Məktəbin
bir günü...
Bu
gün ölkəmizdə gənclərlə bağlı bir
çox uğurlu layihələr həyata keçirilir ki, bu
da gənclər siyasətinin əsasını təşkil
edir. Gənclər siyasətinin əsas məqsədi gənclərin
fiziki, əqli və mənəvi inkişafına şərait
yaratmaq, onların imkan və bacarıqlarının
reallaşmasına, sosial problemlərinin həllinə və
hüquqlarının müdafiəsinin təmin olunmasına
kömək etməkdir.
Respublikamızda dövlət gənclər
siyasətinin formalaşdırılması ümummilli liderimiz
Heydər Əliyevin adı ilə bağlıdır. Məhz
onun sayəsində gənclərlə bağlı bir
çox qanunlar qəbul olunmuş, bu gün hər bir gəncin
inkişafında və problemlərinin həllində köməyini
əsirgəməyən Gənclər və İdman Nazirliyi
yaradılmışdır. Keçən illər ərzində
gənclərimiz bir çox idman, bilik arenalarında Azərbaycanı
təmsil etmiş və bayrağımızı zirvələrə
qaldırmışlar.
Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı
(2005-2009-cu illər)" dövlət gənclər siyasətinin
həyata keçirilməsi yolunda mühüm fəaliyyət
sənədi olmuşdur. Sözügedən Dövlət
Proqramının icrası nəticəsində paytaxtda və
regionlarda dövlət gənclər siyasətinin prioritet sahələrində
müsbət dəyişikliklər baş vermiş və
müəyyən uğurlar əldə olunmuşdur. Gənclərin
vətənpərvərlik tərbiyəsi sahəsində
davamlı işlər aparılmış, istedadlı,
yaradıcı gənclərə dövlət
qayğısı genişləndirilmişdir. Gənclərin
potensialından, rəqabətə davamlı enerjisindən
yararlanmaq, onların fəaliyyətini faydalı iş əmsalına
çevirmək və bir çox beynəlxalq təcrübənin
ölkəmizdə tətbiqində gənclərə güvənmək
bu gün Azərbaycan reallığının tələbi
olaraq qalmaqdadır. Bu gün hər bir gənc
düşünməlidir ki, o, birbaşa ölkə
başçısının diqqət mərkəzindədir
və onun üzləşdiyi problemlərdən xəbərdardır.
Gənclərə
qayğını artırmaq, onlara stimul vermək
üçün "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramının həyata keçirilməsi də
dövlət başçımızın növbəti
humanist addımı kimi qiymətləndirilməlidir.
Ölkədə yaranmış
sabitlik, sağlam abı-hava onu deməyə əsas verir ki,
belə bir dinc şəraitdə gəncliyimizin
qazanacağı uğurların ardı-arası kəsilməyəcəkdir.
Əlbəttə, bütün
bunlar ölkəmizdə gənclərə göstərilən
qayğının görünən tərəfləridir ki,
bunlar hamıya yaxşı məlumdur.
Bu gün sərhədlərimizin
qorunmasında, iqtisadiyyatımızın inkişafında,
beynəlxalq əlaqələrin qurulmasında, ən ümdəsi
sabitliyin hökm sürməsində ölkə prezindenti, cənab
İlham Əliyev hər zaman gənclərə arxalanır,
onları dövlətimizin və dövlətçiliyimizin
qarantı hesab edir.
Ölkəmizin inkişafında
böyük xidmətləri olan hüquq-mühafizə
orqanlarında işləyən gənclərimiz də
dövlətin xüsusi qayğısı ilə əhatə
olunub və bu yönümdə işlər davam etdirilir. Təəssüflər
olsun ki, bəziləri bu quruculuq-abadlıq işlərini,
inkişafı, tərəqqini, gənclərə olan diqqət
və qayğını görmür, hətta görmək
belə istəmirlər.
Görülən işlərin,
çəkilən zəhmətin bir daha şahidi olmaq və
gördüklərimi yazıya almaq üçün Arif Heydərov
adına Sıravi və Kiçik Rəis Heyəti
Hazırlayan Məktəbə gedəcəyimi götür-qoy
edib səhər tezdən yola çıxdım. Gəlişim
birinci günə, yəni "rəis günü"nə təsadüf
edirdi. Bu gün Məktəb rəisi özü sıra
düzülüşündə şəxsən iştirak edəcəkdi.
