ELMİ ARAŞDIRMALARDA PLAGİAT, ƏNƏNƏVİLİYİN VƏ YENİLİYİN SƏRHƏDLƏRİ

 

   (əvvəli ötən sayımızda)

  

   Hansı haqla Babayev kimi bir düşüncə sahibi başqasını ağ yalanda ittiham edə və vicdanı olduğuna şübhə edə bilər?! Bir də ki: kor-kor, gör gör... Yeri gəlmişkən, Nəsimi şeirinin Qurana bağlılığını, onun digər səmavi kitablara bələdlik səviyyəsini ayrı-ayrı məqalələrimdə təhlil etdikdən sonra bu qənaəti irəli sürmüşəm. (bu barədə bax: "Quran və Nəsimi şeirinin müştərək cəhətləri", "Şəhriyar", 13 may, 1993-cü il; "Nəsiminin fəlsəfi-bədii irsində Tövrat və İncil motivləri", "Tarix və onun problemləri", Bakı, 2000, ¹3, s.38-47 və s.) Eləcə də Nəsiminin hürufilik görüşlərini 25-30 yaşlarında qəbul etməsi də mənim tədqiqatımın nəticəsidir. Digər ölkələrin nəsimişünaslığında bu barədə heç nə deyilməmiş, öncəki Azərbaycan ədəbiyyatşünaslığında şairin 16 yaşında hürufiliyə daxil olması təkrar-təkrar vurğulanmışdır.    

   VII. Hafiz və Nəsiminin əlaqə və münasibətləri barədəki mülahizələrimi də özünəməxsus şəkildə təhrif edən Babayev yenə iz azdırır, su bulandırır. (Məlum olduğu kimi, bulanıq suda balıq tutmaq asan olur...) Ə. Səidzadənin bu iki böyük şairin görüşü barədə ehtimalına, bildiyim qədərincə, ilk istinad verən mənəm. İlk dəfə olaraq 1996-cı ildə ("Nəsiminin tərcibənd və qəzəl-məktubları", "Filoloji araşdırmalar" (II kitab), Bakı, 1996, s.47-49), sonralar isə daha bir neçə məqaləmdə Nəsiminin farsca divanından gətirdiyim konkret şeir nümunələri ilə onun bu ehtimalının həqiqətə yaxınlığını əsaslandırmışam. Mənədək o şeirlərin müxatibinin Hafiz olmasından heç bir tədqiqatçı, o cümlədən Ə. Səidzadə də bəhs etməmişdir. Bu mənada həmin qənaətlər mənim fərdi əqli nəticə və axtarışımın məhsuludur.    

   Məsləhətçiyə ehtiyacı olduğu halda, məsləhət verən Babayevə onu da bildirməliyəm ki, onun xəbərim olduğuna sübhə etdiyi İ.Cəfərpurun "Nəsimi və Hafiz Şirazi" adlı məqaləsinin nəinki azərbaycancası, həmçinin farscası da mənə bəllidir və onlara "Nəsiminin sələfləri ilə mübahisələri. Hafiz Şirazi və Nəsimi" ("Elmi araşdırmalar" (V buraxılış), Bakı, 2003, ¹ 1-2, s. 49)) adlı məqaləmdə müraciət etmişəm. Bundan başqa, İ.Cəfərpurun azərbaycanca məqaləsinə namizədlik dissertasiyamda da istinad var.

   VIII. (bax: IV bəndə)  

   IX. Şah Xəndanla bağlı beyti ideya baxımından ilk dəfə təhlil etməm kimi həqiqəti kinayə ilə təqdim edən Babayev nəinki bu təsəvvüflə bağlı beyti təhlil etmək iqtidarında deyil, heç beyti üzündən düzgün köçürə də bilmir. O, yazısında "xani-xas" (seçilmişlərin süfrəsi) kimi irfani anlayışı "xanü xas" (süfrə və seçilmiş) şəklində anlamsız hala salmaqla verir. Görünür, "V sinif şagirdinin bildiyi həqiqət" ona bəlli olmayıb. Şah Xəndanın bu beytinin açıqlaması isə bu sətirlərin müəllifinə məxsusdur. Bir daha təkrar edirəm: Öncəki tədqiqatçılar sadəcə beytin xatırladılması ilə kifayətlənmişlər. Mən isə ilk dəfə olaraq beyti Mövlananın "xamuş" məcaz-termini və təsəvvüfdəki "dilsizlik dili" anlayışı ilə əlaqələndirərək təhlil etmişəm. (bax: "Şah Xəndan" - "Şahidi-Xəndan", "Şəhriyar", 19 mart 1998-ci il)  

