çıxma istəyim haqlı deyil, Babayevin "təbirincə", "yenilik" iddiasıdır. Bəs, qəribədir, başqasının halal zəhmətini istinadsız mənimsəmə və köçürmə məhz elə bu "yenilik" təsəvvürü yaratmaq və gözə kül üfürmək niyyətindən qaynaqlanmırmı? Elə bu niyyətlə də "Kredo" qəzetində başqa imza ilə özü üçün yazdığı rəydə təkrar-təkrar "işinin yenilik"lərindən bəhs etmirmi? Misal olaraq, yalnız bu örnəyi qeyd etməklə kifayətlənirik: "Hiss olunur ki, alim (yəni Y.Babayev) araşdırma zamanı özünəqədərki tədqiqatlarla yaxşı tanış olmuş, nəyin doğru, nəyin yanlış olduğunun təfərrüatına vara bilmişdir. Yeni nəfəs və yeni qənaətlər bütün monoqrafiya boyunca aşkar şəkildə sezilir". ("Faydalı təşəbbüsün uğurlu bəhrəsi", "Kredo", 4 aprel, 2009, s. 16)  

   Görəsən, Y.Babayev kimi aldadır? Bəlkə, bu oyunlar havadarlarının çirkin əməllərinin icrasına yardıma, onun heç bir elmi dəyərə malik olmayan kitablarını elmi ictimaiyyətə, eləcə də AAK-da qəbul etdirmək məqsədinə xidmət edir? Çox güman ki, elə belədir. Yoxsa əqli-zehni axtarış, tədqiqat və araşdırmalarımın məhsuluna heç bir əzab çəkmədən yiyələnən Babayev kitabını nəşr edəndən sonra bu qədər əziyyətə qatlaşıb özünü müdafiə üçün yenidən və gərəksiz araşdırmaya girişməzdi. Yeri gəlmişkən, kitabın ədəbiyyat siyahısında bir dənə olsun orta çağ ədəbiyyatşünaslığının qaynaqlarına - təzkirələrə istinad yoxdur. Halbuki orta çağ şerinin araşdırılmasının məhz ədəbiyyatşünaslığın qaynaqlarından - təzkirələrdən başlanmalı olduğu sübuta ehtiyacı olmayan bir gerçəklikdir. Bu sahədə daha təcrübəli olan türkiyəli divan ədəbiyyatı araşdırıcıları da belə edirlər. 2002-2005-ci illərdə plan işim olmuş və AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda yerinə yetirilərək, Institutun uğurlarından biri kimi illik hesabatın nəticələrində yer almış araşdırmamda mən də belə etmiş, türk divan ədəbiyyatının təşəkkül tarixini ilkin qaynaqlara istinadən dəyərləndirməyə çalışmışam. (bax: Quruluş dövrü (XIII-XV yüzilliklərin əvvəlləri) türk divan şerinin özəllikləri, Şərqşünaslıq İnstitutu - 50, "Elmi araşdırmalar"ın xüsusi buraxılışı, 2008, 234-254; Kuruluş Dönemi (XIII-XV. yy. Başları) Türk Divan Şiirinin Özellikleri, Prof. Dr. Abdülkadir Karahan anısına Uluslararsı Divan Edebiyatı Sempozyumu, 27-28 Mayıs, 2008, s. 289-310)  

   Babayevin kitabının "Ədəbiyyat" qismində yer alan ədəbiyyatşünaslığa aid əsərlər içərisində ən qədim tarixlisi İ. Hikmətin "Azərbaycan ədəbiyyatı tarixi"dir (1928). Halbuki bu kitaba istinadın da yalnız Nəsimi hissəsində yer alması və ərəb əlifbası ilə olması Babayevin ondan istifadəsinə ciddi şübhə doğurur.    

   Ümumiyyətlə, elmi araşdırma barədə təsəvvürlərin dumanlandığı, halalla haramın, ənənəvi ilə fərdinin, sitatla və şəxsi mülahizələrin sərhədlərinin qarışdığı bir dövrdə, görünür, ən geniş yayılmış bəla plagiat, aktual problem isə onun qarşısının alınmasıdır. Buna görə də, Y.Babayevin iz azdırmaq niyyəti ilə bilərəkdən təhrif etdiyi təkziblərimi bu dəfə fərqli biçimdə ifadə etmək və nəsimişünaslığa aid bir sıra məsələlərin təhlili ilə bölüşmək istəyirəm. Yeri gəlmişkən, onun "yazılar"ı (əslində köçürmələri), aşağıdakı örnəklərdən də göründüyü kimi, adlarının kölgəsinə sığınmağa çalışdığı alimlərlə deyil, mənim mülahizə və qənaətlərimlə "paralellik" təşkil edir. "Qələm olsun əli ol katibi-bədtəhririn..." ("Elm", 2009) adlı məqaləmdə "paralellərin" bir qismini verdiyimdən bu dəfə yeri gəldikcə həmin mülahizələrdəki ənənəvi və fərdinin sərhədlərini də müəyyənləşdirəcəyəm:  

