ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ

 

  (mövzu əsasında V yazı)

 

  Ölkə rəhbərliyinin qayğı və diqqəti

  

   Müstəqil Azərbaycanın tarixinə şərəfli səhifə kimi yazılan XXI yüzilliyin ilk 10 ilinə nəzər salarkən yaddaşımızda ölkəmizdə uğurla həyata keçirilən güclü iqtisadi, sosial-mədəni tərəqqinin əzəmətli mənzərəsi canlanır.

  

   Bütün sahələrdə baş verən bu dinamik inkişafın mənbəyində Ulu Öndər Heydər Əliyev tərəfindən düşünülmüş siyasət əsasında Prezident İlham Əliyev cənablarının uğurla davam etdirdiyi genişmiqyaslı islahat tədbirləri dayanır. Bu mənada təhsil sahəsində aparılan islahatları xüsusi qeyd etmək lazımdır.   

   Təhsil sistemində aparılan islahatların əsas məqsədini milli kurrikulumun tələblərinə cavab verən, milli-mənəvi dəyərlərə əsaslanan, beynəlxalq standartlara uyğun və inkişaf etmiş ölkələrin təhsil sisteminə inteqrasiyası təşkil edir.

  

   Təhsil Qanunu: strateji istiqamətlər

  

   Bu baxımdan Azərbaycan Respublikasının Təhsil Qanunu təhsil işçiləri qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək kimi vəzifələr qoymuşdur. Bütün bunlar və təhsilin digər strateji istiqamətləri Qax rayonunda da xüsusi diqqət mərkəzindədir. Rayon rəhbərliyi özünəməxsus ənənələri olan Qax təhsil sisteminin daha böyük uğurlar qazanması üçün müntəzəmliklə effektiv tədbirlər həyata keçirir. Elə rayon təhsil şöbəsinin müdiri, təcrübəli pedaqoq Məmməd Xasıyev də həmişə Təhsil Nazirliyi və rayon rəhbərliyinin qayğı və diqqətinə cavab olaraq pedaqoji kollektivlərin səmərəli fəaliyyətindən ürəkdolusu danışır.

  

   Uğur ənənəsi

  

   2010-2011-ci dərs ilində rayonda 57 ümumtəhsil məktəbi, o cümlədən 31 tam orta, 16 ümumi orta, 10 ibtidai məktəb, 36 məktəbəqədər, 5 məktəbdənkənar tərbiyə müəssisəsi: Uşaq Gənclər Şahmat İdman Məktəbi, Uşaq Gənclər İdman Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi, Ekoloji Tərbiyə Təcrübəçilik Mərkəzi fəaliyyət göstərmişdir. Rayonun məktəblərində oxuyan 7786 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1307 nəfər müəllim məşğul olmuşdur. Müəllimlərin 991 nəfəri ali, 324 nəfəri orta ixtisas təhsillidir. Məktəbdənkənar tərbiyə müəssisələrində 3499 nəfər şagirdin dərsdən və məktəbdənkənar vaxtlarda istirahətinin səmərəli təşkili təmin edilmişdir. Məktəbəqədər tərbiyə müəssisələrinə isə 1830 nəfər bağçayaşlı uşaq cəlb edilmişdir.  

   Rayon məktəblərinin 48-də təlim Azərbaycan, 6-da gürcü, 2-də rus, 1 məktəbdə isə Azərbaycan, rusgürcü dillərində aparılır. Bütün məktəblərdə dərslər bir növbədə keçirilir. Rayon üzrə 23 məktəb birtipli layihə əsasında tikilmiş binalarda fəaliyyət göstərir. 34 məktəb isə uyğunlaşdırılmış binalarda yerləşir. Məktəbəqədər təhsil müəssisələrinin 36-sından 10-u, 5 məktəbdənkənar tərbiyə müəssisəsindən 2-si birtipli layihə əsasında tikilmiş binalarda fəaliyyət göstərir.  

   "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında 2003-2011-ci illər ərzində rayonda 12 yeni məktəb, o cümlədən 3 ibtidai (Şıxlar, Amanlı, Qazmalar), 1 ümumi orta (İbaxlı), 8 tam orta (şəhər 1,2,3 nömrəli, Güllük, Turaclı, Qaşqaçay, Almalı, Baydarlı, Qıpçaq) tikilmiş , 1 məktəb (şəhər 2 nömrəli) əsaslı təmir olunmuşdur. 4 məktəbin yanında 14 əlavə sinif otağı (Zərnə - 4 otaq, Qaxbaş 2 nömrəli - 4 otaq, Çüdüllü - 3 otaq, Qaxbaş 1 nömrəli - 3 otaq) tikilib istifadəyə verilmişdir. Bu isə 3614 yeni şagird yeri deməkdir. Hal-hazırda rayonun şagirdlərinin 46 faizi yeni inşa edilmiş məktəblərdə təhsil alır.  

   Dərs ilinin yekunlarına görə 646 nəfər şagird I sinifdən II sinfə, 843 nəfər isə IX sinifdən X sinfə keçmişdir. 843 nəfər ümumi orta təhsil haqqında şəhadətnamə, 541 nəfər şagird isə tam orta təhsili başa vurmalarına dair attestat almışdır. Yay tapşırığı alanların sayı 3, təkrar sinifdə saxlanılanların sayı 13, payız imtahanlarına qalanların sayı isə 65 nəfər olmuşdur. Rayon üzrə 7722 nəfər şagirdin biliyinə qiymət verilmiş, onlardan 2507 (32 %) nəfəri "4" və "5" qiymətlərlə oxumuş, əlaçıların sayı 1156 (15%) nəfər olmuşdur. 198 (3%) nəfər "qeyri-kafi) qiymət almışdır. Rayon üzrə müvəffəqiyyət 97,4 %, keyfiyyət isə 47 % təşkil etmişdir.  

   İcbari Təhsil Qanununun icrasını təmin etmək məqsədilə rayon ərazisində yaşayan 6-16 yaşlı uşaqların siyahısı dəqiqləşdirilmişdir. Məcburi köçkün ailələrindən olan 111 nəfər təhsillə əhatə olunmuşdur. 75 nəfər şagird isə xəstəliyi ilə əlaqədar fərdi təlimə cəlb olunmuşdur. Rayonda üzürsüz səbəbdən təhsildən kənarda qalan şagird yoxdur.  

   Dərs ilinin sonunda respublika təhsil nazirinin əmri ilə rayonun ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdləri ilə mərkəzləşmiş qaydada test buraxılış imtahanları keçirilmişdir.

 

  

   (ardı gələn sayımızda)

 

  Məzahir ƏHMƏDOĞLU,

  Azərbaycan Respublikasının Prezidenti

  yanında kütləvi informasiya vasitələrinin

  inkişafına dövlət dəstəyi fondunun maliyyə

  yardımı ilə

 

  Ədalət.- 2011.- 11 oktyabr.- S.7.