   Keçən məqaləmdə həcmə qənaət məqsədilə bu bənddə Şah Xəndanın vəfat tarixi ilə bağlı oğurluğun da üzərindən keçmişdim. Nəsiminin bu qardaşının 1426-cı ildə vəfatı etməsi barədəki məlumatı da mənim məqaləmdən kitabına köçürən Babayev bu dəlil üçün, görəsən, bu dəfə də görücüyə müraciət etdiyinimi deyəcək? Çünki əsaslandığım mənbə və araşdırma onun ədəbiyyat siyahısında yer almır.   

   X. Nəsiminin hürufilərin şeyxi olması fikrini şairin öz əsərləri əsasında müəyyənləşdirdiyimi şübhə altına almaq məqsədilə iddiaçı yenidən elmi gerçəkliyi təhrif edir. Babayevin kölgəsinə sığındığı R.Rza və Z.Bünyadov da yalnız şairin hürufiliyin şeyxlərindən olmasını qeyd etmiş və ərəbcə qaynaqlara əsaslanmışlar. Məqaləmdə ərəbcə qaynaqlara istinad verdikdən sonra Nəsiminin hürufiliyin şeyxi olması barədə bu qaynaqlarda söylənilənlərin öz təsdiqini şairin əsərlərində tapmasını üzə çıxarmış və bəzi beytlərini ilk dəfə olaraq bu kontekstdə təhlil etmişəm: "Ərəb mənbələrində Nəsiminin Hələbdə bir hürufi şeyxi kimi fəaliyyəti barədə verilən bilgilər onun öz əsərlərindəki örnəklər vasitəsilə təsdiqini tapır:  

   Əzəldən piri-eşqin sərvəriyiz,    

   Təriqi-əhli- Fəzlin rəhbəriyiz və s."    

   ("Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz", "Azərbaycan", ¹12, 2001, s.132)    

   Yeri gəlmişkən bu beyt, Azərbaycandakı nəşrlərdə yer almır.   

   Y.Babayev: "Türkiyədə də təqibə məruz qalan sənətkar müxtəlif şərq ölkələrini gəzmiş və nəhayət, Suriyanın Hələb şəhərinə gəlib çıxmışdır. Nəimidən sonra o, hürufiliyin şeyxlərindən olmuşdur. Şairin:  

   "Əzəldən piri-eşqin sərvəriyiz, Təriqi-əhli Fəzlin rəhbəriyiz"-  

   misraları da bunu sübut edir". (s. 32)  

   Göründüyü kimi, bu dəfəki köçürmədə o daha dəqiqdir...    

   Doğrusu, Babayevin plagiatlarını ilk dəfə oxuyanda ikili hiss keçirdim: ilk öncə istinadsız köçürmələrdən sarsıldım, daha sonra "əxz olunan hissələr" məni onun fərdi ilə ənənəvinin fərqini bildiyi qənaətinə yönəltdi, hətta: "Kaş ki, istinad verəydi, məsələlərin önəmlilərini seçib", - deyə düşünmüşdüm. Amma onun mənə qarşı yazdığı bu yazısını oxuyunca anladım ki, o, köçürdüklərinin yalnız üz qabığını görüb, mahiyyətini isə anlamayıb...    

