Gəlin,
şeirdən danışaq
əvvəli ötən
sayımızda
Ölüm
min illərin həqiqətidir və bu əbədi mövzu
dünyanın bütün şairlərinin şeirlərində
zaman-zaman səslənməkdədir..
Azərbaycan
poeziyasının da öz
ölüm fəlsəfəsi var.
Ölümün
labüdlüyü və qaçılmazlığı: Dünyayə gələn getmək
üçündür, bu nə qəmdir, Bir fikr elə bu xilqəti-aləm nə
üçündür? (Seyid Əzim Şirvani). Ölmək!
O böyük körpünü hər kəs keçəcəkdir.
Bir badə ki, ondan bütün aləm içəcəkdir» (Cəfər Cabbarlı).Vaxtsız
ölüm, məndən uzaq dayan, dur, Qürbət eldə
can vermərəm ölümə! (S.Vurğun),
Ölüm-ömrün zirvəsidir
Zirvə sondur (B.Vahabzadə).
Ölümdən-xəyanət pis, Ölümdən-rəzalət
pis! Bəzən necə gözəlsən, Ölüm, sən
ey səadət! (Əli Kərim).
Ölüm istəyirəm. Qəfil bir ölüm. Bir
kibrit ölümü, Barıt ölümü. Bir anda bir ovuc dumana dönüm, İstədiyim
səmtə tutum yönümü (Məmməd Araz). Dahilər
torpağa ölü kimi yox, Bəlkə basdırılır
xəzinə kimi (Xəlil Rza). Qorxmuram ölməkdən,
Qorxuram ki, mən, Ölmək lazım gəlsə Ölə bilməyəm (Fikrət
Qoca). Bu dünyaya bir də qayıtmağım var..(İsa
İsmayılzadə). Vaxtsız ölsəm, çox
yaşadı deyin. Vaxtsız öldü deyin, qoca ölsəm. Bir il yatıb, ölsəm, qəflətən
öldü deyin. Uzun sürən xəstəlikdən sonra
öldü, deyin, qəflətən ölsəm (Vaqif Səmədoğlu).
Bəlkə yaşamaq deyil
dünyaya gəlməyimiz. Bəlkə doğulan kimi
başlayır ölməyimiz (Ramiz Rövşən).
Bu
misalların sayını ikiqat, üçqat, onqat artırmaq
olar. Vaqif Bayatlı Odərin də şeiri ölümdəndir,
amma tamam fərqlidir və bu şeirdə ölümün
labüdlüyü və qaçılmazlığı deyil,
insanın, sənətin və sənətkarın
ölümsüzlüyü vəsf olunur.
Misal
gətirdiyiim şeir parçası Vaqifin adi şeirlərindən
biridir və deyim ki, onun yetmişinci-səksəninci illərdə
yazdıqlarından poetik səviyyəsi etibarilə bir elə
də seçilmir. Amma bu şeir artıq öz poetik yönünü, axarını və istiqamətini
çoxdan müəyyənləşdirmiş
olan bir şairin qələmindən
çıxıb. Yer, Tanrı, Göyüzü, Sevgi. Vaqif bu dörd
məkanı sevə-sevə təsvir etməklə belə bir həqiqəti ifadə edir
ki: «Tanrı insanı göyüzüyçün
yaradıb, ən sonda onsuz
da o gəldiyi yerə-göyüzünə
qayıdır. Yerüzü isə tək bizim yox, bütün
kainatın İbadət Yeri,
Möhürdaşıdır, biz əslində
dua edərkən, namaz
qılarkən yerüzündə yox,
Göyüzündə diz çöküb
alnımızı bütün Göyüzünün
Möhürdaşına-Yerüzünə qoyub
bütün kainatçün dua edirik». Bu hiperbola
Vaqifin şeirlərinin bütün
ruhuna çöküb
və o şeirlərə alışmaq
lazım gəlir ki, bunların yuxu, xülya
olmadığına inanasan.
Vaqif
Bayatlının şeirlərində qəfil, gözlənilməz
və bəzilərinin poetik «kəşf» kimi
düşündükləri bədii təsvir və ifadə
vasitələri axtarışına çıxa bilər və
qətiyyən peşiman olmazsan. Bu, metaforik poeziyadır, çünki
Göyüzü, Yerüzü
və hər iki varlıqla bağlı bütün nəsnələr metafora
tülünə bürünüb. Hüseyn cavidin qəhrəmanı
Peyğəmbər deyirdi ki: «Mən fəqət
hüsnü-xuda şiriyəm, Yerə enməm
də, səma şairiyəm». Vaqifin qəhrəmanı
üçün isə bu
iki məkan dünyanın iki
üzüdür, bir üzü qəmli, nigaran
görünüşdə, təzadlı insan
dəniziylə dolu- o
biri üzü saf, təmiz.