Səhər saat yeddinin yarısında Məktəbin komendant
xidmətinin əməkdaşına özümü təqdim
edib, gəlişimin məqsədini bildirdim. O, da bir qayda olaraq
Növbətçi Hissəyə məlumat verdikdən sonra həyətə
daxil oldum. Məktəbin həyətində nizamlı bir səliqə-səhman
vardı. Böyük şam ağacları əhənglənmiş,
budanmış və cərgə ilə yeni əkilmiş
fidanlar isə əraziyə xüsusi gözəllik verirdi.
Müasir memarlığın tələblərinə cavab verən,
öz əzəmətli görünüşü ilə
peşəkar əməyinin bəhrəsi olduğunu sərgiləyən
yeni tikilmiş tribunaya baxa-baxa Arif Heydərovun
büstünün önünə yaxınlaşdım.
Haşiyə: Arif Nəzər
oğlu Heydərov 1926-cı ilin 28 iyununda doğulmuşdur.
1978-ci ilin 29 iyununda Bakıda həlak olmuşdur. 1944-45-ci illərdə
İkinci Dünya müharibəsində fəal iştirak
etmişdir. Berlinə hücüm əməliyyatında
xüsusilə fəqlənmişdir. Böyük ömür
yolu keçən və bu gün yaddaşlarda səmimi insan
kimi yaşayan Arif Heydərov 1970-1978-ci illərdə Azərbaycanın
daxili işlər naziri olmuşdur.
Saat yeddini göstərəndə,
hər cür texniki və məişət avadanlıqları
ilə təmin olunmuş, yeni tikilmiş 180 yerlik dördmərtəbəli
yataqxananın işıqları yananda bildim ki, Məktəbin
şəxsi heyəti yuxudan qalxıb. Bu mənzərə mənə
bir anlıq hərbi xidmətdə olduğum günləri
xatırlatdı. Məktəbin şəxsi heyətlə
iş üzrə köməkçisi Cənnət
Şeydayevin səsi yuxarı mərtəbədən gəlirdi.
Hal-əhval tutub görüşdük və maraqlı mənzərədən
təsirləndiyimi deyəndə,- biz daha bunlara öyrəşmişik,-
dedi həmkarım. Diş pastası və diş
fırçası ilə "silahlanmış" dinləyicilərin
vaxtında və cəld şəkildə pilləkənlərdən
enərək öz otaqlarına qaçması ondan xəbər
verirdi ki, yuyunmaq üçün verilən vaxt bitmək
üzrədir və davamiyyəti yoxlamaq üçün
sırada olmaq lazımdır. Davamiyyət yoxlanıldıqdan
sonra hamı bir nəfər kimi sıra meydanına
düzüldü və "bir-iki" sədaları ətrafı
bürüdü.
Qeyd: Ulu öndərimiz Heydər Əliyevin
gözəl bir fikri var. O, deyirdi: "Biz idmanı ümummilli
hərakata çevirməliyik". Bu gün Azərbaycanda
idman çox sürətlə inkişaf edir. Demək olar ki,
bütün regionlarda idman komleksləri tikilib və gənclərin
ixtiyarına verilib. Məqsəd isə gənclərin pis vərdişlərdən
uzaq olması və cəmiyyətə, xalqa, dövlətə
fayda verən bir vətəndaş kimi
formalaşmasıdır.
Daxili işlər orqanlarında
xidmət edən hər bir əməkdaş idmana
böyük maraq göstərməli və idmanı peşəsinin
ayrılmaz hissəsi bilməlidir. Yenə də ulu öndərimizin
fikrinə üz tuturq: "Məmnunam ki, gənclərimiz və
ümumiyyətlə, cəmiyyətdə yaşayan insanlar
idmana, bədən tərbiyəsinə maraq, həvəs
göstərirlər, idmanla məşğul olurlar. Beləliklə,
hər kəs öz sağlamlığını möhkəmləndirir.
