Üç prinsip, altı element

 

 Dağlıq Qarabağ probleminin həllini düyünə salan da budur

 

 Dağlıq Qarabağ probleminin tənzimlənməsi məqsədilə aparılan danışıqların bir neçə illə müqayisədə intensivləşdirilməsi məsələnin tez bir zamanda həllinə ümidləri artırmasa da diqqətdən kənarda qalmaması baxımından təqdirəlayiq hesab oluna bilər. Bir şərtlə ki, bu intensivlikdə həqiqətin yanında olunması prosesi özünü göstərsin. Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərinin hissə-hissə azad edilməsi istiqamətində danışıqların xeyli intensivləşdiyi bildirilsə də bu proses hələ reallaşma mərhələsinə keçmir. Baxmayaraq ki, dünyanın aparıcı ölkələrinin məsələyə münasibəti, aparıcı beynəlxalq təşkilatların vermiş olduqları rəylər də torpaqların qaytarılmasının zəruriliyini təsdiqləyir. Bu mənada ATƏT-in Minsk Qrupu həmsədlərinin qurumun sonuncu sessiyasında danışıqlar prosesinin nədən ibarət olduğunu özündə ehtiva edən hesabat xarakterli açıqlamasında əksini tapan məqamlar diqqəti cəlb edir.

  

   Öncə amerikalı həmsədr Robert Bradtke çıxışında təfərrüatlara aydınlıq gətirməyə çalışıb. Bradtke həmkarlar ilə problemin həllini 3 prinsip əsasında gördüklərini bildirib: gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə hüququ. Həmçinin vasitəçilərin münaqişənin 6 element əsasında həllinə çalışdıqları bəlli olub: Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması; Dağlıq Qarabağa keçid statusu verilməsi; Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqənin təmin edilməsi; Dağlıq Qarabağın hüquqi statusunun yekun həlli; Köçkünlərin yurd-yuvalarına qayıtması; Bölgədə beynəlxalq təhlükəsizlik və sülhməramlı əməliyyatların təmin edilməsi.  

   Fikirlərini açıqladıqdan sonra amerikalı həmsədr tərəflərin bəzi prinsipləri qəbul etməməsi səsəbindən yekun sazişin əngəlləndiyini vurğulayıb. Bradtkenin dediklərini uzun illər eşitdiyimizi nəzərə alsaq, məlum nitqdə yeni nəsə axtarmağa dəyməz.   

   Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun da danışıqlar prosesi ilə bağlı son açıqlamasında müəyyən məqamlara toxunub. Nazirin sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri işğal edilmiş torpaqlardan çıxsa, bu, regionda böyük imkanlar yaradacaq, kommunikasiyalar açılacaq, qaçqınlar öz torpaqlarına qayıdacaqlar. E.Məmmədyarov onu da bildirib ki, hazırki danışıqlar prosesində əsas problem gələcəkdə müəyyənləşdirilməsi mümkün olan status-kvo deyil, torpaqların işğalı və qaçqınların mövcud olması məsələsidir. "Biz hamımız, həmçinin Ermənistan tərəfi, anlayır ki, indi statusu müəyyən edə bilmərik. Bunu yalnız son mərhələdə etmək mümkün olacaq", - deyə nazir vurğulayıb.

   Nazir ATƏT-in Minsk qrupu həmsədrlərinin bu ayın sonuna qədər regiona səfər edəcəklərini deyib: "Biz danışıqları davam etdirməklə bağlı razılığa gəlmişik. Artıq bəzi məsələlər üzrə razılığa gəlmişik və bu irəliləyişi əldən verməməliyik". Həmçinin E.Məmmədyarov danışıqlar prosesinin gedişində bir sıra çətinliklərin mövcud olduğunu diqqətə çatdırıb: "Bəzi məsələlərin müzakirəsi zamanı biz güzəştlər əsasında yeni formula nail olmaqda çətinliklə üzləşirik. Biz onlar üzərində işləməliyik. Açıq məsələlər var ki, onlara görə danışıqları davam etdirmək lazımdır. Əgər biz prinsipləri razılaşdıra bilmiriksə, bu, kiçik problemdir. Baza prinsiplərinin müəyyənləşdirilməsi zamanı tərəflərin razılığa gələ bilmədikləri məsələləri böyük sazişin hazırlanması zamanı razılaşdırmaq olar".  

