ALLAHI
QATİL EDƏNLƏR
Roman
(Əvvəli qəzetimizin 8
oktyabr sayında)
Əvvəl Çiçəyi Burnunda olanlar, sonra Qarasaqqallar düzləndi. Ağsaqqallar da ərinə-ərinə yerlərindən qalxdılar. Dədələr isə heç qımıldanmadılar da.
Akademik də qalxmaq istəyəndə dədələrdən biri əlini qoydu onun çiyninə:
- Əyləş, sənə
aid deyil.
Batalyon Komandiri:
- Azad! Əyləşin! - dedi və özü də oturdu; - Sərin
suyunuz yoxdu?
Çiçəyi Burnunda
olanlardan biri tez qaçıb eyvandakı soyuducudan bir butulka
mineral su gətirdi, ağzını açıb stəkana
tökmək istəyəndə batalyon komandiri butulkanı
alıb suyu çəkdi başına, qalanı ilə də
boyun-boğazını islatdı:
- Oxxaay! Siz burda kef
edirsiz. Qədrimizi də bilmirsiz. Hə, Akademik yenə nə mühazirə oxuyurdu?
Akademik:
- Yoldaş leytenant, mən
mühazirə oxumurdum. Deyirdim, biz bura əsgərlik
etməyə gəlmişik, yoxsa fəhləlik etməyə?
Batalyon Komandiri gözləmədiyi
cavabdan tutuldu:
- Nə dedin?
Bir də təkrar elə!
- Deyirəm, biz bura Vətəni
müdafiə etməyə gəlmişik, yoxsa Komandirə
nökərçilik etməyə?
Batalyon Komandiri əsəbi halda
yerindən elə qalxdı ki, Çiçəyi Burnunda olan əsgərlər
qorxdu və bağırdı:
- Qalx! Farağat! Sənə on
gün qauptvaxt elan edirəm!
Farağat vəziyyət
almış Akademik:
- Yoldaş Leytenant, deyəsən
akademiyanı zəif oxumusuz, nizamnaməni yaxşı
bilmirsiz. Sizin mənə on gün həbs verməyə
səlahiyyətiniz çatmır. Siz mənə
yalnız iki gün həbs elan edə bilərsiz.
Dədələr
pıqqıldaşdılar, digər əsgərlər də
onlara qoşuldular. Batalyon Komandiri əyri-əyri
pıqqıldaşanlara baxdı:
- Hırıldamıyın, ə!
- dedi və səhvini düzəltdi: -
Yaxşı, Akademik! Mən sənə iki
gün qauptvaxt elan edirəm. Eybi yox, beş
gün də Komandir verir.
Akademik güldü:
- Oldu, iki gün qauptvaxt! Amma
yoldaş leytenant, burda qauptvaxt yoxdu, generalın zirzəmisinə
salacaqsız, yoxsa tikdiyimiz it damına?!
- Yox! İndi hərbi
hissədən maşın çağıraram, gəlib səni
aparar.
Bayaq Akademikə dəstək verən
Ağsaqqal başını buladı:
- Akademik, sənə bu lazım
idi?!
***
Qan iyinə
çaqqallar qaçıb gəlmişdi və meyidin ətrafında
fırlanırdılar. Hələ qoxusu
çəkilməmiş barıtın qorxusundan meyidə
toxunmurdular. Barıtın qoxusu çəkildikcə
çaqqallar ürkək-ürkək cəsədi
didişdirməyə başladılar. Və
əgər şəhərdən qayıdan içi əsgərlərlə
dolu maşın gəlib çıxmasaydı, yolun
ortasında qalmış cəsədi çaqqallar
parça-parça edəcəkdi. Maşın
dayandı, amma deyəsən çaqqallar çox həyasız
idilər, qorxub qaçmadılar. Zabit
çaqqalları qorxutmaq üçün havaya bir-iki əl
atəş açdı. Çaqqallar da
vaqqıldaya-vaqqıldaya öz dillərində Zabitə
söyə-söyə götürüldülər.
Zabit yolun ortasındakı meyidi görəndə yerindəcə
dondu, sonra yavaş- yavaş meyidə yaxınlaşdı, əvvəl-əvvəl
elə bildi Komandirin sürücüsüdü, amma kiteldəki
ulduzları görəndə..
Əsgərlər də
maşından töküldülər, amma Zabit əsgərləri
meyidə yaxınlaşmağa qoymadı, əmr elədi:
-Yaxın gəlməyin! Heç nəyə
də toxunmayın!
Sonra Zabit təcili hərbi hissəyə
telefon açdı:
- Komandiri vurublar!
Bu xəbər təkcə
hərbi hissədə deyil, şəhərdə də bomba
kimi partladı. Yarım saat keçməmiş
şəhərin bütün rəhbərliyi hadisə yerində
idi.
Yemək-içmək məclisindən
yarımçıq qalxmağa məcbur olmuş Şəhər
Meri dilxor-dilxor dedi:
- Hamımız zibilə
düşdük, günümüzü göy əskiyə
bükəcəklər!
Prokuror heç nə
olmamış kimi soyuqqanlıqla:
- Niyə? Biz
öldürmüşük?!
