ELMİ
ARAŞDIRMALARDA PLAGİAT, ƏNƏNƏVİLİYİN VƏ
YENİLİYİN SƏRHƏDLƏRİ
(əvvəli ötən
sayımızda)
İlk öncə qeyd etməliyik
ki, Babayevin "XIII-XIV əsr anadilli lirik şerimizin
inkişaf yolu" adlı kitabının giriş və nəticə
hissələrinin olmaması müəllifinin mövzuya və
irəli sürdüyü problemə "bələdlik səviyyəsi"nin
aşkar dəlil və sübutudur. Mövzu lirik şerin
inkişaf yolu olduğu halda, lirik şeir və epik şerin sərhədi
müəyyənləşmir, epik şeir müəllifləri
("Yusif və Züleyxa" məsnəvisinin müəllifi
Mustafa Zərir), tək bir mübahisəli şerin müəllifləri
(Səfiəddin Ərdəbili və Səfiəddin Urməvi),
müəllifliyi mübahisəli Nasir Bakuyi kimi şairlər
haqqında çeşidli arasdırmalardan toplanmış məlumatlar
nəinki mövzunu açıqlamağa yardım edir, əksinə,
müəllifin mövzunun tədqiqat obyekti və metodu barədə
çox dumanlı təsəvvürə malik olduğunu
göstərir. Belə ki, ədəbiyyat tarixinə Səfiəddin
Ürməvini (XIII) bir şair kimi daxil etmək cəhdi
uğursuz bir təşəbbüsün nəticəsidir. Ona
aid edilən şeirdə cığatay ünsürlərinin
yer alması qəzəlin XV yüzilliyin ikinci
yarısından öncəyə aid edilə bilməyəcəyini
göstərir. Bu, Nəvai şeri təsiri ilə Azərbaycan
ədəbiyyatında təzahür edən bir ədəbi
dil hadisəsidir və orta çağ ədəbiyyatı
araşdırıcılarının bildiyi bir gerçəklikdir.
Halbuki Səfiəddin Urməviyə aid edilən "Bizi
unutma" rədifli şeir cığatay qrammatik
ünsürləri ilə yazılıb və Babayevin xəbərsiz
olduğu Şah Qasimin eyni rədifli şeri ilə səsləşir.
Nasir Bakuyiyə aid edilən şeir yalnız bir cüngdə
və bir araşdırıcının əsərində yer
aldığından, Babayevin iddia etdiyi kimi, o dövrdə
Bakıda ədəbi mühitin göstəricisi sayıla bilməz.
Mənim ona "plagiator"
epitetini ünvanlamağımı etik normaları aşma kimi
dəyərləndirən Babayev, görəsən, nə
gözləyirdi? Bəlkə mən: "lütfən,
çalmayın (yəni: zəhmət olmazsa, oğurlamayın...)"
deməliydim? İşin gülünc tərəflərindən
biri də budur ki, mənim onun ünvanına istifadə etdiyim
"plagiator" sözü onun özü tərəfindən
özü üçün dediyindən azdır... Yəni mən
yazı boyu cəmi bir neçə dəfə bu ifadədən
istifadə etmiş və daha çox faktiki dəlillərə
söykənmişəmsə, Babayev təkrar-təkrar
özü ilə əlaqədar bu sözü işlədib
(?). Bu ifadənin işlənmə məqamı və sərhədi
barədə təsəvvürü olmadığından nəinki
özünə, eləcə də M.Tərbiyətə də
"plagiat" deyir, "plagiator" deyil... Məsələn,
Babayev özünə bəraət qazandırmaq məqsədilə
yazır: "Biz də bir plagiat kimi bu fikirləri Səadət
müəllimədən "oğurlamışıq". (Zənnimcə,
bütün yazı boyu həqiqətə yaxın bir cümlə
varsa, o da elə budur...)
Artıq neçə illərdir
ki, araşdırmalarımdan çalıb-capmalar, sonda isə
məni inkar bir qisim "alimnüma" üçün
özünü təsdiq yolu və vasitəsinə
çevrilib... Cami demişkən, sözüm
yaxşıdır, özüm yaxşı deyiləm.