   Burada onu da qeyd edim ki, Y. Babayevin "qurama əsərini" çox canfəşanlıqla müdafiə etməsi məni təkrarən onun kitabına müraciət etməyə sövq etdi. Gördüklərim vəziyyətin daha acınacaqlı olduğunu üzə çıxardı. Araşdırmalarımdan istinadsız köçürmələr yalnız 17 səhifə ilə hüdudlanmır, Nəsimidən bəhs edən 80 səhifə boyunca bu plagiat və kompilyasiyalar davam edir, bu "özəllik" hətta öncəki kitabında ("Təriqət ədəbiyyatı: sufizm və hürufizm") da yer-yer gözə dəyir. "Nəsiminin sələfləri ilə mübahisələri. Mövlana və Nəsimi" (III) ("Elmi araşdırmalar", ¹1-4, 2001, s. 55-61)), "Məndə sığar iki cahan..." qəzəlinin təhlili" ("Ana sözü", 1995, ¹1-2, s.16-20) və s. kimi məqalələrimdən təhrif edilmiş köçürmələr "XIII-XIV əsr anadilli lirik şerimizin inkişaf yolu" adlı kitabda sıraya düzülüb... Bunları gördükdə, "Öğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" məsəli yadıma düşdü. (Atalar "plagiator sözünü bilsəydilər, görəsən, bu məsəli necə ifadə edərdilər?..)    

   Babayevin yazısından bəlli olur ki, o, doktorluq iddiasında olsa da, ilkin qaynaq və araşdırmaların fərqini bilmir. "Bütün mənbələr məndə var" deməsi bunun bariz ifadəsidir. Əvvəla, istinadlarından göründüyü üzrə, o, qaynaqla, yəni ilk əldən əsərlə onun əsasında yazılan araşdırmanın sərhədini itirib. Hürufilik qaynaqları deyərkən, mən orta çağın Şərq dillərində olan tarix, fəlsəfə və ədəbiyyata aid əsərlərini nəzərdə tuturam, Babayevdən fərqli olaraq, Azərbaycandakı çağdaş araşdırmalardan bir qismini deyil... Bəhsini etdiyim qaynaqlar nəinki ölkə daxilindəki, eləcə də ölkədən kənardakı kitabxanalarda belə bir yerə cəmləşməyib. Məlum olduğu kimi, orta çağ qaynaqları, əsasən, ərəbcə, farsca və osmanlıcadır. Bunlar dağınıq halda dünyanın çeşidli kitabxanalarında mövcuddur. Bu qaynaqların isə nəinki özü, heç adı da Babayevə bəlli deyil. Bunu onun kitabının ədəbiyyat siyahısı da təsdiq edir.    

   Babayev biblioqrafiya hazırladığını deyir. Biblioqrafiya hazırlamaq prosesi isə əsərin adını ehtiva edir, onun məzmun və mahiyyətini deyil... (Biblioqrafiya tərtibi göstərici olsaydı, bütün biblioqraflara elmi dərəcələr verilərdi. Bildiyim qədərincə kitabın adına baxmaqla məzmunu bilmək qabiliyyəti də kimsəyə verilməyib. Bir də: Baxmaqla deyil ki...) Ciddi araşdırma isə qaynaq və araşdırmaların mətninə vaqif olmanı, onları sərf-nəzər etməni, az qala hər bir kəlməsini dəyərləndirməni tələb edir, nəticədə öncəki araşdırıcılar unudulmur, düşüncələri elmi dövriyyədə daima aktiv olaraq qalır. Təbii ki, öncəki ədəbiyyata müraciət həm bilik dairəsini artırır, həm də dünyasını dəyişənləri də unudulmağa qoymur və ruhlarını şad edir... Mən bütün tədqiqatlarımda bu prinsipə sadiq qalmışam. Onun məni təqlid etməklə bəndlər üzrə yazdığı təkzibə bənzər yazısında tez-tez təkrarladığı "Şıxıyeva bir çox qaynaqları bilmir" deyimi da puç bir iddiadır. Mənim hər bir məqaləmdə onlarla ədəbiyyat adı yer alır və onların hər birinə yerli-yerində istinadlarım var... Atalar yəqin ki, bu cür iftiraçılar haqqında deyiblər: "Adımı sənə qoyum..."   

   Əslində Babayevin təkzibə təkzib məqsədilə yazılmış yazısı başdan-başa özünü inkar və ziddiyyətlərlə doludur. Özü müəllim olduğu halda, mənim adıma "müəllimə" sözünü guya kinayə ilə əlavə edən, doktorluq iddiasında olduğu halda, elmə həsr olunmuş ömrü dırnaq içinə alaraq, "mənalı ömür" kimi istehza ilə qələmə alan Y. Babayevin müəllimlik və elmə münasibətini şərhə ehtiyac varmı? (Yəqin ki, müəllimliyə nəcabət gətirən rüşvətxorluq və kəmsavadlıq imiş, mən bunu gərəyincə anlamamışam... Alimnümalığın yaraşığı və atributu plagiat isə ömrün mənasına məna qatırmış, bilməmişəm...)  

