Dünyanın mizanını beynəlxalq toplantılar da düzəltmir

 

  Vəfa Quluzadə: "Daxildə bir sıra məsələlərdə islahatlar aparılır, amma onlar kafi deyil"

 

  Yay tətilinin sona çatması ilə bir-birinin ardınca beynəlxalq tədbirlər, səfərlər də reallaşdırılmaqdadır. Bu mənada BMT Baş Assambleyasının 66-cı sessiyası, Polşada "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində keçirilən toplantı, Fransa prezidenti Sarkozinin Cənubi Qafqaza səfəri postsovet məkanı ölkələrinin Avropaya inteqrasiyası baxımından önəm daşıya bilər. Nəzərə alsaq ki, imperiya xislətindən hələ də xilas ola bilməyən Rusiyanın bu ölkələri təsir dairəsində saxlamaq istəyi bilmərrə tükənməyib, onda sözügedən əməkdaşlığın nə dərəcədə intensivləşməsi əsas şərt kimi ortaya çıxır. Yeri gəlmişkən qeyd edək ki, Polşada keçirilən toplantıdan bəlli oldu ki, Avropanın sərhədləri bir qədər də böyüyüb. Bununla da son olaraq sərhədlər, Cənubi Qafqaz regionu göstərilib. Bütün bu prosesləri təhlil edən siyasi ekspertlərin böyük əksəriyyətinin qənaətincə, Kremlin bütün çabalarına rəğmən postsovet məkanı ölkələrinin Avropaya inteqrasiyası qarşısı alınmaz proses olmaqla, həmçinin də regionda sülhünsabitliyin bərpası, demokratiyanın inkişafı baxımından əməkdaşlığın genişləndirilməsi zəruri şərtdir.

  

   Politoloq Vəfa Quluzadə ilə qısa söhbətimizdə də bir qədər siyasi proseslərə aydınlıq gətirməyə çalışdıq.

  

    - Polşada keçirilən toplantını necə xarakterizə edərdiniz?  

   - İlk növbədə mən Polşada keçirilən toplantını Qərbin narahatlığı kimi qəbul edirəm. Çünki Qərb görür ki, Rusiya aqressivləşə bilər. Putin yenidən hakimiyyətə qayıdır ki, Qərb də bundan çox narazıdır. Qərb hesab edirdi ki, Medvedev Putinlə müqayisədə bir qədər liberaldır. Amma əslində Medvedev Putinin əlaltısıdır. Onlar Qərb üçün şou düzəltdilər ki, Medvedev hakimiyyətdə olduğu 4-5 il ərzində onlar Putinin yenidən hakimiyyətə gəlməyəcəyini güman etsinlər. Lakin Putin prezident kimi yenidən qayıdır və onun qayıdışı da dünyada davam etməkdə olan böhranla üst-üstə düşür. Böhran şəraitində də Rusiya aqressivləşə bilər və Cənubi Qafqaz ölkələrini yenidən müxtəlif yollarla Dağlıq Qarabağ münaqişəsindən istifadə edib bizi "prav" edə bilər. Həmçinin də Gürcüstanın iki əyalətini işğal edib ki, yenidən təhlükə də yaratması istisna deyil. Moldovada, Dnestryanidə eyni zamanda müharibəni yenidən başlaya bilər.  

   - "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edən dövlətlərin üzərlərinə götürdükləri öhdəliklərə nə dərəcədə əmələ edəcəklər? 