Bunların hamısı birlikdə Azərbaycanda cəmiyyətin,
kütlənin sağlam olması üçün
yaxşı imkan yaradır"...
"Sağlam bədəndə
sağlam ruh olar",- deyib mən də turnikə
çıxdım. Məktəbin "Atəş, fiziki
hazırlıq və sıra hazırlığı silsiləsi"nin
rəisi, polis mayoru Anar Nağıyev zarafatla: qardaş,
qocalmısan desə də 15- dəfə dartınıb yerə
düşdüm və 20, 25, 30 dəfə dartınan dinləyicilərlə
-Məmməd Quliyevlə, Vasif Muradovla, Natiq Nuriyevlə Elcan
İsmayılıovla, Nicat Nəcəfovla səmimi söhbətə
başladım. Dincəlməklərindən istifadə edib
paqondaşlarıma belə bir sual ünvanlayıram: Niyə məhz
polisi seçdiniz, bu peşənin ki,
ağırlığını, məsuliyyətini
yaxşı bilirsiniz? Biri-birinin üzünə baxıb
sualı hansı məqsədlə verməyimdən hali
olduqdan sonra Nicat Nəcəfov dilləndi: "Kiçik
yaşlarımdan bu peşəyə həvəsim vardı. Hətta
məktəbdə oxuduğum illərdə polis həyatı
ilə bağlı olan səhnəciklərdə
oynamağım mənə bu peşəni sevdirdi. Azərbaycan
Polisi böyük tarixi yol keçib və bu gün cəmiyyətdə
hökm sürən sabitliyə görə biz polisə
borcluyuq. Bəli, çətin peşədir, ancaq onu da bilirəm
ki, milllətə, xalqa xidmət etmək üçün ən
şərəfli peşələrdən biridir".
Artıq idmana ayrılan vaxtın
bitdiyini və yuyunmaq üçün yerlərə əmrini
verən polis mayoru Anar Nağıyev təkcə DİN-də
keçirilən idman yarışlarında deyil, respublika və
dünya səviyyəli yarışlarda da məktəbin dinləyicilərinin
böyük uğurlara imza atdıqlarını ürəklə
qeyd etdi. Bildirdi ki, IV kurs, II tağım dinləyicisi, polis
sıravisi Qocayev Asim Əbülfət oğlu cüdo üzrə
qarşıdan gələn dünya çempionatına
hazırlaşır və ümidvarıq ki, yüksək nəticə
ilə təkcə bizləri yox, bütün xalqımızı
sevindirəcəkdir.
Saat 7:55-dir. Tikintisinə keçən
il başlanılmış və bu yaxınlarda nazir
müavini, polis general-leytenantı Oruc Zalovun iştirakı ilə
açılışı olan 250 nəfərlik, müasir
görünüşü ilə könül oxşayan yeməkxananın
qarşısında dinləyicilər sıra ilə səhər
yeməyinə düzülüb. Yeməkxana ilə
tanış olmaq üçün içəri keçmək
istədiyimi bildirdim. Polis polkovnik-leytenantı Cənnət
Şeydayev sözümü yerə salmadı. Birlikdə yeməkxanaya
daxil olduq. Sözün düzü mənim yeməkxanaya girməkdə
əsas məqsədim burda yaradılmış şəraitlə
tanış olmaq və dinləyicilərə verilən səhər
yeməyini öz gözlərimlə görmək idi. Səmimiyyətimə
inansanız deyə bilərəm ki, yaradılan şərait
deyilən kimidir və dinləyicilərə səhər yeməyi
üçün nə lazımdırsa o da verilir. Yeməkxanada
çalışan mülki şəxslər, yəni
qadınlar burda hər bir dinləyiciyə öz övladı
kimi baxır və onlara xüsusi qayğı ilə
yanaşırlar. Qab-qacaq xüsusi qabyuyan aparat vasitəsilə
yuyulur, gigenik qaydalara riayət olunur. Yeməkxanada soyuducu
kamera, ət və balığın, meyvə-tərəvəzin,
inventarların və bir də çörəyin saxlanması
üçün ayrılmış otaqlar var. Bura xüsusi
havalandırma sistemi ilə təchiz olunmuş və ən
müasir avadanlıqlar quraşdırılmışdır.