Tənqidi qeydlərimi fərqli
bucaqdan təqdim edən və mənə insanlara nifrət bəsləyən
iftirası atan Y. Babayev nə zamandan etibarən
insanlığın və bəşəriyyətin rəmzinə
çevrilib? Mənim ittiham və etirazlarım ona və əməllərinə
qarşı yönəlibdir. Yoxsa ki, insanlara hüsn-rəğbətim
və istiqanlılığım, gördüyüm diqqət
və məhəbbət yetərincədir. Mən
haramlığa və onun təzahürlərindən biri
saydığım plagiata nifrət edirəm və bu kimi
naqisliklərə qarşı barışmazam. Yeri gəlmişkən,
Y. Babayev 2009-cu ildə çap olunmuş və oxunmasına
diqqət ayırmağı vaxt itkisi saydığım "Təriqət
ədəbiyyatı: sufizm və hürufizm"
kitabının avtoqrafında yazırdı: "Elminə və
insanlığına böyük hörmət bəslədiyim,
gözəl nəsimişünas alim Səadət xanıma
müəllifdən böyük səmimiyyət və
ehtiramla" (Səhifənin surəti məqaləyə əlavə
edilib). "Elm" qəzetində gedən "hərzəvü
hədyan"da isə tamamilə fərqli münasibət
görürük.
"XIII-XIV əsr anadilli lirik şerimizin inkişaf
yolu" adlı kitabında isə, öncəki təkzib məqaləmdə
də xatırlatdığım kimi deyirdi: "Son dövr nəsimişünaslığında
tədqiqatçı S.Şıxıyeva daha intensiv fəaliyyət
göstərir. Onun müxtəlif qəzet, jurnal və elmi əsərlərdə
sənətkarın həm həyat və şəxsiyyəti,
həm də yaradıcılığının fərqli
problemləri ilə bağlı xeyli məqaləsi dərc
olunmuşdur. Şairin avtobioqrafiyasına aid bəzi məsələlərə,
o cümlədən onun doğulduğu il, yer, adı, təxəllüsü
və s. tərcümeyi-hal faktlarına aydınlıq gətirilməsində
tədqiqatçının faydalı mülahizələri
olduğunu qeyd etmək lazımdır". (s. 39)
Bu "təkzibül-təkzib"
yazısında isə deyir: "S.Şıxıyevanın
yazdıqları da "kəşf və novatorluq" yox,
yuxarıda adını çəkdiyimiz (və adını
çəkmək imkanımız olmayan) alimlərin fikirlərinin
bəsit təkrarından başqa bir şey deyil".
Burada məşhur bir atalar
sözünü xatırlatmaya bilmirəm: "Bəy dediyin nədir,
bəyənmədiyin nədir?"
Bu məntiqsizliklər Babayevin
yazısının səviyyəsizlik və qeyri-ciddiliyinin
açıq təzahürü, məsləhətçisinin
isə məhz illərdən bəri gizlində qaynayıb,
uyğun bir şərait tapınca aşkara çıxıb
çağlayan nifrətinin ifadəsindən başqa bir
şey deyil...
Keçid dövrünün bəlası
olan elmin kütləviləşməsi, bunun müəyyən
anlamda "dolanacaq vasitəsi" olaraq dərki və təqdimi
sonda bu dövrün mediyevistikasını tənəzzülə
uğratdı. Bu dövrdə elmi araşdırma
meyarlarının müəyyən anlamda itməsi, akademik və
klassik filoloji təhlil üsulunun yerini ən yaxşı halda
elmi-publisistik, ən pis halda isə psevdofəlsəfi,
psevdomodern "analiz"ə, nəticədə psevdoelmə
verməsi acınacaqlı sonuclara gətirdi. Elmdə
koordinasiyanın pozulması və formal fəaliyyəti,
işlənmiş mövzulara təkrar-təkrar müraciət
olunması, mövzuların seçimi və maliyyələşdirilməsindəki
dövlət və milli maraqlar baxımından önəmli
olan və olmayanların müəyyənləşdirilməməsi,
kortəbiilik və pərakəndəlik nəticə olaraq
qeyri-peşəkarların peşəkarlara meydan oxuması
kimi absurd və gülünc bir duruma gətirdi. Bu dünya
elmi məkanı üçün qeyri-ənənəvi, Azərbaycan
elmi mühiti üçün isə adiləşmiş
arzuolunmaz təzahürün ən parlaq örnəklərindən
biri də Y.Babayevin bəhsini etdiyim kitabları və
"Elm" qəzetində yer verilən yazısıdır.
Bunları gördükdə, Niyazi Mısrinin "...qiyamətdən
əlamət var" ifadəsi yadıma düşdü. Əslində
bu kimi alimnümalara rəvac verib dəstəkləyənlər
mütəşəkkil cinayətkarlar kimi cəzalandırılmalıdırlar.