   - Hesab edirəm ki, bu proqram çərçivəsində Avropa ilə əməkdaşlıq edən dövlətlər üzərlərinə götürdükləri öhdəliklərə də əməl edəcəklər. Çünki Avropa Şurası qarşısında götürülən öhdəliklərin nümunəsində bunu demək mümkündür. Doğrudur, orada da götürülən öhdəliklərin hamısına əməl olunduğunu iddia etmək olmur, amma bir çoxuna əməl ediblər. Təbii ki, mən burada bütün keçmiş sovet respublikalarını nəzərdə tuturam. Bilirsiniz, bütün bunlar da asan məsələlər deyil, tələm-tələsik demokratiya qurmaq, bütövlükdə demokratiyaya keçmək mümkün olmaz. Buna baxmayaraq, götürülən öhdəliklərin bir hissəsinə, yaxud da onlara oxşar nəsə ediblər. Avropa ümid edir ki, onun köməkliyi və yaxud təzyiqi ilə birlikdə həmin öhdəlikləri həyata keçirməyə nail ola bilərlər. Hazırda Avropa üçün ən zəruri məqsəd müstəqilliklərini əldə etmiş respublikaları Rusiyanın təsir, təzyiqindən qurtarmaqdır. Bu yaxınlarda Rusiya Astarxanda Xəzərdə "MÇS"lərin təlimlərini keçirdi, Rusiyanın rəhbərliyi altında Azərbaycan, Qazaxıstan, Türkmənistan və digər müstəqil dövlətlərin iştirakı ilə toplantılar keçirilir ki, bütün bunlar da olduqca narahatedici faktorlardır. Ona görə ki, Rusiya yenə də bizə rəhbərlik etməyə çalışır. Bundan əlavə Kreml yeni təkliflər irəli sürməkdən, yeni ümumi iqtisadi məkan yaratmaq istəyini ortaya qoymaqdan da çəkinmir. Əgər biz Rusiya ilə ümumi iqtisadi məkan yaratsaq, onda Rusiya bizi əzər və iqtisadiyyatımızı da yenidən sovet dövrünə qaytarar. Həmçinin də Rusiya bu ideyanı reallaşdırmaqla müstəqil dövlətlərin iqtisadiyyatını öz iqtisadiyyatının gününə salar. Amma biz gərək Avropa ilə əməkdaşlıq edək ki, iqtisadiyyatımızı daha da inkişaf etdirib Avropa ölkələrinin iqtisadiyyatı səviyyəsinə çatdıraq. Eyni zamanda da bütövlükdə Avropaya inteqrasiya edək.  

   - "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Avropa ilə əməkdaşlıq edən postsovet məkanı ölkələrinin götürülən öhdəliklərə əməl etdiklərini bildirdiniz. Sizcə, Rusiyaya yönəlik yürüdülən siyasətdə bu özünü göstərir? 

   - Mən demədim ki, öhdəliklərə bütövlükdə əməl edirlər. Mən deyirəm ki, müəyyən bir qisminə riayət edə bilərlər. Rusiya müstəqilliyini əldə etmiş respublikaları MDB adı altında formalaşdırdığı qurumda bir araya gətirsə də sözügedən format özünü doğrultmadı. Ona görə ki, MDB bütün bu suveren respublikaları yenidən Sovet İttifaqı kimi Rusiyanın rəhbərliyi altına aparacaqdı. Amma bütün bu müstəqil dövlətlər MDB-nin sammitlərində fövqəlmiləl strukturların əleyhinə çıxdılar. Belə olan halda da Rusiyanın bütün planları puç oldu və MDB də ölü bir cismə çevrildi. Bu bütün çılpaqlığı ilə ortadadır. Qazaxıstan Çinlə, Amerika ilə əməkdaşlıq edir. Azərbaycan da həmçinin. Azərbaycanda Amerikanın neft sahəsilə yanaşı, bir çox istiqamətlər üzrə Amerika şirkətləri fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan və digər postsovet məkanı ölkələri Amerika ilə hərbi sahədə əməkdaşlıq edirlər. Bu mənada müstəqilliyini əldə etmiş dövlətlər müxtəlif istiqamətlər üzrə yürüdülən siyasət baxımından Rusiyadan xeyli dərəcədə uzaqlaşıblar. Rusiya isə müxtəlif bəhanələr adı altında bizi geri aparmağa cəhdlər göstərir. Lakin bütün bu cəhdlərin Rusiya üçün müsbət nəticə verəcəyini düşünmək artıq mümkün deyil. Kremlin həyata keçirdiyi bu cəhdlər tarixin təkərini geri döndərməyə oxşayır. Neçə illərdir müşahidə etdiklərimizdən çıxan nəticə isə onu deməyə əsas verir ki, Rusiyanın rəhbərliyi intellekt cəhətdən çox aşağı səviyyəlidir. Onlar tarixi başa düşmürlər və reallıqları görmürlər, yalnız öz arzularını görürlər. Əslində bu arzular tarix və reallıqlarla uzlaşmasa onların heç vaxt həyata keçəcəyini düşünmək də sadəlövhlükdür.  