Vaqifin sevgi şeirləri də orijinallığı ilə seçilir. Burada parıltılı, gözqamaşdırıcı, «nəhəng» təşbihlərə, mübaliğələrə rast gəlməzsən. Onun əksər şeirlərinə xas olan nəfəs bolluğu, sözlərin, ifadələrin sanki yürüş atları kimi bir-birinin ardınca çapması… çapıb-çapıb işığa doğru yüyürməsi… sevgi şeirlərində daha bariz nəzərə çarpır:
Mən səni sevmirəm, səni sevmək azdı,
mən səni pələng cəngəlliyə,
cəngəllik pələngə yaraşantək,
pələng cəngəlliyi,
cəngəllik pələngi yaşadantək
yaşayıram, narım, gilənarım.
Bu dünyada hər şey-
bütün dağlar, düzlər, dərələr,
bütün güllər, çiçəklər,
ancaq məndən sonra biləcəklər
bu dünyada necə seviblər,
həm də bu qədər sevgiylə
dünyanı necə tərk ediblər,
bu dünyanın göyüzündəki qapısını da
necə sevgiylə qapayıb,
üstünə eşq şəkli çəkib gediblər.
Mən niyə Yaxşı Şeir haqqında söhbətə Vaqif Bayatlı Odərin şeirlərindən başladım? Əlbəttə, bu, heç də təsadüfi deyil. Mənim fikrimcə, V.B.Odər tək-tük şairlərdəndir ki, sənət yolunun əvvəlindən bu günə qədər özünün seçdiyi, intixab etdiyi poetik mərama sadiq qalır. Çox maraqlıdır ki, ilk şeirlərində, poeziyaya gəlişində «mübahisəli» şair kimi tanınan Vaqif indi bu mübahisələrdən tamam uzaqdır. Çünki o, öz şeirinin fərdiliyini, bənzərsizliyini sübut edə bildi. Vaqifin «Yupyumru bir eşq ilə» kitabındakı şeirləri oxuyandan sonra birdən-birə xatırladım ki, onun 62 yaşı var. İllər nə tez gəlib keçdi, amma Vaqifi həmişə GƏNC ŞAİR kimi xatırlayıram, özünün də, şeirlərinin də qocalmaq qorxusu yoxdur.
Öz
şair fərdiyyətini beləcə qoruyub saxlayan çoxmu
şairimiz var? Əlbəttə, bu
sualın qarşısında aciz deyilik.
Şair fərdiyyəti hər şeydən əvvəl, şeirdə özünü təsdiq etmək deməkdir. Amma özünü təsdiq də yaradıcılığın yalnız bir mərhələsinə aid ola bilməz. Şair son şeirinə qədər diqqət mərkəzində olmalıdır. Ola bilər ki, onun bütün yazdıqları eyni poetik səviyyəni əks etdirməsin,bir-birindən fərqli şeirləri diqqəti cəlb eləsin, amma şair fərdiyyətini qoruyub saxlamaq üçün bir neçə şeir də kifayətdir ki, deyəsən: BU ŞEİRDİR…
Vaqif Səmədoğlunun «Mən burdayam, ilahi», «Uzaq yaşıl ada» iki şeirlər kitabında oxucunu təmin etməyən, necə deyərlər, zövqümü oxşamayan şeirlər də var, amma onun bu iki kitabındakı şeirlərin əksəriyyəti müasir Azərbaycan şeirinin gəlib çatdığı ən yaxşı səviyyəni əks etdirir. Bu şeirlər nədən danışırsa-danışsın, hansı vəzndə, hansı ovqatla yazılırsa-yazılsın, məhz onlardan şeir kimi danışırsan.
Olmayan yerdə
Eyvana qonmuş bir sərçə də
sevincdir,
yada düşən
bir xoş yay günü də,
ən dəli sərxoşluq da…
Olmayan yerdə
quru çiçək də bahardır.