   I. Hər sətrində məntiqsizlik boy göstərən Y.Babayev ilk öncə mənim "ən populyar mənbələri" (ifadəyə bax! zamandan çağdaş araşdırmalar mənbə olub?), o cümlədən M.Quluzadənin araşdırmalarını bilmədiyimi, daha sonra M.Quluzadənin oçerkindən tədqiq tarixi qismini "əxz etdiyimi" iddia edir (?). (Məntiq elmi öyrədir ki, bir-birinə zidd iki hadisə eyni zamanda doğru ola bilməz!) Halbuki özünün də yazdığı kimi, Nəsimi irsinin tədqiqi tarixi bəhsi həm Azərbaycan ədəbiyyatı tarixində (M.Quluzadə. Nəsimi, - Azərbaycan ədəbiyyatı tarixi, I cild, 1960), həm də onun qurama kitabında cəmi dörd səhifədir. Bu ziddiyyətli və rabitəsiz iddianın geniş izahına ehtiyac duymuram. Sadəcə onu qeyd etməliyəm ki, M.Quluzadənin əsəri ilə həcm baxımından eyniyyət təşkil edən, göründüyü kimi, Babayevin "ştamplama"sıdır. Mənim dissertasiyamın I fəsli olan "Nəsimi lirikasının tədqiqi tarixi" isə 60 səhifədir. Qarşısına "Nəsimi irsinin tədqiqi və nəşri problemini sistemli izləməyi məqsəd qoymadığını" bildirən Babayev dolayısı ilə plagiatını etiraf edir. Məlum olduğu kimi, tədqiqatçı alim ya öz tədqiqatını yazmalıdır, ya da başqalarından əxz etdiklərini istinadla - ideya qaynağının yeri və səhifəsini qeyd etməklə göstərməlidir. "Mənim məqsədim xüsusi araşdırma deyil, sadəcə köçürmədir" şəklində özünə bəraət qazandırma ancaq çaşqınlıq hökm sürən cəmiyyətdə söylənə və ciddi qəbul oluna bilər. Halbuki şairin irsinin tədqiqi problemi M.Quluzadənin araşdırmaları və mənim dissertasiyamda tədqiqat obyektidir. Mənim dissertasiyam M.Quluzadənin 1960-cı ildə yazılmış oçerkindən 30 il sonra (1988-1990) və sovet ideologiyasının tənəzzülə uğradığı bir dövrdə yazıldığından onun müraciət etdiyi araşdırmalara fərqli baxış nümayiş etdirmiş, eləcə də bu oçerk və "Böyük ideallar şairi" (Bakı, 1973) kitabının nəşrindən keçən illər ərzində nəsimişünaslığın uğuruğursuzluğunu dəyərləndirmişəm. Bununla yanaşı, dissertasiyamdan başlayaraq, M.Quluzadənin əsərlərindən yeri gəldikcə təkrar-təkrar sitat vermişəm. Məlumdur ki, istinad deyil, istinadsızlıq plagiatdır və bu isbata ehtiyacı olmayan sadə həqiqətdir.    

   II. Babayev mənim guya Nəsiminin İmadəddin adını elm aləminə tanıtmanı iddia etdiyimitam bir məntiqsizliklə əsaslandırmağa çalışır. O, öncəki nəsimişünaslardan S. Mümtaz, İ. Hikmət və Ə. Səidzadədən gətirdiyi sitatlarla bu absurd ittihamını ciddi-cəhdlə isbat etməyə çalışır. Amma aşağıdakı örnəklərdən də görüldüyü üzrə, o köçürdüyünün mahiyyətinə varmadığından "unudur" ki, bu ad, mənim ayrıca bir məqaləmdə də xatırlatdığım kimi ("Bir daha Nəsiminin adı haqqında", "Dil və ədəbiyyat", Bakı, 1998, s. 86, 89), ilk öncə şairin öz əsərində, mürşidi Fəzlullah və xələfi Rəfinin əsərlərində, təzkirələr, daha sonra kölgəsinə sığındıqlarının araşdırmalarında qeyd edilib. İndi isə yuxarıda adı çəkilən tədqiqatçıların əsərlərində, daha sonra mənim araşdırmamda və Babayevin köçürməsində yer alan hissələrə nəzər salaq:  