   - Həqiqətənmi, Rusiya Qərbi bu dərəcədə narahat edəcək gücə malikdir?  

   - Mən neçə illərdir birmənalı şəkildə Rusiyanın bir dövlət kimi çökdüyünü bəyan edirəm. Qərb də açıq-aydın Rusiyanın çökdüyünü görür. Yeni böhrandan da Rusiyanın diri, yaxud da ölü çıxacağı məlum deyil. Bilirsiniz, adətən çökən dövlət son nəfəsində daha da aqressivləşir. Rusiya kimi aqressiv imperiya aqoniya vəziyyətində ətrafındakıları vurub dağıda da bilər. Bundan həmişə hamı narahat olmalıdır. Birinci növbədə də ətraf ölkələrin özləri. Qazaxıstanı, Türkmənistanı, Özbəkistanı, Azərbaycanı ilk növbədə nəzərdə tuturam.    

   - Prezident kimi Putinin yenidən qayıdışı ilə nə gözlənilir?  

   - Mən bu qayıdışı Rusiyanın məhvi kimi qiymətləndirirəm. Moskvada Putinin yenidən qayıdışının əleyhinə olunan bütün çıxışlarda onun Rusiyanı məhv edəcəyi yazılır. Çünki Rusiyanın belə bir duruma düşməsi Putinin prezidentliyi dövründə oldu. Medvedevin dövrü isə ümumiyyətlə yox idi, o da Putin dövrü sayılmalıdır. Göydən düşən təyyarələr, suda batan gəmilər, təmin olunmamış bütün sənaye, bütövlükdə çökmüş iqtisadiyyat Putinin rəhbərliyi dönəmində baş verdi. Yəni Putin belə uğurlu siyasətçi deyil. Çünki, Putin heç bir şey edə bilməyib. 

   - BMT Baş Assambleyasının 66-cı sessiyasında Rusiyanın xarici işlər naziri Lavrovun hədələyici çıxışında Cənubi Qafqaz regionu üçünkimi mesajları oldu?  

   - Hədə, qorxu zəiflikdən irəli gəlir. Əgər güclü olsaydı, hədə-qorxu gəlmədən öz işini görərdi. Əks təqdirdə hədə-qorxuya nə ehtiyac. Heç kim də hədə-qorxudan çəkinmədi.    

   - Bunu torpaqları işğal altında olan və müharibəni istisna etməyən Azərbaycana xəbərdarlıq kimi başa düşmək olarmı?  

   - Hələ bir görək Rusiya bir dövlət kimi qalır, yoxsa yox. Rusiya qalacaqsa, torpaqlar yenə də işğal altında olacaq. Çünki, torpaqları Rusiya işğal edib, Ermənistan yox. Bizim mətbuatımız da ayıq olsa bunu həmişə hər yerdə izah edər. Ermənistanın Azərbaycan ərazilərini işğal etmək və onu işğalda saxlamaq üçün heç bir imkanı yoxdur. Ermənistan dövlət deyil, Rusiyanın bir quberniyasıdır. Krızlov çox gözəl xarakterizə etmişdionun təbirincə desək, Ermənistan Rusiyanın forpostudur. Ermənistan gəlib bizim torpaqlarımızı işğal edib ordaedibdi? Təcavüzdə saxlanılan ərazilərimizdə qurub, tikib, erməni əhalisini orada məskunlaşdırıb? Axı Ermənistanın əhalisinin tən yarısı öz ölkələrini tərk edib, xarici ölkələrə üz tutub. Bu üzdən də Ermənistan əhalisi iki dəfə azalıb. Bütün bu reallıqları hamı bilməlidir və Ermənistanın özünün Rusiyanın təsiri altından çıxmağa çalışdığı, amma bunu bacarmadığı da birmənalıdır. Rusiya NATO-dan, Amerikadan dəfələrlə zəif olsa da Ermənistanla müqayisədə qat-qat güclü olduğu üçün onu hələ də öz təsiri altında saxlamaqda davam edir.  