Ən
məsuliyyətli an
Hərbi xidmətdə olanlar bilir
ki, səhər sıra baxışı xidmətin
gözüdür. Ona görə də hər kəs
çalışır ki, səhər baxışına
yaxşı hazırlaşsın ki, ona heç bir irad
tutulmasın.
Saat 8:30. Məktəbin şəxsi
heyəti səhər baxşı üçün sıra
meydanına düzülüb. Rəis müavini, polis
polkovnik-leytenantı Çərkəz Hüseynov şəxsi
heyətin səhər baxışına hazır olması,
onların say tərkibi barədə rəisə raport verdikdən
sonra rəis şəxsi heyəti salamladı. Gün ərzində
görülən işlərdən, dinləyicilərin
keçirilən dərslərə münasibətindən və
davamiyyətindən söz açan rəis bildirdi ki, hər
bir dinləyici bu imkandan, yaradılmış şəraitdən
maksimum yararlanmalıdır ki, xidmətə
başladığı zaman hər hansı bir çətinliklə
rastlaşmasın. Çünki burada öyrədilən
hüquqi biliklərlə yanaşı, keçirilən təlimlər,
əlbəyaxa döyüş fəndləri onların hər
zaman karına gələcəkdir. Onu da qeyd edim ki, rəis
üzünü siqaret çəkənlərə tutub
sağlamlıqlarının qeydinə qalmağı, onlara
siqaretdən uzaq olmağı dönə-dönə
tapşırdı. Məktəbdə təmizlik işlərinə
dinləyicilərin ayrılması da diqqətdən kənarda
qalmadı. Dəyişkən heyət öz yerlərini
tutduqdan sonra daimi heyət tribuna önünə gəldi və
rəis onlara növbəti tapşırıqlarını və
göstərişlərini verdi. Qarşıdan gələn
imtahanlara və andiçmə gününə şəxsi
heyətin hazırlanması üçün bütün
güclərini səfərbər etmələrini komandir-müəllim
heyətinin nəzərinə çatdıran rəis bildirdi
ki, həmişə olduğu kimi imtahanda və andiçmə
mərasimində nazir müavinlərinin iştirakı
gözləniləndir.
Mənimçün ən diqqətçəkən
məqamlardan biri də rəisin müəllimlərin dərsə
hazırlaşmaq üçün istifadə etdikləri qeyd dəftərlərini,
plan-konspektləri və s. yoxlaması idi. (Komandir- müəllim
heyətinin geyim formasını və səhər
baxışına hazır olmalarını polis polkovniki Ramiz
Abdullayevin şəxsən yoxlaması nəzərimdən
qaçmadı).
Daha sonra şəxsi heyət
baraban sədaları altında tribuna önündən
keçdi. Şəxsi heyətin keçidi də rəis tərəfindən
birmənalı qarşılanmadı və o, sıra
keçidi zamanı bəzi yanlışlıqların
olduğunu bildirdi, kurs rəislərinə göstəriş
verdi ki, iradlar vaxtında aradan qaldırılsın.
Saat 8:50. Kurs rəisləri öz
tağmlarını dərsə hazırlayır, onlara
tapşırıqlarını verirlər. On dəqiqədən
sonra dərs başlayır. Məktəbin həyətində
heç kim gözə dəymir. Keçirilən dərslərlə
tanış olmaq üçün Kadrlar Qrupunun Baş
inspektoru, polis mayoru Cəmşid Sadıqov ilə birlikdə dərslər
keçirilən auditoriyalara baş çəkirik. Kompyuter
otağında tamam fərqli bir mənzərə ilə
rastlaşırıq. Dinləyicilər "Kompyuter biliklərinin
əsasları fənni"ni tədris edən polis mayoru Rəşid
İsmayılovun onlara ünvanladığı suallara
yerli-yataqlı cavab verirdilər. Maraq üçün onlardan
birinə yaxınlaşıb kompyuterin müasir dünyada rolu
ilə bağlı sual ünvanladım və dinləyici
maraqlı bir cavab verdi. O, dedi: "Bu gün hər birimiz
informasiya məkanına daxil olmaq üçün müasir
texnologiyaları, o cümlədən kompyuteri gözəl bilməliyik.