   Babayev İmadəddin adının yayğınlığını sübut etmək niyyəti ilə yazır: "S.Mümtaz: "Nəsiminin adı İmadəddin, künyəsi Əbülfəzi, təxəllüsü isə Nəsimidir. Sadatdan olduğu üçün Seyid İmadəddin, Əmir İmadəddin, Mir İmadəddin və Seyid Nəsimi adları ilə məruf və məşhurdur" (S.Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı, 1986, s.144). İ.Hikmət: "Nəsiminin adı Əmir İmadəddindir" (İ. Hikmət. Azərbaycan ədəbiyyatı tarixi, I c, 1928, s.173). Ə.Səidzadə: "Nəsiminin adının İmadəddin olduğu hər yerdə yazılır" (Ə.Səidzadə. Nəsiminin tərcümeyi-halında bəzi vacibli yerlər. "Azərbaycan məktəbi" jur., 1947, 3, s.59). Ə.Səidzadə bu adın hər yerdə yazıldığını hətta xüsusi olaraq vurğulayır". (Halbuki az sonra görəcəyimiz kimi, şairin adı hər yerdə İmadəddin olaraq verilməmişdir).    

   Ardınca Babayev həddini aşaraq yazır: "Ş.Səadət isə onu ilk dəfə özünün elm aləminə gətirdiyini bəyan edir. İndi "həmkarım" deyəcək ki, S.Mümtaz da, İ.Hikmət də, Ə.Səidzadə də bu fikri ondan "oğurlayıblar".

   Bu cəfəngiyatın müəllifinin ittihamının əsassızlığını əyani nümayiş etdirmək məqsədilə "Qələm olsun əli ol katibi-bədtəhririn..." adlı məqaləmdəki "paralel"ləri təkrarən aşağıda verirəm: 

   S.Şıxıyeva: "Seyid İmadəddin Nəsiminin adı ilkin qaynaqlarda İmadəddin, Nəsiməddin, Ömər, Müslihəddin, Cəlaləddin, Əbu Səid və Əli kimi qeyd edilmişdir... (Halbuki Babayevin arxalandığı sitatlarda yalnız İmadəddin adı yer alır). İlkin qaynaqlarda şairin adı ilə əlaqədar çeşidli məlumatlar içərisində "İmadəddin" adı həqiqətə ən yaxın olanıdır. Belə ki, şairi şəxsən tanıyan mürşidi Fəzlullah və Nəsiminin öz xəlifəsi Rəfii onu "İmadəddin" kimi tanımışlar. Fəzlullah "Növmnamə"sində Nəsimidən "Seyid İmad" deyə söz açmış, Nəsiminin müridlərindən Rəfii də onu "İmadəddin" deyə yad etmişdir:

  

   Ol Nəsimi - rəhməti-Fəzli-xuda,  

   Ol İmadəddin - sirri-Murtəza".

  

   ("Bir daha Nəsiminin adı haqqında", "Dil və ədəbiyyat", Bakı, 1998, s. 86, 89)  

   Y. Babayev: "Şairin adı, anadan olduğu yeril barədə də mübahisəli fikirlər mövcuddur. Müxtəlif mənbələr onun adını İmadəddin, Nəsimi, Nəsiməddin, Əli, Müslihəddin, Ömər və s. kimi qeyd edirlər. Mütəfəkkir sənətkarımızın əsl adı isə İmadya İmadəddindir. F.Nəimi "Növmnamə" əsərində öz müridini "Seyyid İmad" adı ilə təqdim edir. Şairin müridlərindən sayılan və ona dərin rəğbət bəsləyən türk şairi Rəfii də onu İmadəddin Nəsimi ad və təxəllüsü ilə xatırladır. Ümumidaha düzgün qənaət belədir ki, şairin əsl adı İmadya İmadəddin ("dinin dirəyi"), təxəllüsü isə Nəsimidir". (s. 26)

 

 

   (ardı var)

 

   Səadət Şıxıyeva,

   filologiya elmləri namizədi,

   Azərbaycan Milli Elmlər Akademiyası

   akad. Z.Bünyadov adına Şərqşünaslıq

   İnstitutu

 

   Ədalət.- 2011.- 6 oktyabr.- S. 7.