   Nazir onu da qeyd edib ki, təhlükəsizliyin təmin olunması baxımından münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsi zəruridir: "Əgər Ermənistan qoşunları əraziləri boşaltsa və məcburi köçkünlər öz torpaqlarına qayıtsalar, onların təhlükəsizliyinin təmin olunması vacibdir, çünki biz Ermənistan tərəfinə, onlar isə bizə inanmır".  

   Yeri gəlmişkən, Dağlıq Qarabağ danışıqlarının təfərrüatları açıqlanmasa da qeyri-rəsmi formada məlumatların sızdırılması halları həmişə olub. Hələ bir neçə il əvvəl Türkiyə mətbuatı dövlət rəsmilərinə istinadən bəzi detalları açıqlamışdı. Modern.az-ın məlumatına görə sayta Türkiyə diplomatik nümayəndəliklərindən ciddi məlumat daxil olub. Məlumata görə artıq tərəflər həmsədlərin dedikləri 6 məsələdən 4-nə prinsipcə razılıq veriblər ki, onlar da aşağıdakılardan ibarətdir: 

   Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması; Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqənin təmin edilməsi; Dağlıq Qarabağın hüquqi statusunun yekun həlli; Köçkünlərin yurd-yuvalarına qayıtması. 

   Qeyd edək ki, Dağlıq Qarabağa keçid statusu verilməsi və bölgədə beynəlxalq təhlükəsizlik və sülhməramlı əməliyyatların təmin edilməsi məsələlərinin tərəflərin danışıqlarınida dəfələrlə müzakirəyə çıxarılıb. Amma hər hansı razılığın əldə olunması mümkün olmayıb. Göründüyü kimi razılaşdırılmış dörd məsələ tərəflər üzərinə aşağıdakılara əməl etmək öhdəliyi qoyur.  

   Deməli, bu razılaşmaya əsasən, Qarabağ ətrafındakı Azərbaycanın rayonları boşaldılacaq, Ermənistanla Qarabağ arasında Laçın dəhlizi yaradılacaq, eyni zamanda Qarabağın hüquqi statusu ilə bağlı məsələ öz həllini tapacaq, məcburi köçkünlər öz evlərinə qayıdacaqlar. Ancaq Dağlıq Qarabağa keçid statusu verilməsi və bölgədə beynəlxalq təhlükəsizlik və sülhməramlı əməliyyatların təmin edilməsi məsələləri tərəflər arasında razılaşdırıla bilmir. Azərbaycanlı nazir Elmar Məmmədyarovun son açıqlamasında da tərəflər arasında qarşılıqlı etmimadsizlığın olduğu birbaşa qeyd olunub.

   Bəllidir ki, Ermənistan tərəfi danışıqlarda birmənalı olaraq Qarabağa status tələb edir. İşğalçı dövlət Qarabağa müvəqqəti keçid statusunun verilməsi ilə razılaşmır. Qarabağa keçidsiz statusun verilməsinə nail olmaq isə birdəfəlik bu bölgədən Azərbaycanın əlini üzməsi demək olar. Məhz buna görə də Azərbaycan tərəfi buna razılıq verə bilmir. Şübhəsiz, rəsmi Bakı bunun çox qorxulu və demək olar öz əli ilə Qarabağı itirməklə nəticələnə biləcək qədər ciddi fəsad verən incə məqam olduğunu dərk etməmiş deyil. Azərbaycan bununla razılaşsa, dərhal sonra dünyanın ayrı-ayrı ölkələri Qarabağın müstəqilliyini avtomatik olaraq tanıyacaq və istinad nöqtəsi Azərbaycanla Ermənistan arasında olan razılaşma göstəriləcək. Hər iki tərəf üçün bu su kimi aydındır. Ermənistan da ona görə danışıqlarda birinci məsələ kimi bunun həllini istəyir. Eyni zamanda bu məsələni ortaya atan tərəflər də. Təcavüzə məruz qalan Azərbaycan isə atması istənilən bu addımın ona nəyin bahasına başa gələcəyini dəqiq bildiyindən ən sonda bu məsələyə baxılmasına razılıq verir.  

