İNSAN
ALVERİ QLOBAL PROBLEMƏ ÇEVRİLİB
Transmilli mütəşəkkil cinayətkarlığın
tərkib hissəsi olan insan alveri öz miqyasına görə
silah və narkotik alverindən sonra ən çox gəlir gətirən
sahədir. Əsasən iqtisadi və siyasi
baxımdan böhran keçirən dövlətlərin vətəndaşlarının
özünə və ailəsinə "xoşbəxtlik
axtarışları" onları insan alverçilərinin
potensial gəlir mənbəyinə çevrilmişdir. İnkişaf etmiş ölkələrdə həyat
standartlarının yüksək olması xaricdən daha cəlbedici
görünür. Həmin bu cəlbedici
gözəllik özünün maddi ehtiyaclarını təmin
etmək arzusunda olan insanları özünə çəkir.
Və tələb çox olduğuna görə, təklifin
ortaya çıxması təbii görünür. Nəticədə
cinayətkar şəbəkələr öz maraqları naminə
insanlara zor tətbiq etməklə və ya şirin vədlər
verməklə, faktiki olaraq, köləyə çevirir. Bu zaman cinayətin qurbanları gələcəkdə
öz yaşayışlarının daha "yüksək səviyyəyə"
çatacağına, cinayətkar qruplar isə daha artıq
pul qazanacağına ümid edir.
Ancaq
arzular həmişə gerçək olmur...
İnsan alverçilərinin
"xoşbəxt gələcək",
"şan-şöhrət", "var-dövlət" vədləri
zərərçəkmişlərin sonrakı
peşmançılığına aparan faciəli həyat
yolunun başlanğıcıdır. Müasir
dünyada köləliyin yeni forması olan insan alveri həm
ayrı-ayrı dövlətlərin, həm də beynəlxalq
birliyin gərgin mübarizə apardığı əsas sahələrdən
biridir. Artıq iqtisadi və siyasi
inkişafından asılı olmayaraq, bütün dövlətlər,
terror təhlükəsi kimi, insan alverindən də
sığortalanmadığını etiraf etməyə
başlayıb. Təsadüfi deyil ki, bu sahə az riskli hesab olunduğundan əhatə dairəsi
günbəgün artmaqdadır. BMT-nin
hesablamalarına görə, hazırda dünyada 27 milyon insan
bu cinayətin qurbanıdır. ABŞ-ın Federal Təhqiqat
Bürosu isə insan alverinin hər il 9.5
milyard dollar gəlir gətirən kriminal sahə olduğunu
vurğulayır. ABŞ Dövlət Departamentinin
hazırladığı hesabatda vurğulanır ki, dünyada
12.3 milyon insan bu qlobal problemin qurbanına çevrilib. Onların 56 faizini qadınlar və gənc qızlar
təşkil edir.
İnsanlıq təhlükə qarşısında
aciz qalıb?
İnsan alverinin istismar növlərinə
əsasən məcburi əmək (xidmət), cinsi istismar,
köləlik, köləliyə bənzər adətlər və
onlardan irəli gələn asılılıq vəziyyəti,
insan orqanlarının və toxumalarının qanunsuz
çıxarılması, şəxs üzərində
qanunsuz bio-tibbi tədqiqatların aparılması, cinayətkar
fəaliyyətə cəlb edilməsi, qadının surroqat
ana kimi istifadə edilməsi və s. daxildir. İnsan
alverinin potensial qurbanlarına avaralıqla və ya dilənçiliklə
məşğul olanlar, təhsildən qərəzli şəkildə
yayınan uşaqlar, səfil, əxlaqsız həyat tərzi
sürən kimsəsiz, baxımsız insanlar, narkotik vasitələrdən
və psixotrop maddələrdən asılılığı
olan şəxslər çevrilir.
Bu gün dünyada
alver qurbanlarını məcburi cinsi əlaqəyə vadar
etmək xüsusi ilə Honq-Konq, Tayvan kimi ölkələrdə
gerçək həyat həqiqətinə çevrilmişdir.
Sovet İttifaqının dağılmasından
sonra dünyada cinsi istismar daha da genişlənmişdir.