Mer:
- Elə danışırsan, elə
bil adicə bir adam öldürüblər.
Hamımızın başı ağrıyacaq.
Prokuror Zabitə göstəriş
verdi:
- Heç kəsi əraziyə
buraxmayın. Əsgərləri dağıt meşəyə,
qabaqlarına kim çıxsa
şapparlayıb gətirsinlər bura! - sonra
üzünü maddım-maddım meyidə baxan Polis Rəisinə
tutdu: - Sən niyə atıla-atıla gəlmisən? Hanı sənin itin.
Rəis:
- Yoldadı, indi çatır.
Meyidi incələyən
Kriminalist elə bil zərgər idi, brilyantın xalis
olub-olmadığını öyrənmək istəyirdi,
neçənci dəfə idi ki, əlindəki lupa ilə
güllə dəyən yerlərə baxırdı.
Başını qaldırıb əsgərlərin meşəyə
dağıldığını görəndə soruşdu:
- Bunlara kim əmr verdi?
Prokuror:
- Mən! Qoy meşədə kim qabaqlarına çıxsa tutub gətirsinlər.
Kriminalist başını
buladı:
- Cənab Prokuror, əvvəla
ölümün üstündən bir saat, bəlkə də
daha çox vaxt keçib. Hansı axmaq bu vaxta
qədər oturub gözləyər ki, gəlib onu tutsunlar.
Bəs onda iti neyləyirsiz? Kimin
izin götürəcək? Əsgərlərin?!
- sonra üzünü Zabitə tutdu; -
Çağır əsgərləri geri.
Zabit bilmədi kimin əmrini
yerinə yetirsin, gah Kriminalistə, gah da Prokurora baxdı.
Prokuror Zabitə:
- Yaxşı, əsgərlərini
geri çağır,- dedi, sonra Kriminalistdən
soruşdu; - Nə öyrənə bildin?
Kriminalist:
- Ov tüfəngi ilə vurublar,
özü də təklülə olub: - meyidin
yaxınlığında tapıb kiçik salafan torbaya
qoyduğu dəmir gilizi göstərdi;-
Gilizi çıxarıb atıb, tüfəngi təzədən
doldurub. O biri giliz yoxdu, deməli silahda qalıb. Birinci güllə çiyninə dəyib. Öldürücü olmasa da vaxtında yardım
edilməsə qanaxmadan yəqin ki, öləcəkdi.
İyirmi-iyirmi beş metrdən, təxminən, - əlilə
yoğun gövdəli bir palıd ağacını göstərdi;- bax o ağacın arxasından atıblar. İkinci gülləni isə kişiliyinə
vurublar, özü də dayayıb atıblar. Bu güllədən dərhal sonra keçinib.
Prokuror:
- Pahatonnan, gör harasından
vurublar ey, adamın orasına təpik dəyəndə az qalır nəfəsi kəsilsin, ondakı
güllə ola - dedi və meyidə yaxınlaşıb diqqətlə
güllə dəyən yerə baxdı,
dağım-dağım olmuşdu.
Mer Kriminalistdən soruşdu:
- Dedin harasından vurublar?
- Kişiliyindən.
Mer əlini-əlinə vurdu:
- Sən öl, namus məsələsidi.
Rəhmətliyin oğlun nə vaxt
axtarırdın, saunada tapırdın.
Prokuror ətrafdakılara göz
vurub Merə dedi:
- Ehtiyatlı ol, sən də
saunaya yaman tez-tez gedirsən ha.
Mer Prokurora gözünü
ağartdı:
- Zarafat vaxtı deyil!
Sürücü Prokurora
yaxınlaşdı:
- Şef, sizi yuxarıdan istəyirlər,
- dedi və telefonu ona uzatdı.
Prokuror telefonu alıb ətrafdakılara:
- Başladı! - dedi
və bir kənara çəkildi.- Eşidirəm.
Telefondakı adam:
- Sizinlə general danışacaq.
On-on beş
saniyə keçməmiş telefondan Generalın səsi
eşidildi:
- Salam!
- Salam, cənab General.
- Hardasan?
- Hadisə yerində.
- Nə baş verib orda?
Prokuror çevrilib bir daha meyidə
tərəf baxdı:
- Hərbi hissənin Komandirini
atıblar. Kriminalist işləyir. Mer də burdadı, Polis Rəisi də. Korpus komandiri də yoldadı. İşləyirik.
- Bunu bil, bu cinayətin
açılmasına başınla cavabdehsən. Xətrini çox istəyirəm, yerində olan
kadrsan. Amma bu cinayətin üstünü
açmasan, məndən incimə. Mən
də yuxarıların qarşısında başımla
cavabdehəm. Başa düşdün də! Nə kömək lazımdı edəcəm. Kriminalistin təcrübəlidi?
- Bəli. Kriminalistimizdən
bəlkə də ölkədə yoxdu. Bu
günədək elə bir cinayət olmayıb ki, aça
bilməsin.