   - Azərbaycanla Türkiyə arasında hərbi sahədə neçə illərdir əməkdaşlıq olunsa da bu məsələ hələ ki, müqavilə səviyyəsinə çatdırılmır. Əgər nəzərdə tutulan müqavilə imzalanarsa, o zaman işğal altında olan ərazilərin geri qaytarılmasında onunkimi təsirləri ola bilər?  

   - Türkiyə-Azərbaycan münasibətlərində müxtəlif sahələr üzrə əməkdaşlıq çox vacib məsələlərdir. Bu iki dövdətin çox səmərəli əməkdaşlıq etmələri üçün onların siyasi sistemləri bir-birinə uyğun olmalıdır. Bilirsiniz ki, NATO-da bütün demokratik ölkələr birləşib və bu qurumda bir dənə də olsun qeyri-demokratik ölkənin təmsil olunduğunu görmək də mümkün deyil. Ona görə də bir çox məsələlərlə bağlı bu məqam diqqətdən yayınmamalıdır. Məsələn, Azərbaycan totalitarizmdən yeni çıxmış müstəqil dövlətdir. Türkiyə isə Atatürkün vaxtından bu günə kimi demokratik prinsiplərin bərqərar olması istiqamətində fəaliyyətini qurur. Belə olan halda bizim bir çox sahələrdə qeyri-uyğunsuzluqlarımızın olduğunu görürük. Bu mənada bütün bunların da çox asan məsələ olduğunu düşünməməliyik. Amma əsgəri sahədə Türkiyənin Azərbaycan qarşısında böyük xidmətləri var. Türkiyə zabitləri Azərbaycanda azərbaycanlı zabitləri hazırlayırlar, təlimatlandırırlar və bu məsələdə əllərindən gələni də əsirgəmirlər.    

   - Azərbaycan NATO ilə neçə illərdir əməkdaşlıq edir, amma üzvlük məsələsi də uzanır...   

   - Siz buna beş dəqiqəlik kimi baxmayın. Bu bir tarixi prosesdir. Gördünüzmü ki, sovet ittifaqı çökdü. Bunu əvvəlcədən bəyan edənlər vardı. Varşava müqaviləsi ölkələri-Şərqi Avropa dövlətlərinin hamısı Rusiyanın müttəfiqliyindən canını qurtarıb NATO-ya daxil oldular. Macarıstan, Çexiya, Slovakiya, Yuqoslaviyanın parçalanmış dövlətləri hamısı NATO-nun üzvü oldular. Həmçinin sovet respublikaları-Latviya, Litva, Estoniya da NATO-ya üzv ölkələrdir. Azərbaycan, Gürcüstan, Ermənistan da vaxtsa NATO-nun üzv dövlətləri olacaq. Amma bu bir az vaxt aparan proses olacaq axı.  

   - Rusiyanın aqressivliyinin qarşısının alınması üçün Cənubi Qafqaz ölkələrinin Avropa Birliyinə üzvlük məsələsi sürətləndirilə bilər?  

   - Bu proses tarixilik baxımından 5 il, yaxud 10 il çəkə bilər. Amma biz gərək öz ölkəmizdə Avropanın standartlarına cavab verən islahatları aparaq. Bu islahatları aparmadan hara daxil olmaq mümkündür? Türkiyə uzun illərdir Avropa Birliyinə daxil ola bilmir. Biz isə hər bir məsələdə Türkiyə ilə müqayisədə çox-çox geriyik. Doğrudur, daxildə bir sıra məsələlərdə islahatlar aparılır, amma onlar kafi deyil. Ona görə Qərb bütün postsovet məkanı ölkələrindən islahatları sürətləndirməyi tələb edir.  

   - Türkiyə-İsrail münasibətləri ilə sonuclanacaq?  

   - Hazırda münasibətlər çox kəskinləşib. Amma vaxtı çatanda münasibətlərdəki gərginlik aradan qaldırılacaq. Çünki bu iki dövlət Amerikanın müttəfiqidir. Ona görə hər iki dövlət öz aralarındakı ziddiyyəti aradan qaldırıb normal həddə gətirməlidirlər. Hələ ki, hər iki dövlət bir-birinə qarşı əzələ nümayiş etdirməkdədir. Buna baxmayaraq münasibətlər bundan uzağa getməyəcək.

 

 

  Gültəkin Qəhrəmanlı

 

  Ədalət.- 2011.- 11 oktyabr.- S.3.