Aparılan hesablamara görə, ittifaqın çökməsindən
sonra ölkədə 6,5 milyon qadın
işsiz qalmışdır. Nəticədə
işsiz qalmış qadınlar maddi ehtiyaclarını ödəmək
üçün dünyaya səpələnmişdir.
Bununla yanaşı,
Ukrayna və Moldovada müşahidə olan iqtisadi böhran
ölkə vətəndaşlarının həyat şəraitini
ağırlaşdırmışdır. Kommunizmdən
sonra maddi gəlirin 70 faiz aşağı düşməsi bu
ölkələrdə maddi və mənəvi məhrumiyyətlərin
ortaya çıxmasına zəmin yaratmışdır.
Avropalı mütəxəsislərin
araşdırmalarına görə, ukraynalı
qadınların üçdə ikisi xaricdə yaşamaq istəyir,
varlı bir qərbli ilə ailə həyatı quraraq,
problemlərini həll edəcəyinə inanır.
Orqan alveri insanın
daxili orqanların alınması məqsədiylə
aldadılması, zorakılığa məruz qalması,
oğurlanması nəticəsində baş verir. Bu
gün Avropada ümumilikdə 100 min, ABŞ-da isə 50 min -
80 min arasında xəstə orqan gözləyir. Mətbuata
sızan məlumatlara görə, cinayətkar qruplar böyrək
donorlarına orta hesabla 3 min ABŞ dolları ödəyir,
orqanları isə 200 minə xəstələrə
satırlar. Lakin İraq və Hindistanda
alverçilər orqan qiymətlərini 800 dollara qədər
endiriblər. Səbəb isə burada
insanların daha çətin şəraitdə
yaşamasıdır. Inkişaf etmiş
ölkələr - Yaponiya, Italiya, ABŞ, Israil, Kanada orqan
alverçiləri üçün əsas bazardır. Hindistan, Pakistan, Moldova, Ruminiya, Meksika, Peru kimi ölkələr
isə ucuz orqan mənbəyi rolunu oynamaqdadır.
Uşaq alveri insan
alverinin ən çox yayılmış növlərindən
biridir. Bu, beynəlxalq övladlığa
götürmədə vasitəçilik, uşaqların
cinsi məqsədlər üçün parnoqrafik çəkilişlərdə,
cinayətlərdə istifadə etməsini nəzərdə
tutur. İmkansız ailələrə az
vəsait ödəməklə övladlarının
alınaraq daha imkanlı şəxslərə verilməsi sahəsində
ixtisaslaşmış transmilli cinayətkar şəbəkələr
uşaqları internetlə satışa
çıxarırlar. İmkanlı insanlar
internetdə bəyəndiyi bir uşağı heç bir yerə
getmədən alverçilər vasitəsilə evlərinə
qədər gətirə bilərlər.
ABŞ-ın Federal Təhqiqat
Bürosunun apardığı araşdırmaya görə,
100 mindən artıq internet saytı xüsusi olaraq uşaq
parnoqrafiyası və uşaq alveri istiqamətində xidmət
göstərir. Araşdırmalar göstərir
ki, Pakistan və Banqladeş kimi ölkələrdən 4-5
yaşında uşaqlar alınaraq Birləşmiş Ərəb
Əmirliklərinə satılır və dəvə
yarışlarında istifadə edilir. Qeyd
edək ki, bu sahədə statistik göstəricilər
müxtəlif mənbələrdə fərqli olduğundan
uşaq alverinin mövcud miqyasını söyləmək
çətindir. Tailandda 800 min,
İndoneziyada 400 min, Filippində 100 - 500 min, Braziliyada və
Hindistanda isə 500 min - 2 milyon arası say göstərilir.
Elə Avropanın özündə, Kosovo müharibəsindən
sonra uşaq alverində ixtisaslaşan cinayətkar şəbəkələr
ailələrdən 1000 dollara aldıqları uşaqları
İtaliya və Yunanıstanda iki qat baha qiymətə
satmaları haqqında məlumatlar mövcuddur.
Şəxsiyyətin
toxunulmazlığına fərqli yanaşma
Bir sıra dövlətlərdə
insan alveri cinayətləri edamla, digərlərində isə
sadəcə cərimə ilə təqib olunur. Məsələn, Tailandın bəzi qəsəbələrində
fahişəliyin qeyri-qanuni olmasına baxmayaraq, ölkə
bütövlükdə bu sahədə yazılmamış
qanunlarla idarə olunur. Nəticədə
bu ölkə dünyanın seks turizm indursiyasının ən
böyük legitim mərkəzlərindən birinə
çevrilib.