- Ona de, əgər bu cinayətin
üstünü açsa, səni mərkəzə gətirdəcəm,
onu da sənin yerində oturdacam. Allah köməyiniz olsun! Di
sağ ol!
-Sağ olun, cənab General!
Prokuror telefonu
qapatdı, döndü Merin yanına.
Mer başı ilə göyə
işarə elədi:
- Yuxarıdandı?
Prokuror:
- Hə,- dedi,
sonra üzünü tutdu Kriminalistə; - Yuxarıdan zəng
eləmişdilər. Dedilər ki, əgər
bu cinayəti açsan, səni mənim yerimə qoyacaqlar.
Kriminalist işindən
ayrılmadan:
- Cənab Prokuror, Allah
sağlığınıza qismət eləsin, mənim sizin
yerinizdə gözüm yoxdu. Öz yerim də
pis deyil, buna dəyməsinlər, Əzrayılın
balası mənə lazım deyil.
Prokuror:
-
Dostum, sən bu işi aç, ən böyük hədiyyəni
məndən alacaqsan. Qorxma, məni
çıxarmayacaqlar ey, işi açsan, məni də
yuxarı aparacaqlar.
Mer:
- Qəribə adamlarsız ey, meyid
qalıb ortalıqda, vəzifə bazarlığı edirsiz.
Prokuror:
- Neyləyək, hərənin
çörəyi bir şeydən çıxır, bizimki də
meyiddən.
Nəhayət Kriminalist işini
tamamladı:
- Cənab Prokuror, meyidi
götürə bilərlər. Meyid yarılandan, bir də
ballistik ekspertizadan sonra əsas rəyə gələ biləcəyik,
-bıçaqla qazıb torpaqdan çıxardığı
gülləni də kiçik bir salafan torbaya qoydu və verdi ekspertə; - O biri güllə bədənində
qalıb.
Bayaqdan heç bir söhbətə
qarışmayan, kənarda dayanıb siqareti siqaretə calayan
Qərargah Rəisi, sanki ona da güllə dəymişdi, nəhayət
dilləndi:
- O gərək çoxdan yerini dəyişib
başqa hissəyə gedəydi. Mən bilirdim
bunun axırı yaxşı olmayacaq. Yüz
dəfə özünə də demişdim. Eşitmədi. Bu da sonu.
Prokuror:
- Düz deyirsən. Yeddi-səkkiz
ayda üç çepe, bu da dördüncü.
Qərargah Rəisi:
- Hələ ikinci hadisədən
sonra, dedim ki, yerini dəyiş. Yuxarıya dedim də,
yazdım da. Amma töhməti mən aldım.
Əslində çepe çox olub, gizlətmişik,
özümüz yoluna qoymuşuq. Hərbi
hissə deyil ha, dəlixanadı. Biri
özünü asır, biri özünü atır, biri avtomatı
posta tullayıb qaçır, biri əsgər
yoldaşlarını güllələyir. - sonra tərs-tərs Prokurora baxdı; - Sizlərin
də sayeyi-mərhəmətinizdən heç kim də cəzalandırılmır.
***
Polkovnik:
- O Akademik yenə nə qələt
eləyib?
Batalyon Komandiri:
- Əsgərlərə
yenə mühazirə oxuyurdu. Keçən dəfə
yeməklə bağlı az qala qiyam
qaldırmışdı. Guya evlərində
bütün günü plov yeyirmiş itoğlu. Öyrənmişəm, bir həsirdilər, bir məmmədnəsir.
Kolbasa yeməkdən bağırsaqları
qurumuş bir aspirant gəlib qarnı isti yemək görüb
qudurub. On gün qauptvaxta qalmaq
görünür ona azlıq eləyib. Deyir
ki, biz bura kimlərəsə villa tikməyə gəlməmişik,
fəhlə deyilik. Səsinə səs verənlər
də getdikcə çoxalır. Mən
qauptvaxta salıram, Qərargah Rəisi çıxarır.
Polkovnik:
- Elə ona dil verib yoldan
çıxaran Qərargah Rəisidi. Eybi yox,
onun ulduzunun birini qopartdırıb dalına
yapışdırtmasam mən də, mən deyiləm. Yerimə göz dikib, boynunun dalın görər.
Sən belə elə, qauptvaxtdan sonra o Akademikdi,
professordu, nədi bas sonuncu posta. Mən deməyənədək
də dəyişmə. Qoy ağlı
başına gəlsin. Yaxşı bunlar
öz yerində, tikintidə vəziyyət necədi? Vaxtım yoxdu deyə bir həftədi dəyə
bilməmişəm.
-Normal gedir, yoldaş Komandir,
üç-dörd aya başa çatar. Bir də
yoldaş Komandir, fabrik tikdirən dostumuz iyirmi-otuz əsgər
istəyir, nə deyirsiz, göndərim?
Polkovnik qalxdı ayağa:
- Əlli işimizə yarayır,
bir on-on beş nəfər göndər. Özün də o Akademiki gözdən qoyma. Yenə ora-bura yazsa səni cəzalandıracam.
(Ardı növbəti şənbə sayımızda)
AQİL
ABBAS
Ədalət.-2011.-15
oktyabr.-S.5.