Çünki indi həm də informasiya müharibəsi gedir.
Cinayətkarlar daha ağıllı və
bacarıqlıdırlar. Onlar köhəlmiş
üsüllardan imtina edib kibercinayətkarlığın son
nailiyyətlərindən istifadə edərək asan yolla
qazanc əldə edirlər. Bir də onu demək istəyirəm
ki, bu gün Ermənistan Respublikasının qədim Azərbaycan
torpaqları üzərində qurulmasını, 20 faiz
torpağımızın ermənilər tərəfindən
işğal olunması faktını həm də müasir
texnologiyalar vasitəsilə dünyaya
çatdırmalıyıq". Aldığım cavab məni
qane etdi və ürəyimdə belə gənclərimizin
olmasına sevindim.
"Xüsusi fənlər silsiləsi"nin
rəisi, polis polkovnik-leytenantı Rizvan Hüseynovun dərsi
isə daha maraqlı məqamlarla yadda qaldı. "Xüsusi
hazırlıq" fənni yeni interaktiv təlim metodlarına
uyğun aparılır, "Qalereya", "Zehni
hücüm" və "Ziqzaq" üsulları tətbiq
olunur. Bu üsulların həyata keçirilməsində əsas
məqsəd dinləyiciyə verilmiş
tapşırığı yerinə yetirərkən öz
bilik və bacarığını tam olaraq sərgiləməyə
imkan verməkdir. Bu kimi fənlər keçirilərkən hər
bir mövzuya uyğun videofilmlər göstərlir. Bayır
xidməti əməkdaşlarına vətəndaşlarla
qanunun tələb etdiyi şəkildə ünsiyyət
qurmağın bütün tələbləri öyrədilir.
Qeyd edim ki, "Ünsiyyət və
etika" fənninin tədrisinə məktəbdə daha həsas
yanaşılır. Bu fənni tədris edən polis
polkovnik-leytenantı Şükür Həsənov deyir ki, xidmətimizin
bel sütunu ünsiyyətdir. Çünki polis əməkdaşı
hər zaman xalqın içindədir və ona vətəndaş
tərəfindən bütün situasiyalarda müraciət
oluna bilər. Bu baxımdan polis əməkdaşı nəzakəli
olmalı, etik davranış kodeksinin və polis haqqında Azərbaycan
Respublikası Qanununun bütün maddələrinə riayət
etməlidir. Etik çərçivədən kənar bir
ünsiyyət əlbəttə ki, heç kimin xoşuna gəlməz
və bu da şübhəsiz ki, vətəndaşlar tərəfindən
haqlı narazılıqlarla qarşılanar.
Kitab bizim dostumuzdur...
Burda kitabxana varmı deyəndə
"Təhsil" şöbəsinin əməkdaşı,
polis mayoru Babək Atakişiyev bığaltı gülümsədi
və: Elə bir təhsil müəssisəsi varmı ki, orda
kitabxana olmasın dedi. İstəyirsiniz gedək, tanış
olun. Başımla razılığımı bildirdim. Bu da
kitabxana,- Babək Atakişiyev dilləndi. Kitabxanaçı
özünü təqdim etdi: Polis serjantı Rəşad
Rüstəmov. Virtual kitabxanada dinləyicilər sakitcə
oturub dərslərə hazırlaşırdılar. Qeyd edim
ki, tədris olunan dərslərin nəzəri hissəsinin əksəriyyəti
kopyuterlərin yaddaşında var və dinləyicilər
buradan istifadə edirlər. Azərbaycan ədəbiyyatından
kitablar azlıq təşkil etsə də kitabxanamızda 8
minə yaxın kitab var. Artıq burda sual verməyin yeri idi.