Olmayan yerdə
göydə Ay da azadlıqdır,
yastı damlardan
Ayın apardığı
yuxulu uşaqlar da…
Bu şeirdə Azərbaycan
şeirinin metaforik çalarları, rəngləri
əks olunub. İlk baxışda ani bir təəssüratı
(V.Səmədoğlunun əksər
şeirlərində olduğu
kimi-V.Y.) ifadə edən bu şeir
misra-misra oxunduqca anilikdən çıxır
və sənə belə bir fikri
təlqin edir ki, dünya gözəldir, eyvana qonmuş sərçəyə
bax, bir xoş yay gününü
yad elə, Aya bax…Məgər
əzəldən bu deyilmi şeirin missiyası…
Yaxşı şeir necə doğulur? Yazırlar ki, şeir ilahi
vəhylə bağlıdır, hansısa qəfil bir hadisənin təkanı, şair ovqatının yaratdığı
emosional hal-vəziyyət
də şeir doğurur..Amma bütün bunların
hamısı şairin
varlığıyla bağlıdır. Belinski yazırdı ki: «Yaradıcılıq sənətkardan
asılıdır, o öz
mövzusunun köləsi
olduğu qədər
də ağasıdır.
Ürək orqanizmdən asılı
olduğu kimi, yaradıcılıq da sənətkardan asılıdır. Bunu hər şeydən
yaxşı yuxu ilə izah etmək
olar. Yuxu azad bir şeydir,
lakin bununla birlikdə, yuxu bizim özümüzdən
də asılıdır.
Melanxolik adam
həmişə qorxulu
və fantastik yuxular görər: fleqmatik adam yuxuda yatar; aktyor
yuxuda da alqış səsi eşidər, hərbiyyəlilər
yuxuda vuruşma, məmurlar isə rüşvət görərlər
və i.a.Sənətkar
da belədir, o öz varlığını
yaratdığı əsərlərdə
büruzə verir».
Müasir
Azərbaycan poeziya məkanında kifayət qədər populyar olan və ində
də populyarlığını
itirməyən (hərçənd
ki, bu heç
də xoşagələn
söz deyil, çünki «populyar» dediyimiz çox şair bu imici
qazandıqları kimi
də itiriblər- «bir atım barıtı
varmış» -V.Y.) Ramiz
Rövşənin son illərdə
yazdığı şeirləri
də sübut edir ki, şeir
ilk növbədə, şairin
«bətnində» doğulur.
Bəlkə o şeir uzun
illər o «bətndə»
yaşayır, bəlkə
də lap tez doğulur. Amma doğulanda ŞEİR kimi doğulur. Ora heç nə qarışmır.
Bulud kimi ölmək-
bir yaz yağışında.
Ümid
kimi ölmək-
bir
qız baxışında.
Bir yel qanadında
yarpaq kimi
ölmək.
Bir qəbir altında
torpaq kimi
ölmək.
Bir gül kimi ölmək-
bir güldan
içində.
Bülbül
kimi ölmək-
bir hicran
içində.
Bir səs kimi ölmək-
bir kar qulağında.
Bir söz kimi ölmək-
bir lal dodağında.
Gündən-günə
ölmək,
Dönə-dönə
ölmək,
Öldükcə
dirilmək,
Sonra yenə ölmək…
Yenə
V.Q.Belinskiyə üz tuturam: «Puşkin poeziyasının, xüsusən, onun lirik poeziyasının
ümumi koloriti-insanın daxili
gözəlliyi və qəlbi oxşayan
insanpərvərlikdir. Buna onu
da əlavə edək ki,
əgər hər bir insani
hiss əzəl başdan
heyvani deyil, insaniliyinə
görə gözəldirsə, Puşkinin
əsərlərində hər hiss bir də zərifliyinə, incəliyinə
görə gözəldir. Biz bunu deyəndə Puşkində
onsuz da həmişə
son dərəcə gözəl olan poetik formanı nəzərdə
tutmuruq: yox, bizim dediyimiz odur ki, onun
hər bir şeirinin əsasını
təşkil edən hissin hər biri öz-özlüyündə gözəldir,
məlahətlidir və mahiranədir: bu,
sadəcə olaraq, insan
hissi deyil, sənətkar
insanın, şairin hissidir».
Dahi tənqidçinin Puşkin
poeziyasıyla bağlı bu mülahizələrini
mexaniki şəkildə müasir
şeirimizə şamil etmək istəməzdik.
Lakin həmin sitatda bir həqiqət var ki, bu, bütün
zamanların poeziyasına aiddir-şeir insanda incə hisslər, zərif duyğular oyatmalıdır. Bunun
üçün şeirin
özü də zərif və incə
olmalıdır, çünki «bu, adi insan
hissi deyil, sənətkar
insanın, şairin hissidir».
Vaqif Yusifli
Ədalət.-2011.-8 oktyabr.-S.19.