   Qeyd etməliyəm ki, onun təkcə Nəsimi deyil, digər şairlərdən bəhs edən fəsilləri də istinadsız köçürmələrdən ibarətdir. Örnək olaraq, M. Abbaslının "Şeyx İzzəddin Həsənoglu" ("Azərbaycan", ¹3, 1981) məqaləsinin cüzi dəyişikliklərlə qarət edilməsini göstərə bilərəm. M. Abbaslının təzkirəçilərin (Dövlətşah Səmərqəndi, Əbdürrəhman Cami və s.) əsərləri və çoxsaylı şairlərin divanlarından verdiyi müqayisə, paralel və gəldiyi qənaətlər qəddarcasına qəsb olunur, yalnız bir yerdə - Şirvanlı Saleh adlı bir şairin əsərinin yeri tapılmadığından onun qarşısında bu zəhmətkeş alimin çox dəyərli məqaləsinə istinad verilir. Görəsən, bu, M. Abbaslıdan plagiat deyil, müstəqil tədqiqat sayılmalıdır? "Paralel"lərə nəzər salaq. M. Abbaslı: 

   "Həsənoğlu yaradıcılığına dərin təsir göstərmiş Nizaminin: "Şodəm bər surəti aşiq ki, bər məh mikonəd qovğa" mətləli qəzəlinin, folklorda hələlik mümkün olmasa da, yazılı ədəbiyyatdakı köklərini araşdırdıqda, bu şeirin Əbdülvase Cəbəlinin həcəzi-müsmini-salim bəhrində olan 60 misralıq bir qəsidəsinə bədii istiqbal ilə yazıldığı üzə çıxar.    

   Böyük Səlcuqi imperatorluğu dövrünün ilkin qüdrətli söz ustadlarından olan Əbdülvase Cəbəli Əbdülharis Sultan Səncər ibn Məlikşahın (1115/16-1157/57) ən güclü hökmranlığı çağında saray şairi kimi yüksək mövqe tutmuşdur". (s. 172)  

   Y. Babayev:  

   "XII əsrin I yarısında yaşamış və Səlcuq imperatoru Sultan Səncərin (1115-1157) saray şairlərindən olmuş Əbdülvase Cəbəlinin həmin hökmdarın mədhinə həsr edilmiş 60 misralıq təntənəli üslublu bir qəsidəsi, həmçinin N.Gəncəvinin: Şodəm bər surəti aşiq ki, bər məh mikonəd qovğa, Çe surət? Surəti-dilbər. Çe dilbər? Dilbəri-ziba? (Bir surətə aşiq oldum ki, aya qovğa qaldırır, Necə surət? Ürək aparan surət. Necə ürək aparan? Gözəlliyi ilə ürək aparan.) - .. beyti ilə başlayan qəzəli də eyni bədii formaya malikdir və Həsənoğlu şeri ilə ciddi oxşarlıq təşkil edir. Farsca yazılmış hər iki nümunə həzəc bəhrindədir". (s.17)  

    Bu plagiat deyilsə, bəs, nədir? Yeri gəlmişkən, "plagiat" sözü nədənsə, Azərbaycan türkcəsinə "ədəbi oğurluq" kimi tərcümə edilir. Oğurluğun da ədəblisi olurmu?! Bir də ki, bu tərzdə istinadsız qarət və mənimsəmələr yalnız ədəbiyyat sahəsi ilə bağlı olmadığından və ifadənin lüğəti mənası görülən əməli tam xarakterizə etmədiyindən daha uyğun qarşılıq seçilməsi doğru olardı...

  

 

   (ardı var)

 

  Səadət Şıxıyeva,

 filologiya elmləri namizədi,

 Azərbaycan Milli Elmlər Akademiyası akad.

 Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu

 

 Ədalət.- 2011.- 11 oktyabr.- S.7.