Şair və yazıçılarımızdan kimləri
tanıyırsınız? -deyəndə etraf edim ki, bir
çoxları başlarını aşağı salsa da
içərilərindən Fərman Kərimzadənin,
İsmayıl Şıxlının və şeirlərini vətən
torpağının hər daşına, qayasına,
gülünə, çiçəyinə yazmış Məmməd
Arazın adını çəkəndə sevindim. Ona
görə sevindim ki, gələcəyin mübariz
keşikçiləri təkcə peşəsinə uyğun
biliklərə yiyələnmir, həm də vətənin
torpağı qədər müqəddəs olan dilimizi, milli
kimliyimizi bədii və tarixi əsərlər vasitəsilə
oxuyub öyrənirlər.
Sağlamlığın keşiyində
Rəisin şəxsi heyətlə
iş üzrə köməkçisi Cənnət
Şeydayev Tibb məntəqəsinə baxmaq istəyib-istəmədiyimi
deyəndə, -baxmaq pis olmazdı,- dedim. Özü xəstə
olsa da (deyəsən güclü soyuqlamışdı) məntəqə
rəisi, polis kapitanı Mübariz Əliyev məni məntəqə
ilə tanış etdi və dinləyicilərin
sağlamlıqlarının keşiyində ayıq-sayıq
durduqlarını bildirdi. Ona Allahdan şəfa diləyib
çıxdıq.
Saat 13:30-dur.
Məktəb rəisinin əmri ilə
təsdiq edilmiş Gün bölgüsündə nahara
hazırlaşmaq üçün vaxtdır. Həyət dinləyicilərlə
doludur. Kimi biri-biri ilə söhbət edir, dərsdə
keçirilən mövzu ilə bağlı fikir mübadiləsi
aparır, kimi də müəllimlərin, xüsusilə də
rəisin gözündən oğurlanıb
xısın-xısın siqaret çəkir.
Artıq nahara az qalıb və səhər
yeməyində olduğu kimi yenə də dinləyicilər
sıra ilə düzülüblər. Həmişə
olduğu kimi bu gün də biri-birindən dadlı təamlar
süfrəni bəzəyəcəkdir. Həm də
müsiqi sədaları altında yeməyin ayrı ləzzəti
var. (Bunu da Cəmşid Sadıqov diqqətimə
çatdırır).
Birinci xörək noxud
şorbası, ikinci xörək makaron üstündə ət,
tərəvəz salatı, kisel və çörəkdir.
Çörək burada xüsusi aparat vasitəsilə kəsilmiş
şəkildə verilir ki, israf olmasın. Dinləyicilərdən
biri yeməklərə maraqla baxdığımı
görüb məni də yeməyə davət edir, lakin Cəmşid
müəllim rəisin məni birlikdə nahar etmək
üçün gözlədiyini bildirir və həmkarımla
sağollaşıram.
Budur, eyni təamlar bizim süfrəmizdədir.
(Polis polkovniki Ramiz Abdullayev hərbi nizam-intzam
görmüş, öz peşəsini dərindən bilən
bir zabitdir və onun bu yanaşmasına da həsəd
aparıram. Yəni, dinləyici nəyi yeyirsə, komandiri də
ondan yeməlidir və bərabərlik hüququ
pozulmamalıdır).
Yemək yeyə-yeyə məktəbin
dünənindən, bu günündən və gələcəyindən
söhbət açırıq. Ramiz müəllim
görülən işlərin hələ qənaətbaxş
olmadığını deyir və bildirir ki, dövlət
başçımız cənab İlham Əliyevin və
daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun
etimadını doğrultmaq üçün daha böyük
işlər görmək lazımdır. Göstərilən
diqqət və qayğı da bizdən bunu tələb edir. Əsas
məqsədimiz dinləyicilərin bilik səviyyəsinin
yüksəldilməsi və peşəkarlıqlarının
daha da artırılmasıdır. Hal-hazırda məktəbdə
561 nəfər dinləyici təhsil alır. Rayon
qeydiyyatında olanlar istisna olmaqla, ailəli dinləyicilər
evə buraxılır. Artıq oktyabr ayının 1-dən
sıravi və kiçik rəis heyəti vəzifəsinə
sənəd verən namizədlərin toplanmış sənədlərinin
də şəxsi iş formasında qəbuluna
başlanılmışdır. Polisə güclü axın
var və bu da bu sistemə qəbulun şəffaflığından
xəbər verir. Məktəbdə ali təhsillilərin təhsil
müddəti 45, orta təhsillilərin təhsil müddəti
isə 90 gündür.
