BAYAT

 

  Yeganə Cansail

 

   Qərib şəhərin nağılı 

   Biri vardı, çoxu yoxdu  

   Bir uçuq şəhər vardı.

   Bağrından köhnə evlərin harayı 

   Gözlərindən neft yaşları axardı... 

   Neft kimi həyatları qara  

   Özləri ağ adamları vardı.   

   Hər gecə bir böcək cırıldardı uzaqlarda  

   Səsi pəncərəmdə cingildərdi...  

   Pərvanələr uçuşardı 

   İşıq dirəklərinin ətrafında  

   Buralarda gecələr tez düşərdi.  

   Payızı da çox üşüdərdi...  

   Güllə yarası kimi,  

   Şeir deşərdi ürəyimi  

   Misralar axardı qan əvəzi...  

   Bu şəhərin gecələri  

   Əcaib yuxular satıb,  

   nağıllar danışardı...  

   "Biri vardı, çoxu yoxdu  

   Sonda üç alması düşməyən  

   Qərib şəhər vardı..."

      

   Getsən...

  

   Getsən...  

   Üşüyəcək skamya.  

   Boş qalacaq  

   Şəhər kənarı  

   Kiçik kafedəki  

   bir cüt yer.  

   Getsən...  

   Dalğalar da inciyəcək sahilindən  

   Daha danışmayacaq  

   Balıqçı da, tutduğu balıqlardan.

  

   Getsən...

  

   Susacaq, arxanca asılıb qalan  

   Bir cüt göz... 

   Susacaq şəhər,  

   Susacaq qağayılar.  

   Getsən...  

   Əskiləcək bir içim nəfəs,  

   Bir əl toxunuş,  

   bir qəlb sevda.  

   Getsən...  

   ...getsən  

   Heç ...      

   Şair ölər...    

   Hər gecə dünyanı,  

   Qara qəpiyə gəlməz  

   Bu adamları  

   Küçənin bir küncündə  

   Alıb-satan əyyaş var...  

   Söyər-söyər,  

   İttiham edər, 

   Dara çəkər adamları...  

   Ətrafında dolaşan,  

   Ac pişiklərə  

   Yedirdər ümidlərini.  

   Hər gecə,  

   televizorda  

   Boş-boş danışar...  

   "Varlı ölkədə,  

   Kasıb yaşamaq olmaz" - deyər,  

   Mənəviyyatı kasıb  

   Boynu qalstuklu kişilər...  

   Küləklər əsər,  

   Gözümə şair dəyər...  

   Büzüşər, üşüyər...  

   Yedirdər fikirlərini  

   Ac kağızlara,  

   Hər gecə,  

   Şair ölər...

  

  

  Ədalət.-2011.-15 oktyabr.-S.20.