Kamil Cəlilov: "İfalarımın əksəriyyətini yuxuda eşitmişəm"

 

  Tanınmış qaboy ifaçısı, xalq artisti Kamil Cəlilovun Milli.Az xəbər portalına müsahibəsi.

  

   Azərbaycanda elə musiqiçilər var ki, ifa etdikləri musiqi alətləri onların adı ilə xarakterizə edilir. Misal üçün, gitara deyiləndə Rəmiş, tar deyiləndə Ramiz Quliyev, saz deyiləndə Aşıq Ədalət, kamança deyiləndə o saat yada Habil Əliyev düşür.

   Bu gün tanınmış qaboy ifaçısı, xalq artisti Kamil Cəlilovdan bəhs edəcəyik. O Kamil Cəlilovdan ki, almanların musiqi aləti olan qaboyu azərbaycanlaşdırdı. Mən, həmyaşıdlarım onun ifalarının sədası altında böyümüşük. O, sevincli günlərimizdə qaboyu ilə bizi sevindirib, kədərli günlərimizdə ürəklərimizi ağladıb. Amma nədənsə belə bir sənətkar diqqətdən kənarda qalıb. Yalnız hər hansı bir faciəvi günlərin ildönümündə Kamil müəllimin varlığı yada düşür...  

   - Kamil müəllim, nədənsə sizi son vaxtlar görmürük. Amma qəribədir ki, sizin ifalarınızdan radiolar, telekanallar ancaq matəm günlərində istifadə edirlər...  

   - Neçə il əvvəl tanınmış yazıçımız Anar bir verilişdə musiqi ilə bağlı söhbətində dedi ki, ney ağlayır, hönkürür, sızıldayır, özünü, necə deyərlər, şəhid eləyir, amma onun səsini eşitmirlər. Lakin bir dumbul ortalığa düşür, hay-həşir salır, onun səsini tez eşidirlər. Mənim də aqibətim həmin neyinki kimidir. Mən çox təvazökar insanam, dindirsən, danışacağam, dindirməsən, səsim çıxmaz. Gözləyirəm, nə vaxt məni dindirsələr, nə vaxt məni sayıb çağırsalar, o zaman gedib öz sözümü deyirəm.  

   Telekanallar da məni çağıranda gedirəm, çağırmayanda da gedib özüm yalvarmayacağam ki... Onlar bunu özləri başa düşməlidirlər. Telekanallar mənim ifa etdiyim musiqilərdən yalnız matəm günlərində istifadə edir və bunun üçün məni öz studiyalarına dəvət eləyirlər...  

   Bəziləri elə bilirlər ki, mən ancaq matəm mərasimlərində çıxış edə bilərəm. Bu çox səhv fikirdir. Mənim çox zəngin repertuarım var. "Azərbaycan təranə"lərindən tutmuş, bəstəkarlarımızın mahnılarınadək.  

   - Belə şeylər xətrinizə dəymir ki?  

   - Dəyir, niyə dəymir. Belə şeylər çox pis təsir edir mənə. Mən də istəyirəm şad günlərdə, bayramlarda dəvət alım, xalqımı şənləndirim. Bayaq da dedim, mənim repertuarım təkcə qəmli musiqilərdən ibarət deyil...

   - Gəlin razılaşaq ki, sizin ifaların əksəriyyəti həzin, qəmli musiqilərdir. Bunları lentə aldıranda ağlınıza gəlirdimi ki, xalqımız dəhşətli faciələr, itkilərlə üzləşəcək və sizin musiqilər matəm günlərində səsləndiriləcək? Bu, özünüzə necə təsir edir?  

   - Mən çox kövrək adamam. Xalqımızın üzləşdiyi faciələr, itkilər mənə çox pis təsir edir. Tarix kitablarında xalqımızın başına gələn faciələr barəsində oxumuşam. Bundan sonra həmin faciələrdə çəkdiyimiz əzabları mən musiqilərimə köçürmüşəm. İfama qulaq asanda mən özüm də kədərlənirəm.  

   - Nədənsə, sizdən başqa, belə deyək, "milli qaboy ifaçısı" görmədik...  

   - Bunu mənə hamı deyir. Qaboy çox çətin və şıltaq alətdir. Onda istədiyim səsi almaq üçün mən bəzi dəyişikliklər etmişəm. Muğamlarda gəzişmələr etmək üçün bəzi deşiklərin ölçüsü böyüdülüb, əlavə deşiklər açmaq lazım gəlib. Mən muğam çalanda xanəndələrimizin vurduğu zəngulələrdən istifadə etmişəm. Digər tərəfdən, qaboy sənətində nə lazımdırsa, etmişəm. Ola bilsin ki, nə vaxtsa kimsə nəsə yenilik etsin. Qaboy çalan çoxdur, amma muğamı ilk dəfə mən çalmışam. Qaboyun müştüyünü özüm düzəldirəm. Bəzən bir müştüyü düzəltməyə 2-3 ay lazım gəlir.  

   - Niyə sizin musiqilərdə qəm-kədər çoxdur? Onları ifa eləyəndə nələri düşünürsünüz?  

   - Mən həyatımda çoxlu bədbəxtliklərlə rastlaşmışam. Atam Böyük Vətən Müharibəsindən iki ayağı şikəst qayıtdı. Sonra cavan bacımı itirdim. Onun ölümü indi də gözümün qabağındadır. Can verəndə yaş yarımlıq körpəsini ona göstərəndən sonra gözündən iki gilə yaş gəldi və dərindən nəfəs alıb canını tapşırdı. Həmin hadisə heç vaxt yadımdan çıxmaz. Anamı da tez itirdim. Ona görə də həmişə dərdimi qaboyla bölüşürdüm.  

   Bacım xəstə olanda anam deyirdi ki, o, müvəqqəti qonaqdır. Əvvəlcə başa düşməmişdim. Sonra bildim ki, öləcək. Evimizin zirzəmisinə girib o qədər ağladım ki... Sonralar da xalqımızın başına gələn faciələr mənə çox pis təsir elədi.  

   - Deyirlər, nəfəs aləti ifaçılarında ürək xəstəliyi olur. Bu, düzdürmü?  

   - Bəli, mənim özümün də əvvəllər ürəyim ağrıyırdı. İndi yaxşılaşmışam.  

   - Sizdən sonra qaboyun aqibəti necə olacaq?  

   - Bu aləti mən özümüzünküləşdirmişəm. Gecə-gündüz əziyyət çəkmişəm. Bəzən elə olurdu ki, yuxuda gözəl bir melodiyanı çaldığımı görürdüm. O an ayılır, həmin melodiyanı çalıb maqnitofona yazdırırdım. 

   Çaldıqlarımın əksəriyyətini yuxuda eşitmişəm. Bu, Allah vergisidir. Ona görə də mənim ifamı hamı sevir. Həmçinin məşhur tarzənlərdən, kamançaçalanlardan, xanəndələrdən çoxlu xırdalıqlar götürmüşəm. Bir məsələ də var ki, bir işə əziyyət çəkən, ürəkdən yanaşan mütləq bəhrə görür.

 

 

  Ədalət.- 2011.- 6 oktyabr.- S. 6.