Nahardan sonra
Nahardan sonra məktəbdə yenə
də qızğın bir həyat başlayır. Saat 14:30-dan 15:00-kimi Şəxsi
vaxtdır. Şəxsi vaxtdan sonra isə Müstəqil
hazırlıq başlayır. Müstəqil hazırlıq adətən,
sabahkı dərslərə hazırlıq üçün nəzərdə
tutulub, ancaq kim istəsə əlavə kitablar oxuya, mütaliə
ilə də məşğul ola bilr. 16:30-dan 17:00 kimi
bütün tağımlar Sıra hazırlığına cəlb
olunur. Hər bir kurs rəisi öz tağımı ilə məşğul
olur.
Günün nizam qaydasına
uyğun olaraq sıra hazırlığından sonra
tağımlara təhkim olunmuş ərazilərin təmizlənməsi
başlayır və bu proses saat 18:00-da bitir. Dəyişən
heyətlə tərbiyəvi işin aparılması ən vacib
şərtlərdən biridir. Məktəb rəhbərliyi
başda olmaqla, bütün kurs rəisləri bu qaydaya ciddi
yanaşır. ("Əzizim əzizdir, tərbiyəsi ondan
da əzizdir" məsəli bu yerdə köməyimizə
çatır). Məktəbdən kənarda yaşayan dinləyici
heyəti evə buraxıldıqdan sonra şam yeməyinə
hazırlıq başlayır. Yenə də dinləyicilər
bir qayda olaraq tağımlarla, ən əsası da sakitliyi
pozmadan yeməkxananın qarşısına
düzülürlər. Şam yeməyinin ardınca yenə
Şəxsi vaxt başlayır, ta 22:10-a kimi. Axşam gəzintisi
saat 22:10-da başlayır. Adətən əsgərlikdə
Axşam gəzintisinə hərbi hissəni tərk etməklə
start veilirdi və guya "bacarıqlı əsgərlər"
digərlərindən fərqli olaraq həmin vaxtı hardasa
"daha xoş" keçirirdilər.
Saat 22:30. "Düzül, Düzlən,
Farağat" komandasından bəllidir ki, Axşam yoxlanışıdır.
Hər bir kurs rəisi öz tağımının şəxsi
heyətinin sayını aparır və "rəis
günü" olduğundan birbaşa rəisə raport verirlər
(bu qayda bütün günlərdə belədir).
Artıq yatmaq vaxtıdır
Saat 23:00-dır. Hər şey
qaydasındadır, bütün tağımların şəxsi
heyəti yerindədir, heç bir problem qeydə
alınmayıb və indi yatmaq olar. Tağımlara
"yat" komandası verilir və yataqxananın
işıqları sönür. Kadrlar Qrupunun Baş inspektoru,
polis mayoru Cəmşid Sadıqov məndən məktəb
haqqında gəldiyim qənaəti soruşur.
"Görünən kəndə nə bələdçi",-
deyib onunla və növbətçi ilə
sağollaşıb ayrılıram.
Və
son...
Onların adını
unutduğumdan deyil, maraqlı olsun deyə yazının
axırına saxladım. Məktəbin bərbəri Tərlan
Hüseynov, dərzi Gülşən Babayeva dinləyicilərdən
razılıqlarını bildirdilər.
Hafiz Təmirov,
polis baş leytenantı
P.S. Mən gördüklərimi bu
kiçik yazıya sığdırmağa
çalışdım. İnanıram ki, zaman gələcək
ki, böyük tarixi ənənəsi olan və Arif Heydərovun
adını daşıyan bu təlim-tərbiyə
ocağının yetirmələrinin uğurlarından hələ
çox yazacağıq. Sonda isə adını
xatırlamadığım bir dahinin bu fikirlərini hamıyla
bölüşürəm. "Çalış ki, hər
günü həyatının son günü kimi yaşayasan.
Və bir gün görəcəksən ki, sən qalibsən
və hər şeydə haqlısan".
Ədalət.- 2011.- 11 oktyabr.- S.4.