FEYZİYYƏ

  

   -deyirlər, gecələr piano səslənir otağımda.  

   -mən piano çalmağı sevirəm.  

   -bilirəm, amma sənin pianon yox 

   - ola bilər.  

   - səni tez-tez görürlər.  

   - harda?  

   - orda, uzaqlarda  

   - olsun.  

   - axı sən eləcə burdasan, həmişə    

   - burdag yaxında  

   - bəlkə   

   - bəs niyə hər yerə yazırsan    

   - betta, betta, betta 

   - bilmirəm  

   - mənsə bilirəm 

   - nəyi?  

   - çox şeyi  

   məsələn, sevmirsən yüksəkliyi  

   amma hər gecə çıxırsan binaların damına,  

   ocaq qalamağa.  

   - neçəsini - birini, ikisini?  

   - heç görmədim, deyirlər

   - bəs səncə,    

    çoxmu şey istəyər balınclar  

   gecənin qaranlığında  

   sürmə izlərinə toxunmadığı tək  

   nəmini saxlasaydı balıncların,  

   qurutmasaydı qaranlıqlar,  

   sabahlar da bir baxsaydı,  

   bir görsəydi  

   olacaqdı ki  

   kimsə bilməz,    

   sızıldayan nəmli barmaqların yazdığı  

   mesajlar  

   ünvanına gülüş işarəsi ilə çatar  

   sən tutmusan ki, deyirlərgdeyirlər

   neynək, deyirlər, deyirlər

    

   ***

     

   özüm qəribəm, qəribim var,  

   bircə öz ömrümçün qəribsəyirəm.  

   yollar da yolumdan oğurlanıbdı,  

   əllərim qoynumda yol gözləyirəm.

     

   bir ümid əlini qoyub çiynimə,  

   bir yalan köksümü içəri basır.  

   gözlərim sevinci geyib əynimə,  

   ürəyim qorxudan boynunu qısır.

      

   hamının yerinə özüm yaşadım,  

   hamının yerinə özüm ölmüşəm.  

   yüklənib çoxunun dərdin daşıdım, 

   görün neçə ömrə şərik gəlmişəm.

     

   kaş ki, öz ömrüm gələydi bir gün,  

   çıxıb yad ömürdən özüm olaydım.  

   sevincdən, ümiddə bəzənib hər gün,  

   ömrümlə baş-başa, yalnız qalaydım.

      

   gəzdim öz ömrümü yad yuxularda,  

   birində xəzanam, birində qaram.  

   göndərdim özümü ömür dalınca,

   indi ömrüm var, özüm varam.

  

   ***

      

   mən yarımçıq hörülmüş,  

   nahamar suvamış divardan asılan  

   çərçivəyə çalınmış rəsm əsəriyəm-  

   məni hardan,  

   hansı üzünə,  

   necə asırsınız asın-  

   bircə çərçivəmdən çıxarmayın!  

   çərçivə əsərlərin sərhəd çızığı,  

   qoruq xətiddi.  

   çərçivədən çıxanların sonu,  

   elə cızığından çıxanların aqibəti kimidi. 

   hər iki halda aqibət 

   üstdən çalın-çarpaz   

   çəkilmiş xətlər-cızıqlardı.

 

   ***

 

   yuxudu, hər şey yuxudu,  

   bircə gerçəyi yoxudu,  

   elə dünyanın oxudu,  

   gəlib keçir içimizdən.

     

   susanlar sözə susayır,  

   sönənlər közə susayır,  

   özgələr bizə susayır,  

   gəlib içir içimizdən.

     

   ayıqdı yatanlar, ayıq, 

   yatanlar hamıdan sayıq,  

   ömür - yuxulu bir qayıq,  

   üzüb keçir içimizdən.

 

 

   Ədalət.-2011.-15 oktyabr.-S.20.