   Ciddi mübahisə doğuran ikinci məsələ isə bölgəyə sülməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlıdır ki, burada da fikirlər haçalanır. Azərbaycan tərəfi bu məsələdə BMT statusulu qüvvələrin təmsilçiliyini istəyir və bu tələbində də israrlıdır. Ermənistan isə əksinə, hesab edir ki, artıq bölgədə sülhməramlı qüvvələr var. Çünki Ermənistan tərəfi bölgədə sülhməramlı qüvələr deyəndə yalnız Rusiyanı düşünür və bu ölkənin Ermənistandakı hərbi qüvvələrini nəzərdə tutur.  

   Əslində Ermənistan bunu iddia edəndə Rusiyanın mövqeyini ortaya qoyur. Regionda Rusiyanın ciddi fəallıq göstərməsi də bölgədə yalnız özünü sülhməramlı kimi görməsidir. ATƏT-in Minsk qrupunda təmsilçilik bu iddianı stimullaşdıran amil rolunu oynamaqda Rusiyaya yardımçı olur. Digər iki vasitəçi dövlət-rəsmi Vaşinqton və Parisin bu məsələdə Kremlə razılaşacağı inandırıcı görünməsə də rəsmi Moskva bütün mümkün vasitələrdən yararlanmaqla onları ram etməyə çalışır.  

   Proseslərin sonunun nə ilə nəticələnəcəyi hələlik bəlli olmasa da işartıların təhlükəliliyi nəzərə alınarsa, yalnız qardaş ölkə-Türkiyəyə ümid qalır. Çünki uzun illərdir Türkiyənin bu prosesə cəlb olunması arzulanır ki, bu da təhlükənin ram edilməsi istiqamətində ona bəslənilən ümiddən irəli gəlir.   

   Xatırladaq ki, danışıqlar prosesində tərəflərin razılığa gəlməməsinin kökündə də bu iki məqam dayanır. 1994-cü ildən bu günə kimi davam edən müzakirələrdə tərəfləri kompromisə getməməyə məcbur edən bu məqamlar əks təqdirdə müharihə riskini artırır. Rusiya xaricində regionda maraqlı olan dünyanın super güclərinin istəyi isə Cənubi Qafqazda müharibə ehtimalını sıfıra endirməkdir. Bu istək isə anlaşılandır. Əlbəttə ki, Azərbaycanda enerji maraqları müharibəni istisna edir. Super güclər başa düşür ki, enerji mənbələri olan Azərbaycan müharibə edərsə, bu onlar üsün mənfi nəticələrə səbəb olar. Digər bir tərəfdən də lokal mahiyyət daşıyan Dağlıq Qarabağ problemin çözümünün müharibə ilə sonuclanması masştabını genişləndirə bilər. Amerikalı həmsədr Robert Bradtkenin fikirlərində də əslində bu ehtiyatlılıq özünü göstərir. Onun "problemin həllini 3 prinsip əsasında görürük: gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə hüququ"-deməsi buna əsas verir. Həmin üç prinsip arasında "xalqların öz müqəddəratını təyin etmə hüququ" məsələsinin yer alması danışıqlarda kompromisin əldə olunmamasında əvvəlki iki məqamdan az rol oynamır. Məhz Ermənistanın iddialarına cavab olaraq əks olunan bu tezis danışıqlar prosesində işğalçı dövlətə əlavə stimul verir. Rəsmi Bakının bununla razılaşacağı da mümkün deyil.  

   Göründüyü problemi çözmək üçün bir araya gələn vasitəçilərin ortaya çıxardıqları təkliflər də bir-biri ilə ziddiyyət təşkil edir. Həmçinin də bütövlükdə dünyada cərəyan edən proseslərdə müxtəlif yanaşmalar nümayiş etdirən həmsədr dövlətlərin təmsilçiləri xalqların öz müqəddəratını təyin etmə hüququna istinad etməklə özlərini inkar etmiş olurlar. Çünki bu təkliflər əleyhinə olduqları və dəfələrlə səsləndirdikləri gücdən istifadə etməmək məsələsinin əksini gündəmə çıxarır. Bunu isə tərəflərdən də yaxşı onların özləri başa düşürlər. Amma nə məqsədlə belə edirlər, bilinmir.

 

 

  Gültəkin

 

  Ədalət.-2011.-12-13 oktyabr.-S.3.