Çünki sonucda onların himayəsi, bəzən
prinsipsizlik və simasızlığının nəticəsində
bu alimnümaların apolojik, təqlidi və parodik "əsərləri"
çeşidli elmi ad və dərəcələrə yiyələnilməsinə,
o dərəcələrə uyğun əmək haqqı
alınmasına, son nəticədə bu saxta alimlərin
dövlət və xalqın cibinə girməsinə səbəb
olur. Nəinki ciddi elmi mərkəzlərdə, heç
postsovet məkanının digər dövlətlərində
də gözə dəyməyən bu anomaliyalar, çox təəssüf
ki, Azərbaycan elmi mühitində cəzasızlıq, nəzarətsizlik
kimi münbit şəraitdə get-gedə artır. Bunun nəticəsi
olaraq, elmi tədqiqat adına çap olunan işlərin bir
qismi hərc-mərclik, özbaşınalıq dərəcəsinin
göstəricisinə çevrilib, lağlağı şəklini
alıb. İş elə bir həddə çatıb ki, istənilən
şəxs istənilən elmi işin üzərinə
öz adını yazıb, onun müəllifliyi iddiasında
ola bilir. Bu bəlanın geniş yayılması və az qala
normativə çevrilməsi isə ölkədən kənarda
ayrı-ayrı fərdləri deyil, onların təmsil etdiyi
xalq və dövləti nüfuzdan salır, ayrı-ayrı
alimnümaların zehni məhdudiyyəti mənsub olduğu
xalq və dövlətin elmi və səviyyəsi kimi dərk
edilir.
Çox ümid edirəm ki, elmi fəaliyyət
sahəsində islahatların aparılmasına verilən start
uğurla davam etdiriləcək, nəticədə plagiat və
onun cəmiyyətdə normal qarşılanması kimi mənəvi-əqli
aşınma və deqradasiyanın təzahürləri aradan
qaldırılacaq, müəlliflik hüquqları və əqli
mülkiyyəti qoruyan qanunlar ciddi və əməli fəaliyyət
göstərəcək. Maddi mülkiyyət kimi, əqli
mülkiyyətin də qorunmasında müəyyən cəzaların
nəzərdə tutulması və tətbiqi həm Azərbaycan
elmi fikrini sürükləndiyi uçurumdan xilas edər, həm
də fədakarcasına elmə xidmət edənləri
nadanların mənəvi terroru və sonucda məruz
qaldıqları sarsıntılardan qoruyar. Bu yöndə
insanların maarifləndirilməsinə də ehtiyac duyulur. Bu
istiqamətdə müəyyən işlərin görülməsi
nəticədə qul düşüncəli bir sıra
insanlardan fərqli olaraq, öz haqq və hüququnu aydın dərk
edən insanların formalaşmasına yol açar. Əgər
bir insan ayrıca bir fərd olaraq, öz haqqını
müdafiə etməyi bacarmırsa, o, ən böyük
söz və düşüncə sahiblərimiz ətrafında
zaman-zaman ortaya çıxan mübahisələrə necə
qoşula, milli-mənəvi dəyərlərimizi müdafiə
edə bilər?!
Azərbaycan dövlətinin
prezidenti cənab İlham Əliyevin elm və təhsilə
xüsusi diqqət tələb etdiyi, Azərbaycan elminin
dünya elmi məkanına inteqrasiyasının günün tələbi
kimi ortaya çıxdığı bir dövrdə, Prezident
administrasiyasının rəhbəri akad. Ramiz Mehdiyevin orta
çağ araşdırıcılarından mütləq
Şərq dillərindən birini bilməsini və ilkin
qaynaqlar əsasında obyektiv və elmi həqiqətləri
çatdırmağı tələb etdiyi bir zamanda tədqiqatlar
əsasında "tədqiqat" yazanlar, görəsən,
nəyə və ya kimə arxayındırlar?
Təkrar edirəm: Elin gözü tərəzidir. Zaman hər əlinə qələm alana
sahib çıxmır, hər
doldurulmuş səhifələr
toplusu da kitab deyil... Bu da bəlli həqiqətlər...
Mövlana "Məsnəvi"sində
hz. Məhəmmədin
dilindən belə bir hədis nəql edir ki, "Hər kəs özü necədirsə, məni də elə görür: Hindli hindli kimi, zənci
zənci kimi..."
Buna görə də
bundan sonra Y. Babayevin mübahisə etmək cəhdlərini cavabsız buraxacaq, maraqlananlara müqayisə
üçün "Elm" qəzetinin 22 iyun və 15 iyul 2009-cu il tarixli buraxılışlarında
yer almış təkzib məqaləmə
baxmağı məsləhət
biləcəyəm.
Səadət Şıxıyeva,
filologiya elmləri
namizədi,
Azərbaycan Milli Elmlər Akademiyası akad.
Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutu
Ədalət.-2011.-12-13
oktyabr.-S.7.