İnsan alverinin formalarından olan
fahişəlik Almaniya, Avstriya, Hollandiya, İsveçrə,
Türkiyə, Yunanıstan və Rusiyada cərimələrlə
təqib olunsa da, Banqladeş, Boliviya, Ekvador, Kolumbiya, Liviya,
Macarıstan, Meksika, Panama, Paraqavay, Peru, Sinegal, Uruqvay, Venesuela
və Yeni Zellandiya kimi 3-cü ölkələrdə daha
legitim formada və lisenziyalaşdırılmış şərtlər
daxilindədir.
ABŞ-da isə insan
alverinin forma və növləri yerli özünüidarə
sistemləri tərəfindən tənzimlənir. Demək
olar ki, bütün ştatlarda uşaq oğurluğu
(kidneppinq) ölüm hökmü ilə cəzalandırılır,
fahişəlik təkcə Nevada ştatının Las-Vegas
kimi böyük şəhəri istisna olmaqla, digər
ştatlarda qadağan olunur, sərt cərimələr tətbiq
olunur. Bununla yanaşı, Braziliya qanunlarına
görə, yaşlı qadınların fahişəliyə
cəlb edilməsinə sərt qadağa qoyulur və onlar təqaüdə
göndərilir. Kanadada isə maddi gəlir
qarşılığında bədənin satılması
qanunla qadağan olunmuşdur və ABŞ-dakı kimi cərimələr
hesabına hüquq mühafizə orqanları tədbirlər
həyata keçirir. Bu, daha çox
maarifləndirmə prinsipi üzərində qurulmuşdur.
İsveç
qanunlarında isə qadınların fahişəliyə cəlb
edilməsi qadın hüquqlarına qarşı hörmətsizlik
hesab edilməklə, 1999-cu ildən ancaq maddi gəlir
qarşılığında seksual xidmətlər qadağan
olunub. Belə vəziyyətdə bədənini
ancaq pulla təklif edənlər cinayət məsuliyyəti
daşıyır. Müsəlman ölkələrində
isə fahişəliyə qarşı sərt tədbirlər
mövcuddur. Afrika, Asiya ölkələrinin bir
çoxunda, Şərqi Avropada cəza tədbirləri
sırasına Əfqanıstanda həbs, Səudiyyə Ərəbistanı
və Sudanda edam və qamçılama
daxildir.
Azərbaycanda
insan alverinə qarşı mübarizə
İnsan və vətəndaş
hüquq və azadlıqlarının təmin edilməsi
dövlətimizin ali məqsədi
olduğundan insan alveri vətəndaşlarımızın həyatı
üçün çox təhlükəli hesab edilir və
buna qarşı ciddi mübarizə aparılır. Təsadüfi deyil ki, 2009-cu ildə Azərbaycan
hökuməti insan alverinin qurbanlarına 625 min ABŞ
dolları yardım ayırıb. Cari ildə ABŞ
Dövlət Departamentinin dünyada insan alveri sahəsində
vəziyyətlə bağlı illik hesabatında da
vurğulanır ki, Azərbaycanda 2005-ci ildə qəbul
edilmiş "İnsan alverinə qarşı mübarizə
haqqında" Qanunun tətbiqi sahəsində görülən
işlər yüksək qiymətləndirilməlidir. Hesabatda ölkənin hüquq-mühafizə
orqanlarının insan alverində təqsirli bilinən
insanların aşkarlanıb istintaqa cəlb olunmasında fəal
rol oynadığı qeyd olunub. 2009-cu ilin
mart ayında insan alveri qurbanları üçün hökumətin
yardım mərkəzi açdığını, orada
onlarla insana hüquqi yardım edildiyi hesabatda xüsusi
vurğulanıb.
