Lənkəran, gözəl diyar, Doğma şəhərim mənim!

 

  Bu misralar Lənkəranı vəsf edən minlərlə poetik nümunələrdən biridir

  

   Azərbaycanın coğrafi xəritəsində öz yeri olan Lənkəranın ölkə həyatında da heç şübhəsiz öz mövqeyi var. Bu məkanı "Cənubun Mirvarisi" adlandıranlar da qətiyyən səhv etməyiblər. Başı buludlara çatan Talış dağlarından bir az aşağıda, Mavi Xəzərin sahilində yerləşən Lənkəran doğrudan da gözəldir. Subtropik bitkiləri zəngin olduğundan hətta qışda da "yaşıl paltarı"nı soyunmayan bu şəhərin əsası hələ çox qədimlərdə qoyulsa da, Lənkəran xanlığı XVIII əsrin ortalarında təşəkkül tapmış, ilk mərkəzi də Qızılağac kəndi olmuşdur. 

   1539 kvadrat kilometr ərazisi olan Lənkəran rayonu 1930-cu ildə təşkil edilmişdir və hazırda burada yaşayanların sayı 211253 nəfərdir. Ölkənin ictimai-siyasi həyatında da öz sözü olan Lənkəran rayonunda xeyli əvvəllər yaşamış bir sıra tarixi şəxsiyyətlərlə birgə general Səməd bəy Mehmandarov, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, sənət fədailəri Həqiqət Rzayeva, Münəvvər Kələntərli kimi simalar da bu torpağa əbədi şərəf gətirmişdir.   

   89 ümumtəhsil məktəbini, 53 məktəbəqədər tərbiyə müəssisəsini, universiteti, tibb texnikumunu və digər elmi müəssisələri özündə birləşdirən Lənkəranda 89 klub, 96 kitabxana, Lənkəran Dövlət Dram Teatrı kimi mədəniyyət ocaqları da fəaliyyət göstərir.    

   Qızılağac Dövlət Təbiət Qoruğunun, Hirkan Milli Parkının xeyli hissəsi Lənkəran rayonu ərazisində yerləşir.

   

   Simasını dəyişən şəhər

    

   Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən uğurlu dövlət siyasəti bütün bölgələrdə olduğu kimi Lənkəranda da öz əksini tapmışdır. Xəzərin ləpədöyənində, dağların ətəklərində yerləşən Lənkəran şəhəri son illər simasını tamam dəyişmişdir. Küçə və xiyabanlar yenidən qurulmuş, köhnə tikililər yeni və müasirləri ilə əvəz edilmişdir.    

   Lənkəran şəhər İcra Hakimiyyətinin inzibati binası Avropa standartlarına cavab verən görkəmə salınmış, həyətindəki yaşıllıqlar genişləndirilmişdir. Ulu Öndərin adını daşıyan muzey, onun adına layiq olan heykəl bu böyük və möhtəşəm parka bir əzəmət verir. Cənub televiziyasının yeni binası ətrafdakı gözəlliyi tamamlayır.   

   Lənkəranda inşa edilən Müalicə-Diaqnostika Mərkəzi son vaxtlar ölkədə inşa edilən ən müasir tibb müəssisələrindəndir. Buradakı Olimpiya İdman Kompleksinin, müasir tələblərə cavab verən 15 min nəfərlik stadionidman bazası da son illərin məhsuludur. Lənkəran Beynəlxalq Hava Limanı isə regionda ən uğurlu layihədir.   

   Müasir görkəmli tikiş fabrikində çalışan 110 nəfər işçi daimi işlə təmin olunmuşdur.    

   "Palmali" Şirkətlər qrupu tərəfindən yaradılmış və müasir qurğularla təchiz edilmiş Lənkəran Süd Emalı Zavodunun məhsulu indi yaxın xaricdə də yaxşı tanınır.    

   Bir sözlə, son illər aparılan abadlıq-quruculuq işləri ölkənin ümumi inkişafının bir hissəsi olmaqla sakinlərin sosial şəraitlərinin yaxşılaşmasına xidmət edir. Bu tendensiya bu günuğurla həyata keçirilir.

      

   Lənkəran bu ilin birinci yarısında

      

   Lənkəran tərəvəz və çay istehsalına görə respublikada ilk yeri tutmaqla bərabər, həm də aqrar sənaye rayonudur. Burda heyvandarlıq, taxılçılıq, balıqçılıq, sitrus bağçılığı xeyli inkişaf etmişdir. 2011-ci ilin birinci yarısında ötən ilin uyğun dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın sayı 2,3 faiz, ət və süd istehsalı müvafiq olaraq 31,9 və 4,6 faiz çoxalmışdır.    

   Hər gün görkəmini dəyişən Lənkəranda tikinti-quraşdırma işlərinin miqyası da xeyli genişlənmişdir. Bu sahəyə qoyulan investisiyanın həcmi 14,4 milyon manata çatmışdır.    

   Əhaliyə göstərilən ticarət xidmətinin səviyyəsi, çeşidi xeyli genişləndirildiyindən bu məbləğ 110,3 milyon manata yüksəlmişdir. Pullu xidmətin də həcmi böyüyərək 23,3 milyon manat təşkil etmişdir.    

   Bütün ölkədə olduğu kimi Lənkəranda da sahibkarlığın inkişafına xüsusi diqqət verilir. Haqqında bəhs etdiyimiz dövr ərzində rayonda istehsalın həcmi sənayedə 65,5 faiz, aqrar sənayedə isə 99,9 faiz təşkil etmişdir.    

   Sakinlərin sosial qayğılarının həllinə yönəlmiş işlərin sürəti bir az da artırılmışdır. Yəni lənkəranlılara bu ilin ilk yarısında 4465805 manat dəyərində elektrik enerjisi, 1587692 manat dəyərində isə mavi qaz verilmişdir. Telefon istifadəçilərinin sayı daha 87 nəfər artaraq 31866 nəfərə çatmışdır.    

   Maddi ehtiyacı olan insanların sosial müdafiəsi qorunmuş, Sosial Müdafiə Mərkəzi tərəfindən 1100 lənkəranlı ailəyə sosial yardım verilmişdir.    

   Abadlıq işlərinin miqyası bir qədər də genişləndirilmişdir. Şəhər küçələrindən 12 kilometr, kəndlərin daxili yollarına 16,5 kilometr uzunluğunda isti asfalt döşənmişdir.    

   Bütün bunların nəticəsində bu dövr ərzində rayonda 505-i daimi olmaqla 712 yeni yeri açılmışdır.

  

  

   (ardı gələn sayımızda)

 

   Səxavət Məmmədli

 

   Ədalət.-2011.-13 oktyabr.-S.7.