Qeyd edilməlidir ki, 2004-cü ildə
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsinə bilavasitə tabe olan
İnsan Alverinə Qarşı Mübarizə İdarəsi təsis
edilmiş, sonradan insan alverinə qarşı mübarizə
işinin əhəmiyyəti, beynəlxalq qurumların bu sahədə
irəli sürdüyü tövsiyələr, habelə bir
sıra Avropa dövlətlərinin təcrübəsi də
nəzərə alınmaqla, Azərbaycan Respublikası
Prezidentinin 1 avqust 2006-cı il tarixli 433 nömrəli Fərmanı
ilə İnsan Alverinə qarşı Mübarizə İdarəsi
DİN-in strukturunda müstəqil idarə statuslu müəyyən
edilmişdir. İdarə Milli Koordinatorun nəzarəti
altında fəaliyyət göstərir.
Mətbuatda yayılan rəsmi məlumatlara
görə, insan alveri ilə bağlı Azərbaycanda
2006-cı ildə 27 cinayət faktı, 86 insan alveri
qurbanı, 2007-ci ildə 74 cinayət faktı, 101 insan alveri qurbanı,
2008-ci ildə 76 cinayət faktı, 78 insan alveri qurbanı,
2009-cu ildə 80 cinayət faktı, 91 insan alveri qurbanı,
2010-cu ildə isə 70 cinayət faktı və 34 insan alveri
qurbanı müəyyən edilmişdir.
İnsan
alveri "arzular mənbəyi" kimi
Sadalanan faktlar bir daha təsdiqləyir
ki, bəşəriyyət bu bəlanın girdabından xilas
olmaqda aciz qalıb. Bütün mübarizə formalarına
baxmayaraq, insan alverindən şəxsi maraqları
üçün istifadə edənlər hər gün
artmaqdadır. Şərəf və ləyaqət,
işguzarlıq, şəxsi həyatını bir an anda dəyişmək
həvəsi hər bir insanın arzusu olaraq qalır. Cəmiyyətlərdə
sosial həyat prinsipləri dəyişdikcə maraqlar da
özünə yeni çığır açır. Bu
çığırlar yalnız əxlaqın diqtə etdiyi
mənəvi oyun qaydalarını pozmaqla özünün
daxili təlabatını ödəyir. Maddi nemətlərin
arzusunda olan potensial mənbələr qarşılarına
keçən hər şeyi çeynəyir.
Şəxsi maraqları
üçün insanların duyğuları "mənimsənilir",
işıqlı görüntü donu biçir özünə.
Çünki arzuya gedən yol sərhəd tanımır. Əqidəsində
yalnız özünün yaşam tərzinə gətirdiyi
yeniliklər hesabına insan alverinin daha mədəni
forması doğulur. "Dünyanın ən qədim peşəsi"nə
artan təlabat insan taleləri ibtidai icma quruluşundan
başlayaraq, qədim Roma, Fransız inqilabı, müasir və
hətta gələcək dövrlə səciyyəvidir.
Bundan heç bir cəmiyyət və ailə
sığortalanmayıb. Qanında, canında "xoşbəxt
həyat axtarışları" olan hər bir qadının
psixoloji təbiətindən irəli gələn
boşluğu, savadsızlığı onu bu sindroma yoluxdurur.
Nəticədə bu sindrom, "arzular mənbəyi" rolu
üzərində başlayır köklənməyə...
Artıq dünya da etiraf edir ki, bu
insanlığın ən utanverici ənənənsidir.
İnsan alverinin forma və növləri ilə məşğul
olan psixo-analitiklər hesab edir ki, yüngül əxlaqlı
qadınların əksəriyyəti iqtisadi vəziyyətləri
pis, dolanışıqlarını təmin edəcək
bacarıqlardan məhrum və evli olmayan qadınlar
arasından çıxır. İtaliyanın
şimalındakı Trevizio vilayətindəki yollarında
mini yubkalı qadın fiquru olan lövhələr - yol hərəkət
nişanları quraşdırılıb. Bu vasitə ilə
dövlət idarələri sürücüləri
ehtiyatlı olmağa və yol kənarında fahişəliklə
məşğul olan qadının ola biləcəyinə
işarə edir. Lövhənin üstündə belə
yazılıb: "Attenzione prostitute". Yəni, "Diqqət
fahişə".
Elşad Hacızadə elshad-hacizade@hotmail.com
Ədalət.- 2011.- 6 oktyabr.- S. 5.